“Öz dəyərlərimizi qoruyub
saxlamalıyıq”
“Azərbaycan mədəniyyəti və
kulturoloji maarifləndirmə” layihəsi
Layihə çərçivəsində
müsahibimiz Azərbaycan Turizm İnstitutunun (ATİ)
İctimai fənlər kafedrasının baş müəllimi,
sənətşünas Sevil Kərimovadır:
- Bu gün Azərbaycan
memarlıq baxımından istər inkişaf etmiş Asiya,
istərsə də Avropa ölkələrindən geri
qalmır. Hətta elə layihələr var ki, inkişaf
etmiş Avropa ölkələri buna cəhd etməsə də,
bizdə buna cəhd edilir. Hətta indi dünya miqyasında
tanınan memarları belə ölkəmizə dəvət
edirlər. Sözsüz ki, ölkədə reallaşan
bütün bu tədbirlər dövlət siyasətinin nəticəsidir.
Mən belə düşünürəm ki, Azərbaycan
tarixində hər əsrin sonunda bir partlayış olur.
Əgər XIX əsrin sonunda Z.Tağıyev, M.Muxtarov kimi
görkəmli şəxsiyyətlər var idisə, XX əsrin
ikinci yarısı sırf ulu öndər Heydər Əliyevlə
bağlıdır. Çünki 1969-cu ildə o, hakimiyyətə
gələrkən ölkədə bir dənə də olsun
hansısa bir incəsənət xadiminin ev muzeyi yox idi. Beləliklə,
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli mədəniyyətimizi
inkişaf etdirməyə başladı. Həmin yol bu gün
də davam edir. Bu gün bizim ən böyük nailiyyətlərimizdən
biri də “Eurovision” hesab olunur və onun ölkəmizdə
reallaşmasına hazırlıq gedir. Mənə elə gəlir
ki, biz artıq 10 ildir buna hazırlaşırıq. Yəni
“Eurovision” qələbəsi olmadan da biz bilirdik ki, dünya
miqyasına çıxmalı bir millətik. Mən xaricdə
çox oluram və görürəm ki, son 20 ildə Azərbaycana
münasibət necə dəyişib. Mən 1990-cı illərdə
Türkiyədə təhsil alarkən bizə qarşı
çox isti münasibət var idi. Amma sonrakı illərdə
bəzi neqativ hallarla bağlı bir qədər soyuqluq yaransa
da, artıq 2000-ci ildən sonra bizə çox mədəni,
səviyyəli, ziyalı bir xalq kimi yanaşırlar.
Ümumiyyətlə, Bakıya gələnlər ilk növbədə
şəhərin gözəlliyindən danışır.
Xaricilər ilk növbədə bu gün ölkəmizdə
olanları görmək istəyir. Yəni yaraşıqlı
binalar, beynəlxalq festivallar, muğamımız var. Xarici turistlər
İçərişəhərə çox gəlir və
burada aşkarlanan hər bir abidə memar tərəfindən
araşdırılır, tez həmin yer çərçivəyə
alınır. 1990-cı illərdə bu yox idi və
aşkarlanan abidənin də üzəri
örtülürdü. Bu gün mədəniyyət siyasəti
bizdə aparıcıdır. Burada diaspor fəaliyyətini də
qeyd etmək lazımdır ki, onlar da mədəniyyətimizin
təbliği ilə məşğuldurlar. Yaxşı layihələr
var, maliyyələşdirilir. Bu, təhsil sahəsində də
özünü göstərir. Mən bir sıra ali təhil
ocaqlarında tədrislə məşğul olmuşam və
çalışıram ki, nəzəriyyədən başqa
təbliğata da yer verim. ATİ-də yeni layihələr rəğbətlə
qarşılanır. Biz “institut-tələbə-muzey” çərçivəsində
bir layihə həyata keçirmək istəyirik.
Çünki indi Azərbaycanda muzey pedaqogikası
güclüdür. Bu il muzey-diyarşünaslıq ixtisası
üzrə ilk buraxılışımız oldu. Tələbələr
çox maraqlı mövzular seçmişdilər, məsələn,
“Bakının dini abidələri turizm resursları kimi”. Gənc
tələbə tanıdığımız abidələrə
çox maraqlı aspektdən yanaşır. Yaxud digər
mövzu “Muzeylərin milli şüurun formalaşmasında
rolu” adlanırdı. Yəni bunlar işlənməmiş
mövzular idi və tələbələrin çox gözəl
təqdimatı oldu. Bizdə təhsil turizm istiqamətli
olduğuna görə təbliğata çox yer veririk.
Dünyada qloballaşma olsa da, çalışırıq ki,
bir qədər kənar duraq, çünki milli dəyərləri
itirə bilərik. Qərb mədəniyyətində bu
özünü çox göstərir, orada hazırda
artıq millətləri fərqləndirmək çətindir.
Çünki yaşam dəyərləri eyniləşib. Məsələn,
fransızla italyanlar fərqlənir və bir-birini sevmirlər.
Amma digər tərəfdən həyat tərzi, mənəvi
kodekslər eynidir. Azərbaycan hələki bu proseslərə
çox qatılmayıb, burada yəqin ki, mental xüsusiyyətlər
rol oynayır. Çalışırıq öz dəyərlərimizi
saxlayaq. Eyni zamanda Qərbin nailiyyətlərini əldə
edirik. Heç bir Şərq ölkəsində belə
fenomen yoxdur. Məşhur şərqşünas Kramer XIX əsrin
sonu, XX əsrin əvəllərində Azərbaycana gəlib
və çox maraqlı bir fikir söyləyib: “Azərbaycan
elə bir ölkədir ki, bura şərq-qərb, şimal və
cənubun götürdüyü nə varsa, sanki
hamısı bir yerdə qaynayır və çox maraqlı
formalar meydana çıxır”. Bu proses indi də
özünü göstərir.
- Bu gün gənclərin mədəniyyət
tariximizə, milli dəyərlərə münasibətini necə
qiymətləndirirsiniz?
- Mən gənclərlə
çox çalışıram və şahidi oluram ki, onlar
azərbaycanlı olmaqla fəxr edirlər. ATİ-nin bir
çox tələbəsi xaricdə, Avropanın bir sıra
ölkələrində, Amerika, İsraildə oxuyurlar və
onlarda bunu müşahidə edirik. Yəni gənclərdə
bu hiss varsa, demək, bünövrə var və qalır
onları düz yetişdirmək. Burada təhsil, tərbiyə
əsas rol oynayır. Azərbaycan uşaqları digərlərindən
fərqlidir. Bu gün bizdə 18 yaşda olan gənc
oğlanla eyni yaşda fransız, yaxud türk oğlan eyni
deyil. Bizimkilər ailəyə daha çox
bağlıdır. O qədər də sərbəstlik yoxdur.
Ona görə də bizim gənclərlə işləmək,
yönəltmək daha rahatdır. Hara getsələr, azərbaycanlı
olduğunu büruzə verirlər. Tədris prosesində bunun
şahidi oluruq. Bizim tədris ocağındakı tələbələrin
əksəriyyəti xaraktercə, təhsildə də
ciddidir. Müsbət haldır ki, xaricə çox gedirlər
və bu fərqi görürlər. Əgər bir vaxtlar əksəriyyət
gənclər xaricdə qalmağa meyilli idisə, indi
çoxu çalışır ki, müəyyən bilik əldə
edib vətənə gəlsin və biliyini burada inkişaf
etdirməyə davam etsin. Son 5-6 ildə gənclərdən
qayıtmağa meyilli olanlar daha çoxdur. Çünki
yaxşı ixtisas alırlar və burada da yaxşı kadra
ehtiyac var.
- Tədris prosesi ilə bağlı mədəniyyət
ocaqlarına səyahətlərin təşkili nəzərdə
tutulurmu?
-
Adıçəkilən “institut-tələbə-muzey” layihəsi
var və Almaniya, Amerika tədris sistemində belə layihələrdən
çox istifadə edilir. Bizdə də yəqin ki, bu tədricən
öz əksini tapacaq. Bu, muzey pedaqogikasının bir hissəsidir.
Tələbələrlə hazırda müstəqil olaraq bu
sahədə çalışıram və bölgələrə
çox səfər edirik. Yerlərdə isə tələbələr
üçün komfort şərait tələb olunur. Qiymətlər
də o qədər də ucuz deyil, bu isə məncə, rəqabətin
azlığı ilə bağlıdır. Antalyada turizm
obyektləri bir-birinin çox yaxınındadır. Bizdə
isə ölkənin turizm potensialı üçün turizm şirkətləri
çox azdır. Nə qədər çox olsa, rəqabət
də artar və qiymətlər də aşağı olar. Tələbələr
üçün abidələr çox maraqlıdır. Mədəni
resursların turizm resursu kimi istifadəsi həm turizmdə, həm
də mədəniyyətdə birinci problemdir. Bu sahədə
bizdə bir qədər boşluq var. Azərbaycan ərazisində
10 minə yaxın xatirə abidələri var ki, tariximiz, mədəniyyətimizlə
bağlıdır. Onları turizm sferasına çəkməliyik
ki, sırf abidə kimi qalmasın. Yəni sadəcə
konservasiya edib saxlamağa ehtiyac yoxdur. İndiki dövrdə
mövcud olanlar istifadə edilir. Abidələr də istifadə
obyektinə çevrilməlidir ki, təbliğ edə bilək.
Məsələn, Türkiyədə Topqapı Muzeyini bir
müddət bağladılar ki, toxunulmasın və orada
turizm dayandı. Məcbur oldular yenidən açdılar.
Hazırda yayımlanan “Möhtəşəm yüzyıl”
serialının sponsorlarından biri məhz Topqapı
Muzeyidir. Demək, bu muzeyin gəliri imkan verir ki, həm
özünü icarəyə verir, həm də sponsor kimi
çıxış edir, reklam olunur. Artıq adıçəkilən
serialdan sonra oraya axın daha da çoxalıb. Bizdə də
obyektlərin sırf turizm sferası kimi istifadəsi
maraqlı olardı. Burada bizə ilk növbədə gənclər
lazım olacaq. Yaxşı, professional kadrların olması
vacibdir. Bizdə belə kadrlar da azdır. Bu gün ölkənin
müxtəlif ali təhsil ocaqlarında muzey işi fakültəsi
olsa da, ATİ-də çox fərqlidir. Burada tələbələrdə
nə isə etməyə maraq var. Məncə, buradakı təhsil
prosesinin də mühüm rolu var.
- Gənclər mədəniyyətimizin
təbliği ilə bağlı bölgələrdə
çalışmaq istəyirlərmi?
- Qeyd etdiyim
kimi, bu il bizdə muzeyşünaslıq və
diyarşünaslıq ixtisası üzrə ilk
buraxılış oldu. Onlar bölgələrdə
çalışmaq istəyirlər və yerlərdən
onları dəvət də edirlər. Amma bu il məzunların
bir çoxu oğlanlar olduğuna görə əsgəri
xidmətə gedəcəklər və magistraturada
oxumayanlarla da əlaqəni davam etdirəcəyik. Çünki
turizm sferasıdır və şirkətlərlə
anlaşmalarımız var. Onlar gəldikdən sonra da işə
cəlb edəcəyik. İkinci kursdan başlayaraq ATİ-də
təcrübədir. Bu ildən Azərbaycan incəsənəti
ilə bağlı 90 saat ayrılıb. Sırf II və III
kurslarda Azərbaycan mədəniyyəti keçilir. Bundan
başqa çox yaxşı bir layihəyə start verilib ki,
bu, bələdçi kurslarıdır. Kim bələdçi
kimi çalışmaq istəyirsə, gəlib 6 ay kurs
keçir ki, buraya 30-a yaxın fənn daxildir. Bələdçi
işləmək üçün nazirliyin sertifikatını
almalıdr ki, bunun üçün də gəlib bizdə
kurs keçməlidir. İmtahan verib sertifikat alır.
- Mədəniyyətlə bağlı tədris
prosesində dərsliklərin səviyyəsi sizi qane edirmi?
- Dərsliklərlə
bağlı çox böyük problem var. Kitabların
çoxu tərcümədir. Bəzən görürsən
ki, çox nüfuzlu bir insan, mədəniyyət xadimidir,
amma məcbur edirlər ki, onun kitabı ilə dərs
keçilsin. Çünki bu gün müəyyən ixtisas
üzrə dərslik ancaq bu adama məxsusdur. Kitabı
açırsan, görürsən ki, bərbaddır. Azərbaycan
dilində müəyyən ixtisaslar üzrə dərsliklər
yoxdur. Muzeyşünaslıq ümumiyyətlə bərbad
haldadır. Tərcüməsi kiməsə verilir, o isə mədəniyyətdən
tamamilə uzaq olan adamdır. Qeyri-peşəkar şəkildə
tərcümə edir. Məsələn, “Dünya muzeyləri”
kitabında Drezden Qalereyası ilə bağlı belə
faktları görmək olar. Yaxud Luvr Muzeyi haqqında hər
il 167 dildə yeni kitab nəşr olunur və muzeyin öz nəşriyyatı
var ki, burada olanlar təzələnir. Bizdə isə bu,
1999-cu ilin kitabıdır. Mən rektor Cəfər Cəfərovla
danışdım və biz çalışırıq ki,
öz proqramlarımız olsun. Dərsliklərlə
bağlı çalışacağıq ki, öz müəllimlərimizin
dərsliyi olsun. Çünki dünyada əksər tədris
ocaqlarında belədir. Dərsliklər universitetin
özünə məxsusdur. Məsələn, Türkiyədə
də belədir. Rus ədəbiyyatlarının tərcüməsi
pisdir. Dünya, Azərbaycan incəsənətinə dair
sanballı bir kitab yoxdur. Mədəniyyət və İncəsənət
Universitetinin iki kitabı var, amma bu məni qane etmir. Yəqin
ki, bu sahədə problemlər tədricən aradan
qalxacaq.
Nigar
Palitra.-2011.-
12 iyul .- S.11.