Milli ruh və vətəndaşlıq tərbiyəsi

“Azərbaycan mədəniyyəti və kulturoloji maarifləndirmə” layihəsi

 

Kulturoloji maariflənmə məsələsində əsas məqamlar həm də milli ruh və vətəndaşlıq tərbiyəsi ilə bağlıdır. İstər milli düşüncənin yüksək səviyyədə formalaşması, istərsə də vətəndaşlıq dəyərlərinin oturuşması baxımından bu faktorlar olduqca böyük önəm kəcb edir. Ona görə də layihə çərçivəsində bu məsələlərə diqqət yetirməyi lazım bildik.  

Qeyd edək ki, mövzuya fəlsəfi nöqteyi-nəzərdən yanaşan Azərbaycan Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov layihə çərçivəsində bizə bununla bağlı fikirlərini bildirdi.  Professora görə, empirik bilik və ibtidai duyğu səviyyəsindəki vətəndaşlıq və vətən sevgisi dayanıqlı ola bilməz. İnsan xarici ölkələrə səfər edərkən şüurlu olaraq və ya təhtəlşüur səviyyəsində öz yetişdiyi mühitlə, artıq içində olanlarla yeni gördükləri arasında müqayisələr aparır: "Müqayisə aparmaq, özünü məhz öz ölkəsi timsalında fərqləndirə bilmək üçün, heç şübhəsiz, əvvəlcə milli “Mən”i, Vətəni həm duyğu, həm də təfəkkür səviyyəsində tanımaq tələb olunur. Özündən (öz ölkəsindən) ayrılmaq, başqa diyar, başqa ölkə ilə tanışlıq duyğu səviyyəsində bir nisgil, vətən həsrəti yaradırsa, təfəkkür səviyyəsində özünə kənardan baxmaq şansı verməklə özünüdərk üçün obyektiv şərait yaratmış olur. Əks halda doğma və yadı fərqləndirmək, sənə məxsus olanı başqalarına məxsus olandan ayırmaq mümkün olmaz. Təəssüf ki, əksər adamlar özünü (öz milli varlığını) ya heç fərqləndirə bilmir, ya da ancaq duyğu səviyyəsində fərqləndirir. Öz ölkəsi üçün darıxır, vətənini sevir, lakin bunun səbəbini dərk etmir. Öz vətəni, öz xalqı üçün nə isə etmək istəyir, lakin məhz nə etməli olduğunu bilmir. Əlbəttə, kimə isə elə gəlir ki, bilir; lakin bilmədiyini dərk etmək bildiyini zənn etməkdən yaxşıdır. Çünki müxtəlif adamların ayrı-ayrılıqda, öz ağlı ilə, öz vətən modeli əsasında gördüyü işlər, vahid bir istiqamətə yönəlməyərək, bir-birinin üzərinə toplanmaq əvəzinə, çox vaxt bir-birinə qarşı dayanır".Filosofa görə, dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha faydalı olur. Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona ziyan da vurmaq mümkündür: "Vətənin, millətin nə ilə fərqləndiyini bilmədikdə, onun rasional simasını görmədikdə, onun mənafeyini dərk etmədikdə, sadəcə sevgi notları üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur. Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur. Bunu hər bir adamdan tələb etmək də düzgün deyil. Yəni hər bir adam əvvəlcə filosof olub sonra fəaliyyət göstərə bilməz. Millətin, vətənin elmi-fəlsəfi özünüdərk konsepsiyası bütün millətlər deyil, milli intellektin səfərbər olunması sayəsində, milli filosoflar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlanmalı və geniş kütlələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dildə yox, elmi-kütləvi, fəlsəfi-publisistik, poetik dildə, bədii obrazlar vasitəsilə, ədəbiyyatın, sənətin, kütləvi informasiya vasitələrinin bütün mümkün imkanlarından istifadə etməklə bunu həyata keçirmək lazımdır".Milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii fəaliyyətlər, hətta sevgidən və millətçilik hisslərindən doğsa da, son nəticədə ancaq ziyan gətirə bilər. Filosof bildirir ki, deyilənlər bədii ədəbiyyat və sənət sahələrindəki fəaliyyətə, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinə də aiddir: "Bununla heç də insanları fəaliyyətsizliyə, milli duyğuların, vətənpərvərlik hissinin təsiri ilə atılan addımların məhdudlaşdırılmasına səsləmirik. Lakin əvvəlcə ölçmək lazımdır. Əvvəlcə düşünülmüş bir konsepsiya lazımdır. Əvvəlcə milli ideologiya lazımdır. Bu milli ideologiyanın da əsasında milli fəlsəfi fikir dayanmalıdır. Lakin həyat dayanıb gözləmir. İctimai proseslər hansı isə istiqamətlərdə baş alıb gedir və baş-başa gəlir. Eyni sevgidən doğan müxtəlif hərəkətlər qarşılaşaraq bir-birinin təsirini heçə endirir".Vahid milli ideyanın təsir sahəsinə düşüb istiqamətləndirilə bilməyən, bir-birini tamamlaya bilməyən, bir növ kortəbii proseslərə çevrilən fəaliyyət aktları özümüzün də xəbərimiz olmadan, qlobal miqyas kəsb etmiş başqa milli ideyalarını ilk növbədə qloballaşma qaydalarının təsir dairələrinə düşərək lokal güc mərkəzləri yaradır: "Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində - milli fəlsəfi fikir zəminində formalaşır".Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa, başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır: "Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə həqiqi böyük ziyalılar estafeti öz əllərinə alır və milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadaraq bir əmanət kimi yeni nəsillərə ötürürlər. Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə vaxtında birləşməyəndə bütün ağırlıq qələmin, yaradıcı ziyalıların üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur". Müstəqillik və milli dövlətçilik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir subyektin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümummilli ahəng üstündə köklənsin: "Yəni bütün daxili potensial; təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə edə bilsin". Filosof onu da bildirir ki, kütləvi siyasiləşmə və ifrat siyasi qarşıdurmalar təbii ki, qüvvələrin vahid amal uğrunda səfərbər edilməsinə, ümummilli tərəqqiyə xidmət etmir: "Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəldilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün törədilən məqsədyönlü aksiyalardan biri idi. Lakin biz hələ də böyük dövlətlərin coğrafi-strateji planlarından doğan siyasi burulğandan çıxa bilmirik. Bax, belə bir şəraitdə siyasi təbəddülatların fövqünə yüksəlməyə, fəaliyyətlərin ümummilli tərəqqi naminə yönəlməsinə böyük ehtiyac var. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiyasının yaratdığı labirintlərdən məharətlə keçərək, milli mədəniyyətin tərəqqisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfəkkürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərən ziyalılarımız bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir konyukturaya uymadan bəşəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təbliğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər".S.Xəlilovun fikrincə, bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfəkkür öz ehtiyaclarına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiyyatın və klassik mədəni-mənəvi dəyərlərin ön plana çəkilməsi heç də müqavimətsiz qarşılanmır: "Bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uyğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi düşüncənin özünü ümumbəşəri və milli dəyərlərin prioritetliyi kontekstinə yönəltmək cəhdləri daha əhəmiyyətlidir. Etnik-milli təfəkkürdən milli dövlətçilik şüuruna gedən yol milli və ümumbəşərinin sintezindən keçir. "Milli" anlayışı iki fərqli məzmun yükünə malikdir. Birincisi, hər bir millət üçün spesifik olan, onu fərqləndirən xüsusiyyətləri, ikincisi, fərqli cəhətlərlə ümumi cəhətlərin vəhdətini ehtiva edir. İnsan müəyyən bir millətə mənsub olmazdan əvvəl insandır. Milliyyətindən asılı olmadan bütün insanlar üçün ümumi, zəruri olan cəhətlər var. "Etnik-milli" anlamı müxtəlif qrupların insanlarını fərqləndirən cəhətləri əhatə etdiyinə görə məzmunca kasıbdır, solğundur. Sözün geniş mənasında "milli" anlamı isə hər bir insana məxsus zəruri şərtləri də əhatə etdiyindən, zəngin və daha tutumludur. İnsanı səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi ehtiyacları, intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki sərvətlər bütün insanlara ünvanlanıb. Lakin bu və ya digər millətə mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoruyub saxlayırlar. Bunlar etnik-milli xüsusiyyətlərə aiddir. Milli dildən fərqli olaraq riyaziyyatın dili, kompyuterin dili, texnikanın dili qlobal səciyyə daşıyır. Daha doğrusu, bu dilləri bilən insanlar da millətlər kimi qruplaşıb öz aralarında ünsiyyətə girirlər. Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik normaları yaranır və onlar hətta "etik" birliklərə nisbətən daha dayanıqlı ola bilərlər. Xüsusən, qloballaşma şəraitində internet və s.-nin açdığı məkan məhdudiyyətindən azad olan belə yeni birliklərin formalaşması və bəşəriyyətin elə bil ki, çalxalanıb yeni strukturlar kəsb etməsi olduqca əlamətdar proseslərdir və bunlara biganə qalmaq olmaz".Filosofa görə, bu yeni rakursdan baxdıqda "milli" anlayışının da yenidən dəyərləndirilməsinə, onun məzmununa daxil olan yeni məna çalarlarına xüsusi diqqət yetirilməlidir. Ona görə də, yenidən "fərdi Mən", "milli Mən" və "ümumbəşəri Mən" anlayışlarına qayıtmaq, "milli" anlamının mahiyyətinə də yenidən nəzər salmaq tələb olunur.

 

İlkin AĞAYEV 

Palitra.-2011.- 13 iyul.- S.6.