Dosent Fuad Məmmədov: “Dərsliklərin nəşrini maliyyələşdirən mərkəzləşdirilmiş qurum fəalliyyət göstərməlidir”

Ölkədə təhsilin inkişafı, mövcud problemlər, onların həlli yolları ilə bağlı alim və ziyalıların irəli sürdüyü müxtəlif fikir və təkliflər bu sahənin daha da inkişafına təkan verir. Müsahibimiz Azərbaycan Dövlət Neft Akademiyasının Neft yataqlarının işlənməsi və istismarı kafedrasının dosenti Fuad Məmmədovdur:   

- Respublikamız son zamanlar bir sıra sahələrdə uğurlar əldə edir ki, bunların sırasında təhsil də var. Əgər bizim gənclərimiz xarici ölkərdə ən nüfuzlu universitetlərdə təhsil almaq üçün ağır sınaqlardan keçə bilirlərsə, deməli, təhsilimiz inkişafdadır. Təbii ki, çatışmazlıqlar da var, amma 90-cı illərlə müqayisədə sürətli irəliləyişlər də var. Biz bu gün olan potensialla tam razılaşa bilmərik, inkişaf daim lazımdır. Təhsilin səviyyəsi dedikdə burada söhbət təkcə tədrisdən getmir. Milli təhsilin təşkili konsepsiyası yenidən işlənilməlidir, belə ki, psixoloji və metodoloji yanaşma əsas götürülməklə təhsil proqramı sistemli halda işlənilməlidir. Milli təhsil dedikdə xalqımızın mənəvi dəyərləri, tarixi yaddaşı, elmi faktları, milli mənsubiyyəti və digər əsaslı materialların təhsilə məqsədyönlü şəkildə salınması nəzərdə tutulur. Çünki təhsil dünyəvi elmlə milliliyin ahənginin vəhdətidir. Belə olduqda təhsil xalqın biliklər sisteminin daşıyıcısına çevrilir. Bu prosesdə milli adət və ənənə qorunmalıdır. Hər halda təhsil təlim və tərbiyənin paralel istiqamətdə aparılması ilə şərtlənir. Respublikamızın çox qüvvətli pedaqoqları, metodistlərinin olması orta və ali təhsil konsepsiyasının elmi əsaslarının yenidən milli bazaya uyğun işlənilməsinə yardımçı olacaq. Son zamanlar təhsil sahəsində bir sıra addımlar atılıb. Ali təhsil haqqında qanun, ali təhsil müəssisələrində Bolonya sisteminə keçid, orta məktəblərdə qiymətləndirmə sistemlərinin mərkəzləşdirilməsi və s. Yeni milli təhsil konsepsiyasının elmi əsası işlənilərsə, bu, təhsilin təməlli şəkildə dəyişməsinə və düzgün istiqamət götürməsinə xidmət edəcək. Bir analoji, bir də elmi əsaslı inkişaf var. Təhsilin elmi əsaslarla inkişaf etdirilməsinə böyük ehtiyac var. Pedaqoqlar çox gözəl bilirlər ki, təhsil insanın mənəvi siması olub mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Burada bilik həcmi əsas deyil, ondan sərbəst və dinamik şəkildə istifadə emək keyfiyyətləri əsas sayılır. Bu bilik və qabilliyyətlərin formalaşması üçün müasir tələblərə cavab verən maddi-texniki baza əsas amildir. Bu gün bizim təhsilimizdə bu istiqamətdə işlər geniş miqyasda aparılır. Çünki orta təhsil müəssisələri ali və orta ixtisas məktəblərində təyinatı üzrə ixtisaslaşa biləcək potensial mütəxəssis hazırlayırlar. Bu gün Azərbaycan təhsilini şərti olaraq iki yerə bölmək olar: daxili və xarici təhsil. Daxili təhsil dedikdə bütün mərhələlərin ölkə daxilində təşkili başa düşülür. Xarici təhsil müxtəlif mərhələlərdə həyata keçirilə bilər. Ali təhsillə bağlı şərait bu gün dövlət səviyyəsində çox yüksək təşkil edilir. Belə ki, azərbaycanlı tələbələr arzu etdiyi ixtisası dünyanın istənilən universitetlərində ala bilərlər. Bunun üçün dövlət lazımi şəraiti yaradır. Əvvəllər isə bu mümkün deyildi.

- Bu gün abituriyentlərin seçim etdiyi ali təhsil müəssisələri içərisində Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) da ön sıralardadır. Sizcə, bu, təhsilin keyfiyyəti, yoxsa bu istiqamətdə olan ixtisaslara marağın artmasından irəli gəlir?

- Ali məktəbə daxil olan tələbələrin çoxu onları gələcəkdə karyera ilə bağlı nə gözlədiyindən xəbərsizdirlər. Tələbələrlə söhbətlər zamanı məlum olur ki, müxtəlif məqsədlə ADNA-nı seçənlər var. İstiqamət və ixtisas o vaxt maraqlı olur ki, təhsil keyfiyyətli olsun. ADNA bütün dünyada keyfiyyətli təhsil verən və ixtisaslaşmış mütəxəssis hazırlayan qədim elm ocaqlarından biri kimi tanınır. Məlumdur ki, akademiya neft yataqlarının işlənməsi və istismarı, qazma, neft-kimya, energetika, ekologiya, geoloji kəşfiyyat, istehsalat proseslərinin avtomatlaşdırılması, mühəndis iqtisadiyyatı, beynəlxalq iqtisadi əlaqələr və digər sahələr üzrə mühəndislər hazırlayır. Mühəndis ixtisasının özünün normativ tələbatları var, bu tələbatlar həm təbii potensial sayəsində, həm də hazırlıq mərhələsində ödənilə bilir.  Hazırda ADNA-nın müxtəlif ixtisaslar üzrə bakalavr və 50 ixtisaslaşma üzrə magistratura pillələrində birlikdə 6000

dən çox tələbə təhsil alır. Akademiyanın daxili potensialı geniş olduğu qədər xarici əlaqələri də genişdir. ADNA-nın beynəlxalq əlaqələri müxtəlif təyinatlıdır. Bunları bilən gənc nə üçün də ADNA-nı seçməsin? Bu təhsil ocağının nüfuzunun həmişə yüksək olması onun texniki profilli universitetlər sırasında birinci olmasına daim təsir göstərəcək.

- Bu gün tələbələrin ixtisas üzrə dərsliklər əldə etməsində vəziyyət necədir?

- Dərslik hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun tədris planı əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsaitdir. Son illər akademiyada uyğun olaraq yeni istiqamətlər açılır, bu baxımdan yeni dərsliklərin hazırlanması və istifadəsinə böyük ehtiyac yaranır. Təbii ki, bu istiqamətdə işlər aparılsa da, pedaqoqlarımızın qarşısını kəsən əsas amil kitabların nəşrinə lazım olan vəsaitdir. Ona görə də dərslik problemi həll olunmaz qalır. Düşünürəm respublika üzrə dərsliklərin nəşri və ya bu nəşri maliyyələşdirən mərkəzləşdirilmiş qurum fəalliyyət göstərsə, bu bir qədər vəziyyəti müsbət tərəfə dəyişdirə bilər. Dərslik dedikdə təkcə kitabların hazırlanmasını deyil, eləcə də elektron və video dərs vəsaitlərinin hazırlanmasını nəzərdə tuturam. Bu gün dərsliklərin hazırlanması əsasən müəllifin şəxsi vəsaiti hesabına başa gəlir. Bir müəllim 200-300 tirajla 200-250 səhifəlik dərslik üçün 2000-2500 AZN sərf etməlidir. Digər tərəfdən ixtisaslı kadrların çatışmazlığına görə dərsliklərin yazılmasında əngəllər yaranır. Gənc nəslin xarici dil problemlərinin olması fənn barədə ilkin məlumatların toplanmasında ciddi çətinliklərə səbəb olur. Sadalanan bütün bu problemlər dərsliklərin nəşrini ləngidən, məsələnin həllini çətinləşdirən təsirlərdir.

- Təhsil sistemində mövcud problemlər və onların həlli istiqamətində təkliflərinizi bilmək istərdik.

- Milli təhsil konsepsiyasının düzgün yaradılması nəticəsində mövcud problemləri aradan qaldırmaq olar. Təhsilin təşkili zamanı lazımi tələbatlar vaxtında və keyfiyyətli şəkildə ödənilərsə, bu zaman yaranmış problemlər öz-özünə həll olar. Əgər təhsil üçün ixtisaslı kadr, maddi-texniki baza və elmi əsaslarla işlənmiş təhsil konsepsiyası varsa, bu zaman fundamental təhsil sistemindən danışmaq olar. Bu gün bizim təhsilimizdə çətinliklərin mövcud olması müstəqil təhsil sisteminin yeni yaradılmasından irəli gəlir. Bütün gənc və müstəqil ölkələr ilk illərdə digər inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanırlar. Bu gün biz də belə edirik, amma bu başlanğıc üçündür. Sonrakı mərhələlərdə artıq milli təhsili şərtləndirən amillər mütləq nəzərə alınmalıdır.  Ümumilikdə təhsil sistemində yeni islahatların aparılması yaxşı olardı. Bir halda ki, biz Avropa təhsil sisteminin elementlərindən istifadə edirik, onda həmin sistemə aid mütərəqqi fikirlərdən də bəhrələnməliyik. Çox istərdim ki, bütün universitetlərimizin tərkibində kolleclər, liseylər fəaliyyət göstərsin və bu məktəblər həmin universitetlər üçün potensial abituriyentlər hazırlasın. Eləcə də həmin kollecləri və liseyləri yüksək göstəricilərlə bitirənlərin həmin universitetlərə daxil olması birbaşa təmin edilsin. On il ərzində aparılmış hazırlıq mütləq öz bəhrəsini verməlidir, deməli, bu addımı atmağa dəyər. Təhsilin səviyyəsini artırmaq üçün yüksək keyfiyyətli kadrların hazırlanması, dünya təhsil sisteminin əsas prioritetlərindən yararlanmaq, maddi-texniki bazanın inkişaf etdirilməsi, sənaye və istehsalat əhəmiyyətli universitetlərdə eksperimental işlərin həyata keçirilməsi üçün lazımi laboratoriyaların təşkili istiqamətində işlərin aparılması zənnimcə, təhsil sisteminin mükəmməlləşməsinə böyük təsir göstərər. Həmçinin təhsildə həvəsləndirici tədbirlərin sayı artırılmalıdır. Bu yaxınlarda orta məktəbləri bitirən on üç şagirdə qızıl medallar təqdim edildi, bu yaxşıdır ki, əvvəlki ənənə bərpa edildi. Çox istərdim ki, qızıl və gümüş medallarla təltif edilən şagirdlərin ali məktəblərə qəbulu zamanı heç olmasa, bu nəzərə alınsın. Bununla belə inanıram ki, mövcud problemlər öz həllini tapacaq, sadəcə buna müəyyən vaxt lazımdır. Xaricdə təhsillə bağlı bir sıra işlər aparılır ki, bu da təqdirəlayiqdir. Prezident İlham Əliyevin 2015-ci ilə qədər 5 min gəncin xaricdə təhsil alması ilə bağlı imzaladığı sərəncam təhsilin vahid standartlara keçirilməsi prosesinin daha da sürətlənməsinə təkan verdi. Ona görə ki, gənclərimiz bir qayda olaraq sərəncamda nəzərdə tutulan istiqamətlər üzrə ixtisaslaşmalı və dünyanın ən nüfuzlu təhsil müəssisələrində təhsil almalıdırlar.

- Tədris etdiyiniz sahədə tələbələrin bilik səviyyəsi sizi qane edirmi?

- Mənim tədris etdiyim alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsi ölkəmiz üçün çox yeni və perspektivli istiqamətdir. Təbii ki, bu sahədə ixtisaslı kadrların hazırlanması çox vacibdir. Tələbələrin bu sahəyə marağı həddən artıqdır. İstər auditoriyada, istərsə də poliqonda (laboratoriya və çöl dərslərində) onlar qurğulara xüsusi maraq göstərirlər. Hətta keçən semestr belə bir tapşırıq vermişdim ki, Günəş və külək energetik qurğularının kiçik formada işləyən maketini düzəltsinlər. İnanın ki, tələbələrim elə mühəndis dəqiqliyi ilə və maraqlı qurğu maketləri duzəltmişdilər ki, mən özüm təəccübləndim. Ümumiyyətlə, bu sahəyə maraq tələbələrdə yeni biliklər bazasının da yaranmasına böyük köməklik göstərir. Artıq 2 ildir ki, ADNA-nın Neft yataqlarının işlənməsi və istismarı kafedrasının müdiri professor Tulparxan Salavatovun təşəbbüsü ilə neft sənayesində alternativ enerji mənbələrinin tətbiqi istiqaməti üzrə kafedrada təhsil alan tələbə və magistrlərə mühazirə və məşğələ dərsləri keçirilir. Hazırda bizim həm laborator dərslər  həm də elmi-tədqiqat işləri üçün yaradılmış müxtəlif poliqon qurğularımız var ki, biz burada zəruri texnoloji proseslərin aparılması üzrə sınaqlar keçiririk. Qısa müddət ərzində tələbələrin bilik səviyyəsindən tam razılıq etmək çətindir. Çünki bakalavr və magistrlərin kütləvi yetişdirilməsi zaman tələb edir. Mən onların istehsalatdakı göstəricilərindən sonra bilik səviyyəsindən danışa bilərəm. Dərs prosesində isə mən tələbələrimin hazırlıq səviyyəsindən çox razıyam.    

Nigar 

Palitra.-2011.- 12 iyul .- S.12.