Qəbələ Rayon Mərkəzi Kitabxana Sistemi zəngin kitab bazasına malikdir

 

Kitabxanalar xalqın mənəvi xəzinəsidir. Yüksək dəyərlərə malik olan bu xəzinəni qorumaq, onun əbədiyaşar olmasını təmin etmək, kitabxananı, kitabı oxuculara sevdirmək dövrümüzün mühüm tələblərindən sayılır.  

 

Ulu öndər Heydər Əliyev kitabxanalara xüsusi diqqət və qayğı göstərərək deyib: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”. Bu gün ölkə ərazisində kitabxana işinin müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində böyük işlər görülür. Paytaxt Bakı ilə yanaşı regionlarda fəaliyyət göstərən kitabxanalar üçün yeni dövrün başlandığını desək, yanılmarıq. Prezident İlham Əliyev 2007-ci il aprelin 21-də “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya texnologiyaları ilə təchizatına dair” sərəncam imzalayıb. Bu, bir daha kitabxanaların dövlət qayğısı ilə əhatə olunduğunu göstərir. Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi nəticəsində region kitabxanaları ikinci həyatlarını yaşayırlar. Müstəqilliyin ilk illərində ölkədə yaranan ağır vəziyyətdən kitabxanalarımız da öz nəsiblərini aldılar. Sonrakı illərdə bu ağır durumdan çıxa bilməyən mənəvi xəzinəmiz olan kitabxanalarımız artıq müasir dövrün tələbləri, informasiya-kommunikasiya texnologiyaları ilə ayaqlaşmağa başlayıblar. Regionlarda fəaliyyət göstərən kitabxanaların binaları təmir edilərək müasir şəraitlə təmin edilir, kitab fondu zənginləşdirilir. Layihə çərçivəsində regionlarda fəaliyyət göstərən kitabxanalarımızın bu günü ilə bağlı yazılar təqdim edəcəyik. İlk təqdimatımız Qəbələ rayonunun kitabxanaları ilə bağlıdır. Qəbələ Rayon İcra Hakimiyyətindən «Palitra»ya verilən məlumatda bildirilir ki, Qəbələ Rayon Mərkəzi Kitabxanası 1930-cu ildən fəaliyyətə başlayıb, 1976-ci ildən isə MKS (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) kimi fəaliyyətini davam etdirir. Prezidentin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq bəndində şəhər və rayon kitabxana filiallarının birləşdirilməsi, onların daha səmərəli fəaliyyət göstərməsi nəzərdə tutulub. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi rayonda 42 kitabxana filialının 26 əsas kitabxana filialına birləşdirilməsi təklifini irəli sürüb. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 1 iyun 2009-cu il, 77 saylı sərəncamı ilə rayonda müasir tələblərə cavab verən 26 kənd, qəsəbə və şəhər kitabxana filiallarının saxlanması məqsədəuyğun hesab olunub. Bu da rayonda kitabxana işinin daha səmərəli qurulmasına, oxuculara xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olub. MKS-nin 68 filialı və 1 mərkəzi kitabxanası var. Bunlar 53 kənddə 65 kitabxana filialı, şəhərdə isə 3 kitabxana filialıdır. MKS-nin ümumi 432820 nüsxə fondu var. Ümumi fondun 67100 nüsxəsi latın qrafikalı ədəbiyyatdır. Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir. Bunlar Xidmət, Uşaq, Komplektləşdirmə və kitabişləmə, Vahid fondun təşkili və istifadəsi şöbələri və Metodiki şöbədir.  

 

Uşaq şöbəsində il ərzində kitab dövriyyəsi təxminən 18308 nüsxə olur  

 

Qəbələ rayon MKS-nin Uşaq şöbəsində il ərzində kitab dövriyyəsi təxminən 18308 nüsxə olur. Məktəb və bağça uşaqlarının iştirakı ilə kitabxanada çoxlu kütləvi tədbirlər keçirilir. Bunlar əsasən Yeni il şənliyi, Novruz bayramı, Qanlı Yanvar, Xocalı faciəsi, “Kitab bayramı”, Gənclər Günü, yazıçı və şairlərin ildönümləri münasibətilə keçirilən geniş məzmunlu və s. mövzularda tədbirlər olur. Şöbənin işçiləri il ərzində rayonun orta məktəblərində və şəhər bağçalarında olurlar. Onlar məktəblilərin kitabxanaya daimi gəlişini təşkil edirlər. Onlara yeni gələn kitablar haqqında məlumat verirlər. Uşaq bağçalarına şəkilli kitablar apararaq onların marağını kitabxanaya yönəltməyə çalışırlar. Kitabxana kompyuter sisteminə keçib. Belə ki, Uşaq şöbəsinə də bir ədəd komputer verilib. Latın qrafikası ilə olan kitabların hamısı kompyuterə daxil edilib. Hazırda kirilcə olan kitabların kompyuterə daxil edilməsi davam etdirilir. Oxu zalında isə oxucular əsasən jurnal, qəzet və kitablardan istifadə edirlər. Oxucuların sorğuları lazımi materiallarla ödənilir. İl ərzində 600-yə yaxın oxucuya 7 minə yaxın nüsxə ədəbiyyat verilir. Zalda ay ərzində müxtəlif tədbirlər keçirilir. “Ümummilli lider”, “Qəbələ diyarşünaslıq guşəsi”, “Qəbələ yazarları”,  “Ekologiya və cəmiyyət”, “Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir” və s. mövzularda sərgilər təşkil edilir.  

 

Xidmət şöbəsi il ərzində 2 mindən artıq oxucuya xidmət edir 

 

Xidmət şöbəsi kitabxananın ən mühüm və məsul sahəsidir. Bu şöbə il ərzində 2 mindən artıq oxucuya xidmət edir, hər il oxuculara 30 mindən artıq kitab verilir. Kitabxanaçılar hər gün müxtəlif oxucularla görüşür, onların maraqlarını öyrənib hesaba alır və özünün əsas vəzifəsini - kitabı təbliğ etmək və oxucu mütaliəsinə rəhbərlik vəzifəsini həyata keçirirlər. Bundan əlavə kitab fondunu komplektləşdirmək, kitabları şöbələrə ayırmaq, rəflərə düzmək, kataloqları düzmək - bütün bunlar oxuculara yaxşı xidmət etmək, onların mədəni tələblərini layiqincə təmin etmək vəzifəsini daşıyır. Xidmət şöbəsində kitaba marağı artırmaq üçün “Yeni kitablar”ın sərgisi, ”Kitab bayramı”, “Müasir və dünya klassiklərinin əsərlərinin müzakirəsi”, “Günün aktual məsələləri” barədə söhbətlər, ”Ucadan oxu”lar və sair kütləvi tədbirlər həyata keçirilir. Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar kitabxanada da müəyyən işlər görülüb. Belə ki, kitabxananın veb-saytı yaradılıb, kitabxanın fondları elektron kataloqa köçürülməyə başlanıb. Kitabxanalar xalqın milli sərvətidir və xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynayır. İnsan şəxsiyyətinin formalaşmasında mühüm amil sayılan kitab haqqında ulu öndər Heydər Əliyevin müdrik bir kəlamı vardır: “Xalq gərək öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın». Qəbələ kitabxanaçıları bu şüarı özləri üçün deviz bilirlər. Kitabxananın Komplektləşdirmə və kitabişləmə şöbəsi 1976-cı ildən fəaliyyət göstərir. Şöbə 2010-cu ildə 1000 nüsxə yeni kitab götürüb və götürdüyü kitabları lazımi qaydada inventara alaraq, kitabxana texnikası qaydasında işləyərək MKS-nin şöbə və filiallarına vaxtında çatdırmağa nail olur. İl ərzində şöbənin qəbul etdiyi kitablar ayrı-ayrı müəlliflər tərəfindən, «Azərnəşr»dən, kitabxana kollektorundan, M.F.Axundov adına Milli Kitabxanadan daxil olur. Götürülmüş kitablar baş kataloqa qeyd olunur. Kitabxananın Metodiki şöbəsi rayon ərazisində yerləşən kitabxana filiallarına metodiki xidmət göstərir. Şöbənin işçiləri 5 nəfərdən ibarətdir. Onlar təhkim olunduqları kitabxana filialına metodiki gedişlər edərək tədbirlərin hazırlanıb keçirilməsi, kitabxana sənədlərinin işlənməsi, kitabxana fondlarının cari vəziyyəti ilə bağlı metodiki tövsiyələr verirlər. Bu gedişlərin nəticələri metodistin qeyd dəftərinə qeyd olunur və icra olunması üçün vaxt verilir. Şöbədə əlamətdar tarixi günlərin keçirilməsinə dair metodiki tövsiyə məktubları, biblioqrafik icmallar, siyahılar hazırlanaraq filial kitabxanalarına göndərilir.İl ərzində MKS-də kitabxana filiallarının işçiləri üçün kurslar təşkil olunur. Kənd filiallarının işçiləri zonalar üzrə həftənin müəyyən günləri Mərkəzi Kitabxanaya gələrək tədbirlərin keçirilməsi, sənədlərin işlənməsi ilə bağlı müəyyən tövsiyələr alırlar. Metodiki şöbədə metodiki mərkəzlərdən daxil olmuş tövsiyə və göstərişlər əsasında iş aparılır. 

 

 

 

Anar Miriyev

Palitra.- 2011.- 20 iyul.- S.6.