Maud Bekh: “Mən həyat yoldaşımla Azərbaycanda tanış olmuşam və burada ailə qurmuşuq”

 

Son zamanlar ölkəmizə səfər edən xarici vətəndaşların sayı getdikcə artır. Belə ki, həm turist, həm müxtəlif tədbirlərin iştirakçısı olaraq ölkəmizə gələn xarici vətəndaşlarla yanaşı eyni zamanda burada çalışan çoxlu sayda xarici ölkə nümayəndəsi də var. Onu da qeyd edək ki, ötən il xaricilər Azərbaycanda 833 mənzil və 183 fərdi ev alıblar. Həmçinin ötən il xarici vətəndaşlar ölkə üzrə 55 torpaq sahəsinin sahibinə çevriliblər.  

Qeyri-yaşayış sahələrindən isə 27-si xaricilər tərəfindən alınıb. Bundan başqa xarici ölkə təmsilçiləri 2010-cu ildə Azərbaycanda 5 bağ evi, 5 qeyri-yaşayış binası və 2 əmlak kompleksi kimi müəssisələr alıblar. Beləliklə, bu gün xaricilər həm dincəlmək, həm səyahət etmək, həm də yaşamaq üçün ölkəmizi seçir. Müsahibimiz Hyuston-Bakı Qardaş Şəhərlər Assosiasiyasının nümayəndəsi Maud Bekh də bir neçə il öncə Azərbaycanda çalışmasına baxmayaraq imkan tapan kimi ölkəmizə səfər edir:

- Amerikalı olaraq Hyuston-Bakı Qardaş Şəhərlər Assosiasiyasında çalışmanıza səbəb olan amillər hansılardır? 

- Mən 1995-ci ildən 1999-cu ilə qədər Bakıda yaşamışam. Burada fəaliyyət göstərən neft şirkətlərindən birində çalışmışam. Həmin ərəfədə Bakıda neft müqavilələri ilə bağlı müxtəlif xalqların nümayəndələri fəaliyyət göstərirdilər. Burada müxtəlif ölkələrin nümayəndələri olduğuna görə sanki müxtəlif mədəniyyətlər bir yerə toplaşmışdı. Onların hərəsi özünə uyğun şəkildə Azərbaycanı qəbul edirdi. Mən artıq Bakıda çalışmıram. Ancaq Amerikada fəaliyyət göstərən Hyuston-Bakı Qardaş Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova ilə tanış olduqdan sonra mən də fəaliyyətimi orada davam etdirirəm. Bu assosiasiyanın strukturu çox xoşuma gəlir. Belə ki, burada iki ölkənin mədəniyyətinin qovuşması öz əksini tapıb. Bu cəmiyyətin rəhbərinin azərbaycanlı olması da mühüm əhəmiyyət kəsb edir. Yəni ikimizin də müxtəlif millətdən olması bir-birimizdən nə isə öyrənməyə imkan yaradır. Bundan başqa Amerikada da iki müxtəlif xalqdan olan qadının Azərbaycanı təmsil etməsi maraqla qarşılanır və çox adamın diqqətini cəlb edir. Həm tədbirlərdə, həm şəhərin meriyasında bizi yüksək səviyyədə təqdim edirlər. Biz çalışırıq amerikalılara elə təqdim edək ki, “Azərbaycan” deyəndə “Azer whot?” sualı verməsinlər. Azərbaycan sözünü tam və dəqiqliklə deyə bilsinlər.

- Sizin Azərbaycanı sevməyinizin və buraya bağlanmağınızın səbəbini necə izah edərdiniz? 

- Azərbaycana olan marağımın bir səbəbi də bu xalqın qonaqpərvərliyidir. Eyni zamanda qədim mədəniyyətini qoruyub saxlamasıdır. Mövcud ənənələr məni Azərbaycana daha da bağlayıb və mən bu ənənələri sevmişəm. Məsələn, avropalı üçün soruşmadan kiməsə qapını açmaq çox təəccüblüdür. Amma azərbaycanlılarda bu xüsusiyyətin şahidi olmuşam ki, gələn hər bir insana soruşmadan qapını açırlar, evə dəvət edirlər. Mən Azərbaycanda olduğum müddətdə bir çox bölgələrdə olmuşam. Burada müxtəlif iqlim, təbii zonaların şahidi olmuşam. Belə ki, Azərbaycan ərazisində, məsələn, Qubada dağlıq, Lənkəranda subtropik, eləcə də digər yerlərd

səhralıq əraziləri görmək olar. Hazırda bir çox bölgələrdə 5 ulduzlu otellər var. Amma bir neçə il öncə mən burada olarkən bölgələrdə hələ bu qədər inkişaf yox idi. Yoldaşlarımla adi - işığı, suyu olmayan otellərdə qalmışıq, amma Azərbaycanın çox yerlərini gəzmişik. Mənə çox xoş təsir bağışlayan amillərdən biri də odur ki, adi insanların səmimi rəftarı ilə qarşılaşırsan. Yəni küçədə gedərkən mənə yaxınlaşıb ingiliscə bilməsələr də, salam verir, evə dəvət edirdilər, armudu stəkanda çay verirdilər. İndi mən gəlmişəm və İçərişəhərdə yerləşən Seyid Xeyrullanın xalça mağazasında oldum. Mən artıq uzun müddətdir ki, bu mağaza ilə tanışam, bacardığım qədər yardım etməyə çalışıram. Alıcılar göndərirəm, özüm də buranın alıcısıyam. Neçə il keçməsinə baxmayaraq bu əlaqəni davam etdiririk. Mağazanın sahibi ilə bir-birimizin dilini bilməsək də, bu dostluğu davam etdiririk.

 

 

- Ailəniz Azərbaycana olan münasibətinizdə sizinlə həmfikirdirmi?

- Ailəmə gəldikdə isə qeyd edim ki, bunun da Azərbaycanla bir bağlılığı var. Belə ki, mən həyat yoldaşımla da Azərbaycanda tanış olmuşam və burada ailə qurmuşuq. Həyat yoldaşım pakistanlıdır. Biz iki müxtəlif dindən olmamıza baxmayaraq bu, ailə üçün heç bir problem yaratmır. Qarşılıqlı olaraq bir-birimizin dininə hörmət edirik. Həyat yoldaşım da hər zaman mənimlə Bakıya gəlir. Ancaq hazırda o, işlə bağlı gələ bilmədi. Amma növbəti səfərdə yəqin ki, biz yenə birlikdə gələcəyik. Hətta yoldaşımla əvvəllər Bakıda yaşayarkən İçərişəhərdə bir evdə qalırdıq və hər dəfə biz buraya gələndə həmin evə gedirik. 

- Amerikalılarla azərbaycanlılar arasında oxşar və fərqli olan hansı cəhətləri görürsünüz?

- Maraqlı bir faktdır ki, maraqlı bir hadisənin şahidi olduqda amerikalı, avropalı və azərbaycanlı gülə bilirlər. Amma Çində bunun şahidi olmaq mümkün deyil. Yəni baxışlar fərqlənir. Amerikalılarla azərbaycanlılar arasında heç nədə oxşarlıq yoxdur. Tamamilə başqa ənənələrdir. Məsələn, amerikalıdan su istəsən, deyər “get özün götür”. Amma azərbaycanlılarda bu yoxdur, özləri sənə çay süzəcəklər, sənə böyük hörmət var. Digər tərəfdən isə bir fərq var ki, bizdə vaxt dəqiqliyi var.

Amerikada müxtəlif xalqlar yaşayır ki, biz buna alışmışıq. Hansı ölkəyə getsək, özümüzü sərbəst hiss edirik. Amerika sanki “yeni ipək yoludur”. Orada müxtəlif xalqların nümayəndələri yaşayırlar.

- Siz bir müddət Bakıda yaşamısınız və bu gün də azərbaycanlıların əhatəsində olan amerikalı kimi Azərbaycan mətbəxi ilə bağlı nəyi daha çox sevirsiniz?

- Azərbaycan xörəklərini çox sevirəm. Xüsusilə də adi dolma, “üçlük” adlanan dolmanı, plovu unuda bilmirəm. Bizim evə tez-tez azərbaycanlıları dəvət edirəm. Bu yaxınlarda Azərbaycan Dövlət Filarmoniyasından gələn 29 nəfər nümayəndə heyətini evimdə qəbul etdim. Onlara armudu stəkanda çay verəndə təəccüblənirlər. Bu gün mənim evimdə 50 ədəd armudu stəkan var. Azərbaycanda olarkən çox öyrəşmişəm və armudu stəkanda çay içməyi sevirəm. Bəzi Azərbaycan xörəklərini bişirə bilirəm. Amma çox zaman assosiasiyanın rəhbəri İradə Axundovadan xahiş edirəm mənim üçün Azərbaycan xörəyi bişirsin. Plov, səbzi qovurma kimi xörəkləri bişirir və mən çox bəyənirəm. Bu il assosiasiya tərəfindən Novruz bayramında meriyada bayram şənliyi təşkil edildi. Meriyanın işçiləri gəlmişdi, onlara Novruz bayramı ilə bağlı məlumat verildi. Qadınlar 50 nəfər üçün plov bişirmişdilər. Meriyada hər bir ölkə bir dəfə öz ölkəsi barədə təqdimat keçirir. Bu tədbirdə qonaqlar da mənim kimi Azərbaycan milli mətbəxini çox bəyəndilər. Mən çalışıram ki, davamlı olaraq Azərbaycana gəlim. Bundan sonra da bu səfərlərin reallaşmasına çalışacağam.  

Nigar Abdullayeva      

Palitra.- 2011.-  1 iyul.-  S.7.