“Proqramın təsdiqlənməsi
Prezidentin gənclərə verdiyi dəyər və onlara
güvənməsinin təzahürüdür”
Xəbər verildiyi kimi, Prezident İlham
Əliyev Azərbaycan gənclərinin səbirsizliklə
gözlədiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramını təsdiqlədi. Proqram gənclərin
ixtisas hazırlığı, təhsili, məşğulluq məsələlərindən
tutmuş, sosial problemlərinin həllinə qədər
çox geniş əhatə dairəsinə malikdir.
Aktiv və
qabaqcıl Azərbaycan gəncləri bu proqramın
hazırlanması ilə bağlı təkliflər və təşəbbüslərlə
çıxış etdilər, Prezident bu məsələ ilə
bağlı olaraq şəxsən gənclərlə
görüşdü. İndi isə bu proqramın dövlət
başçısı tərəfindən təsdiqlənməsindən
gənclər məmnun və nikbindirlər. Prezidentlə gənclərin
görüşündə iştirak etmiş qabaqcıl gənclərdən
biri də Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu,
kimya üzrə fəlsəfə doktoru, London Materiallar
Akademiyasının profesional üzvü, Böyük Britaniya
Elmi Şurası tərəfindən təsdiqlənmiş
imtiyazlı alim, BP şirkətinin baş mühəndisi, Gənc
Xəzər Mühəndisləri İctimai Birliyinin sədri
(Caspian Engineers Society - İ.A.) Rüfət Əzizovdur.
R.Əzizov bizimlə müsahibəsində qeyd etdi ki,
sözügedən proqramın təsdiqlənməsi Azərbaycan
Prezidentinin gənclərə verdiyi yüksək dəyərdir.
- Prezident “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiq
etdi. Siz bunu necə qiymətləndirirsiniz?
- İlk olaraq onu qeyd edim ki, bu proqram digər
dövlət proqramlarından fərqli olaraq geniş ictimai
müzakirədən keçdi. Gənclərin müxtəlif
təbəqələri müzakirələrdə aktiv
iştirak etdilər və konkret təkliflərini verdilər.
Sıfırdan başlayaraq məhz gənclərin istəkləri
üzərində formalaşan çoxşaxəli
proqramın təsdiqlənməsi isə əlbəttə ki,
bir daha Azərbaycan Prezidentinin gənclərimizə verdiyi dəyərdir,
onlara olan güvəncinin təzahürüdür. Bu proqramda
gənclərin inkişafı və problemləri ilə
bağlı məsələlər kompleks şəkildə əksini
tapıb.
- Gənclər bu proqramdan nələri
gözləyə bilərlər?
- Dövlət
proqramı qarşısında gənclərin inkişafı
ilə bağlı çox mühüm məsələlər
qoyulub. Proqramda elm, təhsil, ümumilikdə yeni nəsil
peşəkar kadrların hazırlanması ilə
bağlı kifayət qədər müddəalar var. Proqram
dövlət qulluğunda və idarəetmədə peşəkar
gənclərin sayının artırılması, gənc
alim və tədqiqatçıların sosial təminatının
gücləndirilməsi və məişət problemlərinin
həll edilməsini də xüsusilə nəzərdə
tutur. Gənclər arasında sahibkarlığın inkişaf
etdirilməsi, gənclərin özünüidarə və
iqtisadi baxımdan özünütəminetmə
bacarıqlarının inkişaf etdirilməsi də proqramda
olan əsas məqsədlərdən biridir. Gənclərin
ictimai təşəbbüslərinin dəstəklənməsi
üçün təşkilati, maddi və məlumatlandırma
mexanizmlərinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının
ictimai həyatda təşəbbüskarlığının
stimullaşdırılması da hesab edirəm ki, vacib məsələlərdən
biridir. Bu saydıqlarım mənim hesab etdiyim ən
mühüm məqsədlərdir. Lakin proqram bununla bitmir, bu
dövlət sənədi gənclərlə bağlı
sosial, infrastruktur, beynəlxalq mübadilə, mədəniyyətlərarası
dialoq, bələdiyyələrdə iştirak və başqa
məsələlərlə də xarakterizə edilir ki, bunlar
da olduqca önəmlidir.
Gördüyünuz kimi, proqram geniş spektrli məsələləri
əhatə edir, gənclər üçün yeni imkanlar
açır və əgər gənclər özləri də
aktiv olarlarsa, bu proqramla istədikləri bir çox problemlərin
həllinə nail ola, inkişaf edə bilərlər. Gənclər
ilk növbədə ciddi təşəbbüslər göstərsələr
və proqramın icrasında öz töhfələrini versələr,
ciddi uğurlar qazana bilərlər.
- Bu sahədə sizin gənclərə
daha hansı təklifləriniz var?
- Təkliflər
artıq kifayət qədər proqramın tərtibatı
zamanı verilib. Hesab edirəm ki, indi artıq proqramdan irəli
gələn məqsədlərə çatmaq
üçün mexanizmlərin hazırlanmasında və
icrasında dövlətimizə dəstək olmaq əsas məsələdir.
- Proqramın icrası ilə
bağlı siz və təşkilatınız hansı
töhfələr verə bilərsiniz?
- Gənc Xəzər
Mühəndisləri İctimai Birliyi əsasən xaricdə
təhsil almış, hazırda müxtəlif transmilli
şirkətlərdə çalışan, müasir
texnologiyalara yiyələnmiş gənc azərbaycanlı
mühəndislər tərəfindən yaradılıb.
Birliyin əsas məqsədi Azərbaycanda və reqionda
mühəndisliyin, texnologiyaların və elmin
inkişafına töhfə verməkdir. Təşkilatımız
proqramın tərtibatında aktiv iştirak edib. Xüsusən
elm-təhsil, peşəkar kadrların inkişafı və
texnoloji inkişaf barədə çoxlu sayda təkliflər
verib. Hər bir təklifi verməzdən qabaq onu dərindən
analiz etmişik və ən əsası isə icra mexanizmlərini
hazırlamışıq. Təşkilatımızın
qısa müddətdə əldə etdiyi uğurlar, ictimaiyyət
tərəfindən olan etimad, yüksək
hazırlıqlı, müasir kadr potensialı və peşəkar
iş sistemi cəsarətlə onu deməyə əsas verir
ki, profilimiz üzrə proqramda nəzərdə tutulmuş hər
bir işin öhdəsindən müvəffəqiyyətlə
gələ bilərik.
İlkin AĞAYEV
Palitra.-2011.-
13 iyul.- S.5.