Azərbaycan-Almaniya biznes-forumu keçirildi

Dünən Almaniya Federativ Respublikasının İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi xanım Marqrit Steffelin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Yardım Birliyinin (DAWF) təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes-forumu keçirildi.  

Tədbirdə Azərbaycan və Almaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın iş adamı iştirak edirdi. Biznes-forumda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Azərbaycan iqtisadiyyatında qazanılan nailiyyətlər, eləcə də iki ölkə arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verdilər. Samir Vəliyev bildirdi ki, biznes-forumda Almaniyanın 16 şirkətinin 20 nümayəndəsi iştirak edir. Onlar əsasən sənaye, maşınqayırma, kənd təsərrüfatı, inşaat, energetika və konsaltinq sahələrində fəaliyyət göstərirlər. Ölkələrimiz arasında ticarət dövriyyəsindən danışan natiq dedi ki, cari ilin 5 ayında Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 600 milyon dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz çoxdur. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm hüquq-müqavilə bazası yaradılıb və 20-dən artıq müxtəlif saziş imzalanıb. Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri investisiya əməkdaşlığıdır. Qeyd edək ki, bu gün almaniyalı sahibkarların iştirakı ilə dəyirmi masanın keçirilməsi nəzərdə tutulur. Qonaqlar Sumqayıt şəhərinə də səfər edəcək, orada müəssisələrin imkanları ilə tanış olacaq və əməkdaşlıq perspektivləri barədə danışıqlar aparacaqlar. Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi xanım Marqrit Steffel Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğuladı. Almaniyanın Azərbaycandakı səfirliyinin İqtisadiyyat xidmətinin rəhbəri Peter Ziegler, DAWF-ın icraçı direktoru Florian Şröder iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirdilər, bu cür tədbirlərin əməkdaşlığın daha da intensivləşməsində əhəmiyyətini qeyd etdilər.Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları barədə tədbir iştirakçılarını məlumatlandırdı. Qeyd edək ki, biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbirdə AZPROMO tərəfindən alman şirkətlərinə Azərbaycanın iqtisadiyyatı, biznes və investisiya imkanları barədə təbliğat materialları təqdim edilib. Almaniya nümayəndə heyətinin bir sıra istehsal müəssisələrinə səfəri də nəzərdə tutulur.  

İlkin AĞAYEV

Palitra.-2011.-6 iyul.- S.10.