Məktəblər və uşaq yaradıcılıq mərkəzləri arasında əlaqələr qənaətbəxş deyil

 

Layihə çərçivəsində növbəti yazı ölkədəki uşaq yaradıcılıq kollektivlərinin fəaliyyətinə həsr edilib.  

 

Ölkədə gələcək nəslin hərtərəfli inkişaf etmiş vətəndaş kimi formalaşması istiqamətində bir sıra addımlar atılır. Bu gün uşaqların təhsil alması üçün çoxsaylı məktəblər tikilir, onların sağlamlığı üçün tibb mərkəzləri, əyləncə mərkəzləri istifadəyə verilir. Uşaq hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. 2009-cu ilin ölkə başçısı tərəfindən “Uşaq ili” elan edilməsi də bunun bariz nümunəsi sayıla bilər. Bununla belə bu gün uşaqlar və yeniyetmələrin mədəni-mənəvi tərbiyəsi sahəsində həlli vacib bir sıra problemlər var.  

 

Məktəblərdə musiqi dərslərinin tədrisi hansı səviyyədədir? 

 

Onlardan biri kimi peşəkar və özfəaliyyət dərnəklərinin sayı və uşaq kollektivlərinin fəaliyyəti ilə bağlı problemləri göstərmək olar. Həmçinin bu problem məktəblərdə incəsənət növlərinin tədrisinin təşkilində özünü göstərir. Onu da qeyd edək ki, bu gün uşaqlar nə telekanallarda “Bənövşə” uşaq xorunun ifasına rast gəlmir, nə də əyləncə mərkəzlərində Azərbaycan uşaq musiqiləri ilə əylənmir. Bu gün əyləncə mərkəzlərinin əksəriyyətində əsasən rus və digər xarici musiqilər səsləndirilir. Mövcud vəziyyət və bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı mütəxəssislər hansı təkilflər isrəli sürürlər?     “ELS” Müstəqil Araşdırmalar Mərkəzi uşaqların mənəvi-əxlaqi tərbiyəsində incəsənətin rolu və mövcud vəziyyətin araşdırılmasına həsr olunmuş “Vətəndaş təşəbbüsləri gələcəyimiz naminə” ictimai layihə həyata keçirir. Layihə çərçivəsində “ELS” Bakı, Zaqatala, Şəki, Şirvan, Lənkəran, Bərdə, Mingəçevir, Xaşmaz, Quba və Gəncədə rəy sorğuları keçirib. Sorğuda 15 yaşdan yuxarı 234 respondent iştirak edib. İlk növbədə qeyd etmək lazımdır ki, incəsənətin rolu, bütün yaş qruplarından olan respondentlər tərəfindən müstəsna rol kimi qiymətləndirilib. Həmçinin uşaqların tərbiyələndirilməsində və formalaşmasında uşaq mahnılarının zəruri olduğunu hamı qeyd edib. Uşaq mahnıları ilə bağlı mövcud vəziyyət barədə rəyi soruşulanların 79%-i çox pis, 16,4% - pis, 4,6%-i isə qaneedici kimi qiymətləndirib. Musiqiyə, incəsənətə həvəs yaradanlara gəldikdə isə rəyi soruşulanların üçdə bir hissəsi məktəbin (28,9%), 15,2%-i - valideynlərin, 48,0%-i televiziyanın adlarını çəkib. 5,8% respondent bunun hər bir kəsin özündən asılı olduğunu, 2,9% isə başqa mənbələrin adlarını qeyd edib. Maraqlısı odur ki, respondentlərin yaşı artdıqca televiziyanın adı daha çox hallanır (18 yaşa qədər - 30,4%, 30 yaşdan yuxarı - 58,4%), valideynlərin adı isə əksinə azalır (18 yaşa qədər - 48,9%, 30 yaşdan yuxarı - 14,4%).   Musiqi dərslərinin keçirilməsinə gəldikdə respondentlərin 64,5%-i dərslərin həmişə keçirildiyini (91,3% - şəhər, 36,5% - kənd), 28,6%-i bəzən digər fənlərlə əvəz olunduğunu (6,3% - şəhər, 53,2% - kənd), 6,9%-i isə dərslərin keçirilmədiyini (2,5% - şəhər, 10,3% - kənd) qeyd ediblər. Verilən cavablardan dərslərin keçirilmədiyini əsasən rayon və kənd məktəblərində görmək olar. Dərslərə münasibət də həmçinin fərqlənir. Burada musiqi dərslərinin maraqlı keçməsini əsasən Bakı məktəblərində qeyd edirlər (65,9%), regionlarda bu rəqəm yalnız 8,1% təşkil edib. “O qədər də maraqlı deyil” cavabını Bakıda 21,5%, regionlarda - 33,4%, ”Maraqsızdır” cavabını isə Bakı - 12,6%, regionlarda - 58,5% veriblər. Buna səbəb kimi məktəblərin musiqi alətləri ilə təminatında olan problemlər, müəllimlərin peşəkar olmaması, dərs proqramının maraqsız tərtib olunması, dərslərin maraqsız keçirilməsi və valideynlərin laqeyd münasibət bəsləmələri göstərilir. Burada region respondentləri musiqi müəllimlərinin əksəriyyətinin peşəkar olmaması, musiqi notlarını belə bilmədiklərini və nəticə etibarilə musiqi dərslərinə ayrılan vaxtı itirilən vaxt kimi qiymətləndirərək digər fənlərlə əvəz olunmasına bəraət qazandırırlar, halbuki musiqiyə yiyələnməyi çox vacib hesab edirlər. Qeyd edək ki, mövcud qaydalara görə ölkənin ixtisaslaşmış musiqi təhsil ocaqlarının (Baki Musiqi Akademiyası, Bakı Musiqi Kolleci) məzunları pedaqoji savad almadıqlarından məktəblərdə tədris edə bilməzlər. Nəticədə rayon və kənd yerlərində bu fənnin tədrisi yalnız digər fənn müəllimlərinin dərs saatı alması və məktəblilərə qənaətbəxş səviyyədə dərslərin keçirilməməsinə rast gəlinir.Sorğu zamanı uşaq mahnıları ilə əlaqədar bugünkü vəziyyəti qiymətləndirən respondentlərin 82,5%-i - çox pis, 14,3%-i -kafi, 2,8%-i -yaxşı, 0,4%-i -çox yaxşı cavablarını veriblər. Cavablarını izah edən respondentlər uşaq mahnılarının çox az olduğunu, olan mahnıların səsləndirilməməsini, uşaqlar üçün mahnıların yazılmasının gəlirli olmaması səbəbindən bəstəkarların bu sahəyə həvəslərinin olmaması, köhnə mahnıların haqsız olaraq unudulması, köhnə mahnıların yeni aranjmanının olmaması və s. qeyd ediblər. Vəziyyətin düzəlməsində isə əsas amil kimi dövlətin bu sahəyə diqqətinin gücləndirilməsi və yeni formalardan istifadə edilməsi təklif olunub. 

 

Valideynlər uşaq yaradıcılıq mərkəzlərindən xəbərsizdir 

 

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirdi ki, mərkəzin keçirdiyi növbəti sorğu Bakı şəhəri məktəblərinin ibtidai sinif şagirdlərinin valideynləri arasında keçirilib: “Valideynlərin yalnız 2,0%-i övladlarının dərnəklərə getdiklərini deyib. “Xeyr” cavabını verən valideynlərin hamısı bunu arzuladıqlarını bildirib. Onların 6,4%-i uşağı aparıb-gətirməyə vaxtlarının və ya imkanlarının olmadığını, 76,8%-i  uşaqların ev tapşırıqlarının hazırlanması üçün çox vaxt tələb edilməsi nəticəsində asudə vaxtının qıtlığını, 14,8%-i isə sadəcə olaraq mövcud imkanlar, yəni dərnəklər barədə məlumatsız olduqlarını deyiblər. Lakin rəsmi məlumatlara əsasən hazırda Təhsil Nazirliyi nəzdində 83 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6691 qrupda 89628 uşaq məşğul olur, 2827 pedaqoji işçi çalışır. Müxtəlif səpkili dərnəklərdə uşaqlar rəqs, mahnı, dram, qiraət, tikiş, modelçilik və s. sahələrdə bacarıqlar əldə edirlər. Bakı şəhərində aparılan araşdırmalar hər bir şəhər rayonunda Uşaq Yaradıcılıq Mərkəzlərinin həqiqətən fəaliyyət göstərməsini aşkar edib. Ancaq bu kollektivlərin mövcudluğu və fəaliyyətləri barədə məlumatlandırma, hətta müasir axtarış üsullarından ən önəmlisi olan internetdə də yox səviyyəsindədir. Yeganə öz saytına malik olan “Günay” Uşaq Teatrı və “Facebook”da iki kollektiv: “Şərq Çırağı” uşaq yaradıcılıq mərkəzi və “Təbəssüm” uşaq studiyasının yerləşdirdiyi məlumatı tapılıb. Halbuki, bu gün uzun illər fəaliyyət göstərən və ölkəmizi xaricdə müvəffəqiyyətlə təmsil edən bir çox uşaq kollektivləri var. Uşaq yaradıcılıq mərkəzlərinə dair məlumat ilk növbədə müvafiq rəsmi qurumların saytlarında yerləşdirilməlidir. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin saytının “Mədəniyyət obyektləri” bölümündə tabeçiliyində olan dörd kollektivin yalnız adlarını və telefon nömrələrini görmək olar. Onların fəaliyyəti və nailiyyətləri ilə bağlı heç bir məlumat yoxdur. Təhsil Nazirliyi tabeçiliyində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin çox sayda olduqlarına baxmayaraq nazirliyin saytında “Məktəbdənkənar təlim və tərbiyə” bölümündə yalnız ümumi xarakterli məlumatlar yerləşdirilib. Halbuki, heç olmasa uşaq yaradıcılıq mərkəzlərinin siyahısı, onların ünvanları, əlaqə telefon nömrələri, orada fəaliyyət göstərən dərnəklərin adları kimi məlumatların yerləşdirilməsi məqsədəuyğun olardı”.  Digər tərəfdən məktəblər və uşaq yaradıcılıq mərkəzləri arasında əlaqələrin qənaətbəxş tərzdə qurulmaması da mövcuddur. Nəticədə isə valideynlər uşaqlar üçün yaradılmış imkanlar barədə xəbərsizdirlər, sorğu zamanı valideynlərin 85,3%-i  mərkəzlər barədə bilmədiklərini qeyd ediblər. Məlumatlandırmanın aşağı səviyyədə olması həmçinin uşaq kollektivlərinin arasında olan əlaqələrə də təsirini göstərir, onlar biri-birinin fəaliyyətindən bəzən ümumiyyətlə xəbərsiz olurlar.  

 

Uşaqlar üçün musiqi diskləri hazırlanmalıdır 

 

Bəstəkar Oqtay Rəcəbov bu sahədə mövcud problemlərin olduğunu deyir. Bu yaxınlarda Türkiyədə 124 min tirajla musiqi dərsliyinin çap olunduğunu deyən bəstəkar bildirdi ki, bu gün ölkədə dərsliklər, müəllimlər üçün metodik vəsaitlər, uşaqlar üçün iç dəftərləri çap olunsa da ibtidai siniflərdə ixtisaslı müəllimlər olmadığından və ibtidai sinif müəllimləri ali məktəblərdə düzgün hazırlanmadığından o dərslər orta məktəblərdə keçilmir: “Üç ildir ki, yeni musiqi kurikulumu yaradılıb, amma o dəsrlər tədris olunmur. Səbəbə gəldikdə isə musiqi dərslərində digər fənlərdən fərqli olaraq musiqi səslənməlidir, mahnılar oxunmalıdır. Hər məktəbdə musiqi kabinetləri yoxdur. Sovet dövründə məktəblərin əksəriyyətində musiqi kabinetləri var idi, lakin sonradan bəzi məktəb rəhbərləri dərsə düzgün olmayan münasibətinə görə, həmin kabinetlər ləğv olundu. Müəllim bəzi vəsaitlərdən istifadə edib yuxarı sinifdə dərsi keçir, amma ibtidai siniflərdə bu dərs tədris olunmur. İlk növbədə musiqi diskləri hazırlanmalıdır”. Bəstəkar onu da bildirdi ki, uşaq mahnıları professional uşaq xor kollektivləri tərəfindən oxunmalıdır, onlara uşaqlar qulaq asmalıdırlar ki, müəllimin köməyilə həmin mahnıları öyrənsinlər: “Keyfiyyətsiz müğənnilərin diskləri milyon tirajla buraxılır. Amma bizim 5 min məktəb var və onlara hər sinif üçün disklər lazımdır ki, burada uşaq mahnıları öz əksini tapmalıdır. Qəribə bir paradoks yaranıb ki, uşaqlar üçün vəsait tapa bilmirik. Bizim iş adamları, imkanlı adamlar ayrı-ayrı müğənnilərə bahalı avtomobillər, villalar hədiyyə edə bilirlər, amma uşaqlar üçün vacib olan uşaq mahnılarının diskinə vəsait sərf etmirlər. Uşaqlara kiçik yaşlarından gözəl mahnıları dinləməyi, oxumağı öyrətmək lazımdır. Ona görə ki, onların zövqlərini oxşamaq, inkişaf etdirmək lazımdır. Artıq üç ildir ki, xüsusilə ibtidai sinif səviyyəsində musiqi dərsləri tədris olunmur və başqa dərslərlə əvəz olunur. Bu gün telekanallarda ucuz şoulardan ibarət konsertlər təqdim edilir. Buna son qoyulmalıdır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, yüksək zövqə malik olması üçün tədbirlər həyata keçirilməlidir, yəni, məktəblər üçün disklərə musiqilər yazılmalıdır”. Qeyd edək ki, uşaqların mədəni-mənəvi tərbiyələndirilməsinə dövlət qayğısının gücləndirilməsi və bu sahədə mövcud problemlərin həlli ilə bağlı “ELS”lə birgə bir qrup ziyalılar ölkə başçısına təkliflərlə müraciət edib.

 

 

 

Nigar

Palitra.- 2011.- 26 iyul.- S.11.