“Gənclərimiz mədəni irsin
qorunmasında ciddi səylərlə iştirak etməlidir”
“Azərbaycan mədəniyyəti və
kulturoloji maarifləndirmə” layihəsi
Azərbaycan mədəniyyəti
qədim tarixə, zəngin və rəngarəng
çalarlara malik olduğu kimi, bu gün həm də ciddi tərəqqi
dövrünü keçirir. Azərbaycan qlobal mədəniyyət
müstəvisində ciddi uğurlara imza atır, nailiyyətlər
qazanır. Bu, ilk növbədə dövlətin
sözügedən sahəyə ciddi strateji yanaşma
nümayiş etdirməsi nəticəsində ərsəyə
gəlir. Bütün bunlar isə ölkə ictimaiyyəti,
ziyalıları və elitası tərəfindən yüksək
qiymətləndirilir. Bu baxımdan layihə çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) vitse-prezidenti,
akademik Arif Həşimov qəzetimizə fikirlərini
bildirir.
- Azərbaycan mədəniyyəti
sahəsində son illərdə qazanılan uğurları necə
xarakterizə edərdiniz?
- Azərbaycan mədəniyyətində qazanılan uğurlar deyəndə bir şeyə nəzər yetirməliyik: mədəniyyət elə bir məfhumdur ki, orada artıq uğurlardan daha çox, çoxdan baş verən tərəqqidən, inkişafdan danışa bilərik. Azərbaycan mədəniyyəti bu baxımdan çox qədim inkişaf tarixinə malikdir və xalqımız yaranandan başlanır. Son illərdə isə mədəniyyətimizin qorunması və inkişaf etdirilməsi istiqamətində xeyli işlər görülüb. Ümumiyyətlə isə 20-ci əsrdə, eləcə də müstəqillik illərindən başlayaraq Azərbaycan mədəniyyəti çox sürətli inkişaf dövrü keçib. Azərbaycan mədənyyətinin daha da inkişaf etdirilməsi və dünya mədəniyyəti inciləri arasında öz layiqli yerini tapmasında son illər xeyli işlər görülüb və uğurlu nailiyyətlərimiz var. Azərbaycan mədəniyyəti xadimlərinin dünya mədəniyyəti müstəvisində tutduqları yüksək yerlər, mədəniyyət nümunələrimizin ən yüksək yerlərə layiq görülməsi çox şeyi ifadə edir. Dövlət səviyyəsində bu sahəyə xüsusi diqqət yetirilməsi isə olduqca vacib məqamdır. Məsələn, son günlərdə Mirzə İbrahimovun 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam verilməsi çox təqdirəlayiq və son mədəniyyət hadisələrindən biridir. Tanınmış Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, akademik Mizə İbrahimovun yubileyi bu sərəncamla oktyabr ayında təntənə ilə qeyd ediləcək. Bununla bağlı sərəncamda xüsusi olaraq qeyd edilir ki, 20-ci əsrin yazıçısı kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılıb. Bildirilir ki, Konstitusiyamızın müvafiq maddəsini və bəndini rəhbər tutaraq milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mirzə İbrahimovun 100 illik yubileyi qeyd edilir. Burada milli ədəbi-estetik fikrin inkişafı sahəsindəki təqdirəlayiq xidmətlərin qiymətləndirilməsi çox böyük bir məqamdır və dövlətin bu sahəyə yetirdiyi diqqəti bir daha ifadə edir. Azərbaycan mədəniyyəti sahəsində çoxlu görkəmli və yaradıcı dühaların adlarını çəkmək olar və bunlar olduqca çoxdurlar. Onların xidmətləri isə Azərbaycan mədəniyyətinin özəyini təşkil edən əsas sütunlardan sayılır. Mədəniyyətimizin qorunmasında eləcə də şifahi xalq ədəbiyyatının böyük rolu var. Şifahi xalq ədəbiyyatımız xalqın özünün öz mədəniyyətini qoruması, nəsildən-nəslə ötürməsi sayəsində qorunub, bu günə gəlib çatıb. İndi isə mədəniyyətimizin qorunmasında, mənimsənilməsində və zamanın tələbinə uyğun inkişaf etdirilməsində əsas rol gənclərimizin üzərinə düşür. Yeni əsrdə, 21-ci əsrdə qloballaşan dünyada mədəniyyətimizin qoruyucuları və daşıyıcıları onlar olmalıdır. Hər bir gəncimizin beynində Azərbaycan mədəniyyəti dolğun və zəngin halda canlanmalıdır, gənclərimiz mədəni irsin qorunmasında ciddi səylərlə iştirak etməlidir. Bu kontekstdə başqa bir məqama da toxunmaq istərdim. Mədəniyyətimizin qorunmasında dilimizin qorunması və saflığının saxlanması da böyük rol oynayır. Mədəniyyətimizin zənginləşməsinin əsası dilin üzərində durur. İncəsənətimizin dünyaca daha da məşhurlaşması, musiqilərimizin əcnəbilər tərəfindən də dilimizdə zümzümə edilməsi dilin vacibliyini və mədəniyyət daşıyıcısı olduğunu ortaya qoyur. Bu, bizim Azərbaycan dilinin bir sivilizasiya dili, mədəniyyət və elmi dil olması ilə ölçülür.
- Bununla
bağlı müstəqillik illərində dövlət səviyyəsində
ciddi tədbirlər həyata keçirilməyə
başlandı...
- Məlumdur ki, müstəqillik illərində Azərbaycanın ümummilli lideri Heydər Əliyev dilimizin saflığı, qorunması və inkişaf etdirilməsinə ciddi diqqət yetirirdi. Bununla bağlı ümummilli liderin verdiyi sərəncam və qərarlar, görülən tədbirlər öz effektini və bəhrəsini verdi və indi də verməkdədir - Azərbaycan dili geniş imkanlara malik, yad təsirlərdən uzaq bir elm və mədəniyyət dili kimi xarakterizə edilir. Dilimizin yüksək səviyyədə formalaşması, zəngin elmi və ədəbi dilə çevrilməsi üçün bu cür tədbirlərin böyük əhəmiyyəti var. Artıq Azərbaycan dili bu elm və ədəbiyyat göstəriciləri baxımından türk dilləri və dünya dilləri içərisində çox vacib yerlərdən birini tutur. Dilin zənginliyi ilk növbədə elmin və mədəniyyətin inkişafına şərait yaratmış olur və bu baxımdan dilimizin imkanlarını çox yüksək qiymətləndirirəm. Bu baxımdan elm və ədəbiyyat adamlarımızın da üzərinə böyük məsuliyyət düşür. Onların yaratdıqları əsərlərin hamısı gərək elə səviyyədə olsun ki, dilimizin mədəniyyət və elm baxımından zənginliyini tam ifadə edə bilsin. Hazırda Azərbaycanda teatrların dirçəlməsindən sonra bu sahəyə yenidən qayıdış başlanıb. Hətta regionlarımızdakı teatrlar da fəaliyyətini bərpa edib ki, bu da önəmli məqamlardandır. Eyni zamanda ölkədə turizm inkişaf edir, artıq ölkəmiz dünya turizm məkanında və bazarında öz yerini tutmağa başlayıb. Turizmə mədəniyyət kontekstində yanaşsaq, xaricdən ölkəmizə gələn turistlər burada ilk növbədə zəngin mədəniyyətimizlə qarşılaşmalı, onların hafizəsində bununla bağlı silinməz izlər qalmalıdır. Çünki bizdə insanlara münasibət və qonaqpərvərlik əzəldən ən yüksək dəyərlərdən olub və təbliğ edilib, xalqımız ən çox bu məqamları ilə diqqəti cəlb edib. Eyni zamanda bizim musiqimizdə, mahnılarda da həmişə məhəbbət, gözəllik vəsf olunur, bu da gözəl mədəniyyət elementləri və milli xarakteristika kimi diqqəti cəlb etməyə bilməz. Bədii əsərlərimizin də özəyini bu cür insani dəyərlərin təbliği təşkil edir. Bütün bunlar birbaşa mədəniyyətlə bağlıdır.
- Turizmlə
bağlı qeyd etdiniz. Bildiyiniz kimi, bu il ölkədə
”Turizm ili”dir. Bu baxımdan Azərbaycan mədəniyyətinin
bu il çərçivəsində təbliği və
dünyada təqdimatı ilə bağlı fikirlərinizi
bilmək istərdik.
- Azərbaycan turizmi sürətlə inkişaf etməyə başlayıb. Turistlər Azərbaycana istirahət üçün gəlişində saytlara girirlər və Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı özlərində suallar, maraq yaranır. Onlar ölkəmizə gələrkən bütün bu suallara dolğun cavab tapmalıdırlar. İlk növbədə turistlər mədəniyyət, incəsənət, tarix və bunlarla bağlı abidələrlə maraqlanırlar. Bundan sonra isə onlara yerli əhali və turizm işçiləri tərəfindən göstərilən münasibət əsas rol oynayır. Əslində bu məqam daha çox həlledicidir. İstər-istəməz turistlər necə qarşılanmaları ilə bağlı daha həssas və təəssüratlı olurlar. Bu cəhətdən ən böyük xoşbəxtliyimiz ondadır ki, xalqımız çox qonaqsevərdir. Bunu bütün dünya və ölkəmizə gələnlər, soydaşlarımızla münasibət quranlar bilir. Baxın, bu qonaqpərvərliyimizi bütün gözəlliyi ilə turistlərə nümayiş etdirməliyik. Turizmdə əsas üstünlük odur ki, ölkəyə gələnlər qayıdıb bir də gəlsinlər. Biz bu sahədə birinci növbədə buna çalışmalıyıq. Əcnəbilər Azərbaycanla bağlı zəngin tarixi-mədəni məlumatları oxuyub nəzəri baxımdan öyrənəndən sonra ölkəmizə gəlirlər və bu nəzəri biliklərin təsdiqini hər yerdə - abidələrdən tutmuş əhalinin davranılşarında və xoş münasibətində gördükdə bu, çox xoş təəssüratlar yaradır. Onlar bundan sonra dönə-dönə ölkəmizə baş çəkməyə, istirahət etməyə gəlirlər. Həmçinin başqalarına da ölkəmizi təbliğ edib, onların da Azərbaycana səfər etməsinə, dincəlməyə gəlməsinə səbəb olurlar. Bir sözlə, mədəniyyət, dəyərlər baxımından Azərbaycanın təbliğat üçün çox böyük imkanları var və turizmin inkişafı yönündə də bu potensialdan səmərəli şəkildə istifadə etmək lazımdır.
İlkin
AĞAYEV
Palitra.- 2011.- 22 iyul.- S. 6.