«Həmkarlar
ittifaqlarının bütün müalicə ocaqlarına tələbat
böyükdür»
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyevin Yeni Azərbaycan Partiyasının rəsmi
saytına müsahibəsini təqdim edirik:
- Bu gün
ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətini
necə dəyərləndirirsiniz və bu sahədə
ümumilikdə vəziyyət hansı səviyyədədir?
- Həmkarlar
ittifaqları yarandığı gündən işçilərin
sağlamlığının qorunmasında, istirahətinin təşkilində,
onların ailə üzvlərinin dincəlməsində
maraqlı olub, sanatoriya-kurort və istirahət evlərinin,
pansionatların, turist bazalarının şəbəkəsinin
genişləndirilməsinə xüsusi diqqət yetirib. Bu məqsədlə
mövcud sanatoriya-kurort şəbəkəsinin
yaradılmasına illər boyu milyonlarla vəsait xərclənib,
həmkarlar ittifaqı üzvləri və ailələrinin
güzəştli yollayışlarla sağlamlıq
ocaqlarında dincəlməsi təmin edilib. Azərbaycan Həmkarlar
İttifaqlarının sanatoriya-kurort şəbəkəsinin
inkişafı göstərir ki, bu sahədə
bacarıqlı tibb işçiləri ilə yanaşı
güclü maddi-texniki baza da mövcuddur. Ümummilli lider Heydər
Əliyevin Azərbaycanda sanatoriya və kurort sahəsinin
inkişafına göstərdiyi əvəzsiz xidmətləri
işçilərin sosial problemlərinin həllində, əmək
və istirahət hüquqlarının təmin olunmasında
həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti
üçün hərtərəfli şərait yaratdı.
Ötən əsrin 70-ci illərində «Naftalan», «İstisu»
kurortlarında və Xəzərin qərb sahillərində
sağlamlıq ocaqları şəbəkəsinin tikintisi
geniş miqyas aldı. Respublikada sağlamlıq
ocaqlarının tikintisinin geniş vüsət alması əhalinin
sağlamlığına və normal istirahətinə şərait
yaratmaq, respublikanı turist diyarı kimi geniş miqyasda
tanıtmaq idi. Ulu öndərin təşəbbüsü ilə
1983-cü ilin aprelində «Xəzər dənizinin Azərbaycan
SSRİ-ə aid sahillərində Ümumittifaq əhəmiyyətli
kurort zonası yaradılması tədbirləri haqqında» qərarın
qəbulu da Azərbaycanın gələcək
inkişafına hesablanmış nəcib tədbirlərin
davamı idi. Təsadüfi deyil ki, ümummilli lider əhalinin
sağlamlığının qorunması və istirahətlərinin
təşkili məsələlərinin həlli istiqamətində
həmkarlar ittifaqlarının gördüyü işləri
daim yüksək qiymətləndirir, bu istiqamətdə irəli
sürülən təklifləri müdafiə edirdi. Ulu öndər Heydər Əliyevin
yolunu inamla davam etdirən Prezident İlham Əliyev hələ
2005-ci ilin sonunda Azərbaycan həmkarlar ittifaqlarının
yaradılmasının 100, həmkarlar ittifaqı mərkəzinin
85 illiyi münasibətilə Azərbaycan həmkarlar
ittifaqlarının üzvlərinə təbrik məktubunda
«müalicə və istirahət ocaqlarının, idman
komplekslərinin və mədəniyyət mərkəzlərinin
geniş şəbəkəsinin yaradılmasının və
zəhmətkeşlərin xidmətinə verilməsinin həmkarlar
ittifaqı təşkilatlarının fəaliyyətinin
mühüm istiqamətləri olduğunu» qeyd edib. Prezidentin
«Azərbaycan kurortları» Dövlət Proqramı haqqında
27 fevral 2007-ci il tarixli sərəncamı isə ölkədə
aparılan siyasətin sosialyönümlü olduğunu bir
daha sübut etdi. Dövlət başçısı bu sərəncamla
ölkədəki sanatoriya və kurortlar şəbəkəsinin
müasir tələblərə uyğun inkişafı,
insanların sağlamlıqlarının qorunması naminə
yüksək səviyyəli müalicə və istirahətin
təmin edilməsi üçün böyük imkanlar
açıb. Bu baxımdan, Azərbaycan həmkarlar
ittifaqları işçilərin və onların ailə
üzvlərinin istirahətinin təşkilinə, sağlam həyat
tərzi sürmələrinə şərait
yaradılmasına xüsusi önəm verir, bu sahədə
ciddi islahatlar həyata keçirir. Üçtərəfli
baş, ərazi və sahə müqavilələri
imzalanır, peşə xəstəliklərinin azalmasına,
həmçinin profilaktikasına yönəldilmiş
proqramlar işlənib hazırlanır.
-
İşçilərin istirahət hüquqlarının təmin
edilməsi istiqamətində hansı tədbirlər
görülür?
- Respublika rəhbərliyinin
qayğısı və konfederasiyanın səyləri nəticəsində
son üç il ərzində sanatoriya-kurort və istirahət
ocaqlarında 56 mindən çox əməkçi və
onların ailə üzvlərinin birgə istirahəti təşkil
edilib. 3600 nəfərdən çox işçi
yollayışlardan pulsuz istifadə edib. Həmkarlar
ittifaqları təşkilatları daxili imkanlar hesabına da
işçilərin istirahətini təşkil etmək
üçün bir sıra tədbirlər görüb, nəticədə
sanatoriya-kurort və istirahət müəssisələrində
90000 nəfərə yaxın əməkçi və
onların ailə üzvlərinin müalicə və istirahəti
təmin olunub. Əhalinin həyat səviyyəsinin yüksəlməsi
və gəlirlərinin artması nəticəsində
respublikanın şəfa ocaqlarında müalicə almaq
arzusunda olanların sayı da ilbəil artır. Məsələn,
2010-cu ildə 29000 nəfər sanatoriya-kurort və istirahət
yollayışları ilə təmin edilib ki, bu da 2009-cu illə
müqayisədə təqribən 2500 nəfər
çoxdur. Bunların sırasında xarici ölkələrin
vətəndaşları da kifayət qədərdir.
- Həmkarlar
ittifaqlarının nəzdində olan sanatoriya-kurort və
istirahət mərkəzlərində vəziyyət necədir?
Bu mərkəzlərdə işçilərin istirahəti
üçün lazımi şərait yaradılıbmı?
- Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası sistemində olan
sanatoriya-kurort və istirahət müəssisələrində
daxili imkanlar hesabına təmir işləri aparılıb.
«Kurort» Səhmdar Cəmiyyətinin «Bilgəh», «Qaranquş»,
«Günəşli» sanatoriyalarının bəzi yataq və
müalicə korpusları əsaslı təmir edilib, kabinetlər
müasir standartlara uyğun olaraq yenidən qurulub.
«Kolxozlararasısağlamlıq» Respublika Birliyinin «Nabran» istirahət
zonasında yerləşən «Şahdağ» istirahət evi,
«Qax» rayonunda yerləşən «Şəfa» müalicəvi
pansionatı təmir olunub, «Şəfa» müalicə
pansionatının ərazisində
üzgüçülük hovuzu inşa edilib. Bir çox
sanatoriya və istirahət ocağında lüks və
yarımlüks otaqlar yaradılıb, xidmətin səviyyəsi
yaxşılaşdırılıb. Turizm və Ekskursiyalar
Şurasının tabeliyində olan turist bazalarında hər
il orta hesabla 3400-ə yaxın,
«Kolxozlararasısağlamlıq» Respublika Birliyinin istirahət
ocaqlarında 1200 nəfərdən artıq əməkçi
və onların ailə üzvləri dincəlirlər. Azərbaycan
Həmkarlar İttifaqları işçilərin istirahətinin
təşkili üçün hər il təqribən 11
milyon manat məbləğində vəsait xərcləyir. Həmkarlar
ittifaqı təşkilatlarının daxili imkanları hesabına
təşkil olunmuş sanatoriya-kurort müalicəsi və
istirahət nəzərə alınmaqla bu rəqəm 13
milyon manata yaxın olub.
-
İşçilərə verilən yollayışlarda
hansı güzəştlər nəzərdə tutulur?
- Sirr deyil ki,
bəzi üzvlərimizin maddi durumu yollayışların dəyərinin
qismən ödənilməsinə imkan vermir. Rabitə
İşçiləri Müstəqil HİRK, Aviasiya
İşçiləri HİRK, Neft-Qaz Sənayesi
İşçiləri HİRK, Dəmiryolçuların
Müstəqil HİRK və bir çox başqa sahələrdə
tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə
yollayışların dəyərinin qismən ödənilən
hissəsinin təsərrüfat orqanlarının üzərinə
götürməsinə nail olunub. Belə ki, üzvlərimiz
yollayışları pulsuz əldə edə bilirlər.
Sözsüz ki, bu, ailə büdcələri
üçün hissolunacaq dərəcədədir və həmin
sahədə işlərimizi bundan sonra da davam etdirəcəyik.
Azərbaycan həmkarlar ittifaqı üzvlərinin
sağlamlığına, istirahətinə önəm verdiyi
kimi, onların uşaqlarının da yay istirahətlərinin
təşkilini diqqətdə saxlayır. Bu məqsədlə
bir çox sahələrdə yay istirahət düşərgələri
yaradılıb və hər il onlarda minlərlə uşaq
istirahət edir. Bu məqsədlər üçün son
üç ildə AHİK tərəfindən 700 min manatdan
çox vəsait xərclənir.
- Həmkarlar
ittifaqları tərəfindən keçirilən müxtəlif
müsabiqələr, idman tədbirləri ilə bağlı
fikirlərinizi bölüşmək istərdik...
- Biz gənclərimizin
sağlam böyüməsi, layiqli vətəndaş kimi
yetişməsi naminə də əlimizdən gələni əsirgəmirik.
Hər il yaz-yay mövsümündə həmkarlar təşkilatları
tərəfindən spartakiadalar, müsabiqələr,
idmanın müxtəlif növləri üzrə
yarışlar, intellektual oyunlar təşkil edilir. Bu tədbirlərə
minlərlə gənc ittifaq üzvü cəlb olunur. Son
üç ildə Azərbaycan Həmkarlar İttifaqları
İdman Təşkilatları Assosiasiyasının xətti ilə
21 sahə həmkarlar ittifaqlarını əhatə edən 2
idman spartakiadası keçirilib. Spartakiadalarda 1576
idmançı öz bacarığını göstərib.
Təhsil İşçiləri Azad HİRK öz
sıralarında birləşən tələbə-gəncləri
həvəsləndirmək məqsədilə fənn
olimpiadalarının qaliblərini istirahət evlərinə
yollayışlarla təltif edir, həmkarlar ittifaqı fəallarını
Azərbaycan Neft Akademiyasının, Dövlət İqtisad
Universitetinin sağlamlıq-istirahət ocaqlarına göndərir.
Bu sahədəki fəaliyyətimizi daha da gücləndirmək
məqsədilə mayın 16-da keçirilən AHİK-in Gənclər
Şurasının yığıncağında
qarşıdakı vəzifələri müəyyənləşdirmişik.
«Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət
Proqramının həyata keçirilməsi işində
üzərimizə düşən məsələləri
müzakirə etmişik. Öz sıralarında 300 mindən
artıq gənci birləşdirən həmkarlar
ittifaqları onların hüquq və mənafelərinin
müdafiəsinə, həmkarlar ittifaqı
üzvlüyünə cəlb edilməsinə, sağlam ruhda
böyümələrinə diqqət və
qayğını daha da artıracaq.
- İstirahət
yollayışlarının əldə edilməsi prosesi necə
tənzimlənir?
-
İşçilər iş yerlərində, tələbələr
isə təhsil aldığı müəssisələrdə
həmkarlar ittifaqı komitələrinə ərizə ilə
müraciət edərək müalicə və istirahət
üçün yollayışlar alırlar. Müəssisənin
həmkarlar ittifaqı komitələri, onların xüsusi
komissiyaları yollayışlara daha çox ehtiyacı
olanları müəyyən edir, onların uçotunu
apardıqdan sonra Rəyasət Heyətinin
yığıncağının qərarına əsasən,
işçilərin təqdim etdikləri tibbi arayışa
uyğun olaraq, müvafiq yollayışlarla təmin edir.
Hazırda həmkarlar ittifaqlarının bütün
müalicə ocaqlarına tələbat böyükdür. Bu
ildən-ilə sanatoriya və istirahət ocaqlarında
müalicənin və asudə vaxtın təşkilinin
keyfiyyətinin artması ilə əlaqədar olub, sanatoriya və
istirahət evlərinə axına da müsbət təsirini
göstərib. Odur ki, AHİK-in üzv təşkilatları
da öz vəsaitləri hesabına tikdirdikləri istirahət
ocaqlarında ittifaq üzvlərinin istirahətinin səmərəli
təşkilinə nail olmaq üçün var qüvvələrini
sərf edirlər. Rabitə İşçiləri Müstəqil
Həmkarlar İttifaqının Nabran istirahət zonasında
tikib istifadəyə verdiyi istirahət ocağında ildə
400 nəfərə yaxın, Dəmiryolçuların
Müstəqil Həmkarlar İttifaqının «Lokomotiv»
istirahət mərkəzində 360 nəfərdən
çox, Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqının
istirahət zonasında isə 1000 nəfərə yaxın
işçi dincəlir. Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqının 260 yerlik istirahət
ocağının cari ildə təhvil verilməsi nəzərdə
tutulub.
- Sanatoriya və
kurort mərkəzlərində nə qədər məcburi
köçkün məskunlaşıb? Həmin müəssisələrin
işləməməsi rəhbərlik etdiyiniz qurumun işinə
nə dərəcə təsir göstərir?
- Təəssüf
ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyəti əməkçilərin
sağlamlığının qorunması və mühafizəsi
baxımından özünün mövcud imkanlarından
obyektiv səbəblərdən tam olaraq istifadə edə
bilmir. 1989-cu ildən etibarən respublikanın
düşdüyü ağır müharibə vəziyyəti,
sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməyib.
«Şuşa», «İstisu» sanatoriyaları erməni təcavüzkarları
tərəfindən işğal olunmuş ərazilərdə
qalıb. Azərbaycan Həmkarlar İttifaqlarının
«Kurort» Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan
artıq ziyan dəyib. Cəmiyyətin xidmətində olan
müxtəlif profilli sanatoriyaların çarpayı fondunun
80 faizində 7000-ə yaxın qaçqın və məcburi
köçkün yaşayır. Hazırda çarpayı
fondunun yalnız 20%-i sanatoriya-kurort müalicəsi
üçün istifadə edilir. Lakin biz inanırıq ki,
tezliklə torpaqlarımız erməni təcavüzkarlarından
azad olunacaq və Dağlıq Qarabağ problemi öz həllini
tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa
ediləcək. Azərbaycanın müstəqilliyinin 20-ci və
Silahlı Qüvvələrin 93-cü ildönümü
münasibətilə keçirilən möhtəşəm
və təntənəli hərbi parad bir daha göstərdi
ki, bu missiyanı həyata keçirə bilən nizami ordumuz
var. Zabit və əsgərlərimiz tükənməz vətənpərvərlik
hissi və yüksək döyüş
hazırlığı ilə seçilir. Ali Baş Komandan
İlham Əliyevin qarşısından inamlı addımlarla
keçən igid döyüşçülərimiz ordu
quruculuğu sahəsində əldə olunan inkişafı və
ölkəmizin hərbi qüdrətini əyani nümayiş
etdirdilər. İnanırıq ki, güclü Azərbaycanın
güclü ordusu qələbəmizi təmin edəcək.
Bundan ruhlanan 1 milyon 600 min nəfəri özündə birləşdirən,
böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar
İttifaqları bütün qüvvələrini
işçilərin sosial müdafiəsi, o cümlədən
işçilərin sağlamlığının
qorunması və istirahətinin təşkili məsələlərinin
ədalətli həllinə yönəldir,
qarşısında duran vəzifələrin öhdəsindən
ləyaqətlə gəlməyə səy göstərir.
Son illər Azərbaycan Həmkarlar İttifaqlarının
işçilərin sağlamlıqlarının qorunması,
onların istirahət və müalicələrinin təmin
edilməsi sahəsində apardıqları iş respublika rəhbərliyi
tərəfindən layiqincə qiymətləndirilərək
Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika
Şurasının 70, kurort sahəsinin 60 illiyi münasibətilə
30 nəfər həmkarlar ittifaqı fəalları
respublikanın orden, medal və fəxri adları ilə təltif
edilib. Biz bu qayğını daim hiss etmişik və onu
yüksək qiymətləndiririk. Müasir Azərbaycan cəmiyyətində
həmkarlar ittifaqlarının nüfuzunun getdikcə
artması, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində
hökumətlə sıx əməkdaşlıq etməsi Azərbaycan
həmkarlar ittifaqlarına göstərilən inam və
etimadın bariz nümunəsidir.
Palitra.-2011.-
12 iyul .- S.4.