Azərbaycan alimlərinin xarici tədbirlərdə çıxışları intensivləşir

Son dövrlərdə Azərbaycan elminin inkişaf göstəricilərindən biri də xarici elmi mərkəzlərlə əməkdaşlıq, qarşılıqlı səfərlər və mübadilələrin intensivləşməsidir. Azərbaycanın fəal alimləri tez-tez xarici ölkələrin nüfuzlu elm ocaqlarına yollanır, tədbirlərə dəvət alır və Azərbaycan elmini layiqincə təmsil edirlər. İstər humanitar, istərsə də dəqiq və texniki elmlər sahəsində bu cür əməkdaşlıq mübadilələri getdikcə güclənməkdədir. Qeyd etmək lazımdır ki, dövlət elmin inkişafı məsələsinə strateji yanaşır və bu çərçivədə həm də Azərbaycan elminin dünyada layiqincə təmsil olunması məsələlərinə lazımi diqqət yetirilir.    

Azərbaycanda yüksək inkişaf göstəricilərinə və tendensiyalarına cavab verən elm sahələrindən biri isə kimyadır. Kimya üzrə Azərbaycan elminin qədim ənənələri var, bizdə bu elm sahəsi üzrə yetişmiş görkəmli mütəxəssislərimiz var. Onların elm qarşısında xidmətləri danılmazdır. Kimya elminin müxtəlif sahələri üzrə ölkədə zaman-zaman savadlı kadrlar və güclü mütəxəssislər yetişib, onların fəaliyyəti elmin, sənayenin və nəhayət, cəmiyyətin ümumi inkişafına misilsiz töhfələrini verib. Bu gün də kimya sahəsində bu güclü ənənə davam edir. Hazırda da Azərbaycanın tanınmış kimyaçı alimləri öz üzərilərində çalışmaqla bərabər xarici elmi mərkəzlərlə əməkdaşlıq edir və əlamətdar elmi tədbirlərdə Azərbaycanı uğurla təmsil edirlər. Belə alimlərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Polimer Materialları İnstitutunun Laboratoriya müdiri, kimya elmləri doktoru, professor Məmməd         Vəliyevdir. Professor M.Vəliyevin elmlə bağlı budəfəki səfəri Türkiyəyə olub. Bizə verdiyi açıqlamasında professor bildirdi ki, 2011-ci il iyunun 27-dən iyulun 2-si tarixinə kimi Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetində keçirilən 25-ci Ulusal Kimya Konqresində iştirak etmək üçün qardaş ölkədən dəvət alıb və tədbirə qatılıb.Professorun bildirdiyinə görə, adıçəkilən konqres 6 bölmədən - analitik kimya, qeyri-üzvi kimya, biokimya, fiziki kimya və polimer kimyası, tibbi kimya, üzvi kimyadan ibarət olub. M.H.Vəliyevin rəhbərliyi altında laboratoriyada aparılan tədqiqat işləri haqqında məruzələrin tezisləri üzvi kimya (“Asetilen sıra dihidropiranların sintezi”) və biokimya (“Epoksid birləşmələrinin mikrobioloji hidrolizi” və “Xəzər dənizinin Azərbaycan sahillərindən ayrılmış mikroorqanizmlərlə alkilaromatik sıra karbohidrogenlərin biodeqradasiyası”) seksiyalarında qəbul olunaraq məruzə olunub. Konqresdə, həmçinin, yuxarıda göstərilən elm sahələrində olan əsas problemlər və inkişaf istiqamətlərinə aid çıxışlar dinlənilərək müzakirələr aparılıb. Alim bu barədə fikirlərini belə ifadə edir: “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanın kimyaçı alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın aparıcı elmi jurnallarında dərc olunmaqla yanaşı, beynəlxalq konqres və konfranslarda da məruzə üçün qəbul olunur”. Onu da qeyd edək ki, qarşıda professoru növbəti belə mötəbər səfərlər gözləyir. Belə ki, professor M.Vəliyevin 25-30 sentyabr 2011-ci il tarixlərində Rusiyanın Volqoqrad şəhərində keçiriləcək ümumi və tətbiqi kimya üzrə XIX Mendeleyev qurultayında iştirak etmək üçün “Yüksəkdoymamış karbon turşularının kimyəvi və bioloji yollarla alınması” mövzusunda məruzəsi qəbul olunub və alim həmin qurultayda iştirak etmək üçün dəvət alıb. Eyni zamanda onun 3-7 oktyabr 2011-ci il tarixində Moskva şəhərində keçiriləcək kataliz üzrə Rusiya Konqresində (“ROSKATALİZ”) iştirak etmək üçün “Kimyəvi və mikrobioloji yollarla doymamış epoksid birləşmələrinin hidrolizi” mövzusunda məruzəsi qəbul olunub və alim bu tədbirə qatılmaq üçün də dəvət alıb.Göründüyü kimi, yuxarıda qeyd olunanlar Azərbaycanın kimyaçı alimlərinin apardıqları tədqiqat işlərinin yüksək elmi səviyyədə olduğunu bir daha təsdiqləyir. Belə olduğu halda, dünyanın nüfuzlu beynəlxalq elmi tədbirlərində Azərbaycan alimlərinin məruzələri, fikir və mövqeləri böyük maraq doğurur. Məhz buna görə də alimlərimiz mötəbər xarici konfranslara mütəmadi olaraq dəvət olunurlar.  

İlkin

Palitra.-2011.-6 iyul.- S.11.