Vətənpərvərlik mövzusunda animasiya və cizgi filmləri istehsal olunacaq

 

Qloballaşmanın geniş vüsət aldığı və gündəlik yaşayışımıza daxil olduğu indiki dövrdə cəmiyyət həyatının bütün sahələrində yeni dövrün tələblərinə uyğun tədbirlərin reallaşması önəmlidir. Elm-mədəniyyət, təhsil, sosial və digər sahələrdə tədbirlərin görülməsi ilk növbədə onun keşiyində durmalıdır ki, xalqın mənəvi və mədəni dəyərləri sarsılmalara məruz qalmadan qloballaşmanın gətirdiyi «sürprizlər»ə qarşı müqavimət göstərərək özünü qoruya bilsin. Elə bir texnologiya dövründə yaşayırıq ki, istəsək də, istəməsək də, qloballaşmanın, yəni dünyada gedən proseslərin tərkib hissəsi olmalıyıq və oluruq da. Bunun müsbət tərəfləri ilə yanaşı bir çox mənfi cəhətləri də var ki, onlardan özümüzü, əsasən də gənc nəsli qorumalıyıq. İlk növbədə milli kimliyimizi qoruyan dəyərlərimizə sadiq olmalı, onları daha çox təbliğ etməliyik ki, bu dəyərlər itməsin, əksinə, gənc nəslin təlim-tərbiyəsində mühüm yer tutsun. Bu gün respublikamızda milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində bir çox işlər görülür. Amma bu bir gerçəkdir ki, dünya sürətlə qloballaşır və eyni zamanda informasiya cəmiyyəti sürətlə inkişaf edir. Ona görə də hazırkı mərhələdə aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi vacib məsələ kimi ortaya çıxır. Qədim tarixə malik olan Azərbaycan xalqının çox zəngin mədəni dəyərləri var və bizim xalqın bütün dövrlərdə milli kimliyini qoruması məhz bu milli-mənəvi, mədəni dəyərlərimiz sayəsində mümkün olub. Bu gün həmin dəyərləri təbliğ edib gənc nəslə aşılamaq bəlkə də heç vaxt indiki qədər vacib və aktual olmayıb. Bu aktuallığı şərtləndirən ən vacib məsələ informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsidir. İnternet əsrində yaşadığımızdan indi istədiyimiz informasiyanı anında əldə edə bilirik. İnternetin bizə verdiyi üstünlük təəssüf ki, mənfi vərdişləri də anında bizə ərmağan edir. Nəzərə alsaq ki, bu gün internetdən yararlananların böyük əksəriyyəti gənclərdir, o halda bu məsələ problem kimi ortaya çıxır. Bu gün paytaxtda və regionlardakı internet-kafelərin istifadəçiləri arasında uşaqların çoxluğunu hamımız müşahidə etmişik. Məktəb yaşlı uşaqlar çox sevdikləri komyuter oyunlarını oynamaq üçün vaxtlarını internetdə keçirirlər. Bu onlar üçün əyləncədir. Amma həmin məktəb yaşlı uşağın internetdə hansı oyunları oynadığı və bu oyunların onda hansı təsiri yaratdığı hamımızı düşündürməlidir. Bu uşaqlar internetdən təkcə oyunlar oynamaq üçün istifadə etmirlər, istədikləri saytlara baxmaqda sərbəstdirlər. Nə internet-kafe sahibləri onlara hansısa qadağa qoyur, nə də internet məkanında hansısa qadağa var. İnternet-kafelərdəki müşahidələrimiz göstərir ki, orada olan məktəb yaşlı uşaqların davranışı və danışıq tərzi dəyişir, danışığında istifadə etdiyi carqon sözlər kifayət qədər çox olur. Çox az halda rast gəlmək mümkündür ki, məktəb yaşlı uşaq internetdən istifadə edərkən hansısa maarifləndirici, düşündürücü və yaxud da yaşına uyğun olan oyunlara vaxt ayırır. Həmin yaş dövründə olan uşaqların böyük əksəriyyəti silahın bol istifadə edildiyi, «insanların» amansızcasına öldürüldüyü oyunlara daha çox maraq göstərirlər. Belə oyunlar onları daha da aqressivləşdirir, silaha olan maraqlarını artırmış olur ki, bu da arzuolanan hal deyil.  Bəs çıxış yolu nədir? 

Maraqlı kompyuter oyunlarının hazırlanmasına ehtiyac var

 

 Bu məsələdə maraqlı olan bütün tərəflərin öz məsuliyyət yükü var. Yəni uşaqları pis vərdişlərdən, mənfi informasiyalardan və təbliğatdan qorumaq üçün valideynlər, müəllimlər, ictimai qurumlar, televiziyalar, QHT-lər və dövlətin müxtəlif strukturlarının görməli olduğu işlər var. Dövlət bu məsələnin ciddiliyini yaxşı bildiyi üçün konkret planlar həyata keçirməyə hazırlaşır. Bu yaxınlarda dövlət başçısı tərəfindən imzalanan «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında bu məsələlərlə bağlı bəndlər də var. Fikrimizcə, məktəb yaşlı uşaqları mənfi vərdişlərdən uzaqlaşdırmaq üçün onları heç də kompyuterdən və ya internetdən uzaq tutmaq lazım deyil. İstəsək də, buna nail ola bilməyəcəyik. Çünki evdə valideyn tərəfindən hansısa qadağa qoyulsa belə bu qadağanı internet-kafelər vasitəsilə asanlıqla aşmaq mümkündür. Bu yolu seçməkdənsə uşaqları yönləndirmək daha məqsədəuyğundur. Belə ki, Dövlət Proqramında Azərbaycan tarixini əks etdirən kompyuter oyunlarının hazırlanması ilə bağlı bənd də var ki, bu çox müsbət məqamdır. Azərbaycanın zəngin tarixini, qəhrəmanlıq salnamələrini əks etdirən yerli internet oyunlarının hazırlanması bir neçə baxımdan əhəmiyyət kəsb edir. Əvvəla, məktəb yaşlı uşaqlar internetdə silah-sursat, partlayış, ölüm saçan oyunları oynamaqdansa yerli istehsal olan, təbliğati xarakterli oyunlar oynayacaqlar ki, bu da onları insanlara, ətrafa, cəmiyyətə qarşı aqressivləşdirməyəcək. Digər tərəfdən Azərbaycan tarixinin, işğal altındakı torpaqlarımızın tarixinin əks olunduğu müxtəlif internet oyunları tariximizi uşaqlara daha yaxşı, müxtəlif effektlərlə, vizual şəkildə çatdırmaqla onlara tarixi asan yolla öyrədəcək. Deməli, həm mənfi vərdişdən uzaq qalacaqlar, həm əylənəcəklər, həm də əylənə-əylənə də tariximizi öyrənəcəklər. Dövlət Proqramında nəzərdə tutulan bu məsələnin reallaşması Azərbaycan tarixinin, mədəni dəyərlərinin uşaqlara çatdırılması, onlara aşılanması baxımından çox mütərəqqi və dövrlə ayaqlaşan bir addım olacaq. Amma hazırlanacaq internet oyunlarının maraqlı olması vacib şərtdir ki, uşaqların diqqətini cəlb edə bilsin. Buna görə də bu işlə məşğul olacaq Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin üzərinə böyük yük düşür. 2015-ci ilədək hazırlanacaq kompyuter oyunları müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsi üçün virtual imkanların yaradılmasına xidmət edəcək.

 Uşaqlara milli dəyərlərimizi cizgi filmləri vasitəsilə aşılamaq daha asandır

 Bütün bu işlərin görülməsinə uşaq yaşlarından başlanmalıdır. Artıq bağçaya gedən uşağa müəyyən məsələlərin aşılanması lazımdır. Günümüzün reallıqları onlardan yan keçmir və onların da doğru şəkildə tərbiyələndirilməsi, istiqamətləndirilməsi mühümdür. Yəni təkcə kompyuter oyunları ilə uşaqları mənfi vərdişlərdən uzaqlaşdırmaq və milli dəyərlərimizə sadiq şəkildə tərbiyə etmək çətindir. Uşaqlarla bağlı filmlərin, cizgi və animasiya filmlərinin çəkilməsinə ciddi şəkildə ehtiyac var. Evində uşaq olan hər bir ailə bir qədər diqqət etsə, aydın şəkildə görəcək ki, övladı daha çox xarici kanallarda yayımlanan cizgi filmlərinin təsiri ilə böyüyür. Bu gün Azərbaycan uşaqlarının qəhrəmanı Azərbaycan xalq nağıllarının əsas personacları deyil. Onların üçün əsas qəhrəmanı «Kayu»dur («Caillou»). Türkiyə kanalları vasitəsilə yayımlanan bu cizgi filmi hər birimizin evinə daxil olub və uşaqlarımız üçün qəhrəmana çevrilib. Ona görə də uşaqlarımız bu obrazı çox sevir və «Kayu» kimi geyinmək, danışmaq, onun kimi davranmaq istəyir. Özlərinə «Kayu»nun paltarlarını, çantasını, yataq dəstini və müxtəlif əşyalarını istəyirlər. Bizim uşaqlar niyə lap kiçik yaşlarından «Kayu» ilə böyüməli, ona bənzəməyə çalışmalıdırlar? Doğrudur, bu cizgi filmi tərbiyələndirici xarakter daşıyır və çoxlu müsbət məqamlar var. Amma niyə bizim uşaqlar nağıllarımızın sevimli personaclarına bənzəmək istəməsinlər ki? Onların qəhrəmanı hansısa «Kayu»dansa qoy Məlikməmməd olsun. Dədə Qorqudu, Koroğlunu, Babəki cizgi filmi vasitəsilə sevsinlər. Deməli, bu sahədə ciddi şəkildə boşluq olduğu üçün «Kayu» gəlib bizim uşaqlar üçün qəhrəman olub. Elə sadəcə bu faktın özü göstərir ki, cizgi və animasiya filmləri ilə uşaqları tərbiyələndirmək, onlara müəyyən fikirləri aşılamaq mümkündür. Torpağa, vətənə, valideynlərə sevgini, humanizmi, mili-mədəni dəyərlərimizi uşaqlarımıza bu yolla aşılamaq daha asandır. Ona görə də ölkəmizdə uşaqlar üçün cizgi və animasiya filmlərinin çəkilməsinə böyük ehtiyac var. Sovet dönəmində yerli istehsal olan maraqlı və baxımlı cizgi filmləri var idi. Bizdə bu sahədə məktəb var və sadəcə onu inkişaf etdirmək lazımdır. Televiziya kanallarımızın özləri də bu məsələdə maraqlı olmalıdırlar. Həmin filmlərin çəkilməsi ilə bağlı sifarişlərin verilməsi və yayımında ancaq kommersiya maraqları güdülməməlidir. Onsuz da ortaya keyfiyyətli iş çıxandan sonra işin kommersiya tərəfi həllini tapacaq. Sovet dönəmində təxminən uşaqların yatmaq vaxtında 15 dəqiqəlik cizgi filmi nümayiş olunurdu. Amma indi həmin vaxtlarda televiziyalar da, bizlər də uşaqları düşünmürük və fikrimiz xarici istehsal olan seriallarda olur. Amma bu sahədə də ciddi dönüş yaranması nəzərdə tutulub. Qeyd etdiyimiz «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramında gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması da nəzərdə tutulub. 

 

 

 

Anar Miriyev 

Palitra.-2011.-19 iyul.- S.7.