Əhməd Şahidov: “İndi Azərbaycanımızın
gözəl kimyaçılara, istedadlı kibernetiklərə,
peşəkar kosmik tədqiqatçılara, bioloq və
ekoloqlara ehtiyacı var”
Layihə çərçivəsində
müsahibimiz Rusiya Federasiyası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə
doktoru Əhməd Şahidovdur.
- Azərbaycanda Bolonya təhsil
sistemi tətbiq edilməkdədir. Bu sistemin mahiyyətini siz necə izah edərdiniz?
- Hər bir ölkədə
olduğu kimi, Azərbaycanda da təhsil cəmiyyəti
formalaşdıran ən vacib amillərdən biridir. Hazırkı dövrdə hər bir dövlətin
inkişafında mühüm rolu məhz təhsil oynayır,
ona görə ki, dövlət yalnız ağıllı,
bacarıqlı, yüksək elmə malik olan insanların fəaliyyəti
əsasında inkişaf edə, yüksək nailiyyətlər
qazana bilər. Belə ki, yuxarıdakılar nəzərə
alınaraq ölkəmizdə də bu sahəyə xüsusi
önəm verilir, təhsilin inkişafı naminə
böyük işlərə imza atılır.
Ümumiyyətlə, Bolonya sisteminə gedən yol 1998-ci il
mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr
olunan konfransda 4 ölkə - Almaniya, İtaliya, Böyük
Britaniya və Fransa təhsil nazirləri tərəfindən
Sarbona Bəyannaməsinin qəbulundan sonra başlandı. Daha sonra 1999-cu ildə Avropanın 29-dan çox
ölkəsinin təhsil nazirləri İtaliyaya
yığışaraq Bolonya Bəyannaməsini qəbul etdi.
Hazırda bu prosesə 45 ölkə qoşulub.
Sənəddə ikipilləli təhsil, təhsilin
keyfiyyətinin gücləndirilməsi, kredit sisteminin tətbiqi,
diplomların Avropa ölkələrində tanınması və
digər müddəalar öz əksini tapıb. Bəyannamə
altı əsas müddəadan ibarətdir: müqayisəolunan
dərəcədə qəbul edilmiş sistemlər, o
cümlədən, diplomda işlə təmin olunma və
Avropa ali təhsilinin beynəlxalq rəqabətdə
güclü olması. İkipilləli təhsilə giriş:
dərəcəyə qədər və dərəcədən
sonra. Birinci pillə 3 ildən az çəkmir,
ikinci pillə magistr və ya doktor dərəcəsi almağa
doğru aparır. Avropa sisteminin tətbiq edilməsi
tələbənin həyat fəaliyyətinin sürətli
inkişafına dəstək üçün zəhmətsevərlik
vahidinin hesablanması üçündür (kredit sistemi).
“Ömür boyu təhsil almaq” konsepsiyası
çərçivəsində işləməyi bacaran və
sistemi davamlı edən ECTS (European Credit Transfer System) qəbul
etmək təklif olunur. Bu iştirakçıların fəallığını
inkişaf etdirmək böyük əhəmiyyət kəsb
edir (əvvəlki iki maddənin yerinə yetirilməsi əsasında):
Avropa regionunda müəllim və digər personalın fəal
olmasını təmin etmək, transmilli təhsil
standartlarını yaratmaq, uyğun kriteriyaların və
metodologiyaların işlənilməsi məqsədilə
keyfiyyətin təmin olunmasında Avropa əməkdaşlığına
kömək etmək, Avropa ali təhsilinə, əsasən də
dərs planlarının inkişaf etdirilməsi sahəsinə,
institutlararası əməkdaşlığın, ümumi təhsil
proqramının və sürətlilik sxeminin, təcrübə
hazırlığının və elmi tədqiqatların aparılmasına
ciddi nəzarəti təmin etmək. Ölkələr
Bolonya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin
imzalanması yolu ilə qoşula bilərlər. Bu zaman həmin ölkələr bəzi öhdəlikləri
üzərlərinə götürürlər. Öhdəliklərdən bəzilərinin zaman məhdudiyyəti
var. 2005-ci ildən Bolonya sisteminin iştirakçısı
olan bütün ölkələrin məzunlarına ödənişsiz
bakalavr və magistr diplomlarına olan yeganə əlavəni
vermək, 2010-cu ilə qədər milli təhsil sistemlərini
Bolonya bəyannaməsinin əsas müddəalarına
uyğun olaraq dəyişdirmək.
- Azərbaycanın Bolonya
sisteminə qoşulma məqsədləri barədə
hansı fikirləriniz var?
- Azərbaycanda
bu sistemə qoşulmaq üçün ilk addımlar
2004-cü ildə atıldı. Həmin ildə
Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü
ilə Strasburq şəhərində Qafqaz ölkələrinin
təhsil nazirlərinin konfransı keçirilmişdi və həmin
tədbirdə xüsusi bəyannamə qəbul olunmuşdu.
Həmin bəyənnaməyə əsasən,
2004-cü ildə Azərbaycanda Bolonya sisteminə qoşulmaq məqsədilə
Təhsil Nazirliyi tərəfindən hesabat hazırlanaraq
Avropa Komissiyasına təqdim edildi. Nəticədə
isə 2005-ci ildə mayın 19-da Norveçin Berqen şəhərində
keçirilən konfransda təhsil naziri Misir Mərdanov Bolonya
prosesinə qoşulmaqla bağlı rəsmi sənəd
imzaladı. Bu sənəddən sonra Azərbaycan
Bolonya prosesinə qoşuldu. Beləliklə
də ölkəmiz Bolonya sisteminə qoşulmaqla ölkədə
təhsilin keyfiyyətinin daha da artmasını təmin etmək,
təhsilimizi Avropa ölkələrinin təhsilinə
uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri
öz üzərinə götürdü.
- Bolonya sisteminə qoşulmaq Azərbaycan
təhsilinə nə verdi?
- Bu sistemə
qoşulmaqda əsas məqsəd Azərbaycanın Avropa təhsilinə
inteqrasiya olunmasıdır. Ümumiyyətlə,
bilirik ki, Azərbaycan Avropa ölkələrinə inteqrasiya
olunur. Burada təhsil ən önəmli
sahələrdən hesab olunur. Bu gün
Avropada demək olar ki, sərhədlər yoxdur. Bu sistem Avropa təhsilində mövcüd olan sərhədlərin
silinməsinə gətirib çıxarıb. Sistemin bir neçə pillələri var ki, bura
diplomların tanınması, tələbələrin bir
universitetdən digərinə problemsiz
köçürülməsi və digərləri daxildir.
Bəzən ölkə gənclərindən biri hansısa xarici
ölkədə iş yeri tapdıqda təhsilləri ilə
bağlı müəyyən problemlərlə üz-üzə
qalırdı. Lakin yeni sistemə keçidlə
bu problemin qarşısı alındı. Hazırda
hər bir ölkə gənci öz gələcəyini xarici
ölkədə qurmaq istəyərkən onun
qarşısında belə sərhədlər qalmır.
Ona görə ki, yeni sistemlə bir universitetdən
digərinə rahat şəkildə keçmək olur.
- Gənclərimizi narahat edən məsələlərdən
biri də Bolonya sistemində tətbiq olunan kredit sistemidir...
- Bolonya
prosesinin digər əsas tələblərindən biri də ali təhsildə kredit sisteminin tətbiqi idi. Bu sistem iki əsas funksiyanı özündə birləşdirir.
Bura tələbələrin öz mobilliyini təmin
etmək və təhsilalma trayektoriyasını müstəqil
müəyyənləşdirmək imkanları daxildir. Bu sistemin əsas vəzifələrini yerinə
yetirmək üçün ölkədə "Ali təhsil
müəssisələrində kredit sistemləri ilə tədrisin
təşkili barədə nümunəvi əsasnamə"
hazırlanıb təsdiq olundu. Qaydalara
görə, kredit sistemində təhsil alanlar
üçün auditoriya dərsləri 15 həftəyə
müəyyən olunur, tələbənin auditoriya və
auditoriyadan kənar yükünün həcmi 45 saat olur.
Bir kredit 15 auditoriyaya və ya 22,5 ümumi saata bərabərdir
və bütün fənlər üzrə hər bir tələbə
hər semestrdə 30 kredit müəyyənləşdirə
bilər, yaxşı oxuyan tələbələr isə hər
semestrdə 8 kreditdən çox olmamaq şərtilə 1 və
ya 2 fənn seçə bilərlər. Bakalavriat
pilləsində tələbələrdə 200-250 kreditin
yığılması tələb olunur. Burada bir şərt
də var ki, tələbə yalnız o zaman kredit ala bilər
ki, ali məktəblərdə tətbiq
olunan qaydalar üzrə həmin fənnin imtahanından qiymət
almış olsun.
- Bolonya sisteminin Azərbaycanda tətbiqi
prosesi necə baş verir? Hansısa çətinliklər
və əks təsirlər baş verirmi?
- Bolonya
sistemi özündə müsbət məqamlarla yanaşı
mənfi amilləri də ehtiva edir. Bu sistemi Azərbaycanda
pərakəndə şəkildə tətbiq etmək olmaz.
Bu, təşkil olunmuş, elmi əsaslara və
şəraitə uyğun şəkildə həyata
keçirilməlidir. Əfsuslar olsun ki, ölkəmizin
bir sıra ali təhsil müəssisələrində
bu sistemə tam əməl olunmur. Ümumiyyətlə,
mütəxəssislərin fikrinə görə, Bolonya
sistemi humanitar sahəyə, humanitar fənlərin tətbiqinə
xələl gətirir.
- Ümumiyyətlə, müasir gənclərimizin
ixtisas seçimi ilə bağlı nə düşünürsünüz?
Özünüz də bir gənc olaraq gənclərə
hansı məsləhətləri verə bilərsiniz?
- İxtisas seçimi hər bir insanın həyatında
çox incə məqamdır. Çünki bu, həmin
şəxsin gələcək həyatının qarantına
çevrilir. Odur ki, ixtisas seçərkən
həmişə reallığı, tələbatı və
sonda öz istəklərinizi nəzərə alın. Təəssüflər olsun ki, hələ də gənclərimiz
ixtisas seçimində sovet döründən qalmış,
bir zamanlar ən dəbdəbəli peşələr
sayılan, lakin hazırda adi dövlət qulluğu hesab edilən
polis, prokuror, hakim və sair bu kimi ixtisaslara can atırlar.
Öz aləmlərində xəyallar qururlar,
arzuları həyata keçməyəndə isə xəyal
qırıqlığına düçar olurlar. Mən gənclərimizə məsləhət
görərdim ki, daha müasir, daha perspektivli və maraqlı
ixtisaslara yiyələnsinlər. İndi Azərbaycanımızın
gözəl kimyaçılara, istedadlı kibernetiklərə,
peşəkar kosmik tədqiqatçılara, bioloq və
ekoloqlara ehtiyacı var. Qoy gənclərimiz idmanın futbol,
basketbol və tennis sahələrində özlərinə
professional karyera qursunlar. Bunun
üçün ölkəmizdə bütün zəruri
şəraitlər yaradılıb. Sadəcə
bunu ürəkdən istəmək və əzmlə
çalışmaq lazımdır.
- Ümumiyyətlə, ölkədə
gənclərin təhsilə cəlb olunması və
onların dünyanın nüfuzlu ali təhsil
müəssisələrində təhsil almaları
üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?
-
Bilirsiniz, bu gün dünya sürətlə inkişaf etməkdədir.
Azərbaycan da bu inkişafdan geri qalmır.
Həyatın bütün sahələrində
ölkəmiz inkişaf edir. Təhsil də
istisna deyil. Bugün dünyanın demək olar ki,
bütün ali təhsil müəssisələrində
azərbaycanlı tələbələrə rast gəlmək
olur. Bunun da əsas təşəbbüskarı
heç şübhəsiz ki, ölkə
başçısı cənab İlham Əliyevdir. Məhz
Prezident İlham Əliyevin 2015-ci ilə qədər 5 min gəncin
xaricdə təhsil alması ilə bağlı
imzaladığı sərəncam təhsilin vahid standartlara
keçirilməsi prosesinin daha da sürətlənməsinə
təkan verdi. Ona görə
ki, gənclərimiz bir qayda olaraq Bolonya sistemi üzrə
qurulan təhsil müəssisələrində təhsil
alacaqlar. Ötən illərdə də
dövlət xətti ilə minlərlə gənclərimiz
xarici ölkələrə təhsil almağa göndəriliblər.
Bu, sanki bir toxum kimidir. Yazda əkirik,
payızda bəhrəsini görəcəyik. Həmin gənclər bir neçə ildən sonra
yenidən Azərbaycana qayıdacaq, dövlətimizin müxtəlif
təbəqələrində çalışacaq və Vətənimizə
xidmət göstərəcəklər.
İlkin.
Palitra.- 2011.- 7
iyun.- S. 11.