Masallıda turizm: əlverişli
şərait və müasir standartlar mərhələsi
Ölkənin sürətli iqtisadi
inkişafı bütün sahələrin, o cümlədən
qeyri-neft sektorunun tərəqqisi üçün geniş
perspektivlər açıb. Prezident
İlham Əliyev bu barədə həmişə bildirir ki,
qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu məqsədlə
proqramların hazırlanması, investisiyaların
yatırılması ölkəmizin gələcəyi
üçün çox böyük əhəmiyyət
daşıyır. İlk növbədə inkişafı nəzərdə
tutulan sahələrin başında isə turizm sektoru gəlir
ki, müasir dünyada turizm imkanlarının mövcudluğu
təbii sərvətlər qədər əhəmiyyətli
və qiymətlidir.
Çünki turizm hazırda dünyada ən gəlirli
sahələrdən biridir. Bu gün dünyanın inkişaf
etmiş bir çox dövlətlərinin milli gəlirlərinin
böyük bir hissəsini turizmdən gələn gəlirlər
təşkil edir. Turizmin inkişafı minlərlə yeni
iş yerlərinin açılması, gəlirlərin
sürətlə artması və şəhərlərin,
regionların, kəndlərin tərəqqisi deməkdir. Buna
görə də ölkə Prezidenti İlham Əliyev tərəfindən
2011-ci ilin “Turizm ili” elan olunması respublikanın
inkişafında yeni yollar açır və hədəflər
müəyyənləşdirir. Bu baxımdan əlverişli
turizm imkanları və resursları olan region və
rayonların inkişafı xüsusilə diqqət mərkəzinə
götürülüb. Belə rayonlardan biri isə
Masallıdır.
Yerləşdiyi
coğrafi mövqeyi və təbii gözəllikləri ilə
sözügedən rayonda turizmin inkişaf etdirilməsi
üçün münbit şərait var. Bu şəraitdən
səmərəli istifadə edilməyə
çalışılır. Qeyd edək ki, rayonda səfərdə
olduğumuz müddətdə biz rayonun turizm imkanları ilə
bir daha əyani tanış olduq və müşahidələr
apardıq.
Masallı Rayon İcra Hakimiyyətindən
aldığımız məlumata görə, son dövrlərdə
turizmin müasir standartlara uyğun sürətli
inkişafı yönündə xeyli yeni tədbirlər həyata
keçirilib. Keçən müddətdə rayonda ilk
növbədə mövcud potensial imkanlara malik 31 turist obyekti
qeydə alınıb. Bu obyektlərdə 1100-ə yaxın
yer var. Bunlardan 70-ni lüks nömrələr, 660-nı 1-ci dərəcəli,
310-nu isə turist dərəcəli nömrələr təşkil
edir. Ulduz dərəcəli sertifikata malik mehmanxanalar isə hələki
yoxdur. Mədəniyyət və Turizm Nazirliyindən
xüsusi nümayəndələr dəvət olunaraq
qeydiyyata alınan müəssisələrin rəhbərləri
ilə işgüzar görüşlər keçirilib, xidmət
və istirahət obyektlərində çalışanlardan
20 nəfəri Bakıda keçirilən müxtəlif
seminar, treninq və s. tədbirlərdə iştirak edib. Hər
bir turizm obyekti haqqında foto-stend, foto-albom, bukletlər
hazırlanıb, respublikada nəşr olunacaq alboma daxil edilmək
üçün Mədəniyyət və Turizm Nazirliyinə
göndərilib. Habelə rayonda fəaliyyət göstərən
turizm obyektləri və rayonun turizm potensialı haqqında əlavə
kitab çıxarılması 2011-2012-ci illərin planına
daxil edilib. Rayon İcra Hakimiyyətinin başçısı
Qəzənfər Ağayevin tapşırığı əsasında
hazırlanan bu kitab üç dildə - Azərbaycan, rus və
ingilis dillərində nəşr olunacaq.
Rayonun
Mədəniyyət və turizm şöbəsi isə obyekt
sahibləri ilə 3 ayda bir dəfə olmaqla görüşlər
keçirir, təcrübə mübadiləsi aparır, onlara
metodik kömək göstərir, qəbul olunan qərar və
əmrlərin onlara çatdırılmasını təmin
edir: “Bütün turist marşrutları boyu ərazilərin və
obyektlərin sanitariya vəziyyəti, meşə ərazisinə
yaxın xidməti obyektlərdən tullantıların həmin
əraziyə atılmaması üçün xüsusi yerlərin
düzəldilməsi, məişət sularının ərazilərə
axmaması üçün xüsusi quyuların
qazılması, xidmət obyektlərinə kadrların işə
qəbulunda müvafiq kriteriyaların qoyulması, arzu edənlərin
turizm fakültələrində oxumağa göndərilməsi,
istirahət ocaqlarında yanğın təhlükəsizliyi
tədbirlərinin görülməsi, turistlərə tarix və
mədəniyyət abidələri, görməli yerlər
barədə məlumat təqdim edilməsi, əlavə xidmətlərin
- ekskursiya, əyləncə, idman oyunları və sair təşkil
edilməsi üçün tədbirlər həyata
keçirilir. Rayonda mövcud yerli əhəmiyyətli
88 tarixi abidə, 12 arxeoloji və 9 təsviri sənət abidəsi,
habelə ölkə əhəmiyyətli 46 mədəniyyət
obyekti turistlərin xidmətindədir. Bundan əlavə 10
mindən çox eksponata malik Tarix-Diyarşünaslıq
Muzeyi, müxtəlif gəzinti yerləri, ekoloji və digər
turist xidmətləri əsasən mövsümi fəaliyyət
göstərməklə həmin məqsədlərə xidmət
edir”.
Rayondakı
turist obyektlərinin, demək olar ki hamısında dövlət
dili - Azərbaycan dilində, bəzi yerlərdə isə
ingilis dilində yazılmış lövhələr vurulub, bəzi
obyektlərdə ilkin tibbi xidmət şəraiti yaradılıb.
Bu sahədə “İsti su” sanatoriyasında tibbi xidmət
xüsusilə yaxşı təşkil edilib. “Dəştvənd”,
“Masallı” otel və “İsti su” sanatoriyasında
işçilər ştat cədvəli üzrə fəaliyyət
göstərir. Onu da qeyd qeyd etməliyik ki,
Masallının turist şəbəkələri əsasən
meşə zolağında yerləşir. 2006-cı ildə
lisenziyalı obyekt 5 idisə, indi onların sayı 24-ə
çatdırılıb. “Çənlibel”, “Olimp”, “Ulduz”,
“Nil bağı”, “Yanar dağ”, “Yeddi bulaq”, “Gülüstan”,
“Turist”, “Cənnət bağı” və digər obyektlər
lisenziya ilə təmin edilib. Amma 7 obyekt hələ də
lisenziyasız fəaliyyət göstərir. Onlardan 2 müəssisə
lisenziya almaqla bağlı müvafiq sənədləri Mədəniyyət
və Turizm Nazirliyinə təqdim edib. Həmçinin yeni
tikilən obyektlərin sahibləri ilə də söhbət
aparıldığı,
lisenziya almaq barədə müvafiq tövsiyələr
verildiyi bildirilir. Primitiv tikililərdən ibarət olan bir-iki
obyekt istisna olmaqla Masallının bütün turizm şəbəkələri
normal şəraiti olan binalarla əvəzlənib.
Son bir il ərzində rayonumuzun
turist obyektlərinin xaricdə tanınması üçün
də xeyli işlər görülüb: “2010 və 2011-ci il
illəri aprelin 26-dan 30-dək Prezident İlham Əliyevin
iştirakı ilə Bakıda keçirilən Beynəlxalq
turizm sərgisində rayonumuzun turist obyektlərindən
6-sı, “Dəştvənd”, “Dəmirağac”, “İstisu”,
“Gülüstan”, “Zirvə” və “Çənlibel” iştirak
edib. Həmçinin rayonun turist obyektləri haqqında
geniş məlumatı sərgi iştirakçılarına
çatırmaqla xarici turistlər üçün Mədəniyyət
və Turizm Nazirliyinin xüsusi saytında məlumatlar yerləşdirilib.
Respublika sərgisində iştirakçılara rayonun turist
obyektləri haqqında 15 min buklet paylanıb. Həmin
sərgidə iştirak edən rayonun 6 turist obyektinin
hamısı beynəlxalq turizm şirkətlər qrupunun
lisenziyasını alıblar. 2010-cu ilin mayında Türkiyədən
5 sahə üzrə mütəxəssis cəlb olunmaqla
keçirilən kurslarda rayonun turist obyektlərində
çalışan 95 nəfərin iştirakı təmin
edilib və onlara sertifikatlar təqdim olunub. Cari ilin iyun
ayında isə 3 sahə üzrə mütəxəssis dəvət
olunaraq (masa xidməti, menecer, qeydiyyat-qəbul xidməti) 10
günlük kursların təşkil olunması nəzərdə
tutulur”.
2010- cu ildə rayonda fəaliyyət göstərən turist obyektləri 13850 nəfər turist qəbul edib. Onlardan 500 nəfər xarici turist olub. Cari ilin I rübündə 3800 nəfər turist qəbul edilib ki, onların 100 nəfəri xarici turistlərdir.Əldə olunan uğurlara baxmayaraq bu sahədə hələ də bir çox nöqsanlar və çatışmazlıqlar qalır. Məsələn, müşahidə etdik ki, bir sıra turist obyektləri hələ də primitiv qaydada, yüksək xidmət göstərilməsi üçün lazımi şəraiti və səviyyəsi olmayan yerlərdə fəaliyyət göstərir. Xüsusən də xidmət səviyyəsinin qənaətbəxş olmaması ilə bərabər ixtisaslı və peşəkar kadrların azlığı bu sahədə mövcud problemlərin əsas səbəblərindəndir. Turizm sahəsində fəaliyyət göstərən bir çox sahibkarlar mövcud problemlərin aradan qaldırılması üçün lazımi təşəbbüskarlıq göstərmir və günün tələbləri ilə uyğunlaşmaq istəməyərək qeyri-peşəkarlıq nümayiş etdirirlər. Rayonda çoxlu tarixi abidələrin, gözəl təbiətin və bir çox görməli yerlərin olmasına baxmayaraq turistlərin bu yerlərə ekskursiyaları təşkil olunmur. Eyni zamanda rayona istirahət məqsədilə gələn şəxslərin mədəni istirahətinin təşkili məqsədilə mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi yetərli səviyyədə deyil. Halbuki turistlərin yüksək istirahətinin təşkili üçün bu sahəyə münasibət kökündən dəyişməli və turist obyektlərimiz müasir tələblərə cavab verə biləcək səviyyəyə gəlməlidir. Bu, rayona gələn turistlərin sayını sürətlə artırardı. Bu sahədə yeni layihələrin həyata keçirilməsi iş adamlarının qarşısında yeni imkanlar açmaqla bərabər çox sayda yeni iş yerlərinin yaradılmasına və rayon iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Həmçinin rayonda fəaliyyət göstərən turist obyektlərində sanitariya və sağlamlıq, təmizlik yaradılması, “İsti su” istirahət mərkəzində müalicə alanlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün əlavə tədbirlərə ciddi ehtiyac var. Eyni zamanda bəzi obyektlərdə azyaşlıların əməyindən qeyri-qanuni istifadə olunması həlli vacib məsələlərdən biri kimi qarşıda durur.
Masallıda
turizmin ən orijinal və gəlirli növlərindən biri
nə ola bilər?
Müşahidələrimizə əsasən,
Masallıda turizmin maraqlı və daha gəlirli ola biləcək
bir növünün inkişaf zərurəti barədə
bildirmək yerinə düşər. Əslində qeyd edəcəyimiz
sahə tək Masallıya yox, ov və balıqçılıq
turizmi üçün imkanları olan bütün rayonlara
aiddir. Beləliklə, Azərbaycanda inkişaf etdirilməsi
çox aktual olan bir sahə var - balıqçılıq
turizmi. Balıqçılıq turizmi ölkədə bir
sıra standartlar baxımından demək olar ki, yox səviyyəsindədir.
Əslində bu sahəni daxili turizmin ən gəlirli sahələrindən
birinə çevirmək olar. Məsələn, Rusiyada
ardıcıl olaraq neçə ildir ki,
balıqçılıq turizmi daxili turizmdə ən gəlirli
sahə kimi qeyd edilir, bu sahənin daha da inkişaf etdirilməsi
üçün ciddi tədbirlər görülür,
investisiya yatırılır. Azərbaycanda isə balıq
ovuna maraq və buna şərait heç də Rusiyada
olduğundan az deyil. Söhbət qarmaq və ya spininqlə
balıq ovundan gedir. Bir sıra əlverişli bölgələr
var ki, həmin bölgələrdə əhali tarixən, ənənəvi
olaraq balıq ovu ilə məşğuldur. Bu, peşə
olaraq balıqçı olanlara yox, sadəcə
balıqçılığı hobbiyə çevirmiş
insanlara aiddir. Həmin insanların balıq ovuna kütləvi
və daimi marağı kənd turizminin bu sahəsinin ciddi
inkişafı üçün əsas ola bilər. Amma buna
mane olan bir sıra amillər mövcuddur.
Əlverişli
turizm bölgələrində (Xüsusilə də cənub
bölgəsi - Masallı, Cəlilabad,
Lənkəran, Astara, eləcə də Lerik, şimal bölgəsi
rayonları, yaxud Muğan - Salyan, Neftçala və sair) iri
çaylarla yanaşı çoxlu kiçik göllər
var. Həmin göllərin çoxu bu gün imkanı
olan ayrı-ayrı adamların fərdi istifadəsindədir.
Araşdıranda həmin kiçik göllərin çoxunun
ya qeyri-rəsmi, ya da qeyri-qanuni formada fərdi istifadəyə
verildiyi bəlli olur. Bu cür fərdi istifadədə olan
göllərdən isə adətən qeyri-səmərəli
şəkildə yararlanılır, ya da həmin göllərin
ətrafı sadəcə çəpərlənir və ora
kimsə buraxılmır. Fərdi istifadədə olmayan belə
göllər isə çox vaxt baxımsızlıqdan və
biganəlikdən quruyur. Belə ki, insanlar müxtəlif məqsədlərlə
onların suyunu axıdıb qurudurlar. Yaxud da hansısa restoran
ümumi istifadədə olan bir gölün ətrafını
çəpərləyərək oradan sırf biznes məqsədləri
üçün və yerli camaat üçün təsərrüfat
və ümumi istifadədə sərfəli olmayan bir şəkildə
yararlanır. Bu, istər yerli əhali, istərsə də
ümumilikdə ölkə turizmi üçün qətiyyən
sərfəli olmayan bir hal yaradıb.
Araşdırmalar göstərir ki, əvvəllər
həmin göllərdə, eləcə də çaylarda və
axarlarda çoxlu balıq növləri olub. Yerli əhali
balıqçılığa və balıq ovuna çox
meyilli olduğundan bu məqsədlə həmin göl və
çaylardan çox yararlanıb. Son dövrlərdə
isə daha çox yuxarıda bildirilən səbəblər
üzündən, eləcə də həddindən ziyadə
insan müdaxiləsindən (məsələn, elektrik enerjisi
ilə balıq ovlama və sair) balıqlar demək olar ki, yoxa
çıxıb. Məsələn, cənub
bölgəsində yerli camaat balıq ətindən çox
istifadə etdiyinə görə bazarlara üz tutur, balıq
ovu həvəskarları isə artıq bu mədəni təsərrüfat
növü ilə məşğul olmağa heç bir meydan
görmürlər. Yəni artıq qaydalara uyğun
balıq ovu üçün demək olar ki, heç bir
göl və ya çay qalmayıb.
Halbuki həmin kiçik göllər, eləcə də çaylar balıq ovu üçün yararlı hala gətirilsə, onların əsasında ov turizmi formalaşdırmaq mümkündür. Nəzərə alınmalıdır ki, bu il “Turizm ili”dir, turizmin inkişafı üçün ölkədə ciddi tədbirlər həyata keçirilir. Bu baxımdan istər xarici, istərsə də yerli turistləri cəlb etmək üçün həmin gölləri, eləcə də çayları hazırlayıb, balıq ovu turları təşkil etmək olar. Unudulmamalıdır ki, bir sıra bölgələlərdə balıqdan milli mətbəximizə aid müxtəlif orijinal yemək növləri(o cümlədən ləvəngi) hazırlanır ki, bu da həmin regionların koloritini turistlər üçün daha əsrarəngiz və maraqlı edir. Bu baxımdan əlverişli bölgələrin turizm imkanlarının reallaşdırılması yolları müzakirə ediləndə həmin göllərin və digər su hövzələrinin balıqçılıq potensialı da nəzərə alınmalıdır. Doğrudur, həmin göllər vətəqə əhəmiyyəti baxımından çox da önəmli olmaya bilər, bununla belə, ov turizminə görə onlar böyük səmərə gətirə bilər. Xüsusilə yerli balıq ovçularını kütləvi surətdə turist qismində həmin göllərə cəlb etmək olar. Eləcə də ölkənin başqa yerlərindən həmin turizm bölgələrinə axışan yerli turistlər üçün bu cür kütləvi balıq ovu turları təşkil etmək olar. Bu isə birinci növbədə daxili turizmin inkişafına töhfə verəcək, eyni zamanda qlobal ekoloji gərginliklər fonunda biomüxtəlifliyin qorunması prinsipi ilə balıqçılıq turizmi mədəniyyətini və standartlarını formalaşdırmağa yardımçı olacaq. İstər hökumət, istərsə də qeyri-hökumət təşkilatları bu sahədə effektli təşəbbüslərlə çıxış etsələr, ölkədə qədimdən müəyyən ənənəsi olan turizmin bu maraqlı növünü ən gəlirli sahələrdən birinə çevirə bilərlər. Xarici ölkələrin bu sahədə əldə etdikləri nəticələr də dediklərimizdən xəbər verir.
İlkin
AĞAYEV
Palitra.- 2011.- 7
iyun. –S.10.