AZƏRBAYCANDA GƏNCLƏR HƏRƏKATI
TARİXİNDƏN
(Əvvəli
ötən sayımızda)
Gənclər İttifaqının bir aydan sonra
(iyunun 20-də) keçirilmiş
konfransında da gənclər təşkilatının
müstəqilliyi ətrafında qızğın diskussiyalar getdi. Xüsusən partiya və komsomolun qarşılıqlı münasibətləri,
Bakı təşkilatının quruluşu
haqqında məsələlərin müzakirəsi zamanı
çıxış edənlərdən bir
qrupu Gənclər İttifaqının həm
təşkilati, həm də ideya cəhətdən
partiya rəhbərliyindən
asılı olmayaraq fəaliyyət
göstərməsini məqsədəuyğun hesab edirdi. Digər qrup gənclər təşkilatına
partiyanın bir şöbəsi kimi baxmağı təklif edir,
onun əsas vəzifəsinin gənclər
arasında maarif işi
aparmaq olduğunu
göstərirdilər. Lakin konfrans partiya
rəhbərliyinin təsiri altında belə bir
qərar çıxardı ki, gənclər
ittifaqı rəsmən bitərəf təşkilat olsa da, o
kommunist təşkilatıdır və
partiyanın rəhbərliyi altında fəaliyyət göstərməlidir.
Partiya
orqanları Azərbaycanda yeni rejimin qurulması və möhkəmləndirilməsində
gənclərə əsas qüvvə kimi baxır, bu rejimə
qarşı mübarizəyə qalxmış əhalinin
müqavimətini qırmaq üçün gənclərdən
ibarət hərbi dəstələr-batalyonlar, cəza dəstələri
təşkil edirdilər. Əmlakın və
mülkiyyətin sahiblərindən müsadirə edilərək
milliləşdirilməsində onlar
yaxından iştirak edirdilər. 1920-ci ilin may ayında Gəncədə
və Azərbaycanın digər bölgələrində Sovet rejiminə qarşı üsyan
qaldırmış əhaliyə divan
tutulmasında XI Qızıl Ordunun hissələri
ilə yanaşı Bakıda yaşayan əsasən
erməni və ruslardan ibarət könüllü gənclər dəstəsi
də iştirak etmişdi.
Rusiya
daxilində gedən vətəndaş müharibəsində
Sovet hakimiyyətinin düşmənlərinə, o cümlədən
Vrangelə qarşı mübarizə aparmaq üçün
1920-ci ilin yayında Azərbaycan komsomolunun üzvlərindən
10% səfərbərliyə alınmışdı. Kommunist gənclər
hərəkatının bir sıra fəalları
(onların içərisində Cəfər Babayev
və Hüseyn Rəhmanov da
var idilər) Qızıl Orduya
siyasi işə irəli çəkilmişdilər.Kəndli
gənclər arasında kütləvi-siyasi iş
aparmaq üçün
Bakıdan ittifaq üzvləri yerlərə
ezam edilir, «kəndli həftəsinin»
keçirilməsində iştirak edirdilər.
Bakıdan gələn gənclərin köməyi
ilə qəzalarda və kəndlərdə Gənclər
İttifaqının özəkləri yaradılırdı.
Kənd təsərrüfatı məhsullarını toplamaq üçün zərbəçi
qruplar təşkil edilir,
«Qırmızı arabalar» düzəldib
kənd gəncləri arasında Sovet
hakimiyyətini təbliğ edirdilər.
1920-ci
ilin oktyabrından şəhərlə kənd arasında
sıx əlaqə yaradılmasına və kəndə
yardım göstərilməsinə xidmət etməli olan, əslində
isə kəndlərdə Sovet hakimiyyətinin siyasətini həyata
keçirmək, bəylərin, mülkədarların
torpaqlarını müsadirə etmək, sovet rejiminə
qarşı çıxış edən qüvvələrin
müqavimətini qırmaq üçün «Kəndli həftəsi»
adlanan kampaniyalar təşkil edilməyə başlandı. Bu
kampaniyaların əsas iştirakçıları isə
Bakıda yaşayan fəhlə gənclər
idilər. Əksəriyyəti qeyri-azərbaycanlı olan bu gənclər yerli əhalinin
yaşayışına, məişətinə, tələblərinə
hörmətsiz yanaşır, müqavimət göstərənləri
«qolçomaq» adı ilə həbs edir, varlı kəndliləri muzdurlarla
müqavilələr bağlamağa məcbur
edirdilər. Kəndlərdə yoxsul
komitələri təşkil etmək üçün
Gənclər İttifaqının Azərbaycan kəndli gənclərinə
xüsusi müraciəti olmuşdu.
Yarandığı
ilk gündən Azərbaycan Kommunist Gənclər
İttifaqı müstəqil, azad gənclər təşkilatı
deyil, Rusiya Kommunist Gənclər İttifaqının tərkib
hissəsi idi, o RKGİ Qafqaz Diyar Komitəsinin rəhbərliyi
altında, partiya orqanlarının diktəsi ilə işləyirdi.
Kommunist Partiyasının bütün göstərişləri Gənclər
İttifaqı üçün direktiv vəzifə hesab edilirdi və hökmən yerinə yetirilməli
idi. Bununla belə Sovet hakimiyyətinin ilk illərində
Azərbaycan Gənclər İttifaqında plüralizm,
azadfikirlilik, tənqid elementləri hələ
mövcud idi. Komsomol iclaslarında rəsmi direktivlərlə
ziddiyyət təşkil edən fikirlər söyləmək
mümkün idi. Komsomolun,
xüsusən Bakı komitəsinin tərkibində azərbaycanlılar
çox az idi. Əsas rolu ruslar, ermənilər və yəhudilər
oynayırdı. Komsomolun
rəhbər orqanlarında Azərbaycanın maraqlarını
tanımayan, əslində antiazərbaycan siyasəti aparan qüvvələr güclü
təsirə malik idilər. Bakı istisna olmaqla qəzalarda komsomolun fəaliyyəti hiss
olunmurdu, yerlərdə azərbaycanlılar
çox az təmsil olunmuşdular. Rəsmi məlumatlarda üç ay ərzində
(may-iyun) komsomolçuların
sayının təqribən 5 dəfə artması (2 mindən
10 minə, digər mənbələrə görə 1700-dən
10 minə) göstərilsə də, bu rəqəmin
həqiqiliyi şübhə doğurur.
Gəncləri öz tərəfinə
çəkmək məqsədilə Sovet hakimiyyətinin
qurulmasınadan dərhal sonra Azərbaycanda bir sıra siyasi
huquqi aktlar qəbul edildi. Gənclərin hüququnun qorunmasına dair
RSFSP-də qəbul edilmiş əsas qanunlar Azərbaycanda da tətbiq
edilməyə başlandı. Gənc nəslin iqtisadi vəziyyətini
yaxşılaşdırmaq, fəhlə gənclərin əməyini
müdafiə etmək məqsədi ilə bütöv
tədbirlər sistemi həyata keçirilmiş, bir sıra qanunlar qəbul
edilmişdi. Yaşlı fəhlələrin
bütün əmək
hüquqlarını müdafiə edən qanunlar
eyni ilə fəhlə gənclərə
də tətbiq edildi. 14 yaşınadək
uşaqların muzdla işləməsi qadağan edildi, 18
yaşınadək gənclər üçün
6 saatlıq, 16 yaşınadək yeniyetmələr üçün isə 4 saatlıq iş günü tətbiq
edildi, günəmuzd və gecə işləmək,
yeniyetmələrin sağlamlığı üçün
zərərli müəssisələrdə işləmək
qadağan edildi. Bundan başqa bərabər
əməyə görə bərabər ödəniş, fəhlə
gənclərin sağlamlığının mühafizəsi
tədbirləri, geniş sosial
sığorta həyata keçirilirdi.
1920-ci il avqustun 4-də Azərbaycan Sovet hökuməti gənclərin əmək müfəttişlişyinin təşkili və yeniyetmələr üçün 6 saatlıq iş günü haqqında dekretlər verdi. Eyni zamanda gənclərin siyasi və hüquqi tələblərini təmin etmək məqsədi ilə, onlara 18 yaşından etibarən bütün vətəndaş hüquqları verilmiş, bütün dövlət və iqtisadi müəssisələr, fabrik- zavod komitələri onlar üçün açıq elan edilmişdi.
1920-ci ilin mayında Bakı Zəhmətkeş Deputatları Sovetinə 50 nəfər komsomolçu seçilmiş, onun icraiyyə komitəsinə isə komsomol hərəkatının liderlərindən olan Cəfər Babayev seçilmişdi. Lakin bu tədbirlərin əksəriyyəti formal xarakter daşıyır, gənclərin siyasi-iqtisadi hüquqlarının qorunmasını təmin etmirdi. Beləliklə, Azərbaycanda gənclər hərəkatı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş oldu.
HƏMZƏ CƏFƏROV, Tarix elmləri doktoru, professor, Naxçıvan
Dövlət Universiteti
Palitra.-2011.- 15 iyun.- S. 11.