“Əlimizdən gələni edəcəyik
ki, erməni diasporu, xüsusilə Amerikadakı ermənilərə
qarşı çıxışlarımızı gücləndirək”
Azərbaycanda
dünya azərbaycanlılarının qurultaylarının
keçirilməsi artıq ənənəyə çevrilib.
Bugünlərdə Bakıda Dünya Azərbaycanlılarının
III Qurultayı reallaşdı. Bu qurultayda ölkə
başçısı da bildirdi ki, dünyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
artıq tam formalaşıb, birinci qurultaydan keçən
dövrdə, yəni 10 il ərzində böyük işlər
görülüb, təşkilatların sayı artıb.
Beş il əvvəl 336 diaspor təşkilatımız var
idisə, hazırda onların sayı 416-ya çatıb. Bu
gün öz fəaliyyəti ilə seçilən diaspor təşkilatlarımızdan
biri də Azərbaycan Nyu-York Assosiasiyasıdır (ANA).
Müsahibimiz isə assosiasiyanın sədri Əli Nəsibovdur:
- Bakıda
keçirilən Dünya Azərbaycanlılarının III
Qurultayı diasporumuzun qarşısında hansı planları
qoydu?
- Bakıya növbəti səfərim Dünya Azərbaycanlılarının III Qurultayında iştirakla bağlı idi. Bu qurultayın açılışında ölkə başçısı çıxış etdi və artıq qurultaydan ötən müddətdə bu çıxış barədə, orada qarşımıza qoyulan planları necə yerinə yetirmək barədə düşünürük. Ümumiyyətlə, qurultay bizə çox böyük təsir bağışladı. Öncə ölkə başçısı Azərbaycanın sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumat verdi. Həmçinin erməni qəsbkarları tərəfindən işğal olunan torpaqlarımızın azad olunması barədə fikirlərini qeyd etdi. Bu yolda hansı işlərin görüldüyü və diaspor vasitəsilə bu istiqamətdə hansı işlərin görülməsi də öz əksini tapdı. Mənə elə gəlir ki, biz ölkə başçısının dediyi sözlərə əməl etməliyik. Əlimizdən gələni edəcəyik ki, erməni diasporu, xüsusilə Amerikadakı ermənilərə qarşı çıxışlarımızı gücləndirək. Onların Qarabağ torpaqlarını özlərininki kimi təqdim etməsinə, eləcə də “erməni soyqırımı” kimi yalan fikirlərə qarşı biz də daha geniş tədbirlər həyata keçirək və onların yalan olduğunu sübut edək. Amerika ictimaiyyəti bilməlidir ki, Qarabağ bizim torpaqlarımızdır və heç zaman ermənilərin olmayıb, “erməni soyqırımı” da olmayıb. Ümid edirik ki, biz gec-tez torpaqlarımızı qaytaracağıq. Biz Amerikada Azərbaycan telekanalında yayımlanan Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş hərbi paradı izlədik və Azərbaycan ordusunun gücünü gördük. Orada biz şahidi olduq ki, Azərbaycan 20 il ərzində nə qədər güclənib və artıq 1990-cı ildə olan dövlət deyil. Bu gün Azərbaycan regionun ən güclü dövlətidir. Həm hərbi baxımdan, həm iqtisadi inkişafda regionun liderinə çevrilib. İnanıram ki, ölkə başçısının bildirdiyi fikirlər öz həllini tapacaq. Biz əlimizdən gələn köməyi edəcəyik ki, bu vaxtı daha da qabağa salaq. Qurultayın bizə digər köməyi odur ki, burada dünyada fəaliyyət göstərən diaspor təşkilatları ilə görüşürük. Qarşılıqlı olaraq planlarımızı müəyyənləşdiririk.
- Assosiasiya tərəfindən
hansı tədbirlərin reallaşdırılması nəzərdə
tutulur?
- Assosiasiya tərəfindən həyata keçirilən tədbirlərdən biri kimi 2005-ci il oktyabrın 18-də “Bazar günü” məktəbi açdıq. Həftədə bir dəfə məktəbdə dərslər keçirilir, ana dili, tariximiz, mədəniyyətimizlə bağlı məlumat verilir. Hazırda məktəbdə tədris işi ilə Nyu-Yorkda yaşayan Azərbaycan dili müəlliməsi məşğul olur. Orada yaşayan Azərbaycanın Əməkdar rəssamı həmin məktəbdə uşaqlara dərs keçir və bu gün uşaqların hamısı ölkəmizin Qız qalasını simvol olaraq çəkə bilirlər. 2007-ci ildə ilk dəfə olaraq Amerikada "Azərbaycan revyu" adlı Azərbaycan qəzeti buraxdıq. İlk olaraq qəzeti Azərbaycan dilində nəşr etməyi düşündük, ancaq sonra bizim BMT-dəki nümayəndəmiz Aqşin Mehdiyev bildirdi ki, xaricilərə Azərbaycanı tanıtmaq məqsədilə onun ingilis dilində nəşr edilməsi daha məqsədəuyğun olar. Biz də bu fikirlə razılaşdıq və hazırda qəzetin 90 faizi ingilis dilində, kiçik bir hissədə isə son xəbərlər, məlumatlar Azərbaycan dilində öz əksini tapır. A.Mehdiyevlə belə qərara gəldik ki, 1000 nüsxə buraxılan qəzetin 500-ü BMT-dəki nümayəndələrə təqdim edilsin, qalanlarını isə pulsuz olaraq paylayırıq. Biz qəzetdə göstərdik ki, Azərbaycana İrandan gələn ermənilərin 150 illiyinə Qarabağda heykəl qoyulub. Ancaq Qarabağ münaqişəsindən sonra həmin heykəli yox etdilər və bununla göstərməyə çalışdılar ki, guya Qarabağ onların qədimi torpağıdır. Halbuki üstündə erməni dilində yazılmış bu heykəl 1976-cı ildə qoyulmuşdu. Biz çalışırıq ki, bu işləri açaq və dünya xalqına göstərək. Bundan başqa assosiasiyamız tərəfindən Amerikada ilk dəfə olaraq internet-radio açılıb. BMT-dəki nümayəndəliyimizin iştirakı ilə açılan bu radio artıq 2 ildir ki, fəaliyyət göstərir. Həftədə 2 dəfə olmaqla şənbə və bazar günləri 2 saat verilişlər təqdim olunur. Bir saat xəbərlər, sonra mədəniyyətimizlə bağlı veriliş, sonra musiqilərimiz yayımlanır. Azərbaycan dilində bu verilişləri təqdim etməklə çalışırıq ki, xalqımız öz mədəniyyətini unutmasın. Bazar günü həmin verilişlərdən sonra bir saat ancaq muğama həsr edirik. Muğam dünyada ən qədim musiqidir və xalqımız bununla fəxr edir. Hələlik Nyu-Yorkda qeydiyyatda olan yeganə diaspor təşkilatı ANA-dır. Hər il biz türklərlə birgə aprelin 23-də Nyu-Yorkun mərkəzi meydanı olan “Times Square”də yalançı erməni soyqırımı ilə bağlı tədbir keçiririk. Orada yerləşən meydanda tarixə aid xronikalar təqdim olunur, çıxışlar edilir. Bu çıxışlarda bizim diaspor daim ən aktiv olub bayraqlarla, şüarlarla çıxış edir. Broşürlər hazırlanır və tədbir zamanı maraqlanan vətəndaşlara təqdim edilir. Eyni zamanda biz çox vaxt dağ yəhudiləri ilə birgə işləyirik. Hətta onlarla birgə 2009-cu ildə "Diaspor ölkələri necə birləşdirir?" mövzusunda konfrans keçirdik. Yəhudilər hər bir tədbirdə bizi, biz də onları dəstəkləyirik. Onlarla birgə məşhur bəstəkarımız Q.Qarayevin, V.Mustafazadənin yubileyinə həsr edilmiş konsert proqramı təşkil etdik. Bundan başqa ilk dəfə Amerikada yaşayan Azərbaycan rəssamlarının sərgisini keçirdik. Bu kimi tədbirlərlə çalışırıq ki, gələcəkdə ölkəmizin təbliği istiqamətində əlimizdən gələni edək. Assosiasiyanın məqsədi odur ki, Azərbaycanın qədim mədəniyyətini, tarixini gənclərə öyrədək, digər əcnəbi xalqlara göstərək. Ona görə də çalışırıq ki, gələcək nəsil assimilyasiya olunmasın, uşaqlarımız dilini, dinini, mədəniyyətini saxlasın. Son vaxtlar ərzində bu istiqamətdə görülən işlərdən biri kimi “Soydaş” adlı Azərbaycan rəqs ansamblı fəaliyyət göstərir. Gələcəkdə bizim planımız var ki, ilk dəfə olaraq Azərbaycan teatrını Amerikaya dəvət edək və orada qədim tarixə malik olan teatr mədəniyyətimizi amerikalılar qarşısında təqdim edək. Onlar görsünlər ki, bizdə necə əsərlər səhnələşdirilir, necə aktyor heyətimiz var. Bundan başqa planlarımız da var.
- Ötən
müddət ərzində diasporumuzun fəaliyyətində
hansı dəyişikliklər müşahidə edilir?
- Çox böyük dəyişikliklər müşahidə etmək mümkündür. Qurultayda ölkə başçısı və digər çıxış edənlər də bildirdi ki, diasporumuz doğrudan da güclənib, böyük işlər görür, Azərbaycanı dünya xalqlarına tanıtdırır, təbliğ edir. Onu da qeyd edim ki, “Eurovision” mahnı yarışması Azərbaycanı dünyaya bir daha tanıtdı və biz belə işlərlə davamlı məşğul olmalıyıq. Biz “Eurovision”dan öncə təbliğat işləri aparırdıq ki, mədəniyyətimizi Amerikada tanısınlar. Ona görə də çalışdıq ki, bunu daha çox adam izləsin və imkan daxilində səs versinlər. Biz Azərbaycan gənclərinin necə dünya səviyyəsinə qalxdığını və yüksək mədəniyyətimiz olduğunu təbliğ edirdik. Ermənilər bizi köçəri xalq kimi təqdim edir, lakin bizim qədim tariximiz, mədəniyyətimiz var və Avropaya daxil olmaq üçün mədəniyyətimiz bu işləri də görür. Bu bizim üçün böyük fəxrdir. Əlbəttə ki, heç “Azərbaycan” sözünü deyə bilməyən Amerika xalqı “Eurovision” qələbəsindən sonra bildi ki, belə bir dövlət, belə bir mədəniyyət var.
Nigar Abdullayeva
Palitra.- 2011.- 20 iyul.- S. 5.