“Bizim məktəbdə nailiyyətimizi görən digər müəllimlər də çox həvəsləniblər”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2010-2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Bu sərəncama görə, qalib seçilən 50 ümumtəhsil müəssisəsi 10000 manat birdəfəlik pul mükafatı, 100 müəllim isə 5000 manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar. Bu cür nominasiyaların keçirilməsi təhsil işçiləri tərəfindən yüksək qiymətləndirilir.  

Ümumiyyətlə, ölkədə neçə ildir təhsilin maddi-texniki bazasının yenilənməsi, məktəblərin ən yeni avadanlıqlarla təchiz olunması, İKT ilə yüksək təminat və sair material təchizat məsələləri diqqət çəkməkdədir. Bunun davamı olaraq ölkə təhslinin dünya standartları səviyyəsinə yüksəldilməsi və təhsil işçilərinin daha ləyaqətli həyat şəraitinin, sosial təminatının təmin edilməsi gözlənilən idi. Son zamanlarda təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması ilə bağlı keçirilən müsabiqələr, digər tədbirlərlə bərabər onlara dövlət qulluqçularına yaxın statusun veriləcəyi ilə bağlı müzakirələr də dövlət səviyyəsində təhsilə diqqətin artdığını bariz göstərir. Bu qayğını isə təhsil işçiləri hiss etməyə və qiymətləndirməyə bilməz.

Qeyd edək ki, “Ən yaxşı müəllim” nominasiyasındakı qaliblər arasında Bakıdakı 20 saylı orta məktəbin iki müəllimi - tarix müəlliməsi Gülarə Əfəndiyeva və fizika müəlliməsi Elnarə Zeynalova da var.

Mövzu ilə bağlı öncə bizə 20 saylı orta məktəbin direktoru Sabir Məmişov fikirlərini bildirdi: “Məlum olduğu kimi, bizdə tarix müəllimi Əfəndiyeva Gülarə Oqtay qızı və fizika müəllimi Zeynalova Elnarə Əliağa qızı “Ən yaxşı müəllim” şərəfli adına layiq görülüblər. Bu, mənim üçün çox sevindirici haldır. Həmin müəllimlər eyni zamanda məktəbimizin simasıdır. Onlar həmin şərəfli adı daha yüksəklərə ucaldırlar. Bacarıqlı müəllimlərin əməyinə dövlət tərəfindən yüksək qiymət verilir. Mənim üçün bu ad daha əzizdir. Çünki məktəbimizdə “Ən yaxşı müəllim” adına ilk dəfə mən layiq görülmüşəm. Mənim üçün bu baxımdan da çox sevindiricidir ki, bu barədə bizim məktəbin gözəl ənənələri və nailiyyətləri davam edir. Onların hər birini təbrik edirəm. İnanıram ki, bu, bizim digər müəllimlərimiz üçün böyük stimuldur. Çünki onlar böyük həvəslə müəllimlik, pedaqoqluq işini davam etdirəcəklər. Eyni zamanda həmin şərəfli adı qazanıb sinfə daxil olmağın başqa bir üstünlüyü var. Sənə müəllimlər elə gözlə baxır ki, sən həm fəxr duyursan, həm də cavabdehlik hiss edirsən ki, doğrudan da sonralar da həmin ada layiq olduğunu doğruldasan”.

 Sabir müəllim direktoru olduğu məktəbin öncüllüyü barədə də danışdı: “Məktəbimiz 2010-2011-ci tədris ilində göstərdiyi yüksək nailiyyətlərə görə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən “İlin məktəbi” elan edildi. Bununla bağlı bizə mükafat təqdim olundu. Bizdə rus sektoru da fəaliyyət göstərir. Səfirlik daim bizimlə sıx əlaqə saxlayır. Rus sektorunun dərslərində də onların nümayəndələri iştirak edirlər. Onların bizim dərslərimizi qiymətləndirməsinin nəticəsi idi ki, biz onlar tərəfindən keçirilən “İlin məktəbi” müsabiqəsinin qalibi adına layiq görüldük. Məktəbimizin 12 şagirdi Prezident təqaüdünə layiq görülüb. Məktəbimizdə üç Əməkdar müəllim işləyir. İki “Tərəqqi” medalı, dörd “Təhsil əlaçısı” döş nişanına malik olan müəllimimiz var. Keçən il ali məktəblərə qəbul göstəricilərimiz çox yüksək olub. Bu il də inanırıq ki, bu göstərici yüksək olacaq. Qızıl medal alan bir şagirdimiz var. Bununla bərabər Bakı şəhəri məktəbləri arasında ingilis dilində keçirilən müsabiqədə məktəbimiz birinci oldu. Şagirdlərimiz həmişə olimpiadalarda yüksək nəticələr göstərir. Dörd şagirdimiz on-line proqramı ilə burada imtahan verdi və birbaşa Rusiya ali məktəblərinə daxil olmaq hüququ qazandılar. Onlara imkan verildi ki, Rusiya ali məktblərinə daxil olarkən, bu ölkənin vətəndaşlarının malik olduğu təhsil hüquqlarından tam şəkildə yararlansınlar. Şagirdlərimizdən iki nəfəri hazırda Rusiyadakı Xalqlar Dostluğu Universitetinə qəbul olunublar. Builki məzunlarımızdan 6 nəfəri də oxşar nəticə göstəriblər. Bundan başqa məktəbimizin yanındakı keçidin açılışında cənab Prezident İlham Əliyev məktəbin kollektivi ilə görüşdü. Bir anlığa biz məktəbimizdə görülən işlər haqqında ona hesabat verdik, Prezident bizə tövsiyələrini verdi. Bu görüş bizi bir daha yaxşı işləməyə, gələcəkdə Azərbaycan xalqını irəli aparan övladların təlim-tərbiyəsində düzgün işimizi qurmağa bələdçi oldu. Məktəbimiz elektron məktəblər layihəsinə daxildir. Həmin layihənin əsasında müəllimlərimiz tək sinif jurnalı deyil, birbaşa elektron jurnala qiymət yazırlar. Senytabrın əvvəlindən valideynlərin imkanı olacaq ki, internet vasitəsilə uşaqlarının kodunu yığaraq öz övladının təhsil prosesini yaxşı izləsinlər. Eyni zamanda müəllimlə valideyn internet vasitəsilə əlaqə saxlaya biləcək. Bizim məktəbdə internetə birbaşa çıxışla bağlı gözəl şərait yaradılıb. 75 otağımız internetlə tam təmin olunub. On iki elektron yazı taxtamız  da var. 175 şagirdimizə netbuk veriləcək. Onlar netbukları evlərinə aparıb gətirə biləcəklər.

Aparılan ümumi islahatlara görə məktəbimizin əldə etdiyi üstünlüklər çox yaxşı göstəricilərə əsaslanır. Bünövrə ibtidaidən yaxşı qoyulmalıdır. Biz kurrikulum proqramlarına düzgün əməl etməklə çalışırıq ki, ibtidaidən təhsilin bünövrəsi çox yaxşı qoyulsun və şagirdlərimiz öncül olsunlar”.“Ən yaxşı müəllim” nominasiyasının qalibi Gülarə Əfəndiyeva bizimlə sevincini bölüşdü: “33 ildir ki, məktəbdə işləyirəm, bu il 50 yaşım tamam olur. İnanın ki, bu ada layiq görüldüyüm və mükafatın mənə təqdim olunduğu gün mənim ad günüm idi. Bu, çox fərəhlidir. “Ən yaxşı müəllim” adına layiq görülməyim, mükafat və şərəfli ad çox yaxşıdır, amma bundan öncə sən özün əsl müəllim olmalısan. Bu, mənim müəllim uğurum və işimin uğurudur. İndiki zamanda müəllim olmaq çox məsuliyyətli bir vəzifədir. Hazırda mətbuatda, Milli Məclisdə müzakirələr gedir ki, müəllimlərə dövlət qulluqçularına yaxın bir status verilsin. Bununla bağlı artıq qərar var və bu, bizi həddindən artıq sevindirir. Çünki doğrudan da əsl müəllimlər bu ada, bu etimada və statusa tamamilə layiqdirlər. Birincisi, yeni nəsil bizim əlimizdən keçərək formalaşır. Onların şəxsiyyətinin, biliklərininin, ümumi bazasının formalaşmasında biz müəllimlər əsas rol oynayırıq. Xüsusilə də tarix müəllimlərinin üzərinə bu gün mütəxəssis yetişdirməklə bərabər, əsl vətənpərvər, vətəndaş yetişdirmək kimi məsuliyyətli bir vəzifə düşür. Xüsusən də Ermənistanla hazırda informasiya müharbəsi aparırıq, onlar bizim torpaqlarımızı işğal ediblər, indi də bizə qarşı ideoloji müharibə aparırlar. Doğrudan da əgər mən müəllim kimi öz vətəndaşlıq borcumu öz peşəmlə qoruya bilirəmsə, bu, böyük bir uğurdur və elə dövlətə qulluqdur. “Ən yaxşı müəllim” adını almaq isə doğrudan da çox çətin və mərhələ-mərhələ başa gələn bir nailiyyət oldu. Birincisi, bütün görülən işə və sənədlərə qiymət verilir. Bundan sonra açıq dərsdə iştirak edirsən, burada öz peşəkarlığını nümayiş etdirməlisən. Burada başqa şagirdlərə dərs keçirsən, başqaları səni müşahidə edir. Üçüncü mərhələ isə Təhsil Nazirliyinin rəhbər işçilərinin qabağında təqdimatdır. Onların yanında da bacarıqlarını və müəllimlik keyfiyyətlərini nümayiş etdirməlisən. Özünü olduğu kimi təqdim etməyi bacarmalısan.Ümumiyyətlə isə bizə hazırda təhsildə yaradılan imkanlara görə çox sevinirik. Yaradılan maddi-texniki baza, İKT şəraiti mükəmməl tədris aparmaq üçün bizə hər cür imkanları verir. Bu baxımdan müəllim olaraq doğrudan da öz üzərində səylə çalışmaq və öncül müəllim olmaq mümkündür. Bu isə eyni zamanda təhsilin səviyyəsinin yüksəlməsi, keyfiyyətli tədris, savadlı şagird və bilikli mütəxəssis deməkdir”.

Digər “Ən yaxşı müəllim” nominasiyasının qalibi olan Elnarə Zeynalova bunları dedi: “Bu ada layiq görülməyimlə bağlı hazırlığım və seçilmə prosesi çox şəffaf və gərgin keçdi. Mən “Tərəqqi” liseyində açıq dərsdə iştirak etdim. Burada bütün təchizat çox yüksək səviyyədə idi. İKT, interaktiv elektron lövhə çox yüksək səviyyədə idi. Mənim mövzum maddənin aqreqat halı ilə bağlı idi, eyni zamanda bu mövzunu sosial həyat və vətənpərvərliklə də əlaqələndirməyi bacardım. Bununla da istədiyim səviyyəyə həmin dərslə nail oldum. Təhsil Nazirliyindəki təqdimatda da təhsil və pedaqoqluqla əlaqəli nə vardısa, hamısını istənilən səviyyədə təqdim edə bildim, bu isə ümumi təqdimatımı çox tamamlamış oldu.

Dövlətimizin təhsilə göstərdiyi qayğı, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, müəllimlərin fəaliyyətinin stimullaşdırılması üçün effektli və ümumölkə səviyyəli müsabiqələr həyata keçirilməsi çox təqdirəlayiqdir. Müəllimlər belə bir qayğıya görə minnətdarlığını bildirirlər. Çünki bu, ümumi təhsilin inkişafına, səviyyəsinin yüksəldilməsinə, problemlərin aradan qaldırılmasına hesablanıb. Müəllimlərə daha yaxşı şərait yaradılması üçün həyata keçirilən tədbirlər artıq müsbət təsirini göstərməkdədir. Müəllim adı ümumiyyətlə, bizdə həmişə çox uca tutulub. Dövlətimiz sağ olsun ki, bu adın yenə də uca tutulması üçün lazım olan bütün tədbirləri həyata keçirir. Biz müəllimlərin belə qiymətləndirilməsi də bu qəbildəndir. Bütün bu nominasiyalar və onların qalibləri bütün Azərbaycan müəllimlərinin fəaliyyəti üçün ən yaxşı stimullardan biridir. Bizim məktəbdə nailiyyətimizi görən digər müəllimlər də çox həvəsləniblər, onlar da gələcəkdə müsabiqəyə  qoşulmaq üçün ciddi hazırlıq aparırlar, fəaliyyətlərindəki effektivlik, tələbkarlıq daha da artıb. Bu isə şagirdlərin daha yaxşı təhsil almasına, yüksək nəticələr əldə edilməsinə də aparıb çıxarır. Müəllim kimi işləməyə həvəs çox artıb. Eləcə də son dövrlərdə təhsilin ümumi səviyyəsinin yüksəldilmıəsi üçün həyata keçirilən digər tədbirlər, müəllimlərin statusunun, sosial təminatının daha yüksək olması üçün onlara dövlət qulluqçuları səviyyəsində statusun veriləcəyi də çox sevindirici haldır”.

Elnarə müəllimə deyir ki, bu kimi tədbirlərlə müəllim cəmiyyətdə özünün əsl layiqli mövqeyini və şərəfli yerini almış olur.

 İlkin AĞAYEV 

Palitra.- 2011.- 1 iyul.-  S. 5.