Uşaqlarda bir çox problemin
yaranmasının günahkarı valideynlərdir
Sağlam orqanizm hələ
insan dünya gəlməmişdən
öncə, ana bətnindən
başlayır. Belə ki,
uşağın hansısa xəstəliklə dünyaya gəlməsi sonradan
müxtəlif problemlərə yol
açır və hətta bəzi xəstəliklərin
müalicəsi üçün uzun zaman tələb olunur. Uşaqlarda
müşahidə olunan xəstəliklərin
yaranma səbəbinin aşkarlanması ilə
yanaşı onun müalicəsi də mühüm əhəmiyyət kəsb edir. Müsahibimiz
Suraxanı rayon 31 saylı poliklinikanın
pediatrı Yasəmən Cəlilovadır:
- Bu gün uşaqlarla bağlı geniş yayılan xəstəliklər kəskin respirator virus infeksiyalarıdır. Bundan başqa anginalar, mədə-bağırsaq sistemi xəstəlikləridir. Həmçinin yuxarı və bronxid-pnevmaniya adlanan aşağı nəfəs yolları xəstəliklərini göstərmək olar. Uşaqlarda qanla bağlı xəstəliklər daha çox olur ki, bunlar anemiyalar, hipetrafiya, raxit-sümük boşluğu xəstəlikləri olur. Bəzən az da olsa, ciddi xəstəliklər - talassemiya kimi qan xəstəliyi var. Son zamanlarda mövcud xəstəliklərə gəldikdə isə bəzi xəstəliklərdə statistikada artım var, amma o qədər də yüksək deyil. Məsələn, böyrəklə bağlı problemli uşaqlar doğulur. Ancaq beyindaxili təzyiqlə doğulan uşaqların sayı çoxdur. Hər 10 uşaqdan 8-də beyindaxili təzyiq var. Əvvəllər bu xəstəlik bu qədər inkişaf etməmişdi ki, bu da mühit, texnologiya ilə bağlıdır. Bu gün bütün evlərdə kompyuter, televizor, mobil telefon var. Həmin şüalanmalar bu xəstəliyi daha da artırır.
- Hansı xəstəliklər
uşaqlarda doğumdan
öncə formalaşır?
- Bunlar əsasən ananın keçirdiyi xəstəliklərdir. Ananın keçirdiyi adi bir qrip uşaqlarda qüsur yaradır. Müasir aparatlarla müəyyən olunur ki, uşaqlarda ürək qüsuru, ya da bətndaxili inkişafdanqalma var. Ananın hamiləliyinin ilk üç ayında müəyyən olunur ki, bətndaxili infeksiyası var və bu infeksiyalar uşaqlara müəyyən qüsurlar verə bilir. Bu yalnız beyindaxili təzyiq deyil. Bunlar başın balaca, yaxud böyük olması, çoxbarmaqlılıq və böyrək qüsurlarıdır. Böyrək qüsurları çox azdır. Xəstəliklər adətən irsi və ananın keçirdiyi xəstəliklərə bölünür. İrsən keçən xəstəliklərə böyrəyin kistaları, qan xəstəlikləri olan talassemiya, hemofiliya daxildir. Bir də Daun xəstəliyidir.
- Beyindaxili
təzyiqlə bağlı lazımi müalicə
aparılmadıqda müxtəlif nevroloji
xəstəliklərə gətirib çıxarırmı?
- Əhalinin maariflənməsi mühüm şərtdir. Xüsusilə yerlərdə bu zəifdir. Məsələn, uşağın beyindaxili təzyiqi var və bu uşaq ağlayanda ailədəkilər bunu təbii qəbul edirlər. Müalicə götürdükdə bu xəstəlik keçir, amma əks halda 1-2 yaşda uşağın ağlamağı dayanır və artıq məktəb yaşına çatdıqda, beyin informasiya götürdükdə onda baş ağrıları başlayır. Bundan sonra həkimə apardıqda müşahidə olunur ki, vaxtında müalicə getmədiyindən beyindaxili təzyiq artıb. Bundan sonra isə uşaq illərlə müalicə olunmağa məcbur olur. Çünki yeni doğulduğunda valideynin səhlənkarlığından müalicə almayıb. Tədricən uşaqlarda fəsadlar baş qaldırır ki, bunlardan biri də epilepsiyadır.
- Bu
əsasən uşaq doğulanda
baş verən travmlarla
əlaqədardır?
- Doğrudur, elələri var ki, məhz doğuşla əlaqədardır. Bundan başqa doğuş normal keçsə də, bu xəstəliyin mövcud olması ananın bətndaxili xəstəliklərindən irəli gəlir. Anaların lazımınca hava almaması ilə də bağlıdır. Bu gün qadınlar hamiləlik vaxtı yalnız həftədə bir dəfə havaya çıxır ki, bu da uşaqda özünü büruzə verir. Yaxud ananın qanazlığı var, müalicə almayıbsa, bu da özünü uşaqda göstərir. Həmçinin ananın keçirdiyi stressləri göstərmək olar. Bütün bunlar hormon dəyişikliyi yaradır. Hamilə qadının bir gülməsi uşağa müsbət təsir edir. Əks halda sıxıntı, əsəb də özünü uşaqda göstərir.
- Erkən nikahlar doğulan uşaqlara mənfi təsir göstərirmi?
- Hər bir halda
problem yaranır. Yəni gecikmiş
nikahlarda da, erkən nikahlarda da. Çünki tam formalaşmış uşaq doğulması üçün yaşın
da önəmi var. İlk olaraq erkən nikahda uşaq doğulduqda anada müxtəlif xəstəliklər baş
qaldırır. Mən bunu
düzgün qəbul
etmirəm. Həmin uşaqlarda
əqli cəhətdən
problemlər, yəni zehni, qavrama qabiliyyətinin zəifliyi
kimi hallar özünü göstərir.
Qadının normal ilkin doğuşu
22-26 yaş arası olmalıdır.
- Mövsümlə
bağlı hansı xəstəliklər daha çox müşahidə
olunur?
- Hazırda uşaqlarda yuxarı nəfəs yollarının kəskin
respirator xəstəliyi geniş
yayılıb, anginalar
var. Səbəblərinə gəldikdə isə mən bunu onunla
əlaqələndirərdim ki, bu gün
çoxsaylı mağazalar,
minimarketlər var və uşaqlar burada satılan müxtəlif qidalara çox meyil edirlər. Məsələn,
cipsi, çubuqlu şirələr, kukruz,
“Kinder”, dondurma və
s. məhsullar var ki, bunlar hamısı
konservantlardır. Onları yedikdən
sonra uşaqlarda
angina, yuxarı nəfəs
yollarının virus infekiyaları
baş qaldırır.
Eləcə də işləmə-qusma
var ki, bu
da həmin xoşagəlməz məhsullarla
əlaqədardır.
Daim analara məsləhət görürəm ki, uşaqları həyətə
çıxarsınlar. Çünki uşaqlar qış fəslindən çıxıb
və onlara hava lazımdır. Ancaq uşaqlar həyətdə
belə məhsullarla qarşılaşdıqda valideyndən
bunu tələb edir. Bu gün
bütün binaların
birinci mərtəbələrində
mağazalar var və bu da
satıcıya mənfəət
gətirir. Əvəzində isə uşaqlara ziyan olur. Əksəriyyətində mədə-bağırsaq infeksiyaları baş verir. Hazırda mədə-bağırsaq problemləri çoxdur, hansı ki, keyfiyyətsiz qidalarla bağlıdır. Ölkəyə keyfiyyətsiz qidalar çox gətirilir, həmçinin istehsal tarixi dəyişdirilir.
Eyni zamanda analar hazır məhsullara, kolbasa, sosiskaya çox meyil edirlər. Analara məsləhət görürəm ki, adi bir şorba
ona, uşağa daha xeyirlidir, nəinki kolbasa, sosiska. Yaxud bu gün qadınlar özləri şirniyyat bişirmək
istəmir və uşağa mağazadan hazır kremli şirniyyat alır. Südlü,
kremli məhsullar çox tez mikrob götürür.
Günlərlə mağazalarda qalan
bu şirniyyatlar mikrob daşıyıcısıdır.
Mənə müraciət edən
uşaqlarda məhz bu səbəblərlə
bağlı olanlar
var. Məsələn, bugünlərdə
gecə mənə müraciət etdilər ki, uşağın vəziyyəti pisləşib.
Öyrəndikdə məlum oldu
ki, atası ona çöplü süd alıb, onu içib. Bu problemlər də
zaman-zaman artır.
Bu gün gənc
qızların 80 faizində
müxtəlif problemlər
var ki, bu
da düzgün yaşayış tərzinin
olmaması ilə bağlıdır. Yəni köhnə,
keyfiyyətsiz, mikroblaşmış
qidaları yeməkdən
irəli gəlir.
Əksəriyyətinin mədə-bağırsaq problemi var ki,
bu da məhz
düzgün qidalanmamaqla
bağlıdır.
- Telekanallarda yayımlanan verilişlərin
uşaqlara təsiri ilə bağlı nə deyərdiniz?
- Bəli, hazırda bu bir reallığa çevrilib. Nəinki digər verilişlər, bu gün çizgi filmləri belə uşaqlara öz mənfi təsirini göstərir. Bu gün uşaqlar aqressiv olublar. Çünki hazırda adi cizgi filmlərində ancaq öldürmək, güc tətbiq etmək kimi kadrlar yer alır. Cizgi filmlərində xeyirxahlıq, qocaya, kimsəsizə yardım etmək kimi fikirlər aşılanmır. Bundan başqa əyləncə mərkəzlərində uşaqlar üçün tətbiq edilən oyunlar hamısı yenə mənfi amillər aşılayır. Uşaq belə bir vəziyyətdə, bu ruhda böyüyür. Bu problemin həllini geniş şəkildə aradan qaldırmaq lazımdır. Həkim olaraq getdiyim evlərin hamısında şahidi oluram ki, televizor daim açıqdır və uşaq bütün günü televiziya qarşısındadır. Uşaqlar yalnız ən çox yarım saat ərzində cizgi filminə baxmalıdır. Amma bunun tam əksidir. Bəzi valideynlər var ki, anlayış göstərir və bəzi telekanalları bağlayıblar. Ana işlə məşğul olduğu zaman uşaq da saatlarla aqressiv verilişləri izləyir. Nəinki uşaqlar, hətta bu gün gənclər belə beyinlərini gərəksiz məlumatlarla yorurlar. Mili Parkda şahidi oluram ki, gənclər burada hava almaq əvəzinə mobil telefonla danışır, lazımsız mesajlar yazmaqla məşğul olurlar. Hətta atraksionlarda belə əylənmək əvəzinə telefonda mesaj yazırlar. Mən intellekt cəhətdən bu gənclərdə çox zəiflik görürəm. Bu gün valideyn 7-8 aylıq uşaqların əlinə telefon verir. Valideynlər anlamaq istəmir ki, bu, uşağın beyninə necə mənfi təsir edir. Hazırda bütün uşaqların telefonu var və bunda valideyn günahkardır. Uşaqlar bütün günü telefonda oyunlar oynayır. Bu böyük bir bəladır. Bütün günü telefonla vaxt keçirən gənclər ailə qurduqda uşaqlarına hansı mənəvi dəyərlərdən danışacaq? Bağça yaşlı uşaqların bir çoxunda güclü əsəb müşahidə olunur. Valideyn bu yaşda uşağa nağıl, hekayə, şeir oxumalıdır ki, uşağın beyni inkişaf etsin. Telekanallarda hazır verilişlərə baxdığı üçün inkişaf zəifdir, çünki beyin heç nə istehsal etmir. Uşaqlar oyuncaqlarla oynamalı, müxtəlif fiqurlar qurmalıdır. Uşaqlar küt böyüyür. Valideyn uşaqlarını əziyyətdən çəkindirir. Uşaqları müftəxor böyüdürlər. Amma xaricdə imkanlı ailələrin uşaqları belə çalışır. Mən bunu alqışlayıram. Bizdə xaricdə olan mənfi cəhətləri tez götürürlər, amma elə dəyərləri qəbul etmirlər. Bu gün gənclərin boşanmalara üstünlük verməsinin bir səbəbi də odur ki, məhz valideynlər onu çətinliyə alışdırmayıblar. Cüzi bir problem yaranan kimi əsəbləşir, boşanmaya üstünlük verirlər.
Nigar
Paltra.-2011.-14 iyun.- S.7.