«Elm haqqında» qanun layihəsi hazırdır

 

Dünən Milli Məclisin ötən yaz sessiyasının yekunlarına həsr olunmuş  konfrans keçirildi. Konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirdi ki, dördüncü çağırış Milli Məclisin indiyə kimi 17 iclası keçirilib. Bu iclaslarda 183 qərar və qanun qəbul edilib. Parlamentin yaz sessiyasının isə 11 iclası keçirilib və 94 qanun və qərar qəbul olunub. Ötən yaz sessiyası dövründə parlamentin elektron ünvanına 767 müraciət daxil olub və bu müraciətlərlə bağlı 178 şəxs qəbul edilib. B.Muradova onu da qeyd etdi ki, bu dövr ərzində Milli Məclisə 3007 təklif və şikayət daxil olub: “Həmçinin bu şikayətlərlə bağlı 3053 nəfər vətəndaş Milli Məclisin üzvləri və ya əməkdaşları tərəfindən qəbul edilərək dinlənilib. Bundan başqa ötən müddətdə 64 KİV akkreditasiya olunaraq parlamentin iclasını işıqlandırıb”. Parlamentin vitse-spikeri daha sonra qeyd etdi: “Azərbaycana səfər edən Litva parlamentinin üzvləri Dağlıq Qarabağ məsələsi ilə bağlı qətnamə layihəsinin hazırlandığını və onun parlament müzakirələrinə çıxarılmasının gözlənildiyini bildiriblər. Onlar hətta bu məsələnin parlament müzakirələrinə çıxarılması üçün yetərli sayda deputat imzalarının da olduğunu qeyd ediblər. Biz istəyirik ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı qətnamələr ayrı-ayrı ölkələrin parlamentlərində də qəbul edilsin. Ancaq bizim üçün əsas məsələ bu yöndə qətnamələrin qəbulu deyil, daha çox problemin həlli məsələsidir. Biz bu problem həll olunana qədər öz səylərimizi, cəhdlərimizi və fəaliyyətimizi davam etdirəcəyik. Münaqişə ilə bağlı qətnamələrin başqa ölkələrin parlamentlərində qəbul olunması üçün parlament rəhbərliyi və parlamentlərarası işçi qrupları səviyyəsində işlər davam etdirilir”.Bahar Muradova Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın yay sessiyasındakı fəaliyyəti barədə də danışdı: “ATƏT PA-nın yay sessiyası Azərbaycan nümayəndə heyəti üçün çox uğurlu olub. Sessiya çərçivəsində iyulun 7-də təşkilatın Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsinin iclası keçirildi və iclasda Azərbaycan üçün uğurlu nüanslar oldu. Əsas da o oldu ki, burada Azərbaycan torpaqlarının işğal altında olması tez-tez önə çəkildi. İclasda nümayəndə heyətinin rəhbəri kimi məruzəm oldu. Məruzədə Dağlıq Qarabağ münaqişəsinin Moldova və Gürcüstandakı münaqişələrlə eyniləşdirilməsinin yanlış təsəvvür yarada biləcəyini, onun Azərbaycanın ayrılmaz bir tərkib hissəsi kimi göstərilməsinin vacibliyi xüsusi qeyd olundu”. B.Muradova dedi ki, sessiya ərəfəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər daha çox diqqətə çatdırılıb. 

 

“Əmanətlərin qaytarılması gündəmdədir” 

 

Sovet dövründən qalan əmanətlərin əhaliyə qaytarılması məsələsi yenə müzakirə mövzusudur. Azərbaycanda sovet dövründən əmanət banklarında qalmış vəsaitlərin qaytarılması məsələsinin reallaşdırılması təkcə Milli Məclisdən  asılı olan məsələ deyil. Bunun həllinə digər dövlət qurumları da kömək etməlidirlər.Bu barədə konfransda açıqlama verən Bahar Muradova bildirdi ki, buna baxmayaraq həmin vəsaitlərin qaytarılması və bu yöndə qanun layihəsinin qəbul edilməsi məsələsi parlamentin gündəliyindədir. Parlamentin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev isə bildirdi ki, əmanətlərin geri qaytarılması üçün mənbələr mövcuddur, Azərbaycanın büdcəsi bu məsələnin həll olunmasına imkan verir: “Bununla belə bu məsələnin həllini yubadan bəzi məqamlar da var. Biz də bu məsələnin tezliklə həll olunmasının tərəfdarıyıq, ancaq çox istəyirik ki, bu vəsaitlər Azərbaycanda qalsın, bu vəsaitlərdən ancaq Azərbaycan vətəndaşları və Azərbaycanı sevən insanlar yararlansın”.

 

 

Səfa Mirzəyev: “Valideyn himayəsindən məhrum olmuş şəxslərə dövlət qayğısı artmalıdır”  

 

”Uşaq evlərini tərk edən yeniyetmələrin gələcək taleyi ilə bağlı “Valideyn himayəsindən məhrum olmuşların hüquqları haqqında” qanunda lazım olan məsələlər əks olunub. Sadəcə olaraq valideyn himayəsindən məhrum olmuş şəxslərə dövlət qayğısı artmalıdır”. Bu haqda da Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirdi. S.Mirzəyev qeyd etdi ki, mövcud qanunda göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı həddi-buluğa çatmış uşaqları nəzarətdə saxlamalı və onlara yardım göstərməlidir. Lakin bu, mücərrəd formada verilən göstərişdir. Yəqin ki, bunu daha da konkretləşdirmək lazımdır. Bu istiqamətdə dövlət büdcəsindən xüsusi vəsaitin ayrılmasına ehtiyac var. Onun sözlərinə görə, əlavə sosial müdafiə tədbirləri görmək lazımdır ki, müstəqil həyata qədəm qoyan uşaqlar özlərini kimsəsiz hiss etməsinlər və dövlət tərəfindən xüsusi qayğı görsünlər. S.Mirzəyev onu da diqqətə çatdırdı ki, Azərbaycan parlamentinin Venesiya komissiyası ilə birgə bu ilin sentyabr-oktyabr aylarında “Siyasi partiyalar haqqında” qanun layihəsini müzakirəyə çıxaracağı gözlənilir. Aparat rəhbəri dedi ki, qanun layihəsi hazırdır və Venesiya komissiyasına təqdim olunub. Onun sözlərinə görə, müzakirələrdən sonra qanun layihəsi Azərbaycan Prezidentinə təqdim olunacaq. O həmçinin dedi ki, Azərbaycanda eks-prezidentlər haqqında qanun layihəsi bir il ərzində parlamentdə müzakirə olunacaq: “Eks-prezidentlər haqqında” qanun layihəsi üzərində hazırda işlər aparılır. Qanun layihəsinin Milli Məclisin 2011-ci il payız və ya 2012-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir”. 

 

Nizami Cəfərov: “Milli Məclisdə adlar və soyadlarla bağlı hansısa bir sənəd yoxdur”

 

  Mətbuat konfransında parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, Azərbaycanda soyad sonluğunu seçməkdə bir sıra hallarda məcburiyyət tətbiq etmək olmaz və onlar könüllü seçməlidirlər: “Əgər bununla bağlı qanun qəbul olunarsa, o zaman qəbul olunacaq müddəalar bütün dünyadakı azərbaycanlılara şamil olunmalıdır. Ümumiyyətlə, soyad sonluqlarının dəyişdirilməsi əsasən mənəvi və insan hüququ məsələsidir. Hazırda Milli Məclisdə adlar və soyadlarla bağlı hansısa bir sənəd yoxdur və belə bir hazır sənəd olarsa, Azərbaycanda adlar və soyadlarla bağlı ayrıca qanun da qəbul oluna bilər”. N.Cəfərov onu da dedi ki, hazırda ölkədə 80 faiz insan “-ov” “-yev”, 10 faiz “-li” “-lu”  və 10 faiz də “-zadə” soyad sonluqlarını daşıyır. 

 

«Elm haqqında» qanun layihəsi hazırdır, «Ali təhsil haqqında» qanun layihəsi üzərində isə iş gedir 

 

Milli Məclisin 2011-ci il payız sessiyasında elm və təhsillə bağlı iki qanun layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır. Bu barədə isə parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirdi. O dedi ki, artıq bunlardan biri - «Elm haqqında» qanun layihəsi hazırdır. «Ali təhsil haqqında» qanun layihəsi üzərində isə işlər aparılır: “Çalışacağıq ki, bu qanunu da parlamentin payız sessiyasında müzakirəyə çıxaraq”. Hacıyev qanun layihəsinin detalları barədə  məlumat vermədi.

 

 

 

İlkin AĞAYEV

 

Palitra.- 2011.- 15 iyul.- S.6.