Dəyərlər sistemində dövlətçilik hissi

 

 

Mədəniyyət və dəyərlər sistemində yüksək məqamlardan biri dövlətçilik hissləri ilə bağlıdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov layihə çərçivəsində bizə dəyərlər sistemində dövlətçilik hissi ilə bağlı fikirlərini bildirdi.  

 

Alim düşünür ki, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın rolu həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır: "Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar estafeti öz əllərinə almalı olurlar".

Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə, zər kərəmlə vaxtında birləşməyəndə bütün ağırlıq təkcə qələm və kərəmin, yaradıcı ziyalılar və kərəm əhlinin üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə, dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur: "Milli dövlət isə bununla səciyyələnir ki, kimlərinsə milli dəyərləri öz qanı bahasına qoruyub-saxlamasına ehtiyac qalmır. Çünki o, ellikcə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və inkişaf etdirilir. Yəni dövlətçiliklə millilik birləşmiş olur".

Məlum məsələdir ki, dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və mentalitetlə bağlıdır.

Dövlətçilik düşüncənin alt qatında, təhtəlşüurda, psixologiyada təzahür edir. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyəti, dövlət isə onun hansı isə konkret formada reallaşdırılması vasitəsidir: "Məsələ burasındadır ki, konkret bir hadisə kimi dövlət olmadıqda belə, dövlətçilik yaşaya bilər. Dövlətçilik ənənəsinin saxlanması isə milli dövlətin nə vaxtsa yenidən qurulacağına təminat verir. Ən pisi odur ki, dövlətçilik ənənəsi və dövlətçilik hissiyyatı olmasın. Bu halda hətta dövlət aparatı qurulsa da, o, milli dövlət olmayacaq, milli iradənin ictimai-siyasi özünütəsdiqi olmayacaq, xalqın, millətin məna-feyinə xidmət etməyəcək". Dövlətçilik ənənələrinin yaranması nə deməkdir və hansı göstəricilərlə şərtlənir? Alim bildirir: "Bu, ilk növbədə əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs ancaq öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə və bütövlükdə xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafeyə biganədirsə, deməli, burada dövlətçlik ənənələri yoxdur. Dövlətçilik ümummilli iqtisadi mənafe duyğusu tələb edir. Dövlətçilik mənəviyyatda fərdi miqyasdan, ailə miqyasından, tayfa miqyasından, zona, region miqyasından kənara çıxaraq bütöv vətən duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Öz dövlət simvollarına hörmət və sevgi bəslənməsini, öz dövlətinin nailiyyətlərinə görə iftixar hissi keçirilməsini, dövlətin uğursuzluqlarını isə şəxsi faciə kimi yaşamaq səriştəsi tələb edir. Bu səviyyədə "milli" anlamının etnik-millidən fərqli yeni mənası, siyasi aspekti, dövlətlə adekvatlığı ortaya çıxır". 

Milli dövlət qurulması və dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir: "Bu xidmət milli-tarixi prosesin kəsilməzliyini təmin edilməsi baxımından ziyalı məramının siyasi müstəviyə keçirilməsi deməkdir. Belə ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənənələri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv, sağlam bir orqanizm kimi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa etmək təkcə ziyalılığın deyil, həm də siyasətin ən ali amalı olmalıdır.Millətini sevən, millətə həqiqətən xidmət göstərmək istəyən insanlar öz ixtisasları üzrə, dərindən bildikləri sahələrdə ümumi milli tərəqqi işinə fayda gətirməklə yanaşı, cəmiyyətdəki proseslərə də öz münasibətlərini bildirməyə çalışırlar. Təəssüf ki, bu yeni rolda onların bir çoxu artıq peşəkar mütəxəssis olmadıqlarını unudurlar. Ona görə də, bir sahədə qazanılmış nüfuzun başqa bir səmtə yönəldilməsi məsələsində çox ehtiyatlı olmaq lazımdır. Təsadüfi deyildir ki, inkişaf etmiş Qərb ölkələrinin üstünlüklərindən biri burada - hər kəsin məhz öz işi ilə məşğul olmasıdır. Bu işlərin ümumi mənafe məcrasına yönəldilməsi də peşəkar səviyyədə həyata keçirilir. Buna nail olmaq üçün isə həmin ölkələr böyük demokratik inkişaf yolu keçiblər. Həm də bu inkişaf xaos yox, stabilləşmə şəraitində həyata keçirilib. Belə stabil cəmiyyətdə, hər kəs öz bildiyi işlə məşğul olduqda, peşəkarlıq ön plana keçdikdə ziyalı olmaq, ziyalı olaraq qalmaq, ümummilli mənafeyə xidmət etmək çətin olmur. Jəmiyyət özü hər kəsin kiçik də olsa ziyalı potensialının reallaşdırılmasına imkan yaradır. Demək olar ki, hamı ümumictimai tərəqqi prosesinin iştirakçılarına çevrilir. Tərəqqiyə qarşı çıxanlar, milli mənafeyə ziyan gətirənlər isə bir qrup tüfeylilər, cinayətkar ünsürlərdir. Yaxşı cəmiyyət o cəmiyyətdir ki, burada hər kəs öz müsbət əmsalı ilə ümumi işə daxil olur. Bizim də məqsədimiz məhz belə bir cəmiyyət yaratmaqdır. Lakin biz hələ keçid dövründəyik". Keçid mərhələsində olan cəmiyyətin bir ciddi problemi də budur ki, ümummilli tərəqqinin əsas istiqamətləri hamı tərəfindən kifayət dərəcədə dərk edilmədiyindən, peşəkarlıq çox vaxt arxa plana keçdi-yindən, fikir plüralizmini fikir xaosu əvəz etdiyindən, söz fikirdən, ideyadan ayrılıb müstəqil amilə çevrildiyindən, habelə yeni ictimai tə-bəqələr hələ kifayət dərəcədə formalaşmadığından və sosial-iqtisadi ukladların spektri həddindən çox rəngarəng olduğundan tərəqqi yolunu tənəzzül yolundan seçib ayırmaq da çətin olur. Filosof bu barədə qeyd edir: "Cəmiyyət ifrat dərəcədə siyasiləşir, peşəkar siyasətçilərlə yanaşı öz ixtisası üzrə uğur qazana bilməyən müxtəlif peşə sahibləri də siyasətə qurşanır və siyasət aləmində diletantlardan ibarət olduqca müxtəlif qruplaşmalar ortaya çıxır". Müstəqillik illərində Azərbaycan keçid dövrünün bir sıra uğurları və təbəddülatları ilə yanaşı siyasiləşmə meyillərinin ifrat güclənməsi ilə də səciyyələndirilə bilər. Elə bil ki, sovet imperiyası dövründə siyasətdən uzaqlaşdırılmış və azad fikirdən məhrum edilmiş xalq belə bir şans qazanan kimi bu istiqamətdəki boşluğu böyük ehtirasla doldurmağa çalışırdı: "Lakin bizim müstəqillikdən gözlədiyimiz yalnız söz azadlığı və siyasi aludəçilik deyildi. Müstəqillik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir qüvvənin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümummilli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial, təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və elə istiqamət-ləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə edə bilsin. Lakin kütləvi siyasiləşmə və ifrat siyasi qarşıdurmalar təbii ki, qüvvələrin vahid amal uğrunda səfərbər edilməsinə, ümummilli tərəqqi-yə xidmət etmir.

 Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəldilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün vasitələrdən biri idi. Lakin biz hələ də böyük dövlətlərin geostrateji planlarından doğan siyasi burulğandan çıxa bilmirik.

 Bax, belə bir şəraitdə siyasi təbəddülatlara uymadan ümummilli tərəqqi naminə fəaliyyətlərin davam etdirilməsinə böyük ehtiyac var-dır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiyasının yaratdığı labirintlərdən məharətlə keçərək, milli mədəniyyətin tərəq-qisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfəkkürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərən ziyalılarımız, bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir konyukturaya uymadan bəşəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təbliğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər. Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfəkkür öz ehtiyaclarına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiyyatın və klassik mədəni-mənəvi dəyərlərin ön plana çəkilməsi heç də müqavimətsiz qarşılanmır. Lakin, bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uyğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi düşüncənin özünü ümumbəşəri və milli dəyərlərin prioritetliyi kontekstinə yönəltmək cəhdləri daha əhəmiyyətlidir". Filosofun fikrincə, əsl böyük vətənpərvərlik də elmi və ya bədii yaradıcılığın və şəxsi nüfuzun məhz dövlətçiliyin möhkəmləndirilməsinə yönəldilməsini tələb edir.  

 

 

 

İlkin AĞAYEV 

Palitra.-2011.-19 iyul.- S.6.