Bakıda YUNESKO-nun Bioetika Komitəsinin
sessiyası başlayıb
Bakı Biznes Mərkəzində
YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası
başlayıb. “Azadinform”
xəbər verir ki,
dövlət və hökumət nümayəndələri, bir sıra beynəlxalq təşkilatların əməkdaşları,
ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslar və digər
müvafiq qurumların təmsilçilərinin
iştirak etdiyi sessiya YUNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil
edilib.
Sessiyanın
açılışında çıxış edən
AMEA prezidenti, akademik Mahmud Kərimov xatırladıb ki, Azərbaycanla YUNESKO arasında çox sıx əməkdaşlıq mövcuddur və son illər
elm, mədəniyyət və təhsil
sahələrində icra olunan
birgə layihələr bunun bariz nümunəsidir. M.Kərimov qeyd edib ki,
bioetika elmi 20-ci əsrin
70-ci illərindən bəri dünyada çox yüksək sürətlə inkişaf edən müasir
elm sahələrindən biridir.
Onun
sözlərinə görə, planetimizdə bioetikanın bərqərar
olması yüksək biotibbi texnologiyalar sahəsindəki inqilabi
nailiyyətlərlə, yeni
texnologiyaların insan
sağlamlığına və bəşəriyyətin gələcəyinə
gətirən potensial risklərin qiymətləndirilməsi
ilə şərtlənmişdir. Bioetika elminin
inkişafı, bu sahədə tədrisin
və maarifləndirmənin gücləndirilməsi istiqamətində
Azərbaycanda da müvafiq
işlərin görüldüyünü
diqqətə çatdıran M.Kərimov qeyd
edib ki, ölkəmizdə
yeni ixtisas kimi qəbul edilən “Bioetika
və tibbi hüquq”
üzrə mütəxəssis və alimlərin
hazırlanması üçün AMEA-da doktorantura və dissertantura yerləri açılıb, bu sahə ilə bağlı YUNESKO-nun
bir sıra kitabları Azərbaycan dilinə
tərcümə edilib. O, əmin olduğunu bildirib ki, toplantı bioetikanın inkişafına, burada müzakirə ediləcək problemlərin
həllinə öz töhfəsini verəcək
və sessiyanın yekunları əsasında konkret
tədbirlər həyata keçiriləcək.
Sonra
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban
Əliyeva və bu qurumun baş direktoru İrina Bokovanın
müraciətləri təqdim edilib. Mehriban
Əliyevanın təbrik məktubunda qeyd
edilib ki, bioetikanın
öyrənilməsi baxımından müxtəlif konfrans, forum və dəyirmi
masaların keçirilməsi dəstəklənməlidir: “Hər
birimiz yaxşı dərk etməliyik ki, biz öz
ölkəmizin vətəndaşı olmaqla
yanaşı, bəşəriyyət adlı bir
ailənin üzvüyük. Qloballaşma prosesi hər
birimizi böyük və
ümumi məkanın sahibinə çevirib. Bu məkanda insanlar, dövlətlər və xalqlar arasında münasibətlər ədalət
prinsipləri əsasında qurulmalıdır. Sabahı
düşünürüksə, gələcək nəsillər
qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq.
Şübhəsiz ki, bu,
uzunmüddətli prosesdir. Əminəm ki, humanizm və ədalət
əsasında konstruktiv əməkdaşlığın
qurulması məhz bu halda
mümkün olacaq. Ümidvaram ki, bugünkü sessiyanın yekunları
bioetikanın həm dünyada, həm
bölgədə, həm də ölkəmizdə
inkişafına xidmət edən önəmli bir
addım olacaq. Tədbirin təşkilində
əməyi olan hər bir
kəsə, xüsusilə onun Bakıda
keçirilməsini dəstəkləyən YUNESKO-nun
baş direktoru
xanım İrina Bokovaya
dərin minnətdarlığımı bildirir,
sessiyanın işinə uğurlar
arzulayıram”. YUNESKO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini
Pilar Alvarez-Laso, Beynəlxalq
Bioetika Komitəsinin sədri Donald Evans və digərləri
mövzu ilə bağlı fikirlərini
ifadə ediblər.
Qeyd
edək Bioetika ilə
bağlı çoxsaylı məruzələrin dinləniləcəyi
sessiya iyunun 2-də başa çatacaq.
Cavidan
Palitra. – 2011. -1 iyun. –S. 4.