Qaçqın və məcburi
köçkün həyatı media müstəvisində
Mətbuat
Şurası, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi və Laçın Rayon İcra
Hakimiyyəti bu mövzuda milli mətbuatımızın
136-cı ildönümünə həsr olunmuş konfrans
keçirdi.
Qaçqın və məcburi
köçkün həyatı mediamızda necə
işıqlandırılır? Mövzuya dair materiallarda
peşəkar jurnalistikanın tələbləri nə dərəcədə
gözlənilir, sahə üzrə hansı tendensiyalar
mövcuddur? Bütün bunlar iyulun 15-də Laçın
rayonundan olan məcburi köçkünlərin müvəqqəti
məskunlaşdığı Ağcabədi rayonunun Taxta körpü
qəsəbəsində baş tutan konfransda müzakirəyə
çıxarılıb.
Tədbirə
MŞ İdarə Heyətinin üzvləri, hər iki
dövlət qurumlarının rəsmiləri, ölkənin
tanınan, ictimai rəyə təsir göstərən
kütləvi informasiya vasitələrinin rəhbərləri,
işğala məruz qalmış rayonların qəzetlərinin
təmsilçiləri və ictimaiyyət nümayəndələri
qatılıblar. Konfrans çərçivəsində həmçinin
80 yaşı tamam olan «Laçın» qəzetinin keçdiyi
ömür yoluna nəzər salınıb, nəşrin
rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında
oynadığı tarixi rol, müasir dövrdəki fəaliyyəti
ətraflı təhlil olunub.
Tədbir iştirakçıları öncə
ümummilli lider Heydər Əliyevin Taxta körpü qəsəbəsində
ucaldılmış heykəlini və şəhidlərin
xatirə kompleksini ziyarət edərək hər iki abidənin
üzərinə tər çiçəklər
düzüblər. Konfransı Laçın Rayon İcra
Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov
açıb. O, məcburi köçkün həyatının
KİV-lərdə işıqlandırılmasını vacib
məqam kimi dəyərləndirərək bildirib ki,
mövzunun məhz milli mətbuatımızın 136-cı
ildönümündə müzakirəyə
çıxarılması əlamətdar haldır. «Bu,
laçınlıların timsalında bütün məcburi
köçkün həyatı yaşayan
soydaşlarımıza göstərilən diqqətdir. Belə
bir konfransın həm də xalqımızın ümummilli
lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin
42-ci ildönümünə təsadüf etməsi onun əhəmiyyətini
artırır. Ulu öndər istər sovet dönəmində,
istərsə də müstəqillik illərində mətbuatın
inkişafına yönələn genişmiqyaslı işlər
görüb. Heydər Əliyevin memarı olduğu daxili və
xarici siyasət kursu bu gün onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən böyük
müvəffəqiyyətlə davam etdirilir. Məhz onun sayəsində
ölkədə mediaya qayğı artıq
formalaşmış ənənəyə çevrilib.
Mövcud ənənənin yaratdığı dividentlərdən
bölgə qəzetləri də faydalanmaqdadırlar və
buna misal olaraq «Laçın» qəzetini göstərə bilərəm.
Nəşr bu gün rayonumuz barədə ən geniş
informasiya mənbəyi rolunu oynamaqdadır. İldən-ilə
abunəçilərinin sayı artan, ayda iki dəfə nəşr
olunan, respublikamızın 58 rayon və şəhərində
məskunlaşmış laçınlı məcburi
köçkünlərə çatdırılan qəzet
onlar üçün eyni zamanda əvəzedilməz mənəvi
qidadır»- - deyə o vurğulayıb.
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov
çıxışında milli mətbuatımızın
136 illik ömür yoluna nəzər salıb. O bildirib ki, Həsən
bəy Zərdabinin naşirliyi ilə işıq üzü
görən «Əkinçi» qəzetinin əsasını
qoyduğu təməl milli məfkurə saflığına,
vətənpərvərliyə və milli dövlətçilik
ruhuna söykənib. İllər ərzində mediamız bu təmələ
sadiq qalıb və xalqımız üçün ən
taleyüklü anlarda öz sözünü deməyi
bacarıb. «Əminəm ki, mətbuatımız işğal
altında olan torpaqlarımızın azad olunmasına töhfəsini
verməklə bizlərə illərdən miras qalan tarixi
missiyasını bir daha reallaşdıracaq. Bu inam sizlərin
çöhrələrinizdəki iradə, dözüm və
dəyanətdən də qaynaqlanır» - deyən Şura sədri
müxtəlif vaxtlarda mətbuatımızın keçdiyi
ömür yoluna da aydınlıq gətirib.
Ə.Amaşov sovet dövrü Azərbaycan mətbuatından
danışarkən bildirib ki, həmin mərhələdə
ana dilimizin qorunub saxlanmasına heç bir vasitə KİV-lər
qədər töhfə verə bilməyib. Müstəqilik
illərində ölkə mediasının xarakterik
xüsusiyyətlərindən söhbət açan MŞ sədri
«Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası»nın qəbulunu və həmin sənədə
əsasən Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
formalaşdırılmasını respublikada KİV-lərə
sistemli dövlət qayğısının mühüm
göstəricisi kimi önə çəkib: «Mediaya həssas
münasibət bir çox sahələrlə yanaşı
qaçqın və məcburi köçkün həyatının
məziyyətlərinin işıqlandırılmasına,
böyük anlamda isə Azərbaycan həqiqətlərinin
təbliğinə böyük stimul verib. Hazırda çətinliklərə
baxmayaraq sakinləri məcburi köçkün həyatı
yaşayan rayonlardakı qəzetlərin yaşadılması,
tirajının artırılması, çətinliklərinin
həlli istiqamətində işlər
görülür».Ə.Amaşov çıxışında
eyni zamanda «Laçın» qəzetinin Mətbuat Şurası
sıralarına qəbul olunduğunu diqqətə
çatdırıb və bildirib ki, işğal altında
olan bölgələrə məxsus KİV-lərin əksəriyyəti
şuranın aktiv üzvlərindəndir. O, təşkilatçılar
tərəfindən müəyyənləşdirilən pul
mükafatını və kompyuter dəstini sözügedən
nəşrin baş redaktoru Mayıl İlyasova təqdim edib.
«Laçın» qəzeti həmçinin şuranın və
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin
diplomları ilə də təltif olunub.
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin təmsilçisi Sənan
Hüseynov çıxışında belə tədbirlərin
işğal altında olan rayonlarımızın əhalisinin
məskunlaşdığı digər bölgələrdə
də təşkilini vacib sayıb və mövcud istiqamətdə
Mətbuat Şurası ilə əməkdaşlığın
səmərəli cəhətlərinə toxunub. MŞ
İdarə Heyətinin üzvlərindən Beynəlxalq
Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,
«İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın
Quliyev, həmçinin «Səs» qəzetinin baş redaktoru Bəhruz
Quliyev, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli, «Olaylar» qəzetinin baş redaktoru
Yunus Oğuz, bölgə KİV-lərinin təmsilçilərindən
Füzuli rayonunun «Qayıdış» qəzetinin baş
redaktoru Məcnun Namazəliyev, «Xocalının səsi» qəzetinin
baş redaktoru Qasım Qırxqızlı, «Xocavənd» qəzetinin
baş redaktoru Gültəkin Ağayeva, Laçın rayon
ictimaiyyətinin nümayəndələrindən Hacı
Xanlarov, Şahlar Xəlilov və başqaları mövzu ətrafında
fikirlərini bölüşüblər.
Sonda tədbirdə iştirak edən məcburi köçkün rayonları qəzetlərinin hər birinə 500 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Tədbirdə həmçinin qaçqın və məcburi köçkün həyatının mediada işıqlandırılmasında seçilən paytaxt KİV-ləri - “Xalq qəzeti”, «525-ci qəzet», «Azərbaycan», «Yeni Azərbaycan», «İki sahil», «Xalq cəbhəsi», «Ədalət», «Bakı xəbər», «Paralel», «Zaman Azərbaycan» və «Vətənin səsi» qəzetləri, Azərbaycan Dövlət Teleqraf Agentliyi («AzərTAc») və «Azadinform» İnformasiya Agentliyi, habelə bəzi telekanallar xüsusi diplomlarla təltif ediliblər.
Nigar
Palitra.-2011.-19 iyul.- S.11.