«Mənəvi-əxlaqi tərbiyə
uşaq vaxtından başlayıb ömrün sonuna qədər
davam etməlidir»
“Azərbaycan mədəniyyəti
və kulturoloji maarifləndirmə” layihəsi
Müasir dövrün ən aktual problemlərindən
biri mənəvi-əxlaqi dəyərlərimizlə
bağlıdır. Qloballaşmanın geniş sürətlə
yayılması və həyatımızın hər bir sahəsini
əhatə etməsi günümüzün
reallıqlarındandır. Artıq elə dövrdə
yaşayırıq ki, biz cəmiyyət olaraq istəsək də
bu reallıqların qarşısını ala bilmirik.
Qloballaşmanın bir çox müsbət tərəfləri
ilə yanaşı, mənfi cəhətləri də var. Bu
zərərli tərəflərin qarşısını almaq
və ya verəcəyi zərərin təsirini minimuma endirmək
üçün mənəvi-əxlaqi dəyərlərin
daha geniş yayılması, təbliğ edilməsi zəruridir.
Azərbaycanın dövlət başçısı
İlham Əliyev dəfələrlə vurğulayıb ki,
sovet dövründə Azərbaycanın öz milli kimliyini
qorumasının əsas səbəbi milli-mənəvi dəyərlərimiz
olub. Odur ki, bu dəyərlərin daim təbliğ edilməsi,
mətbuatın gündəmində olması zəruridir. Layihə
çərçivəsində müsahibimiz olan Prezident
yanında Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar mərkəzinin
müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri
doktoru Əli Nuriyevlə söhbətimiz də elə bu məsələlərlə
bağlıdır:
- Son illər
milli mənəvi-əxlaqi dəyərlərimizin qorunub
saxlanması və inkişafı haqqında çox
danışılır. Bu heç də təsadüfi
olmayıb, müasir dövrdə problemin xüsusi aktuallıq
kəsb etməsilə əlaqədardır.
İqtisadiyyatın sürətli
inkişafı, yaşadığımız müasir
dünyada böyük sürətlə baş verən
qloballaşma, ölkələrin hərtərəfli
inteqrasiyası, təhsilin, dilin dünyəviləşməsi,
vahid Avropa təhsil sisteminin formalaşması kimi obyektiv
proseslər gedir. Bu qlobal proseslər çərçivəsində
hər bir ölkədə milli mədəniyyət, dil, əxlaq,
mənəviyyat digərlərilə üzləşir. Hər
bir ölkə bu obyektiv prosesdən bəhrələnməyə,
mütərəqqi bildiyini, inkişafa, tərəqqiyə
uyğun gələni qəbul etməyə, yad, zərərli
bildiyi meyillərdən özünün tarixən
yaratmış olduğu, onun bir dövlət bir millət kimi
mənəvi-mədəni varlığının simvoluna
çevrilmiş milli mənəvi-əxlaqi dəyərləri
qoruyub saxlamağa və inkişaf etdirməyə
çalışır. Qloballaşma, inteqrasiya şəraitində
milli mənəvi-əxlaqi dəyərlərin qorunması və
inkişafı məsələsinin ön plana çəkilməsinin
başqa səbəbləri də var. Əvvəla, demokratik cəmiyyətdə
inkişaf etmiş, iqtisadi cəhətdən güclü
dövlətlər nisbətən geri qalmış dövlətlərlə
elmi, texniki-texnoloji, maliyyə, kadr hazırlığı sahəsində
əlaqələrə girir və bu istiqamətlərdə
onlara yardım göstərirlər. Bununla yanaşı öz
mənəvi-əxlaqi keyfiyyətlərini, onun mənfi tərəflərini
təbliğ edir və nisbətən zəif inkişaf
etmiş ölkəni bütövlükdə, bütün sahələrdə
asılı vəziyyətdə saxlamağa
çalışır, öz siyasi, iqtisadi və mənəvi-əxlaqi
iradəsini qəbul etdirmək cəhdləri göstərirlər.
Belə vəziyyət zəif inkişaf etmiş ölkələrdə
və ya inkişaf etməkdə olan ölkələrdə
milli mənəvi-əxlaqi dəyərlərin qorunub
saxlanması problemini qarşıya qoyur.İkinci səbəb
ölkənin iqtisadi inkişafının, ayrı-ayrı
sahibkarların, ayrı-ayrı insanların varlanması proseslərinin,
ölkənin milli mənəvi-əxlaqi keyfiyyətlərinin
qorunub saxlanması və inkişafı ilə kifayət qədər
düzgün əlaqələndirilməməsidir.
Bütün bunlar hər bir ölkədə mili mənəvi-əxlaqi
keyfiyyətlərin qorunub saxlanması və inkişafı məsələsinin
dövlət siyasəti səviyyəsinə
qaldırılmasını və həllini mühüm bir vəzifə kimi qarşıya
qoyur.
- Azərbaycanın da bu problemlərlə
üzləşməsi nə ilə bağlıdır?
- Mən deyərdim
ki, Azərbaycanın da bu gün həmin problemlə
az-çox üzləşməsi qanunauyğun bir haldır.
Respublikamızda neft strategiyasının müvəffəqiyyətlə
həyata keçirilməsi, informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiqi, innovasiyalı
istehsal sahələrinin üstün sürətlə
inkişafı, insan potensialının keyfiyyətinin yüksəlməsi,
elmin-təhsilin inkişafı və Avropa təhsil sisteminə
inteqrasiyası istiqamətində görülmüş tədbirlər,
insan azadlığının genişlənməsi, cəmiyyətin
idarə olunmasında demokratiyanın güclənməsi nəticə
etibarı ilə ölkəmizin iqtisadi, siyasi və mədəni
cəhətdən dünyaya inteqrasiyasını genişləndirib
və gücləndirib. Həm də respublikamız irəliyə
doğru inkişaf edib iqtisadi qüdrəti artdıqca bu
inteqrasiya prosesləri daha da artacaq, nəticədə mənəvi-əxlaqi
meşşanlığa, əxlaqi düşkünlüyə,
milli yadlaşmaya qarşı mübarizə, milli mənəvi
- əxlaqi keyfiyyətlərimizin qorunub saxlanması və
inkişaf etdirilməsi məsələsi daim bizim diqqətimizi
cəlb edəcək. Buna görə də dövlətimiz,
onun başçısı, Prezident İlham Əliyev elm, təhsil
və mədəniyyətimizin dünya elminə, təhsilinə,
mədəniyyətinə inteqrasiyasına, insan potensialının keyfiyyətinin
yüksəlməsinə böyük diqqət verməklə
yanaşı, milli mədəniyyətimizin, mənəvi-əxlaqi
dəyərlərimizin qorunub saxlanması və
inkişafına da böyük qayğı göstərir, bu
məqsəd üçün müxtəlif tədbirlər həyata
keçirilir. Bu qayğıya istinad edərək milli mənəvi-əxlaqi
dəyərlərimizin qorunub saxlanması və
inkişafı ilə əlaqədar bəzi mülahizələrimi
bildirmək istəyirəm. Mənəvi-əxlaqi dəyərlərin
qorunub saxlanması və inkişafında
meşşanlığa
qarşı mübarizə mühüm rol oynayır. Adətən
cəmiyyət öz inkişafının bir mərhələsindən
digərinə keçid prosesində olanda, yaxud bir cəmiyyət
formasından digərinə keçid prosesi dövründə
əvvəlki dövrdə olduğuna nisbətən müvəffəqiyyət
qazanmış insanların bir hissəsində meşşan əhval-ruhiyyəsi
geniş yayılır. Misal üçün kapitalizmin ilkin
inkişaf mərhələsində Rusiyada şəhər
alverçilərini, sənətkarları, aşağı vəzifəli
qulluqçuları və həmin təbəqəyə mənsub
olan digər adamları meşşan adlandırırdılar.
Dünyagörüşü dairəsi nisbətən məhdud
olan bu qrup insanlar fəaliyyətinin mənasını öz
mülkiyyətini, gəlirlərini artırmaqda və buna
uyğun həyat tərzi formalaşdırmaqda
görürdü. Beləliklə, ictimai görüş dairəsi
məhdud olan bu qrup insanları mənəvi-əxlaqi keyfiyyətlər
(elmin, təhsilin, tərbiyənin inkişafı) əslində yalnız öz gəlirlərini
artırmaq və həyatlarını zənginləşdirmək
üçün maraqlandırır. Belə adamlar əksər
hallarda fizioloji tələbatın qulu olur. Cismani
varlığını yaşatmaq hərisliyi güclü
olur. Mənəvi varlıq cismani varlıqdan asılı vəziyyətə
düşür. Kamil insanlarda isə əksinə, fiziki
varlıq mənəvi varlığa tabe olur, ona xidmət edir.
Ümummilli lider Heydər Əliyevin ölkəmizin uzun
müddətli sosial-iqtisadi inkişaf strategiyasında xırda
və orta sahibkarlığın inkişafına xüsusi diqqət
yetirilir, sahibkarlığın inkişafı ölkə
iqtisadiyyatının inkişafının başlıca vasitəsi
kimi müəyyənləşdirilir. Bu strategiyanın müvəffəqiyyətlə
inkişafı nəticəsində son illərdə
respublikamızda xırda ticarət, sənətkarlıq
sürətlə inkişaf edir, əhalinin orta mülkiyyətçilər
təbəqəsi formalaşıb, dövlətin də, onların
da gəlirləri artır.
- Qeyd etdiklərinizin mənəvi dəyərlərlərlə
əlaqələndirilməsi necə olmalıdır?
- Belə
şəraitdə gündəliyə belə bir sual
çıxır - nə etmək lazımdır ki,
sahibkarların inkişafı, ölkəmizin gəlirlərinin
artması mənəvi-əxlaqi keyfiyyətlərimizin
inkişafına daha çox xidmət etsin, ölkənin
sürətli iqtisadi inkişafı bütövlükdə cəmiyyətin
intellektual səviyyəsinin yüksəlməsi, mənəvi-əxlaqi
dəyərlərin qorunması və inkişafının
mühüm amilinə çevrilsin. Qabaqcıl dövlətlərin
tarixi təcrübəsi göstərir ki, bunun əsas yolu
ölkənin iqtisadi inkişafının, gəlirlərin
artmasının tərbiyənin və təhsilin
inkişafı ilə düzgün əlaqələndirilməsidir,
yəni tərbiyə və təhsilə vəsait
qoyuluşunun və bu sahənin təşkilinə diqqətin
artırılmasıdır. Tərbiyə insanın fiziki və
psixoloji dünyasını, intellektual səviyyəsini, ətraf
aləmə, həyata münasibətini, həyat mövqeyini
formalaşdıran və inkişaf etdirən tədbirlər və
təsirlərin məcmusudur. Beləliklə, mənəvi-əxlaqi
keyfiyyətləri qoruyub saxlamaq və inkişaf etdirmək
üçün bütün dünyəvi və milli mənəvi-əxlaqi
keyfiyyətləri öyrədən və təbliğ edən
tərbiyə üslubu formalaşdırılmalıdır.
Elmi, əqli tərbiyə kimi mənəvi-əxlaqi tərbiyə
də uşaq vaxtından başlayıb ömrün sonuna qədər
davam etməlidir. Çünki həyat göstərir ki,
bütün ən yaxşı insani keyfiyyətlər (kəramətlilik,
səxavətlilik, rəiyyətpərəstlik, sadə zəhmətkeş
insanlara hörmət, mətanət, şücaət, möhtəşəmlik,
qəhrəmanlıq, ağıl, mənsəb və hörmət
sahibi olmaq, insanlılıq, haqq ədalət sahibi olmaq) qismən
nəslən keçsə də əsasən təhsilin və
tərbiyənin, xüsusilə
əmək tərbiyəsinin məhsulu kimi meydana gəlir.
A.Miriyev
Palitra.-2011.-
12 iyul .- S.10.