“Aşağı siniflərdə riyaziyyat
çox zəif tədris olunur”
Ölkədə
təhsilin inkişafı, mövcud problemlər, onların həlli
yolları ilə bağlı təhsil işçilərinin
irəli sürdüyü müxtəlif fikir və təkliflər
bu sahənin daha da inkişafına təkan verir. Müsahibimiz
X.Quliyev adına 62 saylı orta məktəb-liseyin riyaziyyat
müəllimi, fəlsəfə doktoru Anar Hüseynovdur:
-Təhsildə formaca gözlə görünən işlər çoxdur. Yəni, tədris binalarının tikilməsi, maddi-texniki bazanın artırılmasını göstərmək olar. Hətta siniflərdə elektron tədris-təlim üçün çox böyük çeşiddə maddi-texniki baza yaradılıb. Məzmuna gəldikdə isə son illərdə təhsilin inkişafında milli kurikulumun qəbul edilməsini gəstərmək olar. Ümumiyyətlə, müxtəlif səviyyələrdə təhsilin inkişafı üçün çox iş görülüb. Burada olimpiadaların mahiyyətcə dəyişdirilməsi, yəni, üstünlüyə marağın artmasını göstərmək olar ki, bu gün şagirdlər olimpiadalara başqa bir həvəslə yanaşırlar. Bundan başqa bəzi tədris ocaqlarında tətbiq olunan elektron-interaktiv lövhələr var. Bu da dərsin keyfiyyətinə çox böyük təsir edir. Məsələn, riyaziyyat müəllimi lövhədə artıq vaxt itirmir. Birbaşa kompyuterdən lövhəyə verilir və barmağını toxundurmaqla istənilən riyazi prosesi səmərəli bir vaxt ərzində şagirdlərə təqdim edir. Bu gün maddi-texniki bazanın inkişafı məzmunca inkişafdan çox üstündür. Burada müəllimlərin peşəkarlığı da mühüm önəm daşıyır. Hələ ki, bu, istənilən səviyyədə deyil. Bunu bütün ölkəyə aid etmək olmaz, amma müəllimlər öz üzərlərində az işləyirlər. Yəni bəzi müəllimlər öz üzərində işləmədikləri üçün zamanın tələblərilə, dünya təhsilinin inkişafının qoyduğu standartlara çata bilmirlər.
-Riyaziyyat fənni
üzrə tədris səviyyəsi sizi qane edirmi?
- Bu gün ölkədə riyaziyyat fənni ilə bağlı dərsliklər çox yüksək səviyyədədir. Müəyyən xətalar olsa da bugünkü şagirdlərin başa düşdüyü, onların təfəkkürünün inkişafına uyğun olan dərsliklərdir. Ancaq hələ ki, maddi-texniki baza bəzi məktəblərdə çatışmır. Məsələn, proyektorların hər sinifdə olması, xüsusilə riyaziyyat müəllimi üçün çox vacibdir. Proqramlar lisey siniflərində çox gücləndirilmiş şəkildədir. Bu da fənnin inkişafından xəbər verir. Mənim fikrimcə, riyaziyyat fənninin tədrisində irəliləyişlər çoxdur. Riyaziyyat fənni daha çox işləməyi tələb edən bir fənndir. Bu fənnin tədrisində bir məsələdən müxtəlif məsələnin ortaya çıxması problemi var. Burada müəllimin hazır olması vacibdir. Bu elə bir ixtisasdır ki, daim öz üzərində işləməklə şagirdləri də akkumlyasiya edir, fənnə maraqlarını artırırlar.
- Bəzən belə
bir fikir səslənir ki, əvvəlki dövrlərdə
çalışan müəllimlər riyaziyyat fənnini daha yaxşı bilirdilər. Sizin buna
münasibətiniz necədir?
- Bu yanaşmanı mən çox eşitmişəm. Belə bir fikir mövcuddur ki, sovet dövründə riyaziyyat fənni üzrə proqram daha məzmunlu və daha sanballı idi. Ancaq mən belə düşünmürəm. Sovet dövrünün dərslikləri məndə var. Müqayisə aparanda indiki dərsliklərin daha zəngin olduğunu görmək olar. Hazırkı dərsliklər daha səviyyəlidir, daha düşündürücüdür və şagirdlərin təfəkkürünə müsbət təsir göstərən məsələlərlə əhatə olunub. Ona görə də indiki müəllimlərin üzərinə düşən vəzifələr sovet dövrünün müəllimləri ilə müqayisədə daha ağırdır. Bu baxımdan müqayisə aparanda hazırkı müəllimlər əvvəlki dövrün müəllimlərindən fərqli olaraq proqramın öhdəsindən çətinliklə gəlirlər.
- Bu gün məktəblərdə
riyaziyyat fənni üzrə də qadın müəllimələrin
sayının çoxluq təşkil etməsini necə qiymətləndrirsiniz?
-Hesab edirəm ki, riyaziyyat müəllimi olmaq kişi müəllimlər üçün də şərəfli vəzifə olmalıdır. Çox təəssüf edirəm ki, bu sahədə qadın müəllimlərin sayı üstünlük təşkil edir. Mənim fikrimcə, riyazi düşünmə qabiliyyəti olan şagirdləri əsasən kişi müəllimlər yetişdirməlidir. Bunun bioloji və texniki izahı da var. Kişilərdə texniki yönümlü, təfəkkürün riyazi dəqiqiliyin sistemli forması daha çox inkişaf edib, nəinki qadınlarda. Kişilər müəyyən bir riyazi problemi qadınlarla müqayisədə daha tez həll edirlər. Ona görə də riyaziyyat müəllimlərinin kişi olması məncə, şagirdlərin təfəkkürünə daha çox müsbət təsir göstərər. Mən bu peşəni çox sevirəm. Vaxtilə mən riyaziyyat müəllimi olmaq barədə düşünmürdüm. Amma universiteti bitirəndə mən məktəbdə işləməli oldum və elmlər namizədi elmi dərəcəsini almaqla yanaşı, bu ixtisası da seçdim. O vaxtdan elmi işi davam etdirməklə yanaşı məktəbdə müəllim kimi çalışıram və buna peşman deyiləm.
- Bu gün ali məktəblərə
qəbul zamanı bütün qruplarda riyaziyyat fənnindən imtahanın tətbiqinə necə
baxırsız?
-Ümumiyyətlə, ali məktəblərə qəbulla bağlı beynəlxalq təcrübəyə baxdıqda görmək olar ki, intellektual əmsalı ölçən məntiqi məsələlərə, İQ prinsipinə daha çox önəm verilir. Aydındır ki, bu məsələlər də riyaziyyat hesabına həll oluna bilər. Dünyanın istənilən ali məktəbində İQ əmsalını yoxlayırlar. Hətta Musiqi Akademiyasına qəbul zamanı da abituriyentin İQ əmsalı yoxlanılır. Ona görə də riyaziyyat fənninin bütün qəbul imtahanlarına daxil edilməsi çox yaxşı oldu. Məncə, riyazi təfəkkür olmadan insan istənilən peşədə çətinliklə üzləşəcək. Qədimdə elmlər bu qədər şaxələnməyib və bütün elmlər birlikdə fəlsəfə adlansa da sonradan elmin inkişafı ilə bağlı parçalanıb. İnsan biliyi o qədər zənginləşib ki, məcbur olublar fəlsəfəni müxtəlif sahələrə bölməyə. Bütün bunların, fəlsəfənin əsasında riyaziyyat dayanırdı. Antik filosofların əsərlərində riyazi fikirlər görürük. Məsələn, Pifaqor həm filosof, həm riyaziyyatçı olub, yaxud Azərbaycanın dahi mütəfəkkiri olan N. Tusi həm filosof, həm də riyaziyyatçı, hətta astronom olub. Ümumiyyətlə, fənlərin bir-birindən izolə edilməsi düzgün deyil. Yəni, onların ayrılmış şəkildə öyrənilməsi yeni biliklərin ortaya çıxarılmasında əngəllər yarada bilər. XIX əsirdə fənlərin kobud şəkildə bir-birindən ayrılması prosesi başlamışdı və indi XXI əsrdə inteqrasiya ilə gündəmə gəlib. Bu gün riyazi fizika, bioloji fizika, astrobiologiya, hətta bu cür sintezlər var. Hətta Avropada kafedralar var ki, humanitar fənlərlə texniki fənləri əlaqələndirə bilirlər. Məsələn, Şekspirin əsərlərində müəyyən riyazi amillər tapırlar, yəni, belə cərəyanlar var. Fənlərin sərt ayrılması məncə düzgün deyil. Bu, bir tərəfdən həmin istiqamətdə fənlərin daha dərindən öyrənilməsinə imkan yaratsa da digər tərəfdən bir-birindən ayrı şəkildə həqiqətlərin meydana çıxarılması çətinliyi yaradır. Humanitar ixtisaslardan biri də hüquqdur ki, burada istifadə olunan məntiqin bir ucu yenə riyazi təfəkkürə gedib çıxır. Məntiq sahəsində bacarıqları az olan vəkil sabah böyük problemlə üzləşəcək. Məntiq də daha çox riyaziyyat tərəfindən gücləndirilir.
-Bu gün gənclərin
riyazi bilikləri sizi qane edirmi?
-İbtidai siniflərdə şagirdlərə verilən riyazi təfəkkür zəif şəkildədir. Ona görə də yuxarı siniflərdə istər-istəməz problemlər yaranır. Biz V sinifdə uşaqları qəbul etdikdə onların məntiqi düşüncəsinin zəifliyini görürük. Halbuki bu belə olmamalıdır və 4 il ərzində ibtidai sinif müəllimi ilk növbədə uşağın sərbəst fikirləşmə bacarığını, riyazi münasibət bildirmə, məntiqi düşünmə bacarığını yetişdirməlidir. Bundan sonra biz onları riyazi materiallarla yükləyə bilərik. Problem ondadır ki, aşağı siniflərdə riyaziyyat çox zəif tədris olunur və yuxarı siniflərdə öz mənfi təsirini göstərir. Riyaziyyat elə fundamental elmdir ki, hansısa bir halqa zəif olanda bütün zəncir qırıla bilər.
- Bu gün
geniş yayılan repetitorluğa münasibətiniz necədir?
- Burada bir neçə səbəb var. Bunlardan biri məktəbdə çalışan müəllimlərin maddi marağı ilə bağlıdır. Çox az müəllim var ki, bütün problemlərə baxmayaraq, cəmiyyətin bugünkü tələbləri ilə getməyərək həqiqətən öz peşəsinə can yandırır və öz peşəsini sevir, lazımi səviyyədə dərsini keçir. Ancaq bu müəyyən bir qism müəllimlərə aiddir. Digər müəllimlər deyir ki, məktəbdə maaş azdır, evdə də gərək işləyim. Buna görə də repetitorluğa görə bütün enerjisini dərsə sərf etməyəcək. Bütün bunlar problem yaradır. Repetitorluq eramızdan əvvəl də mövcud olub. İlk dəfə Yunanıstanda, Çində olub və bu gün bütün dünyada var. Bu, insanın öz əməyini bazaq iqtisadiyyatına uyğun realizə etməsidir. Burada qanun pozuntusu da yoxdur. Sadəcə, repetitorluq edən müəllim düşünməlidir ki, məktəbdə həmin səviyyədə uşaqlara dərs keçirmi? Mən dərs dediyim sinifdən heç kəs repetitor olaraq yanıma gəlmir. O uşaqlar yetərincə, lazım olan standartlara, bacarıqlara, vərdişlərə yiyələnirlər, ona görə də ehtiyac qalmır. Mən özüm də uşaqlara demişəm ki, sizdən heç kəs mənim yanıma əlavə hazırlığa gəlməsin.Çünki lazım olan dərsləri mən sizə verirəm. Valideynlərin təfəkküründə də problemlər var. Düşünürlər ki, 9-10 il uşağı məktəbdə birtəhər vaxt keçirər, sonra da aparıb müəllim yanına qoyaram. Burada mən valideynlərdə də günah görürəm. Məktəbdə müəllim vicdanla dərs keçirsə, valideyn də evdə nəzarət edirsə o uşağa repetitor lazım deyil. Bu ümumi bir axındır və valideynlər də buna məcburən qoşulurlar. Bu repetitorluq axınının qarşısını almağın bir yolu odur ki, məktəbdə müəllimlərin maddi vəziyyəti yaxşılaşdırılmalıdır. O düzəldikdən sonra məncə, repetitorluğa müəllimdə maraq da olmayacaq, tam məsuliyyətlə məktəbdə işləyəcək. Şagirdlərə vaxt itkisi, yorulmaq baxımından valideynlərə də maddi xeyri olacaq. Repetitor yanında olan uşaqlar var ki, 100 faiz demək olmaz ki, proqrama yiyələnirlər. Hətta elə uşaqlar var ki, minimal bal üçün oxuyurlar. Yəni 350 bala uyğun oxuyurlar. Elə uşaqlar var ki, heç repetitor yanına getmədən də ali məktəbə daxil olur və mən onları alqışlayıram.
Nigar
Palitra.- 2011.- 26 iyul.- S. 12.