“Kitab mədəniyyəti və onun
inkişafı bütövlükdə Azərbaycan mədəniyyətinin
inkişafına əsaslı təsir göstərir”
“Azərbaycan mədəniyyəti
və kulturoloji maarifləndirmə” layihəsi
Layihə çərçivəsində
növbəti müsahibimiz BDU-nun Kitabşünaslıq və
nəşriyyat işi kafedrasının müdiri, tarix elmləri
doktoru, professor Bayram Allahverdiyevdir:
- Mədəniyyətin
bir qolu olan Azərbaycan kitab mədəniyyətinin
inkişafını necə qiymətləndirirsiniz?
- Kitabın meydana gəlməsi,
inkişafı, istehsalı qədim tarixə malik olsa da,
insanların həyatında müxtəlif dövrlərdə
iştirak etsə də, kitabın çoxalması kitab mədəniyyətinin
formalaşması və inkişafı ilə sıx əlaqədədir.
Azərbaycan kitab mədəniyyətinin dünya kitab mədəniyyətində
özünəməxsus yeri və rolu var. Azərbaycan
kitabının 1000 ildən çox tarixi onun öyrənilməsini
zərurətə çevirib. Mədəniyyətdən
söhbət gedərkən ilk növbədə kitab mədəniyyətinin
xüsusiyyətlərini aydınlaşdırmağı tələb
edir. Çünki kitabla insan, kitabla cəmiyyət daim
qarşılıqlı əlaqədədir. Bu əlaqənin
həm kitabın, həm də insanın
dünyagörüşünün formalaşmasında, onun
bilik və məlumatlarının zənginləşməsində,
bütövlükdə cəmiyyətin tərəqqisində
müstəsna əhəmiyyəti var. İndi kitab insan fəaliyyətinin
bütün sahələrinə daxil olub və fəaliyyət
sahələrinin inkişafında həlledici rol oynayır.
Belə bir şəraitdə kitabın yaranması,
istehsalı və yayılması məsələləri elmi
problemə çevrilir və inkişaf edir. Bu, sözün
geniş mənasında elmdə kitabçılıq
işinin tərkib hissələri sayılır və bu tərkib
hissələri inkişaf etdikcə bu sahələrdə əldə
edilən nailiyyətlərin öyrənilməsi, tədqiq
olunması zərurəti yaranır. Bu da yeni bir elmi istiqamətin,
yeni bilik sahəsinin inkişafına təkan verir. Bu yeni elmi
istiqamət kitabşünaslıq adlanır. Azərbaycanda
bunun tarixinin qədim olmasına baxmayaraq dünyada
kitabşünaslıq XVII əsrin axırı, XVIII əsrin əvvəllərində
yaranıb. Bu tarixi əsas götürdükdə
kitabşünaslıq elminin 300 ildən çox yaranma tarixi
var. Bu tarix ərzində kitab və kitabçılıq
işi forma, məzmun, quruluş baxımından əsaslı
şəkildə dəyişib və insanın elmi və
istehsalat fəaliyyətində geniş şəkildə
iştirak etməyə başlayıb. Eyni zamanda dünya
ölkələrində kitab və kitabçılıq
işi haqqında kompleks elm olan kitabşünaslıq bir elm
sahəsi kimi tədqiqata cəlb edilib. Yəni kitab və
kitabçılıq işi, onun mahiyyəti, məzmunu,
quruluşu, insan fəaliyyətində yeri öyrənilməyə
başlanıb. Kitabşünaslıq həm tədqiqat sahəsinə
çevrilib, həm də əlaqədar tədris müəssisələrində
tədris olunmağa başlanıb. Beləliklə,
kitabşünaslıqla həm ali məktəblər,
universitetlər, həm də elmi-tədqiqat institutları,
başqa sözlə, kitabı öyrənən elmi-tədqiqat
institutları meydana gəlib və inkişaf edib. Bu cür
elmi-tədqiqat institutları Avropanın bir çox ölkələrində,
Rusiyada indi də fəaliyyət göstərməkdədir.
Qeyd etdiyim kimi, kitabşünaslığın inkişafı
kitabşünaslıq sahəsinə dair elmi-tədqiqat
işləri ilə bərabər kadr
hazırlığını da tələb edir. Belə bir faktı
qeyd edək ki, 1991-1992-ci tədris ilində Bakı Dövlət
Universitetində kitab və kitabçılıq işi
üzrə ali təhsilli kadrların hazırlanmasına
başlanıb. Bu kadrların hazırlanması və dərs
yükünün çoxalması 1993-cü ildən fəaliyyət
göstərən Kitabşünaslıq və nəşriyyat
işi kafedrasının yaranması və fəaliyyət
göstərməsi üçün əsas olub. Kafedranın
yaranması kitab və kitabçılıq işi sahəsində
elmi-pedaqoji kadrların hazırlanmasında da müstəsna
rol oynayıb. Mənim rəhbərliyimlə kafedranın
müəllimi Sevda Quliyeva dissertasiya müdafiə edərək
filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
alıb. Həmçinin T.Bağırova, İ.Ələsgərova,
L.Abasova və İ.Qasımovanın dissertasiyaları
hazırlanıb və müdafiəyə təqdim edilib. Bu gənc
tədqiqatçıların kitab və kitabçılıq
işinə, kitabşünaslığa, ümumiyyətlə,
onun aktual problemlərinə aid son 5 ildə 50-dən çox
məqalələri dərc edilib.
- Ölkədə
kitab və kitabçılıq işinin inkişafına təsir
göstərən amillər hansılardır?
- Kitab və kitabçılıq işinin inkişafına müsbət təsir göstərən müstəqillik şəraitinin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Müstəqillik şəraiti kitab nəşrinin genişlənməsinə, nəşriyyat sisteminin yaranmasına və inkişafına əsaslı təsir göstərib və göstərməkdədir. Çünki indi ümummilli lider Heydər Əliyevin layiqli varisi olan Prezident İlham Əiliyev ölkəmizdə bütün sahələrin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafına kömək edir və bu kömək öz müsbət nəticələrini göstərməkdədir. Prezident İlham Əliyevin ölkəmizdə kitab, kitabxana, kitab mədəniyyəti və s. sahələrin inkişafında da xidmətləri olduqca böyükdür. Onun xüsusi qayğısı nəticəsində ölkəmizdə 10 mindən çox kitabxana, 400-ə qədər dövlət, özəl nəşriyyatlar, 1000-ə qədər qəzet və jurnallar öz fəaliyyətlərini daha da genişləndirirlər. Ölkəmizdə yaranan belə bir şərait insanın mənən formalaşmasına, azərbaycançılıq ideologiyasının bərqərar olmasına, ədəbiyyat, incəsənət və mədəniyyətdə böyük nailiyyətlərin əldə edilməsinə imkan verir. Bir sözlə, kitab nəşri, kitab mədəniyyətinin inkişafı ölkə başçısının fəaliyyət sferasında xüsusi yer tutur. Bu mənada “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Prezidentin sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncamla əlaqədar latın qrafikalı nəşrlər hesabına respublikamızda kitabçılıq işi inkişaf edib, kitabxanaların fondu çap edilən yeni müxtəlif ədəbiyyatlarla zənginləşib. Ölkə başçısının sərəncamına əsasən, son illərdə 400 adda 10 milyon nüsxədən çox kitab nəşr edilərək ölkə kitabxanalarına hədiyyə olunub. Kitab nəşrinin də davamlı inkişafının daim diqqət mərkəzində saxlanması, kitab və kitabçılıq işinin bir çox sahələrinin inkişafı ilə bağlı çox dəyərli sərəncamlar kitab nəşri işini, kitab mədəniyyətini, ümumiyyətlə, ədəbiyyat və incəsənətimizi, mədəniyyətimizi dövrün tələbləri səviyyəsində inkişaf etdirməyə əsaslı təsir göstərib. Müstəqillik şəraitində ölkədə movcud olan dövlət, özəl, idarə və müəssisə nəşriyyatlarının fəaliyyətləri üçün hər cür şərait yaranıb. Bunun nəticəsidir ki, indi respublikamızda fəaliyyət göstərən nəşriyyat sistemi kitabın nəşrində, tərtibatında, məzmun və elmi səviyyəsində, həcmində, miqdarında və s. nailiyyətləri ilə özünü büruzə verir. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, indi respublikamızda müxtəlif elm və bilik sahələri üzrə, müxtəlif növlərdə və tiplərdə 4 minə yaxın adda kitab və kitabça çapdan buraxılır. Bu da öz növbəsində kitab mədəniyyətinin inkişaf etdiyini göstərməklə bərabər, insan fəaliyyətində xüsusi əhəmiyyət kəsb edən mütaliənin səmərə və keyfiyyətinin yüksəlməsinə müəyyən mənada təsir göstərir. Beləliklə, kitab nəşri, kitab mədəniyyəti, onun inkişafı, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına əsaslı təsir göstərir.
- Kitabşünaslığın
inkişafının öz əksini tapdığı yeni nəşrlər
varmı?
- İndi respublikamızda dərin məzmunlu, elmi səviyyəsi yüksək olan, gözəl tərtibata malik olan kitabların çoxalması bu sahədə elmi-tədqiqat işlərinin genişlənməsinə də müsbət təsir göstərir. Başqa sözlə, kitabşünaslıq elmi inkişaf edir. Bu sahədə əldə edilən nailiyyətlər yeni-yeni kitabların, dərsliklərin və dərs vəsaitlərinin, monoqrafiyaların yaranmasına səbəb olur. Burada kitab və kitabçılıq işi, kitabşünaslığın inkişafı ilə əlaqədar yaranmış nailiyyətləri, bəzi faktları qeyd etmək yerinə düşər. 2008-ci ildən Bakı Dövlət Universitetində kitabşünaslıq, kitab və kitabçılıq işi sahəsindəki elmi nailiyyətləri, materialları öz səhifələrində əks etdirən “Kitabşünaslıq və nəşriyyat işi” jurnalının əhəmiyyətini xüsusilə qeyd etmək olar. Bu mənim redaktoru olduğum elmi-nəzəri və təcrübi jurnaldır. Bundan başqa mənim “Kitabşünaslığın əsasları” adlı 400 səhifəlik monoqrafiyam çapa hazırlanır. Bu istiqamətdə görülən işlər çoxdur. 2011-2012-ci illərdə mənim hazırladığım “Azərbaycan kitab tarixi”, “Azərbaycan Respublikasının nəşriyyat sistemi”, “Ümumi kitabşünaslıq”, “Azərbaycan kitabının tipologiyası” adlı dərsliklər də çapdan buraxılacaq. Son illərdə kitab, kitabçılıq və kitabxanaçılıq işinin problemlərini əks etdirən digər dövri nəşrlər, jurnallar da meydana gəlir. Bu mənada 2010-cu ildən çap edilən “Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal”ın əhəmiyyətini də xüsusilə qeyd etmək lazımdır. Jurnalın təsisçisi və baş redaktoru əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovdur. Bu jurnalda da kitab, kitabxanaçılıq işi və kitabxanaşünaslığın aktual problemlərinə aid elmi-tədqiqat xarakterli materiallar, məqalələr dərc edilir. Bütün bunlar Azərbaycan kitab mədəniyyətinin inkişafına xidmət edir. Azərbaycan kitabının, kitab mədəniyyətinin dünya kitab mədəniyyətində öz layiqli yer tutmasına xidmət göstərir.
Nigar
Palitra.- 2011.- 15 iyul.- S.10.