«Muzeyimiz rayon məktəblilərinin
sevimli yerlərindən birinə çevrilib»
Layihə çərçivəsində
müsahibimiz Biləsuvar rayon Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Nailə Mehdiyevadır. O, müsahibəyə
ölkəmizdə muzey işi ilə bağlı
görülən işlərə münasibət bildirməklə
başladı:
- Azərbaycanda muzey işinə qayğı və diqqət ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində önəmli yer tutub. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin-mədəniyyət dəyərlərinin toplanılması, qorunub zənginləşdirilməsi üçün hər zaman əməyini əsirgəməyib. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə respublikada muzey işinə aid xüsusi qərar qəbul edilib. Bu, muzey şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaradıb. Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanması yolunda muzeylərin rolunu qiymətləndirərkən deyib: «Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur». Muzeylər mədəniyyətin qorunduğu və bioloji müxtəlifliyin, milliliyin ciddi mühafizə olunduğu ünvanlardır. Muzeylər tarixi keçmişlə gələcək arasında bir körpü, milli-mənəvi dəyərlərin saxlanc mənbəyidir. Bu gün respublikamızda yeni muzeylərin yaradılması işi davam etdirilir. Mövcud muzeylərimiz Azərbaycan xalqının böyük şəxsiyyətləri, maddi mədəniyyət nümunələrini, maddi dəyərlərini toplayır, qoruyur və təbliğ edirlər. Ekspozisiyalar müasir tələblər baxımından təkmilləşdirilir, zənginləşdirilir və kütləvi işin formaları tətbiq olunur. Dünənimiz və bu günümüzlə bağlı dəyərləri gələcək üçün, gələcək nəsillərimiz üçün qoruyub saxlayan muzeylərimiz böyük işlər görür. Azərbaycanımız yeraltı sərvətləri ilə zəngin olduğu kimi yerüstü maddi, mədəni sərvətləri ilə də zəngindir. Bu sərvətləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün muzeylərin üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün zamanlarda yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görüb, dövlət qayğısının məntiqi nəticəsi kimi soxlu qərarlar qəbul etmişdir. Muzeylərlə bağlı imzalanan sərəncamlar bu sahənin inkişafına ciddi əsaslar yaradıb. Həmin uğurlu siyasət bu gün ölkə başçısı tərəfindən davam etdirilir. Respublikamızın demək olar ki, bütün muzeyləri müasir səviyyədə yenidən qurulur, yeni muzeylər yaradılır. Bu sahəyə dövlət tərəfindən xüsusi diqqət var. Ölkəmizdə aparılan bu işlərin nəticəsi kimi Biləsuvar rayonunda da 2007-ci ildə Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib. Rayon İcra Hakimiyyəti muzeyimizin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bir çox tədbirlər həyata keçirir. Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi tərəfindən muzeyimizin maddi-texniki bazası möhkəmləndirilib. Lazım olan inventar və avandanlıqla təmin olunmada heç bir problemimiz yoxdur. Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi 3 geniş ekspozisiya zalından və 13 bölmədən ibarətdir. Muzeyimizin həyətində açıq səma altında muzey yaradılıb. Muzeyimizin həyətində yaşıllıq zolağı yaradılıb, çoxlu ağac və gül kolları əkilib. Muzeyimiz fəaliyyətə başladığı gündən işçilərimizin səyi nəticəsində fonda daxil olan maddi və mənəvi mədəniyyət abidələrinin sayı 2000-i keçib.
- Rayon ərazisində
yerləşən tarixi abidələrlə bağlı nə
deyə bilərsiniz?
- Əvvəla qeyd edim ki, Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Biləsuvarın qədimliyini sübut edən 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi Şəhriyar qalası hələ də öz tədqiqatlarını gözləyir. 1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanın hərbi düşərgəsi Biləsuvarda idi. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, "Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə, Biləsuvarı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranda qalıb. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20-40 km. kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılıb. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilib, 1964-cü ildən isə yenidən müstəqil rayon olub. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılıb. Sabir Nəsiroğlu adlı müəllifin Şərq aləminin tarixini və mədəniyyətini öyrənən "Sehrli diyarın sirri" adlı tarixi monoqrafiyada və "Həməşəradan gələn səslər" kitabında Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Müəllif tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşayıb. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Biləsuvar toponiminin "Belə", "Su", "Var" sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir. Rayon ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinə misal olaraq ilk orta əsrlərə aid Çöl Ağ dam şəhərciyi və İçəri Ağ dam yaşayış yerini, Tunc dövrünə aid 7 ədəd Yedditəpə kurqanlarını, Qoşatəpə kurqanlarını, Dəmir dövrünə aid Torağaytəpə və Ceyrantəpə kurqanı, Canavarçıxantəpə kurqanı və sairi qeyd etmək olar.
- Rayon ictimaiyyətinin
muzeyə münasibəti necədir?
- Rayon ictimaiyyətinin, ziyalıların və məktəblilərin muzeyimizə münasibəti çox yaxşıdır. Onlar müntəzəm şəkildə muzeyimizi ziyarət edirlər. Mən xüsusilə məktəblilərin muzeyimizə tez-tez gəlməsini müsbət dəyərləndirirəm. Onların dünyagörüşünün formalaşmasında muzeyimiz də müəyyən qədər rol oynayır və sevindirici haldır ki, muzeyimiz rayon məktəblilərinin sevimli yerlərindən birinə çevrilib. Muzeyimizin əməkdaşlarından fond müdiri Şahin Ağayev, elmi işçi Fərahim Əzimov, muzey baxıcısı Gülzadə Əmirova, bələdçi Aynurə Muradova muzeyimizin bütün ziyarətçilərinə günün tələblərinə uyğun yüksək səviyyədə xidmət göstərirlər. Muzeyimizin əməkdaşları ziyarətçilərə rayonun tarixini göstərən mədəniyyət abidələri və eksponatlar haqqında dolğun məlumatlar verirlər. Bütün bunlarla yanaşı daim çalışırıq ki, işimizi günün tələbləri səviyyəsində quraq. Maddi-mədəni abidələrimizin qorunması və yurdumuzun qədimiliyini göstərən əşyaların toplanıb muzey fondunun daha da zənginləşdirilməsi işini yorulmadan davam etdiririk.
Anar Miriyev
Palitra.- 2011.- 26 iyul.- S. 7.