İradə Axundova: «Ziyalılar diaspor quruculuğu prosesinə daha fəal qoşulmağa başlayıblar»

«Dünya azərbaycanlılarının III qurultayı keçirilir. Çox sevinirəm ki, mən də bu qurultayların ikisinin iştirakçısı olmuşam». Bu sözləri dünən Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçısı, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Cəmiyyətinin prezidenti İradə Axundova deyib.  Qonaq vurğulayıb ki, qurultayın təşkili Azərbaycan üçün çox əhəmiyyətli hadisədir. Xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, perspektiv planları müzakirə etmələri üçün belə tədbirlər çox vacibdir. İradə Axundova bildirib ki, bundan əvvəlki iki qurultaydan sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha böyük vüsət alıb, onların ictimai-siyasi həyatda iştirak səviyyəsi yüksəlib, azərbaycanlı ziyalılar diaspor quruculuğu prosesinə daha fəal qoşulmağa başlayıblar. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmlənməsi, mədəni irsimizin təbliği, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi baxımından mühüm nailiyyətlər əldə olunub.

Nigar

Palitra.- 2011.- 6 iyul .- S.4.