“Dövlətimizin yüksəlişi hər
bir gəncdə iftixar hissi oyadır, onlarda parlaq gələcəyə
böyük inam yaradır”
Uzun illərin təcrübəsi göstərir ki, cəmiyyətin stabilliyi, onun yüksələn xətlə inikişafı hər şeydən əvvəl, təhsildən, təlim-tərbiyə işindən, şəxsiyyətin formalaşdırılmasının məzmunundan xeyli dərəcədə asılıdır. Bu sahədə təbiidir ki, ictimai-humanitar fənlərin böyük rolu vardır. Təsadüfi deyil ki, hazırkı dövrdə ölkəmizdə təhsilin Milli Kurrikulumu hazırlanmış və şəxsiyyətyönümlü təhsilə üstünlük verilmişdir. Məktəb təcrübəsi sübut edir ki, yalnız əsl şəxsiyyətlər cəmiyyətdə, ictimai həyatda fəal mövqe tutur, vətəndaşlıq mövqeyini dərk edir və bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərə bilirlər.
Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi indiki dövrdə şəxsiyyətin yetişdirilməsi getdikcə çətinlik və daha çox aktuallıq kəsb edir. Məhz buna görə də müasir şəraitdə humanistləşdirmə və humanitarlaşdırma təhsildə əsas prinsiplər kimi qəbul edilmiş, yeni humanist paradiqmaların (mühüm elmi nailiyyətlər sisteminin-nəzəriyyələrin, metodların və s.) yaradılması və tətbiqi daha çox gerçəkləşmişdir.Müasir dövrdə cəmiyyətdə qloballaşmanın genişlənməsi və dərinləşməsi də inteqrasiya proseslərini getdikcə sürətləndirir, xalqlar, millətlər, dövlətlər arasındakı əlaqələrə yeni məzmun verir. Elmi-texniki tərəqqi və qloballaşma dillərin, mədəniyyətlərin əlaqələrinə də güclü təsir göstərir. Belə bir şəraitdə eyni zamanda Azərbaycan xalqının, millətinin öz varlığını, milli dilini, mədəniyyətini, tarixi dəyərlərini qoruyub saxlaması, milli ənənələrini daha da inkişaf etdirməsi daha çox həyati zərurətə çevrilir.Bu gün öyrənənlərlə öyrədənlər arasında münasibətlərin yeni məzmununun formalaşması, köhnə stereotiplərdən imtina edilməsi, bütövlükdə Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafı ölkəmizdə milli və bəşəri düşüncəyə malik yeni nəslin yetişdirilməsini tələb edir. Əslində yeni nəslin, yeni düşüncə sisteminin formalaşdırılması ideyası ulu öndər Heydər Əliyevin irsindən irəli gəlir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının banisi olaraq cəmiyyətimizin, dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmiş, Azərbaycan övladlarına zəngin irs qoymuşdur. Bu irs fəlsəfi-tarixi, pedaqoji-metodik baxımdan olduqca əhəmiyyətlidir. Ulu öndərin düşüncə sistemi, nəzəri baxışları, hadisə və proseslərə yanaşma metodları, tarixi təhlil üsulları Azərbaycan tarixinin tədrisində metodoloji əsas rolunu oynayır. Bunları müəyyən prinsiplər şəklində aşağıdakı kimi göstərmək olar:1. Azərbaycançılıq. Azərbaycançılıq çox geniş anlayışdır və dərin mahiyyət, məzmun kəsb edir. Türkçülük, müasirlik, islamçılıq ideyaları da buraya aiddir.2. Azadlıq və müstəqillik prinsipi; 3. Dövlətçilik prinsipi; 4. Demokratiya prinsipi; 5. Dünyəvilik (bəşərilik) prinsipi; 6. Sülhsevərlik prinsipi.Azərbaycançılıq prinsipi hər şeydən öncə, Azərbaycan övladı olmaqla fəxr etmək, vətəni sevmək, onun tarixini, mədəniyyətini qiymətləndirməyi bacarmaq, öz dilini, soy-kökünü qorumaq, inkişaf etdirmək deməkdir. Ulu öndər Heydər Əliyev azərbaycançılıq məsələlərindən bəhs edərkən belə deyirdi: «Hər kəsin, milli mənsubiyyəti onun qürur mənbəyidir: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam». Bu sözlər hər bir Azərbaycan vətəndaşının şüurunda dərin iz qoymuş və gələcəkdə də böyüyən nəsillərimizin milli ruhda tərbiyəsinə güclü təsir göstərəcəkdir.Azərbaycançılıq öz vətənini, öz millətini sevmək deməkdir. Vətən xalq üçün, millət üçün müqəddəs yerdir, müqəddəs torpaqdır. Müqəddəs olanlar isə həmişə qoyunub, düşmənlərə, yad əllərə verilməyib. Düşmən onu ələ keçirməyə çalışsa da xalq daim mübarizə aparıb, bu yolda şəhidlər verib, vətəninin bütövlüyünü təmin edib.Azərbaycançılıq, eyni zamanda harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarını bir araya gətirmək, 60 milyonluq Azərbaycan xalqının mənafelərini qorumaq, onlarda da milli düşüncə sistemini formalaşdırmaq, onların köməyilə vətənimizi, millətimizi inkişaf etdirmək kimi də başa düşülür. Azərbaycançılıq eyni zamanda vətən əxlaqını gücləndirmək deməkdir. Hər bir insan üçün vətən əxlaqı digər mənəvi keyfiyyətlərdən daha üstündür. Vətən dil birliyi, ərazi birliyi, mədəniyyət birliyi olan insanların yaşadığı, əcdadlarının doğulduğu və dəfn olunduğu, xalqın, millətin formalaşdığı, tarixi abidələr yaratdığı yerdir. Vətənini qorumaq dilini, ərazisini, ulu əcdadlarının yaşadığı yeri qorumaq deməkdir. Azərbaycançılığı dərk etmək və bu istiqamətdə fəaliyyət göstərmək vətən əxlaqının mahiyyətindən doğur.Azərbaycançılıq məfkurəsində türkçülük, müasirlik və islamçılıq ideyaları mühüm yer tutur. Tükçülük azərbaycançılığın tərkib hissəsi olmaqla bərabər eyni zamanda geniş mənada başa düşülən düşüncə sistemidir. Tükçülük dar mənada azərbaycançılıqda bir istiqamətdir. Geniş mənada tükçülük dedikdə isə ümumi türk xalqlarına, türk dünyasına xidmət, ümumtürk mədəniyyətini yüksəltmək deməkdir.Müasirlik anlamı Avropanın, Qərbin və bütövlükdə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən, elmi-texniki nailiyyətlərindən bəhrələnmək, cəmiyyətdə inteqrasiya proseslərini davam etdirmək kimi başa düşülür. Müasirlik ideyası cəmiyyətimizin məzmununun daim yeniləşməsinə, təkmilləşməsinə təkan verir. Əlbəttə, müasirliyi millilikdən imtina edilməsi kimi başa düşmək doğru deyil. Millilik cəmiyyətimizin məzmununun tarixi kökləridir. Yalnız bu köklər, təməllər üzərində məzmuna yeni elementlər daxil olur və bu da tədricən milliliklə qaynayıb-qarışır, beləliklə, məzmun bütövlüyünə xələl dəymir, əksinə daha da inkişaf edir.İslamçılıq ideyası da milli düşüncə sistemində, azərbaycançılıqda mühüm yer tutur. İslamçılıq islam dəyərlərini mənimsəmək və dəyərlərə hörmətlə yanaşmaq, onları qorumaq, azərbaycanlıların islam ümmətindən- müsəlman olması deməkdir. İslam dəyərləri tərbiyə sistemində mühüm əhəmiyyət kəsb edir.Metodoloji məsələ kimi azərbaycançılıq Azərbaycan tarixinin tədrisində necə nəzərə alına bilər? Qeyd edim ki, Azərbaycan tarixinin bütün mövzuları, bütün problemləri azərbaycançılıqla bağlıdır. Azərbaycan xalqının mənşəyi, dilinin formalaşması, xalqın ərazi bütövlüyü uğrunda mübarizəsi, Vətənin müdafiəsi, milli azadlıq mübarizəsi, milli şüurun formalaşması, milli həmrəyliyin yaradılması və digər məsələlərin şərhi zamanı azərbaycançılıq metodoloji prinsip kimi götürülür və şərhin məzmunu aşağıdakı istiqamətə yönəldilir.Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Xalqımızın əcdadları tarixi torpaqlarında - Dərbənddən Zəncana qədər olan çox geniş bir ərazidə yaranmış və formalaşmışdır. Azərbaycan qədim türklərin məskənidir. Azərbaycan xalqı türk mənşəlidir. Xalqımız tarix boyu türkçülüyünü qorumuş, dilini, mədəniyyətini unutmamış, əksinə daha da zənginləşdirmişdir. Hər bir azərbaycanlı vətən torpağının övladı olmağı ilə fəxr etmiş, yadlara boyun əyməmiş, Azərbaycan, azərbaycanlı, türk adlarını həmişə uca tutmuşdur. Əcdadlarımızdan miras qalan milli-mənəvi keyfiyyətləri bu gün də yaşadır və böyüyən nəsillərə ötürürük. Azərbaycançılıqla bağlı konkret bir nümunəyə diqqət yetirək: Tarixi mənbələr təsdiq edir ki, e.ə.VI əsrdə (e.ə.530-cu ildə) massaget tayfalarının hökmdarı Tomris II Kirlə mübarizə apararkən böyük qəhrəmanlıq nümunəsi göstərmiş, vətən torpaqlarının bir qarışını da düşmənə verməmiş, onu məğlubiyyətə uğratmışdır. Tomris qadın hökmdar idi. Onun oğlu düşmənə əsir düşmüşdü. Tomris Vətəni, torpağı öz övladından da üstün tutur. Düşmən, oğlunu geri qaytarmaq, əsirlikdən azad etmək üçün Tomrisə qarşı bir sıra tələblər irəli sürür. Lakin Tomris Vətənin-Azərbaycanın torpaqlarının düşmən tapdağından azad olmasını hər şeydən uca tutur və beləliklə, əzmkarlığı, möhkəm iradəsi, döyüşkənliyi, mərdliyi sayəsində düşmənə qalib gəlir. Tomris Vətənin müdafiəsini hər bir Vətən övladının şərəf işi sayır. Əslində Azərbaycan xalqı, qeyrətli millətimiz müasir dövrə Tomris kimi qəhrəman övladların mübarizəsi sayəsində gəlib çıxmış, öz dilini, milli mənəviyyatını qoruyub saxlamışdır.Şərhin bu istiqamətə yönəldilməsi azərbaycançılıq ideyalarının rəhbər tutilması, bu ideyaların əsasında tarixi mənbələrin araşdırılması deməkdir.Azərbaycançılıq sırf elmi mahiyyət kəsb edir. O, fəlsəfi, tarixi, pedaqoji-metodik ideyalardan qaynaqlanmış baxışlardır.Azərbaycan tarixinin tədrisində bu ideyaların nəzərə alınması, ümumi prinsip kimi qəbul olunması hər şeydən öncə, Vətən tarixinin obyektiv öyrədilməsinə təminat verir. Digər tərəfdən azərbaycançılıq ideyalarının əsas götürülməsi bütövlükdə təlim-tərbiyə sistemini məzmunca yeniləşdirir, böyüməkdə olan nəsillərin şəxsiyyət kimi yetişməsini şərtləndirir.Respublikamızda aparılan təhsil islahatlarının məzmununda da bu istiqamət nəzərə alınmışdır. Yəni müasir dövrün tələbi budur ki, təhsildə şəxsiyyətyönümlülük, nəticəyönümlülük prinsiplərinə ciddi diqqət yetirilsin. Şəxsiyyətyönümlü təhsil isə azərbaycançılıq ideyalarından qaynaqlanmalıdır. Mühüm prinsiplər sırasında azadlıq və müstəqillik prinsiplərini qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin irsində azadlıq və müstəqillik ideyaları xüsüsi yer tutur. O, öz məruzə və çıxışlarında azadlıq və müstəqillik ideyalarını dönə-dönə təbliğ etmiş, onun mahiyyətini açıqlamış, millətin taleyində oynadığı rolu göstərmişdir.Qeyd etmək lazımdır ki, tarixən Azərbaycan xalqı azadlığını, müstəqilliyini qorumağa çalışmış, müəyyən dövrlərdə xarici müdaxiləyə, işğala məruz qalsa da, heç vaxt əsarətə boyun əyməmiş, azad və müstəqil yaşamağı hər şeydən üstün tutmuşdur. Tariximizin müxtəlif dövrlərdə olan ərazi parçalanmaları, bölüşdürmələr, torpaq itkiləri heç vaxt unudula bilməz. Dünyada azad və müstəqil yaşamaqdan gözəl nemət yoxdur. Bu gün əldə olunan azadlıq və müstəqillik xalqımız üçün çox böyük tarixi nemətdir. Hər bir insanın azadlığı və müstəqilliyi onun milli varlığının təminatçısıdır. Azad və müstəqil insan cəmiyyətə, dövlətə, millətə ən layiqli xidmət göstərir.Təcrübə göstərir ki, azadlıq və müstəqillik prinsiplərinin nəzərə alınması Azərbaycan tarixinin tədrisi prosesində öyrənən və öyrədən münasibətlərinə yeni stimul verir, gənclərdə hadisə və proseslərin mahiyyətinə daha dərindən nüfuz etməyə şərait yaradır. Belə bir əməkdaşlıq şəraitində təhsil alanlar özlərini fəal şəxsiyyət kimi dərk edir, cəmiyyət qarşısında ictimai, vətəndaşlıq borclarını yaxşı başa düşür, azad və müstəqil fəaliyyətlə bağlı bacarıqlara yiyələnirlər.Azadlıq və müstəqillik prinsiplərinin tətbiqi ilə bağlı şərh nümunəsinə diqqət yetirək: Sovet imperiyasının buxovlarından xilas olmağa çalışan Azərbaycan xalqı 1980-ci illərin sonu, 1990-cu illərin əvvəllərində azadlıq və müstəqillik uğrunda mübarizəyə başladı. Real azadlıq və müstəqillik ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında əldə edildi. 15 iyun 1993-cü il tarixində Azərbaycan xalqı siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmalardan, Vətənin, ölkənin itirilməsi qorxusundan xilas oldu. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev Azərbaycanın müstəqilliyini ədəbi, dönməz və sarsılmaz etdi. Hələ sovet dövründə yaşayarkən Heydər Əliyev respublikamızın rəhbəri kimi xalqımızın milli şüurunu oyatmaq istiqamətində məqsədyönlü fəaliyyət göstərir, millətimizi gələcəkdə əldə olunacaq azadlığa, müstəqilliyə hazırlayırdı. O, azad fikirli, müstəqil düşüncəli insanları sevir, onların bacarıqlı mütəxəssis kadrlar kimi yetişməsinə kömək göstərir, hər bir Azərbaycan övladının qayğısına qalırdı. Ümummilli lider Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatı ilə bağlı faktlardan nümunə gətirərək sübut edirdi ki, azadlıq və müstəqillik ideyaları tariximizdə aparıcı yer tutur. Tarixin tədrisində bu məsələ nəzər alınmalıdır. Azərbaycan tarixinin tədrisində dövlətçilik prinsipinin də xüsusi rolu vardır. Dövlətçilik prinsipi Azərbaycan ərazisində ən qədim zamanlardan bu günədək mövcud olmuş dövlətlərin tarixinə, fəaliyyətinə milli mənafelər baxımından yanaşılmasına zəmin yaradır. Dövlətçilik Azərbaycan xalqının yaratdığı dövlətlərə münasibət bildirmək, siyasi təşkilat kimi onun cəmiyyətə təsir imkanlarını araşdırmaq, hakimiyyətin milli xarakter daşıdığını göstərmək, dövlət-cəmiyyət vətəndaş münasibətlərinin tənzimlənməsi məsələlərinə aydınlıq gətirmək və digər mühüm məsələləri təhlil etmək, doğru nəticəyə gəlmək baxımından mühüm əhəmiyyətli prinsip kimi qəbul edilir.Dövlətçilik prinsipinin tətbiqinə uyğun olaraq şagirdlərdə (tələbələrdə) belə bir fikir formalaşdırılır ki, dünyanın ən qədim dövlətlərindən biri Azərbaycanda yaranmışdır. Hələ e.ə.III. minillikdə Aratta, Kuti, Lullubi, sonralar Manna, Midiya, Adərbayqan (Atropatena), Albaniya və s. kimi dövlətlərin yaranması Azərbaycan xalqının zəngin dövlətçilik ənənələrindən xəbər verir. Zəngin dövlətçilik ənənələri olan xalq, millət basılmazdır, qüdrətlidir. Böyük dövlətlər yaratmış Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ən ağır sınaqlara məruz qalmış, lakin dövlətçilik ənənələrini unutmamışdır. Xalq öz dövlətini həmişə yüksək qiymətləndirmiş, onu torpaq üzərində, müəyyən ərazi hüdudları çərçivəsində öz hakimiyyəti kimi dəyərləndirmişdir. Azərbaycan dövlətləri həmişə öz vətəndaşlırını, əhalisini müxtəlif təcavüzlərdən qorumağa çalışmış, böyük tarixi inkişaf yolu keçmişdir.Dövlətçiliyin mahiyyətinə dərindən bələd olan gənclər başa düşürlər ki, dövlətçilik ənənələrinə, dövlətə hörmət, eyni zamanda milli ənənələrə, millətə hörmət və qayğı deməkdir. Dövlət millətə xidmət göstərdiyi kimi, millət də öz növbəsində dövlətə xidmət göstərməli, tarixdə iz qoymuş böyük sərkərdələrə, dövlət başçılarına ehtiramını bildirməli, onlarla fəxr etməli, onların siyasi fəaliyyəti nümunəsində dövlətin daxili və xarici siyasət məsələlərini mənimsəməlidirlər.Dövlətçilik prinsipi dövlət atributlarını: gerb, himn, bayraqla bağlı məsələləri dərindən öyrənməyi tələb edir. Dövlət qanunları, Konstitusiya, gerb, himn, bayraqla bağlı ən zəruri məsələlərin öyrənilməsi gənclərdə dövlətçilik ənənələrinə hörmət hissini gücləndirir, onlarda tarixi proseslərin dərk olunmasına və həyati bacarıqların formalaşmasına güclü təsir göstərir. Vətəndaş cəmiyyətinin mövcud olduğu bir şəraitdə gənc nəsildə tarixi hadisə və proseslərə dövlətçilik prinsipi baxımından yanaşılması olduqda vacibdir. Cəmiyyətin inkişafında yeni-yeni müvəffəqiyyətlərin yaranması dövlət quruculuğu prosesinin daha da dərinləşməsi Azərbaycan tarixinin tədrisində dövlətçilik prinsipinin tətbiqini xüsusilə zəruri edir.«Müstəqil Azərbaycan Respublikası» mövzusunun tədrisində dövlətçilik prinsipinin tətbiqi ilə bağlı bir şərh nümunəsinə diqqət yetirək: Müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yaradıcısı, qurucusudur. Məhz onun - ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan hüquqi, demokratik respublikaya çevrildi. Ölkəmiz dünyada inkişaf dinamikasına görə ən qabaqcıl ölkə kimi tanındı. Sosial, iqtisadi, mədəniyyət sahəsində, həmçinin təhsil sahəsində keçirilən məqsədyönlü islahatlar dövlətimizin demokratiyaya, insan hüquq və azadlıqlarına nə qədər geniş yer verdiyini sübut edir.Dövlət millətin təhlükəsizliyinin qarantıdır. Azərbaycan xalqı öz dilini, mədəniyyətini qorumaq üçün dövlətin yardımından faydalanır. Eyni zamanda millət də öz növbəsində dövlətin möhkəmləndirilməsi, inkişafı qayğısına qalır. Dövlətin getdikcə möhkəmlənməsi, qüdrətlənməsi millətin həyat şəraitinin yaxşılaşması, mənəvi dəyərlərin daha ciddi qorunması, zənginləşməsi deməkdir. Ümummilli lider məhz bu amilləri həmişə ön plana çəkmiş, xalqımızın dövlətçilik ənənələrini qoruyub inkişaf etdirmiş və gələcək nəsillərə böyük, zəngin irs qoymuşdur. Məhz ulu öndərin xidmətləri xalq içərisində böyük ruh yüksəkliyi oyatmış və «xalq - Heydər, Heydər - xalq» ifadələri yaranmışdır.Dövlətçilik prinsipinin tətbiqi, hər şeydən öncə, dövlətimizin millətin həyatındakı rolunu göstərməyə, dövlətin aliliyini, dəyərliliyini, həmçinin ulu öndər Heydər Əliyevin siyasi kursunun gərəkliliyini elmi faktlarla əsaslandırmağa yönəldilməlidir. Yeniyetmə və gənclərə izah edilməlidir ki, onların dövlətçilik məsələlərini yaxşı bilmələri, zəruri bilik və bacarıqlara yiyələnmələri vətəndaş yetkinliyinin əsas şərtlərindəndir. Bu gün hər bir vətəndaş dərk etməlidir ki, ölkəmizdə hüquqi dövlət quruculuğunda böyük nailiyyətlər əldə olunmuşdur. Dövlətimizin Heydər Əliyevin irs qoyduğu əsaslar, təməllər üzərində də yüksəlişi hər bir gəncdə iftixar hissi oyadır, onlarda parlaq gələcəyə böyük inam yaradır. Ona görə də Azərbaycan tarixinin tədrisində dövlətçilik prinsipinin tətbiqini ən vacib məsələlərdən biri kimi qeyd edirik. Qeyd etmək lazımdır ki, dövlətçilik prinsipinin tətbiqi təkcə Azərbaycan Respublikasının müstəqillik dövrü ilə məhdudlaşmamalıdır. Heydər Əliyevin nəzəri irsi bütövlükdə tarixən yaranmış və fəaliyyət göstərmiş Azərbaycan dövlətlərinin səciyyəvi cəhətlərini, daxili və xarici siyasətini öyrənərkən dövlətçilik prinsipini tətbiq etməyə imkan verir. Millətin atributuna çevrilən dövlət və dövlətçiliyimiz haqqında ulu öndərin məruzələrində, çıxışlarında zəngin məlumatlar, faktlar vardır. Bu faktların hər biri elmi, tarixi əhəmiyytə malikdir.Ümummilli lider Heydər Əliyev hüquqi dövlət, cəmiyyət quruculuğunda demokratiya prinsipini mühüm prinsiplərdən biri kimi qiymətləndirmiş və öz fəaliyyətində bunu əsas götürmüşdür.Demokratiya vətəndaş cəmiyyəti quruculuğunun əsas göstəricisidir. Demokratik idarəetmə xalqın idarəçilikdə iştirakı, qanunun aliliyinin nəzərə alınmasıdır. Demokratiyanın hərfi mənası “xalq hakimiyyəti” deməkdir.Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının inkişafında demokratiyanın böyük rol oynadığını nəzərə alaraq Əsas Qanun-Konstitusiyanın layihəsi hazırlanarkən demokratiya yolunu, insan hüquq və azadlıqlarının təminatını başlıca vəzifələr sırasında göstərmiş və beləliklə, müstəqil dövlətimizin ilk demokratik Konstitusiyası qəbul edilmişdir.Konstitusiyada göstərilir ki, Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi xalqdır. Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir: 1) Qanunverici hakimiyyət. Bu hakimiyyəti Milli Məclis həyata keçirir.2) İcraedici hakimiyyət. Bu hakimiyyəti respublika Prezidenti həyata keçirir.3) Məhkəmə hakimiyyəti. Bu hakimiyyəti isə respublika məhkəmələri həyata keçirir.Qanunverici, icraedici və məhkəmə hakimiyyəti hakimiyyətin müstəqil qolları olsa da onlar arsında sıx əlaqə mövcuddur. Ölkəmizdə Konstitusiyaya uyğun olaraq hakimiyyət bölgüsünün həyata keçirilməsi idarəçilikdə demokratik prinsiplərin tətbiqinin göstəricidir. Heydər Əliyevin demokratiyanı yüksək dəyərləndirməsi və cəmiyyətin bütün sahələrində onun tətbiqini vacib sayması ulu öndərin özünün nə qədər yüksək demokratik mövqeyə, ruha malik olduğunu göstərir.
Ardı var
İntiqam Cəbrayılov,
Pedaqogika üzrə elmlər doktoru, ARTPİ-nin baş elmi
işçisi
Palitra.- 2011.- 15 iyul.- S. 4-5.