Dini qurumlar fanatizmdən, ekstremizmdən əl çəkmirlərsə, dövlət mütləq bunun qarşısını almalıdır və alacaq

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Yevda AbramovAzadinformun suallarını cavablandırıb:. 

 

- Yevda müəllim, bu günlərdə parlamentDini etiqad azadlığı haqqında” qanunda xeyli dəyişiklik etdi. Zərurət nədən ibarət idi?

 

 

- Bilirsiniz, digər sahələrdə olduğu kimi, bu məsələdə də dövrün reallıqları ilə barışmaq lazımdır. 1992-ci ildə Azərbaycanda bu qanun qəbul olunduqdan sonra indiyə qədər cəmiyyətdə böyük dəyişikliklər baş verib. Məhz ondan sonra da bu səbəbdən  bir dəfə analoji olaraq qanunda dəyişiklik oldu. Son illər də dünyada baş verən proseslər və ölkəmizdə cərəyan edən hadisələr belə diktə etdi ki, qanunda yenidən dəyişikliklər olmalıdır. Çünki Azərbaycanda din-dövlət münasibətlərinin yenidən tənzimlənməsinə ehtiyac vardı. Bilirsiniz, din dövlətdən ayrı ola bilər, amma hökumətdən ayrı ola bilməz. Məhz bu amillərə əsasən indiki şəraitdə baş verən hadisələri qanun çərçivəsinə salmaq üçünDini etiqad azadlığı haqqında” qanunda 19 dəyişiklik edildi. Çox sevindirici hal da o oldu ki, bu zərurəti dərk edən cəmiyyət, eləcə də əksər millət vəkilləri bu dəyişiklikləri müsbət qarşıladı.

 

 

- Bu dəyişikliklər gündəmə gəldikdən sonra belə bir fikir səslənməyə başladı ki, ümumiyyətlə, Azərbaycanda istənilən dində təşkilatlanmaya ehtiyac yoxdur. Onsuz da hər kəsin sərbəst ibadət etməsi üçün hər cür şərait var...

 

 

- Ümumiyyətlə, son vaxtlar məndə belə bir təəssürat yaranıb ki, Azərbaycanda həddindən artıq təşkilatlanmaya meyil var. Mən bunu bütün xarici səfərlərimdə və çıxışlarımda da ifadə edirəm. Həm dinlərdə olan təşkilatlar, həm QHT-lər və sair həddindən çoxdur. Əhalinin sayına olan nisbətdə götürsək, bu təşkilatlanmaya görə Azərbaycan bəlkə də dünyada birinci yer tutar. Məsələn, 10 nəfər yığışıb hər hansı bir dini icma yaradır. Bu kimə lazımdır? Mən bir neçə dəfə həmin təşkilatları yaradanlara bu sualı vermişəm. Sizin üçün ibadət etməyə hər cür şərait var, heç kəs mane olmur, o zaman nəyə görə belə beş-on adam birləşib təşkilatlanırsınız ki, onun da sonra buya digər problemləri ortaya çıxır. Onlar mənə cavab tapa bilmədilər. O zaman adamda yeganə bir şübhə yaranır ki, bunların məqsədi tamam başqadır. Bu təşkilatlanmanın arxasında hansısa şirnikləndirici maddi həvəs dayanır və burada xarici dövlətlərin əli olmamış deyil. Bunu onların özləri ilə söhbətdə də deyirəm. Şübhə etmirəm ki, onlara həmin xarici ölkələrdən aylıq maaş gəlir. Əks halda hansı maneəyə görə dini təşkilatlanmaya ehtiyac ola bilər. Şəxsən mən yəhudiyəm, amma daim oxuduğum «Quran»dır. Yəni sərbəst digər dinləri mütaliə edirəm. Belə olan halda məsələn, hansı müsəlmana nə düşüb ki, gedib digər dinə mənsub “Yəhova şahidləri” adlı bir təşkilata qoşulur və müxtəlif əməllərlə məşğul olmağa başlayır?! Yaxud da ki, beş-on nəfər birləşib hansısa din adı altında bir qrup düzəldib adını da icma qoyurlar. Elə dəyişikliklərdə də biz icma yaranarkən onun tərkibini minimum 50 nəfər nəzərdə tutduq. Eyni zamanda, onların yığışmaları üçün müvafiq tələblər qoyduq. Əks halda onlar gedirdilər xeyir-şər bürosundan bir çadır götürüb hansısa xəlvəti küçədə onun altına yığışaraq müxtəlif işlərlə məşğul olub, ayın axırında da xaricdən maaş alırdılar. Həqiqətən də Azərbaycanda bu məsələ acınacaqlı hala çevrilib. Bu qədər icmanın, məscid içində məscid yaratmanın hansı dinə və kimə xeyri var?! Bu, istənilən xalqı, dini parçalamağa yönəlmiş addımlardır. Bilirsiniz, Azərbaycan bu gün elə bir yol keçir ki, ona ayrı-ayrı məqsədlərlə təşkilatlanmaq yox, mərkəzləşmək lazımdır. Ona görə də qanunda olan son dəyişikliklərə ciddi ehtiyac vardı.

 

 

- Dəyişikliklərdə, həmçinin göstərildi ki, dini qurumlara yerli özünüidarə orqanları tərəfindən maliyyə yardımı da göstərilə bilər. Burada məqsəd nədir?

 

 

- Dini qurumlarla bağlı istənilən məsələni həll edərkən heç vaxt dövlətin dini təşkilata maliyyə yardımı ayırması düzgün deyil. Ona görə də burada biz qanuni fəaliyyət göstərən QHT-lərin və yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin dini qurumlara maliyyə yardımını qanuniləşdirdik. Bəli, ölkə başçısının ayrı-ayrı sərəncamları ilə müxtəlif sahələrdə quruculuq işləri görülür. Amma dövlətin birbaşa dini qurumlara maliyyə dəstəyi verməsi düzgün deyil. Ona görbunu bələdiyyələrin səlahiyyətinə verdik. Bu da lazım idi. Çünki, əks halda günü-gündən artan dini qurumlar istər-istəməz maliyyə mənbəyi axtarırlar. O zaman əlbəttə ki, müxtəlif xarici qüvvələr bundan yararlanmağa çalışacaqdılar. Necə ki, indiyədək bu, əksər halda baş verirdi.

 

 

- Sizcə bu addım həmin qurumların xaricdən maliyyələşməsi məsələsində nəyisə dəyişəcək?

 

 

- Bilirsiniz, bu, ən azı biz tərəfdən atıla biləcək addım idi ki, biz onu etdik və ölkədəki dini qurumlar üçün yerli özünü idarəetmə təşkilatları tərəfindən maliyyələşmə imkanı yarandı. Bundan başqa, ümumiyyətlə, dövlət özü bütün dinlərə loyal yanaşır və yürütdüyü siyasətin bütün aspektlərində bu özünü göstərir. Belə bir məqamda həmin dini qurumlarda cəmləşən insanlar yenə saxta yollara əl atırlarsa, artıq bu onların öz dinlərinə qarşı hörmətsizliyidir. Hər bir insanın öz dini qarşısında vicdanı təmiz olmalıdır. Əgər o dini təşkilatlar həqiqətən sağlam niyyətlə təşkilatlanmaq və fəaliyyət göstərmək istəyirlərsə, o zaman onlar yaşadıqları dövlətin inkişafında aktiv rol oynamalıdırlar. Burada söhbət solçuluqdan, ekstremizmdən, fanatizmdən və s.-dən gedir ki, buna çox varmaq olmaz. Çünki əgər dini təşkilatlar öz fəaliyyətlərini sadaladığım bu amillər üzərində kökləyirlərsə, bu, artıq din deyil. Hansı ki, bütün dünyəvi dinlərin müqəddəs kitabında da bu amillərə yer yoxdur. O təşkilatlar öz müqəddəs kitablarına heç olmasa riayət etsələr, onların fəaliyyətindən nə cəmiyyətə, nə dövlətə, nə də ailəsinə heç bir ziyan gəlməz. Amma yenə də həmin dini qurumlar fanatizmdən, ekstremizmdən əl çəkmirlərsə, dövlət mütləq bunun qarşısını almalıdır və alacaq. Bunuilk növbədə qanunlarla tənzimləməliydik və tənzimlədik. Çünki hər hansı adını din xadimi qoyan bir şəxs gəncləri başına toplayıb hansısa bir evdə onları müqəddəs kitabı öyrətmək adı ilə xarici qüvvələrin sifarişi ilə dövlətə, xalqa qarşı hazırlayırsa, biz buna göz yuma bilmərik. Bu hal indiyə kimi çox olub. Məsələn, biz nə qədər uşaqlarımızı dini təhsil almaq üçün xaricə göndərdik, amma onlar qayıdanda heç öz valideynləri uşaqlarını tanımırdı. Onların beyninə orada din əvəzinə başqa təlimlər yeritmişdilər.

 

 

- Bu gün Azərbaycana xaricdən müxtəlif yollarla ayrı-ayrı dini ədəbiyyatlar da daxil olmaqda davam edir...

 

 

- Bu gün ölkə qanunvericiliyində bu məsələlərdə neqativ halların qarşısının alınması üçün kifayət qədər baza var. Eyni zamanda, əgər ölkədə hansısa din mövcuddursa, mütləq onu əhatə edən kitablar da olmalıdır. Söhbət ondan gedir ki, bu gün ölkəyə kənardan «Quran» gəlirsə, əksər halda onun içərisi həqiqi «Quran» yox, hansısa ölkənin təbliğatı əks olunur. Məsələn, bəzən həmin kitablarda göstərilir ki, yaxın gələcəkdə İslama sitayiş edən xalqlar Türkiyənin bayrağı altında birləşəcəklər. Bu nə deməkdir? Biz Türkiyənin düşməni deyilik, onlar bizim qardaşlarımızdır. Amma axı «Quran» kimi müqəddəs kitabda belə şeyləri təbliğ eləmək olmaz. Axı «Quran» nazil olarkən orada söhbət hansısa ölkədən, eləcə də Türkiyədən getməyib. Bu, bütün dinlərdə belədir. İstər yəhudilikdə, istər xristianlıqda ölkəyə gətirilən ədəbiyyatların əksəriyyəti hansısa dövlətin maraqlarına xidmət edir. Ona görə də diqqətli olmaq lazımdır. Azərbaycana gələn hər bir dini ədəbiyyat yoxlanılmalıdır. Bu, qanunda da göstərilib. Sadəcə olaraq, bizim gömrük sistemi, eləcə də ölkədə dini qurumlarla məşğul olan Dövlət Komitəsi öz postlarında daha ayıq-sayıq olmalıdır. Əgər onlar tam ayıq-sayıq olsalar, bunun qarşısını çox asanlıqla ala bilərlər. Çünki mövcud qanunvericilik buna kifayət qədər əsas verir. Azərbaycan dövləti heç vaxt hansısa dinin alət olması ilə razılaşmaz.

 

Palitra.- 2011.- 15 iyun.- S. 6.