“Peşə təhsili sahəsində müasir standartların, texnologiyaların tətbiqi vacibdir

 

Layihə çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadədir:  

 

- Təhsil hər bir dövlətin inkişafında mühüm rol oynayır. Təhsil sahəsini, elmi inkişaf etdirmədən hansısa inkişafa nail olmaq mümkün deyil. Çünki elmsiz inkişaf dayanıqlı olmayacaq, təməli demək olar ki, olmayacaq. Ona görə də inkişaf etmiş dövlətlər təhsilin inkişafına çox böyük diqqət ayırırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təhsil yüksək xərc tələb etməklə yanaşı həm də yüksək gəlir gətirə bilir. Təsadüfi deyil ki, bu ölkələrin əksəriyyəti birbaşa və dolayısı ilə öz Ümumi Milli Məhsulunun təxminən 1/5-ni biliyin istehsalına və yayılmasına sərf edirlər. Deməli, təhsil müəssisənin, təşkilatın və nəhayət, ümumilikdə ölkənin sosial-iqtisadi inkişafında əsas mövqe tutur. Elmə və təhsilə qoyulan investisiyalar insan kapitalının və potensialının formalaşmasına qoyulan investisiyadır. Çox vaxt bu növ investisiyaları “insana kapital qoyuluşuda adlandırılır. İnsanların təhsil nəticəsində əldə etdikləri biliklər və vərdişlər kapitalın bir formasıdır. Təsadüfi deyil ki, C.Kennedi prezident seçildikdən sonra 1961-ci ilin yanvarında ABŞ konqresində ilk çıxışında milli gəlirin artımının 40%-nin təhsilin payına düşdüyünü və təhsilə kapital qoyuluşunun iqtisadiyyata daha çox səmərə verdiyini nəzərə alaraq federal hökumətin təhsilin, xüsusilə ali təhsilin inkişaf məqsədlərinin müəyyənləşdirilməsini öz üzərinə götürməli olduğunu, milli maraqlara uyğun olaraq ştatlarda yerli hakimiyyət və xüsusi təşkilatların bu məqsədə çatmağa köməklik göstərməli olduğunu bildirmişdi. Bu fikirlərə əsaslanaraq təhsili iqtisadiyyatın inkişafının, həmçinin cəmiyyətdə insan kapitalının formalaşmasının və nəhayət, əhalinin sosial rifahının yaxşılaşdırılmasının ən vacib amili hesab etmək olar.

 Dünya təcrübəsi göstərir ki, təhsil təkcə ölkənin sosial-iqtisadi sosial-mədəni inkişafında deyil, həmçinin onun təhlükəsizliyi davamlı inkişafında, məşğulluğun təmin olunmasında yoxsulluğun azaldılmasında da mühüm yer tutur. Bundan başqa ixtisaslı kadrların yaratdığı maddi və mənəvi dəyərlə heç bir ixtisası olmayan insanın yaratdığı dəyər arasında ciddi fərq mövcuddur. İxtisaslı kadrlar həmçinin əməyin keyfiyyəti baxımından da ixtisassız işçilərdən əsaslı şəkildə fərqlənir. Keçən əsrin 20-ci illərində təhsilin səmərəliliyi problemini S.G.Strumilin tədqiq etmiş və belə nəticəyə gəlmişdi ki, əmək məhsuldarlığının artırılmasından gələn gəlir dövlətin məktəbəqədər təhsilə ayırdığı xərcləri 27,6 dəfə üstələyir, dövlətin kapital xərcləri 1,5 il ərzində ödənilir və növbəti 35,5 il təmiz gəlir götürür. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi də iqtisadiyyatın inkişafı ilə təhsil arasında sıx əlaqə olduğunu göstərir. Xatırladaq ki, ABŞ alimlərinin hesablamalarına görə, bu ölkədə milli gəlirin artımının 15-20%-i təhsilin, bu göstəricinin 1/4-i isə məhz ali təhsilin payına düşür. Bundan başqa artımın 20-40%-ə qədəri elmi biliklərin təkmilləşdirilməsi və onların istehsal prosesində tətbiq olunması hesabına baş verir. Sözsüz ki, bu prosesdə ali məktəblər xüsusi rol oynasa da, ümumilikdə ölkədə təhsil sisteminin çox böyük təsiri var. Qeyd etmək lazımdır ki, ABŞ-da həyata keçirilən fundamental tədqiqatların 60%-i, Yaponiyada 54,9%-i, Almaniyada 57,9%-i, Fransada 90%-i, Böyük Britaniyada isə 95%-i ali təhsil müəssisələrində yerinə yetirilir. Təkcə 1985-1991-ci illərdə universitetlərdə reallaşan elmi-tədqiqat işlərinin maliyyələşməsinə çəkilən xərclər ABŞ-da 7 mlrd. dollardan 17 mlrd. dollara yüksəlib. İnflyasiyanı nəzərə almaqla universitetlərdə elmi-tədqiqat işlərinin həcmi bu illərdə 45%, sənaye müəssisələri­nin laboratoriyalarında 4%, federal hökumət laboratoriyalarında isə 3% artıb.

 

 

- Ölkəmizdə təhsilin inkişafını necə dəyərləndirirsiniz?

 

 

- İndiki bazar iqtisadiyyatı şəraitində Azərbaycanda təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması vacibdir. Çünki təhsil bilavasitə insanın həyat səviyyəsinə təsir göstərən mühüm amildir. Dünya təcrübəsinə diqqət yetirdikdə təhsilin ölkədə nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyi və dayanıqlılığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında da mühüm yer tutan yaradıcı fəaliyyət sahəsi olduğunu görmək olar. Bu fəaliyyət sahəsinin özünün inkişafı isə hər şeydən əvvəl gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsinə və onların gələcəkdə yoxsulluq riskindən qorunmasına müsbət təsir göstərir. Azərbaycanda təhsil sahəsində ciddi islahatlar aparılır və xüsusilə son vaxtlar bu islahatların tempi çox artıb. Prezidentin sərəncamı ilə 2009-cu ildə qəbul edilən “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” bu sahənin inkişafında mühüm rol oynayıb. İslahatları lazımi səviyyədə aparmaq üçün yetərli qanunvericilik bazası formalaşdırılıb. Dövlətimiz bu sahənin inkişafına xüsusi diqqət ayıraraq hər il dövlət büdcəsindən təhsilə ayrılan vəsaitləri artırır. Elm, təhsil sahəsi elə bir yerdir ki, burada genişmiqyaslı aparılmasa, nəticə əldə etmək mümkün deyil. Genişmiqyaslı dedikdə onu nəzərdə tuturam ki, bağçadan başlamış akademik təhsilə qədər bütün sferalarda islahatlar aparıb nizam-intizam yaradılmalıdır. Təhsil sahəsində neqativ hallar minimuma endirilməli, mümkünsə, tamamilə ləğv edilməlidir. Çüki təhsil, elm bu dövlətin gələcəyi deməkdir. Burada bütün işi dövlətin üzərinə atmaq olmaz. İnsanlarımız da fəallıq göstərməlidirlər. Son illərdə görülən işləri analiz etdikdə ciddi dəyişikliklərin olduğunu müşahidə edirik. Hər keçən il təhsil sahəsində ciddi dəyişikliklərlə yadda qalır. Ən əsası odur ki, bu problemlər gizlədilmir, əksinə, açıq-aşkar şəkildə müzakirə edilir, həlli yolları axtarılır. Bu baxımdan hesab edirəm ki, sizin qəzetin bu layihəsi təqdirəlayiqdir, təhsil sahəsinin problemlərinin müzakirəsi üçün yeni müstəvidir.

 

 

- Bu sahədəki əsas problemlər hansılardır?

 

 

- Problemlər çoxdur, amma əsas odur ki, bu problemlərin həlli üçün apırılır. Dövlət başçımızın təhsil sahəsinin inkişafı, bütün neqativ halların aradan qaldırılması üçün ortaya qoyduğu mövqe var. Bu sahədə çalışanların hər biri məsuliyyəti dərk etməlidir. Hesab edirəm ki, AMEA sistemində çalışanların əməkhaqlarının artırılması çox mühüm məsələdir. Müəllimlərin dövlət qulluğunun xüsusi sahəsinə aid edilməsi ilə bağlı sərəncam imzalanıb. Yəni maddi məsələ ilə bağlı problem tədricən aradan qaldırılır. Fikrimcə, ali təhsilli şəxslərin sayını artırmalıyıq. Cəmiyyətdə belə şəxslərin sayı qədər çox olarsa, bu, dövlətin inkişafı üçün o qədər böyük dəstək olar. Ali təhsil ala bilməyənlərin texniki-peşə təhsili almasına çalışmaq lazımdır. Yəni ali təhsilin inkişafına nail olmaqla yanaşı peşə təlimini unutmaq olmaz. Əksinə, bu ikisi paralel şəkildə inkişaf etdirilməlidir. Peşə təhsili sahəsində müasir standartların, texnologiyaların tətbiqi vacibdir. Son illərə qədər peşə təhsili sahəsində ciddi durğunluq yaranmışdı. Yavaş-yavaş irəliləyiş olsa da, hələ görülməli çox var. Peşə təhsili məktəbləri simvolik olmamalıdır, həqiqətən gənclərin gələcək karyerasında mühüm yer tutacaq, gələcəyini dəyişdirəcək məktəblər olmalıdır.

 Bunlarla yanaşı ali təhsilin məzmunu təlim texnologiyaları təkmilləşdirilməlidir. Burada ilk növbədə ali təhsil ixtisaslarının Avropa ixtisas təsnifatına əmək bazarının tələblərinə uyğunlaşdırılması, tədris planı proqramlarının, təhsil resurslarının, müasir fənn proqramlarının, yeni təlim informasiya texnologiyalarını təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması tətbiqi nəzərdə tutulmalıdır. Ali təhsil müəssisələrinin strukturu bütövlükdə onun idarə olunması sistemi müasir tələblər baxımından modernləşdirilməlidir. İlk növbədə idarəçilik strukturunun əsaslı təkmilləşdirilməsi, kadr istehlakçılarının ali təhsil müəssisələrinin idarə olunmasında inkişafında iştirakını təmin edən strukturların yaradılması, aidiyyəti müəssisələri baza kimi müəyyənləşdirməklə sıx əlaqələrin yaradılması vacibdir. Burada tələbə özünüidarə sisteminin inkişafı da nəzərdə tutulmalıdır. Ali təhsil hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, ali təhsildə keyfiyyətin təmin olunması vacibdir. Hər addımda keyfiyyət ön planda olmalıdır. Ali təhsil müəssisələrinin akkreditasiyasına beynəlxalq ekspertlərin cəlb edilməsi təmin olunmalı, universitetlərin reytinqini müəyyənləşdirən sistem yaradılmalı, tələbələrin biliyinin qiymətləndirilməsi sistemi Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmalı, dövlət proqramının özəl ali təhsil müəssisələrinə şamil olunması məqsədilə müvafiq tədbirlər görülməli, ali təhsil müəssisələrinin fəaliyyətinin işıqlandırılmasında müasir informasiya texnologiyalarından geniş istifadə olunmaqla tam şəffaflıq təmin edilməlidir. 

 

 

Anar Miriyev 

 

Palitra.- 2011.- 15 iyun.- S.7.