AZƏRBAYCANDA GƏNCLƏR HƏRƏKATI TARİXİNDƏN

 

1920-ci il aprelin 27-də XI Qızıl Ordunun müdaxiləsi nəticəsində Müstəqil Azərbaycan Cümhuriyyəti süqut etdi. Aprel işğalından sonra Azərbaycanın sovetləşməsi prosesi sürətlə həyata keçirilməyə başlandı. Yeni yaradılmış yerli hökumət formal olaraq Nəriman Nərimanov başda olmaqla Azərbaycan bolşeviklərindən ibarət olsa da, əslində bütün real hakimiyyət əsasən ruslardan, ermənilərdən, yəhudilərdən və digər qeyri-azərbaycanlılardan ibarət Moskva təmsilçilərinin əlində cəmləşmişdi. Respublikada sovet quruculuğu əslində onun maddi-texnikiinsan totemasını Mərkəzin məqsəd və maraqlarına tabe etdirilməklə həyata keçirilirdi. Bu «sosializm», «beynəlmiləlçilik», «proletar həmrəyliyi» şüarları ilə pərdələnən, əslində isə imperiyanın müstəmləkə siyasətinin yeni, daha incə formada davamı idi. 

 

 

Azərbaycanda Sovet hakimiyyətinin yaradılması bolşevik Rusiyası tərəfindən  razılıqla qarşılandı. Azərbaycanın sovetləşməsini nəzərdə tutan V.İ.Lenin aprelin 29-da qeyd edirdi ki, «Dünən Bakıdan aldığımız xəbər göstərir ki, Sovet Rusiyasının vəziyyəti yaxşılaşmaqdadır… İndi bizim elə bir iqtisadi bazamız vardır ki, bu bizim bütün sənayemizi canlandıra bilər».

Sovet işğalının ilk mərhələsində, təqribən 1920-ci ilin may ayının ortalarına qədər Azərbaycan əhalisinin müəyyən təbəqələri yeni hökumətə münasibətdə loyal mövqe tutdular. Belə ki, Bakı şəhəri və onun rayonlarının zəhmətkeş müsəlman ziyalıları ittifaqının 1920-ci ilin aprelin 29-da keçirilmiş yığıncağında Azərbaycan İnqilab Komitəsi ilə əməkdaşlıq barədə razılığa gəlmişdi.

Elə həmin gün sol müsavatçılardan ibarət konfransda Müsavat Partiyasının buraxılması və yeni hakimiyyətin müdafiə edilməsi təklifləri müzakirə edildi. Yığıncağın əsas təşəbbüskarları AXC dövründə gənclər hərəkatının tanınmış nümayəndələrindən olan Xəlil İbrahimSüleyman Abdullayev idilər. Rəsmi məlumatda yığıncaq iştirakçılarının kommunistlərin taktikası ilə razı olduqları, yeni hakimiyyəti bütün gücləri ilə dəstəklədikləri Azərbaycan Sovet Respublikasının müstəqillik prinsiplərini qorumaq qərarına gəldikləri bildirilsə də, M.B.Məmmədzadənin yazdığına görə həmin yığıncaqda «bolşeviklər verdikləri və imza etdikləri vədlərinə sadiq qaldığı zaman Müsavat firqəsi onlara qarşı loyal olacaqdır» tərzində bir qərar qəbul edilmişdi.

 Bolşeviklər siyasi partiyaları, ictimai təşkilatları rəsmi bəyanat verərək yeni hökuməti tanıdıqlarını bildirməyə məcbur etdilər.Nəticədə «İttihad», Azərbaycan Sosial-Demokrat partiyaları Sovet hakimiyyətinə xeyirxah münasibət bildirdikləri, bolşevikləri dəstəklədiklərini elan etməyə məcbur oldular. Sonuncu partiyanın bir sıra liderləri (S.A.Ağamalı oğlu, İ.Əbilov, Q.Camalbəyov, H.K.Saniyev), Xalqçı Sosialist Partiyasının (A.Səfikürdski, R.Qaraşarlı, C.Hacınski, Ə.Pepinov) bir sıra liderləri Sovet hökumətinin tərkibinə daxil olaraq dövlət və təsərrüfat orqanlarında yüksək rəhbər vəzifələr tutdular.

Lakin az keçmədən sovet rejimi özünün əsl mahiyyətini büruzə verdi. Yeni hakimiyyətin cəza orqanları - xüsusi şöbələr, fövqəladə komissiyalar siyasi təşkilatların və qrupların üzvlərinə qarşı total hücumlara keçdi. Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, görkəmli nümayəndələri, digər partiya və təşkilat rəhbərləri, Azərbaycan ordusunun zabitləri həbs edildi, onların əksəriyyəti güllələndi, Rusiyanın müxtəlif həbs düşərgələrinə sürgün edildilər.

 Aprel inqilabından bir ay keçməmiş Azərbaycan xalqı müstəqilliyin itirildiyini, milli sərvətlərinin yadların əlinə keçdiyini, millətin qabaqcıl ziyalılarının, görkəmli xadimlərinin təqiblərə məruz qaldığını, ordusunun dağıldığını başa düşərək Sovet müstəmləkə rejiminə qarşı müqavimətə başladı. Müqavimət hərəkatının əsas bazasını Milli Ordunun gənc zabit və əsgərləri təşkil edirdi. Azərbaycanın demək olar ki, bütün bölgələrini - Gəncə, Ağdam, Tərtər, Şuşa, Şəki, Zaqatala, Lənkəran, Quba, Göyçayb. əhatə etmiş bu üsyanı yatırmaq üçün Sovet Ordusu 8 minlik qüvvə gətirməyə məcbur olmuşdu. Xüsusən Azərbaycan milli hərəkatının beşiyi olan Gəncədə müqavimət daha güclü və mütəşəkkil idi. Silahlı üsyanla yanaşı Sovet rejiminə qarşı siyasi ideoloji müstəvidə də mübarizə aparılırdı. Bu mübarizənin ön sıralarında Azərbaycanın mütərəqqi gəncliyinin nümayəndələri gedirdilər.

Azərbaycanlılardan ibarət ilk antisovet mərkəzlərdən biri Tiflisdə Xan Xoyskinin başçılığı ilə siyasi mühacirlərin yaratdığı «Azərbaycanın Milli  Qurtuluş Komitəsi», ikincisi isə Bakıda Mirzəbala Məmmədzadə, Əbdül Vahab Yurdsevər və Cəfər Cabbarlının rəhbərlik etdikləri «Azərbaycanın Müstəqilliyi Təşkilatı» idi. Sovet üsuli-idarəsinə qarşı müqavimət özünü əsasən, artmaqda olan xalq narazılığı formasında göstərirdi ki, bu da hərbi kommunizm təcrübəsinin kobud şəkildə tətbiqi ilə əlaqədar idi. Azərbaycan Xalq Cümhuriyyətinin gənclər hərəkatının görkəmli nümayəndələrindən biri olmuş Ə.V.Yurdsevər sonralar yazırdı ki, 27 aprel axşamı o, M.B.Məmmədzadə ilə M.Ə.Rəsulzadənin evinə gedərək məsləhət almış və Məmməd Sadiq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə Cəfər Cabbarlının şəhər kənarındakı evində ilk gizli partiya mərkəzinin yaradılması qərarına gəlmişdilər.

Aprelin 29-da Müsavat Partiyası  yuxarıda adı çəkilən iclasında partiyanın leqal fəaliyyəti üçün Sovet hakimiyyəti ilə danışıqlar aparmaq üçün nümayəndə heyyəti seçilmişdi.İki gün sonra dövlətin rəsmi icazəsi ilə keçmiş şəhər dumasının binasında 300 nəfərin iştirakı ilə keçirilmiş toplantıda hakimiyyətə ünvanlanmış deklarasiya (məruzə) hazırlandı. Sonralar gizli təşkilatın əsas üzvlərini təşkil edərək bir qrup universitet tələbəsi tərəfindən hazırlanmış məruzə Azərbaycanın müstəqil olaraq qalacağını, rus ordusunun Azərbaycanı tərk edəcəyini, Azərbaycanın idarə formasını təyin etmək üçün təxirə salınmadan Məclisi-Müəssisan çağırılmasının lazım gəldiyini və siyasi azadlıqların qorunub saxlanılmasını başlıca şərt kimi irəli sürürdü.  Həmin toplantıda 15 nəfər namizədin içərisindən M.B.Məmmədzadə, Seyid Zərgər, Əbdül Vahab, Süleyman Abdullayev, Qasım Qasımov, Məmməd Sadıq Quliyevdən ibarət partiyanın Mərkəzi Komitəsi seçilmişdi. Lakin Sovet hökuməti partiyanın leqal fəaliyyətinə icazə vermədiyindən yeni rəhbərlik gizli fəaliyyət göstərməyə məcbur olmuşdu.

Yaradılmış gizli komitə tamamilə gənc və yeni qüvvələrdən ibarət idi. Terrora və təqiblərə baxmayaraq gənclər partiyanın çar hökuməti dövründəki konspirativ sistemini bərpa edə bilmişdilər.

Beləliklə, Azərbaycanın sovetləşməsindən dərhal sonra başlanmış və vüsət almış müqavimət və azadlıq hərəkatına rəhbərlik tamamilə gənc ziyalıların əlinə keçdi. Onların bir hissəsi ali  təhsilini yenicə başa vurmuş, bir hissəsi isə hələ təhsillərini davam etdirən tələbələr idilər. Təqiblərə baxmayaraq onlar tələbələr, məktəblilər, fəhlələr və kəndlilər arasında təbliğat aparır, vərəqə və bəyannamə yayırdılar. Gənclər həbslərdən qorxmayaraq hətta qoşun hissələrində təbliğatla məşğul olur, orada öz gizli özəklərini yaratmağa can atırdılar. Xüsusən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi günləri (28 may, 15 sentyabr) ilə bağlı buraxılan bəyannamələr gənclərdə istiqlal eşqinin yenidən alovlanmasına xidmət edirdi.

Sonralar bu hərəkatın gənc üzvlərindən bir çoxu həbs edilərək güllələnmiş, digərləri isə mühacirət etməyə məcbur olmuşdular. Şəhid olanlar arasında yaxın dövrlərə qədər Azərbaycan tələbə-gənclər hərəkatına rəhbərlik edənlərdən Piri Mürsəlzadə, Qasım Qasımzadə, Hüseyn Müzəffər və başqaları var idi. Sovet işğalı ilə şiddətlənən terror, sürgünedamlar bir çox ziyalıları ölkəni tərk etməyə məcbur etdi. Onların əksəriyyəti gənc universitet tələbələri idilər. Mühacirət etmiş ziyalılar arasında Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər kimi gənc liderlər də var idi.

Azərbaycanda sovet rejimi bərqərar olduqdan sonra formalaşmaqda olan inzibati -amirlik sistemi, təkpartiyalılıq, ictimai-siyasi, mədəni həyatın ideologiyalaşdırılması, vətəndaş hüquq və azadlıqlarına etinasızlıq, insanların hakim ideologiyaya tabe etdirilməsi, ictimai təşkilatların, o cümlədən gənclər təşkilatlarının fəaliyyətinə mənfi təsir göstərdi. Partiya orqanlarından asılı olan bu təşkilatlar faktik olaraq onların iradəsini və qərarlarını yerinə yetirirdilər. Moskvadan Bakıya ezam olunmuş partiya, sovet, komsomol xadimləri RK(b)P Qafqaz Ölkə Komitəsinin üzvləri bu işdə fəal iştirak edirdilər. Azərbaycanda partiya, sovet, həmkarlar ittifaqları, komsomol quruculuğunun əsas istiqamətlərini də onlar müəyyənləşdirirdilər. Bütün hakimiyyət də əslində onların əlində idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müxtəlif gənclər, tələbə təşkilatlarının fəaliyyəti qadağan edilmişdi. Əvəzində Azərbaycanda Kommunist Partiyasına tabe, vahid təşkilatı yaratmaq istiqamətində Sovet hakimiyyətinin ilk günlərindən etibarən tədbirlər həyata keçirilirdi. Bu tədbirlərin əsas təşkilatçıları AKP, MK VK və RKGİ-nin Bakı komitəsi idi.

1920-ci il mayın 5-də RKGİ Bakı komitəsi də Kommunist Gənclər İttifaqının bütün üzvlərinə müraciət edərək onları «kommunizm işinə qoşulmağa» çağırırdı. 1920-ci il mayın 1-də «Kommunist» qəzetində KGİ Zaqafqaziya vilayət təşkilatının Bakı fəhlə gənclərinə müraciəti dərc edildi. Müraciətdə Sovet hakimiyyəti şəraitində komsomolun vəzifələri gənclərə izah edilir, komsomolun sıralarına daxil olmayan gənc fəhlə və kəndliləri «Sovet hakimiyyətinin möhkəmləndirilməsi üçün» onun ətrafında birləşməyə dəvət edirdi. 1920-ci il mayın ortalarında Rusiya Kommunist Gənclər İttifaqı (RKGİ) Qafqaz Diyar Komitəsi yaradıldı. Respublika komsomol təşkilatı ona tabe etdirildi. Zaqafqaziya vilayət komitəsindən buraya B.Barxaşov, A.BelousovO.Şatunovskaya daxil idilər. Azərbaycanın rayonlarında KGİ-nın yerli təşkilatları yaradılmağa başladı. Partiya orqanları komsomol təşkilatlarını istiqamətləndirmək üçün oraya öz nümayəndələrini göndərir və 20 yaşına qədər bütün partiya üzvlərinin komsomola daxil olması məcburi hesab edilirdi.

İlk dövrlərdə gənclər təşkilatı daxilində təşkilatın partiyadan asılı vəziyyətə salınmasına qarşı çıxan, onun müstəqilliyi və bitərəfliyi uğrunda mübarizə aparan gənclər var idi. Bu 1920-ci il mayın 9-da açılmış KGİ V Ümumbakı konfransında «İttifaq quruluşu haqqında» məsələnin müzakirəsi zamanı özünü göstərmişdi. Məsələnin müzakirəsi zamanı çıxış edən bəziləri partiya rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın bitərəf gəncləri öz tərəfinə çəkməkdə problemlərlə üzləşəcəyini bildirmişdilər.

Qeyd edək ki, gənclər ittifaqının bu konfransı I Ümumbakı partiya konfransından sonra keçirildiyindən onun qəbul etdiyi qərarların təsiri altında idi. Belə ki, həmin konfransda Azərbaycanda partiyasovet quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilmiş və Azərbaycan K(b)P-nın Rusiya K(b)P proqram və taktikasından, onun rəhbər orqanlarının qərarlarından heç bir kənara çıxma hallarının, sazişçiliyə və millətçiliyə yolvermə hallarının olmaması göstərilmişdi.

 

 

Ardı var

 

 

 

 

HƏMZƏ CƏFƏROV, Tarix elmləri doktoru, professor, Naxçıvan Dövlət Universiteti 

 

Palitra.- 2011.- 14 iyun.- S.11.