Təhsildə
keyfiyyəti artırmaq üçün nə
etməli?
Layihə çərçivəsində
növbəti müsahibimiz ATİ-nin Turizm biznesinin təşkili və texnologiyası
kafedrasının müdiri, dosent Bahadur Bilalovdur:
- Peşə təhsilinin əsas vəzifəsi yalnız müəyyən fəaliyyət sahələrində əmək vasitələri və metodları hazırlaya və istifadə edə bilən mütəxəssis hazırlamaq deyil, eyni zamanda əldə etdiyi bilgiləri yeni şəraitdə - bazar iqtisadiyyatı şəraitində tətbiq edə bilən və fəaliyyət göstərən insanlar formalaşdırmaqdan ibarətdir. Əmək bazarında insanın rəqabətədavamlılığı onun keyfiyyətləri və qiymətinin (istifadə etdiyi resursların) nisbəti ilə müəyyən edilir. Mütəxəssisin keyfiyyəti onun xüsusiyyətləri ilə, sosial-iqtisadi sistemin mövcud və ola biləcək tələbatını ödəyə bilmək qabiliyyəti ilə əlaqədardır. Rəqabətin qaydaları bazarın tələblərinə yüksək dərəcədə uyğunlaşmağı və insanın fəaliyyəti dövründə fasiləsiz mükəmməlləşməsini tələb edir. Ali məktəblər məhz bu tipli insanlar (mütəxəssislər) yetişdirməlidir. Təhsilin yüksək keyfiyyəti dedikdə tədris proqramlarının məzmununun sifarişçilərin, dövlət, biznes, şəxsiyyət və təhsil standartlarının tələblərinə uyğunluğu, eləcə də maraqlı tərəflərin, təhsil alanların, işəgötürənlərin və b. təhsil xidmətinin keyfiyyətindən, təhsil müəssisələrinin əməkdaşları və müəllimlərinin öz işlərindən yüksək məmnunluğu nəzərdə tutulur. Bu gün Azərbaycanın təhsil məkanında müvəffəqiyyət dərəcəsinə və tədrisə münasibət təhsilə və menecmentə köhnə yanaşmalardan qaynaqlanır. Məhz onların təkmilləşdirilməsi vəziyyəti yaxşılaşdıra və müvəffəqiyyət dərəcəsinin və keyfiyyətin digər göstəricilərinin müsbət dinamikasını yaratmağa imkan verə bilər. Müasir təhsil sistemində müəllim öz işinin mütəxəssisi və tədris prosesinin səmərəli meneceri olmalıdır. Çox təəssüf ki, Azərbaycanın ali məktəb müəllimlərində məhz sonuncu keyfiyyət çatışmır. Tədrisin əsas məqsədi tələbəyə fənnin mahiyyəti və metodlarını öyrətmək, onda müəyyən kompleks təsəvvürlər və bacarıqlar, lazımi davranış yaratmaq, təkmilləşmə üçün motivasiya ilə təmin etməkdən ibarətdir. Məqsədlər real və tələbə üçün əlçatan olmalı, digər fənlərdəki nailiyyətlərinə mane olmamalıdır. Əks halda məqsədlər tələbələr tərəfindən qəbul edilməyəcək. Öyrədən (müəllim) və öyrənən (tələbə) ümumi məqsədlərə çatmaq üçün çalışan vahid bir komandadır. Məqsədlər tələbəyə aydın və dəqiq formada çatdırılmalıdır.
- Tədrisin təşkili
ilə bağlı hansı təkliflər irəli sürərdiniz?
- Məqsədlərə çatmağın
texnologiyaları sadə və tələbə üçün anlaşıqlı
olmalıdır. Xüsusilə də zaman
amilinə və onun real
olmasına diqqət yetirilməlidir. Azərbaycanda tədris
planları tələbənin 60 saatlıq iş
günü (30 saat
auditoriya+30 saat müstəqil iş) nəzərə alınmaqla tərtib edilib. Bütün müəllimlər
mənimlə razılaşarlar ki, tələbələrin
böyük əksəriyyəti müstəqil
işə bu qədər zaman
ayırmır. Bu səbəbdən də hesab
edirəm ki, auditoriya
saatının azaldılması və həmin saatların
müstəqil işə sərf edilməsi ideyası
kökündən yanlışdır. Əsas diqqət
müstəqil işə deyil, əksinə,
auditoriya daxilindəki işlərə
yönəldilməlidir. Yaddan
çıxarmamalıyıq ki, hər
semestrdə kəsirlər də nəzərə alınmaqla
tələbə 8-10 fənn öyrənir ki,
bu zaman müstəqil
işə ayrılan saatlar kəskin surətdə
azalır. Məhz bu səbəbdən də
auditoriya dərslərinin məzmununa və
tədris texnologiyalarından istifadəyə görə dəqiq
planlaşdırılması tələb olunur.
Tədrisdə kəskin zaman məhdudiyyəti
və müstəqil işlərə ayrılan məhdud vaxt bir reallıqdır. Zaman nöqteyi-nəzərindən tədrisin
təşkili optimallaşma tələb edir. Fikrimizcə, ən səmərəlisi
müəllimin 4 saatlıq dərsi hesab
edilə bilər ki, bu
zaman tələbənin diqqətini cəmləşdirmək,
nəzəriyyə və təcrübəni uzlaşdırmaq
mümkündür. Bu
eyni zamanda tələbənin
və müəllimin enerjisinin səpələnməsinə
imkan vermir. Hər bir tələbənin fənni mənimsəmək
və layihəni həyata keçirmək üçün
planı olmalı, “nə etməli?”, “necə və hansı
müddətdə etməli?” suallarına uyğun
cədvəl tərtib etməlidir. Qarşıya qoyulan vəzifələrin “dəqiq
vaxtında” və “ilk dəfədən düzgün” məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Bütün tələbələri buna öyrətmək, onları bu ruhda tərbiyə etmək
lazımdır. Təşkilati işin məqsədi
planlaşdırılan tapşırıqların bütün tələbələr tərəfindən
müəyyən olunmuş vaxtda və lazımi keyfiyyətdə yerinə
yetirilməsi olmalıdır.
Motivasiya tədris prosesinin uğurlu olması üçün mühüm
elementlərdəndir. Təəssüf olsun ki, Azərbaycan təhsil
məkanında bu amil
təhlil edilmir. Müasir
tələbələrin böyük əksəriyyəti
tədris planındakı bir çox fənlərin öyrənilməsində,
xüsusən də müxtəlif tapşırıq və
layihələrin yerinə yetirilməsində maraqlı deyillər.
Buna görə də tədris prosesinin meneceri olan müəllim üçün
motivasiyanın əsas nəzəriyyələrini, insanlara təsir üsullarını,
onların güclü və zəif tərəflərini
bilmək vacibdir.
Müəllimin əsas vəzifəsi tələbəni
tədris prosesində iştiraka məcbur
etmək deyil, onu cəlb
etməkdir. Məcburiyyət və hədələr laqeydlik və qeyri-məmnunluq doğurur,
bu isə tələbənin oxumağa həvəsini öldürür.
Yaddan çıxarmamalıyıq ki, tədris tələbə həyatının
yalnız bir hissəsidir, onun
bütün həyatı deyil.
Tələbənin tədris prosesindən məmnunluğu onu keçilən mövzunu
və öyrəndiyi materialı səmərəli qavramağa vadar edir. Buna görə də
müəllim tələbələrin ondan
gözlədiyi və onları tədris prosesini
müsbət qavramağa sövq
edən amilləri və davranışı bilməli, başa düşməlidir. Tədqiqatların
nəticələri sübut edir ki, tələbə üçün müəllim tədris prosesinin əsas fiqurudur.
Ali məktəb müəllimləri tədris etdiyi fənlər üzrə test tapşırıqları bankının yaradılması üçün ciddi iş görməlidirlər. Onlar ixtisasların tədris planında nəzərdə tutulmuş fənləri müxtəlif mövzulara bölməli, sonra isə həmin mövzulara uyğun müxtəlif tipli (açıq və ya qapalı, məntiqi) testlər tərtib etməlidirlər.
- Tələbə
və müəllimlərin anketləşdirilməsi prinsipinə
nə dərəcədə ehtiyac var?
- Ali məktəblərdə
keyfiyyət menecmenti sistemi
yaradılmalıdır. Bu sistem
nəinki tədris prosesinin təşkilini,
eyni zamanda texniki, maddi, metodiki və digər bazaları əhatə
etməlidir. Fənnin tədrisinin keyfiyyətini ilk növbədə ali məktəbdə
təhsil alan tələbələr
müəyyən edir. Məhz onlar materialın əlçatan olması,
müxtəlif kateqoriyalı müəllimləri, professor və dosentləri, müəllimləri,
gəncləri və təcrübəli müəllimləri,
öz işində yeniliklər edənləri
və saralmış mətnlərdən dərs deyənləri
çox ciddi və tənqidi
müqayisə edirlər. Tələbə auditoriyası
öz tərkibinə və təhsilə
motivasiyasına görə çoxüzlüdür,
buna görə də müəllimin
şəxsiyyəti və ali məktəbdə
tədris prosesi onların tələblərinə
ciddi təsir edir. Tələbələr
hər bir müəllimin üstün
və çatışmayan tərəflərini dərhal qeyd edirlər. Tələbələrdən
başqa ali məktəblərdə
tədrisin keyfiyyətinə qiymət müəllimin həmkarları,
kafedra müdirləri, fakültə
dekanları və tədris üşləri üzrə prorektorlar tərəfindən də verilir.Qeyd etmək lazımdır ki, tələbələr və müəllimlər
müəllimin peşə fəaliyyətinin qiymətləndirilməsinə
müxtəlif meyarlardan yanaşırlar. Buna görə də hesab
edirik ki, eyni zamanda tələbələrin
və müəllimlərin anketləşdirilməsi tətbiq
edilməlidir. Müəllimlər və onların tədris etdiyi fənlər haqqında nəinki tələbələrin,
eləcə də müəllimlərin və onların həmkarlarının
da fikirlərini öyrənmək vacibdir. Anket
sorğularından sonra müəllimlə
söhbət və təhlil aparılır, işin
müsbət və mənfi tərəfləri qeyd edilir,
çatışmayan cəhətlərin aradan
qaldırılması üçün
tövsiyələr verilir. Müəyyən
müddətdən sonra təkrar anket-sorğu tətbiq edilir.
Bir daha qeyd edilməlidir ki, müasir işəgötürən müstəqil düşünə bilən, müxtəlif problemlərin həllinə savadlı və yaradıcı yanaşmağı bacaran işçiyə maraq göstərir. Müasir cəmiyyətə daima öz biliklərini artırmağı bacaran, öz bacarığını və səriştəsini təkmilləşdirən mütəxəssis lazımdır. Avropa Şurası təhsilin keyfiyyətini müəyyən edən meyar kimi beş əsas səriştə qrupu müəyyən edib: siyasi və sosial səriştə; fərqli mədəniyyətə malik cəmiyyətdə yaşamaqla əlaqədar səriştə; şifahi və yazılı ünsiyyət bacarığını müəyyən edən səriştə; informasiya cəmiyyətinin meydana gəlməsi, yeni texnologiyalardan istifadə bacarığı, onlardan istifadənin dərk edilməsi ilə əlaqəli səriştə; fasiləsiz peşə hazırlığının əsası kimi bütün ömrü boyu oxumaq bacarığı və arzusunu reallaşdıran səriştə.
- Sizcə, təhsildə
keyfiyyətin təmin olunması kimdən asılıdır?
- Ali məktəb fəaliyyətinin
istehlakçıları olan tələbələrin
aldıqları məhsulun - təhsil xidmətlərinin keyfiyyəti
ilk növbədə məlum baza göstəriciləri kompleksi
ilə xarakterizə edilir. Bu
göstəricilər kursunun proqramı onun elmi-metodiki və informasiya-texnoloji təminatı, müəllimin
konkret fənni bilməsi əsasında
formalaşır.
Eyni zamanda təhsil xidmətinin gözlənilən və
heyranedici keyfiyyət göstəriciləri müəllimin
şəxsiyyəti, onun
səriştəsi, tələbələri
maraqlandırmaq və
onları təhsil prosesinə cəlb etmək bacarığından
asılıdır. Peşəkar
müəllim adlanmaq üçün
ali məktəb müəllimləri bir sıra keyfiyyətlərə malik olmalıdır ki, buraya öz fənnini
yaxşı bilmək, fənnin məzmununu aydın və
anlaşıqlı şərh etmək və tədris
prosesində müasir texniki
vasitələrdən istifadə etmək, şərh edilən
materialı təcrübənin konkret
numunələri ilə əlaqələndirmək və s. daxildir.
Yuxarıda yazılanları ümumiləşdirərək bir daha qeyd edirik ki, təhsildə keyfiyyətin təmin olunması əsasən müəllimlərdən asılı olan bir prosesdir. Bu səbəbdən də Azərbaycan Turizm İnstitutunda bir sıra tədbirlərin həyata keçirilməsi keyfiyyətin daha da yüksəldilməsinə təkan verə bilər. Belə ki, buraya professor-müəllim heyəti ilə müqavilənin ən azı 4 illiyinə bağlanılması, professor-müəllim heyətinin vəzifə pillələrində irəliləməsinin mümkünlüyü, professor-müəllim heyətinin ixtisasartırmasının təşkili, professor-müəllim heyətinin əməyinin həvəsləndirilməsinin təşkili (“ATİ-nin fəxri doktoru”, “ATİ-nin fəxri professoru”, “ATİ-nin fəxri dosenti” adları, digər mükafatlandırmalar), “Ən yaxşı kafedra”, “İlin ən yaxşı müəllimi” adlarının təsis edilməsi, müəllimlərin Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdə keçirdiyi tədbirlərə göndərilməsi, professor-müəllim heyətinin sosial müdafiəsinin təşkili, auditoriyaların texniki təchizatı, fənlərin dərslik və dərs vəsaitləri ilə təminatı, sabit tədris planlarının tətbiqi, tədris planlarının sənaye adamları ilə razılaşdırılması daxildir.
Nigar
Palitra.- 2011. – 8 iyun.
– S. 11.