Vahid Aliment Fondunun yaradılması təklif edilir

 

Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin iştirakı ilə “Azərbaycan ailələrinin mövcud problemlərinin həllinə yönəlmiş qanunvericilik bazası və onun təkmilləşdirilməsi perspektivləri" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə çıxış edən Ali Məhkəmənin hakimi Mehparə Əhmədova  bildirdi ki, bu gün vacib amillərdən biri də ölkədə Aliment Fondunun yaradılmasıdır. Aliment bu fonddan ödənilməli, dövlət özü borclu ilə problemini həll etməlidir.  

 

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan məhkəmələrinə alimentin sabit pul məbləğində təyin edilməsi ilə bağlı müraciətlərin sayı artıb. M.Əhmədova bildirdi ki, qanuna görə, sabit pul məbləği cavabdehin əmlak vəziyyətindən asılı olaraq qazancının 1/4-i məbləğində müəyyən olunur. Hakimin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı problemin həlli məqsədilə məhkəmələrin alimentin ödənilməsi ilə bağlı qərarları dərhal icraya yönəlməlidir. Yeni qanunvericilikdə bu ləğv olunaraq belə qərarlar qüvvəyə mindiyi vaxtdan icraya yönəldilir. Hakim onu da bildirdi ki, alimentlə bağlı qərarların icrasında ciddi problemlər var: “Borclu, yəni alimenti verən tərəf iş yerini, gəlirlərini, əmlakını gizlədir. Bu da məhkəmə qərarlarının qəbulu zamanı ciddi problem yaradır. Həmçinin borclu iş yerinin, yaşadığı yerin ünvanını gizlədir, əməkhaqqının cüzi hissəsini rəsmiləşdirir. Müəyyən hallarda borclu işsiz olur, alimenti ödəyə bilmir. Bu da alimentin ödənilməsi ilə bağlı qərarın icrasında problem yaradır”. Qeyd edildi ki, ötən il respublika üzrə birinci instansiya məhkəmələrində alimentlə bağlı 1850 işə baxılıb, onlardan 1545-i təmin olunub. Apelyasiya məhkəmələrində 378 işə baxılıb, 253 iş üzrə qətnamə qüvvədə saxlanılıb. Ali Məhkəmədə 75 işə baxılıb, 65 iş üzrə qətnamə qüvvədə saxlanılıb. Bu ilin 6 ayında Ali Məhkəmədə alimentlə bağlı 29 işə baxılıb, 27 iş üzrə qətnamə qüvvədə saxlanılıb.

Tədbirdə çıxış edən insan hüquqları müvəkkili (ombudsman) Elmira Süleymanova  bildirdi ki, məhkəmələr ailə problemləri ilə bağlı işlərə baxarkən uşaqların maraqlarını qorumalıdır: “Məhkəmələr ailə problemləri ilə bağlı işlərə baxarkən uşaqların maraqlarını qorumaqala yanaşı yerli və beynəlxalq normativ aktlara diqqət yetirməlidirlər. Bu işlərə baxılarkən ən çox pozuntular prosedur qaydalarının pozulması, süründürməçilik halları, işlərə vaxtında baxılmaması, məhkəmənin əsassız olaraq şikayətçidən ərizəni qəbul etməməsi, məhkəmə iclasının vaxtı barədə tərəflərin vaxtında məlumatlandırılmamasıdır”.  Ombudsman boşanmalar zamanı barışıq institutunun formalaşdırılmasını və bunun işlək vəziyyətə salınmasını təklif etdi. Bildirildi ki, məhkəmələr nikahın pozulması ilə bağlı şikayətlərə baxarkən tərəflərin barışdırılması məqsədilə müvafiq iş aparmalıdırlar. Əvvəllər məhkəmələrdə belə bir təcrübənin olduğunu deyən Süleymanova qeyd etdi ki, bu institut formalaşarsa, boşanmaların sayının azalmasına səbəb olar.

Ombudsman qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi təklifi ilə çıxış edərək uşaqların xarici vətəndaşlara övladlığa verilməsinə nəzarətin gücləndirilməsini vacib saydığını vurğuladı. O bildirdi ki, əcnəbilərə övladlığa verilən uşaqların döyülməsi, incidilməsi, bəzi hallarda isə öldürülməsi faktları var. Litvanın bu sahədəki təcrübəsini nümunə gətirən E.Süleymanovanın sözlərinə görə, bu ölkədə xarici vətəndaşlara övladlığa uşaq verilərkən ilk olaraq öz soydaşlarına təklif olunur.

Ombudsman cinayət törədən uşaqların cəzalandırılması məsələsinə toxunaraq bildirdi ki, uşaqlara mümkün qədər liberal cəzalar verilməlidir: “Yalnız başqa çıxış yolu olmadığı halda həbs verilə bilər. Oğurluğa görə nə qədər uşaq tutulub, azadlıqdan məhrum edilib. Məhkəmələr buna diqqət yetirməli, mümkün qədər liberal cəzalar verməlidirlər”. Ombudsman qız qaçırmaya görə qanunvericiliyin ağır cəza nəzərdə tutduğunu və bununla razı olmadığını da qeyd etdi: “İki gənc bir-birini sevir, ancaq onların ailə qurmasını istəmirlər, buna problem yaradırlar. İstədiyi qızı qaçırdığı zaman məhkəmə həmin şəxsə 9 il həbs cəzası verir”.

Tədbirdə çıxış edən deputat Əli Hüseynli bildirdi ki, qadının zərif cinsin nümayəndəsi olması onlara qarşı daha güzəştli, daha humanist şərait yaradılmasını tələb edir: “Azərbaycanın əmək, ailə, cinayət və mülki qanunvericiliyi qadınlara münasibətdə kifayət qədər humanist mövqedədir. Ailə Məcəlləsində nikahdan öncə tərəflərin nikah müqaviləsi bağlaması və tərəflərin tibbi müayinədən keçməsi barədə müddəalar var. Tibbi müayinə pulsuz həyata keçirilməlidir. Cinayət qanunvericiliyimiz ağır və xüsusilə ağır cinayətlərə görə qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini qadağan edir. Qadın hüquqlarının müdafiəsi istiqamətində Milli Məclis tərəfindən məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbul edilməsini də qeyd etmək lazımdır”.Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupun yaradılmasını təklif edən Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, son illər ölkədə boşanmaların sayının artması, boşanma zamanı qadınların və uşaqların hüquqlarının pozulması ilə bağlı problemlər var: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin iştirakı ilə işçi qrupun yaradılmasının tərəfdarıyıq. Bu, gələcəkdə ailə məsələləri ilə bağlı problemlərə operativ reaksiya verilməsi üçün önəmlidir”. Komitə sədri Ailə Məcəlləsinə dəyişiklikləri də zəruri sayır. Tərəflərin nikahdan öncə nikah müqaviləsi bağlamasını və tibbi müayinədən keçməsini zəruri hesab edən və bunun məcburiləşdirilməsinin vacibliyini vurğulayan H.Hüseynova qeyd etdi ki, qadınlar məhkəmə qərarlarından narazıdırlar, uşaqların və qadınların hüquqlarının pozulduğunu deyirlər. Komitə sədri məhkəmə zamanı qadın və uşaqlarla bağlı düzgün qərar qəbul etmək üçün məhkəmə proseslərində psixoloq və sosial işçilərin iştirakının da zəruri olduğunu bildirdi: “Ailə ilə bağlı problemlərdə elə nüanslar var ki, onların həllində, onlara qiymət verilməsində bu mütəxəssislərə ehtiyac var. Onların rəyi nəzərə alınmaqla qəbul edilən qərarlarda uşaqların və qadınların hüquqları müdafiə olunacaq”.

Ədliyyə Nazirliyinin Təşkilat Analitik İdarəsinin rəis müavini Sübhi Kazımov bildirdi ki, Azərbaycan vətəndaşı olan uşağın atalığına və yaxın qohumlarına övladlığa verilməsi ilə bağlı qanunvericilikdə göstərilən prosedur sadələşdirilməlidir. O qeyd etdi ki, Azərbaycanda doğulub hansısa səbəbdən xaricdə yaşayan azərbaycanlılar öz yaxınlarını övladlığa götürmək istəyəndə, həmçinin Azərbaycan vətəndaşı olan qadın xarici vətəndaşa ərə gedəndə uşağın atalığına övladlığa verilməsində digər əcnəbilərə münasibətdə daha sadə prosedur tətbiq olunmalıdır və qanunvericiliyin uşaqların xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlı hissəsində dəyişikliklər olunmalıdır. S.Kazımov himayəçilik və qəyyumluq orqanlarının fəaliyyətinin daha da asanlaşdırılması, təkmilləşdirilməsi, bu qurumların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsini zəruri saydığını bildirdi. Rəis müavini ötən il məhkəmələrdə xaricə övladlığa vermə ilə bağlı 10 iddiaya baxıldığını, onlardan 7-si üzrə iddianın təmin olunduğunu, birinin rədd edildiyini, birinin baxılmamış saxlanıldığnı, birinin isə geri qaytarıldığını vurğuladı. Bu işlərdən yalnız 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı təmin olunub. Digər 5 işdə komitənin iştirakı təmin olunmayıb, komitədən uşağın övladlığa verilməsi ilə bağlı rəy alınmayıb ki, belə olan halda komitə bu qərarlardan şikayət verə bilməz.Kazımovun sözlərinə görə, məhkəmələr belə işlərə baxarkən mütləq komitənin prosesdə iştirakını təmin etməlidir. O bildirdi ki, komitənin iştirakı olmadan baxılan 5 işdən 3-də uşaq öz doğma xalasına, 2-də isə atalığına övladlığa verilib.

 

 

Nigar

Palitra .- 2011.- 22 iyul.- S. 11.