“Məzunların hazırlıq səviyyəsi
ümumavropa əmək bazarı tələbləri
səviyyəsinə yüksəldilməlidir”
Layihə çərçivəsində
növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun
(ATİ) İctimai
fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Tətbiqi Tədqiqatlar
Fondunun direktoru İbrahim Əliyevdir:
- Ölkədə
təhsilin inkişafını necə qiymətləndirirsiniz?
- Təhsil hər bir cəmiyyətin inkişafı, onun əhalisinin rifahı üçün müstəsna əhəmiyyət kəsb edən amildir. Müasir dövrdə, elm və texnikanın həyatın bütün sahələrinə sürətlə nüfuz etdiyi bir zamanda təhsilin əhəmiyyəti daha da yüksəlib. İndi dünya dövlətlərinin sanbalını müəyyənləşdirən başlıca amillər onun əhalisinin təhsil səviyyəsi, yüksək təhsil ala bilmək imkanının genişliyi, nəhayət, əhalisinin ümumdünya əmək bazarında rəqabət qabiliyyətinin yüksəkliyi və bu kimi digər göstəricilərdir. Ölkədə öz ardıcıl ritmi ilə fəaliyyət göstərən, mükəmməl sistem təşkil edən, ictimai həyatın digər sahələri ilə vəhdətdə olan təhsil sisteminin olması müasir mükəmməl cəmiyyətin həyatiliyinin və tərəqqisinin vacib şərtidir. Bu keyfiyyətə malik olmayan dövlət və onun cəmiyyəti bütün məsələlərdə geri qalmağa, özgələrindən asılı olmağa məhkumdur. İndi dövlətlərin inkişaf səviyyəsi onun iqtisadi, siyasi, hərbi gücü, yüksək texnologiyalara malik olmaq və onları inkişaf etdirmək imkanı ilə ölçülür ki, onların təminatının əsasında da güclü təhsil dayanır. Şübhəsiz, təhsil dedikdə onun bütün mərhələləri nəzərdə tutulur. Onların hər birinin güclülüyü eyni zamanda özündən əvvəlki mərhələnin səviyyəsi və mükəmməlliyi ilə ölçülür. Buna görə də ali təhsili onun problemləri, inkişaf istiqamətləri, müasirləşmə imkanları və dünya ali təhsilinə inteqrasiyasını, bütövlükdə təhsilin ümumi vəziyyətini nəzərə almadan düzgün qiymətləndirmək və dərk etmək mümkün deyil. Digər tərəfdən təhsil cəmiyyətin ictimai həyatının ayrılmaz bir hissəsi olmaqla digər sahələrdə olan vəziyyəti tam şəkildə özündə əks etdirir və ona tamamilə uyğun olur. Konkret olaraq müasir zamanda Azərbaycan ali təhsil sisteminin vəziyyəti, onda baş verən dəyişikliklər, bu sahədə həyata keçirilən islahatlar, dövlət proqramlarını yalnız bütövlükdə ölkənin həyatında gedən bütün proseslərin məcmusunun kontekstində yanaşmaqla dəyərləndirmək, onun inkişaf istiqamətlərini proqnozlaşdırmaq və elmi cəhətdən əsaslandırılmış inkişaf xətti yeritmək mümkündür. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 ili tamam olur. Azərbaycan bu illər ərzində çətin və mürəkkəb, lakin şərəfli bir yol keçib, bütün istiqamətlərdə müstəqil dövlətin möhkəm təməli qurulub, bu gün üçün böyük uğurlar əldə edilib. Müstəqilliyin başlanğıcında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də probemlər həddən artıq çox idi. Köhnə təhsilin ideolojı əsaslarından imtina edilmişdi, böhran iqtisadiyyatın bütün sahələrini iflic vəziyyətinə saldığından köhnə sovet təsərrüfat sisteminə uyğunlaşdırılmış kadr hazırlığı ilə məşğul olan ali təhsilin də fəaliyyətini müəyyən qədər mənasız edirdi. Ölkə ali təhsili qarşısında köhnə cəmiyyətin ənənələrindən azad olmaq, öz fəaliyyətini yeni mühitin və bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən qurmaq, təhsil prosesini forma və məzmun cəhətdən qabaqcıl Avropa standartları tələblərinə uyğun quraraq ümumavropa ictimai-iqtisadi məkanına inteqrasiya etmək kimi çətin vəzifələr dururdu. Bu işləri qısa müddətdə görmək mümkün deyildi. Bunun üçün küllü miqdarda vəsait, məqsədyönlü və uzunmüddətli fəaliyyət, möhkəm iradə tələb olunurdu. Belə bir dəstəyi isə ölkə yalnız 1993-cü ildə Heydər Əliyevin Azərbaycan siyasi hakimiyyətinə qayıdışından sonra ala bildi. Lakin təhsilin problemlərini dərhal aradan qaldırmaq mümkün deyildi. İlk vaxtlar maliyyə çətinlikləri, ölkənin müharibə vəziyyətində olması, diqqətin daha vacib olan digər problemlərin həllinə yönəldilməsi obyektiv çətinliklər idi. Lakin elə həmin dövrdən ali təhsilin başlıca məsələlərinə diqqət yetirilməsi hər addımda hiss olunurdu. Onun qanunverici bazası təkmilləşdirilir, dünya standartları tətbiq olunmağa başlayır. Ali təhsilin formasının Avropa təhsilinə yaxınlaşdırılması üçün ikipilləli təhsilə (bakalavriat və magistratura) keçilir. Dünyanın qabaqcıl ölkələrinin təhsil modelləri tədqiq edilir və tətbiqinə şərait yaradılır. Özəl ali təhsil müəssisələrinin fəaliyyəti üçün ilkin qanunverici baza təmin olunur. 2005-ci ildə Azərbaycanın Avropada vahid ali təhsil məkanının yaradılmasına istiqamətlənmiş Bolonya prosesinə qoşulması bu vaxta qədər təhsil sahəsində yeridilən xəttin məntiqi nəticəsi idi. Bu addım Azərbaycanın ali təhsil sahəsində qarşısına qoyduğu məqsədin və onun istiqamətində atdığı addımların real ifadəsi idi. Bu gün Azərbaycan ali təhsil sahəsində Avropa məkanına inteqrasiya etməkdədir. Son illərdə Prezidentin Azərbaycanda ali təhsilin inkişafı üzrə, Azərbaycan ali təhsilinin Avropaya inteqrasiyasına dəstək üzrə bir-birinin ardınca imzaladığı dövlət proqramları bu sahədə görülən işlərin daha uğurla getməsinə təkan verir.
- Bu gün təhsil sistemində həlli vacib olan problemlər hansılardır?
- Bu da bir faktdır
ki, bütün uğurlarla yanaşı ali təhsilin
həll olunması vacib olan bir
sıra problemləri də qalmaqdadır. Qeyd olunduğu kimi, bu problemlərin həlli xeyli vaxt, uzunmüddətli gərgin əmək, qüvvələrin səfərbər
edilməsini tələb
edir. Eyni zamanda nəzərə
almaq vacibdir ki, təhsilin problemləri yalnız təhsilin özü ilə bağlı deyil. Onların bir hissəsi
cəmiyyətdə bütün
sahələri əhatə
edən ümumi durumla bağlıdır və onların həlli də bütövlükdə ümumi
problemlərin aradan qaldırılmasından asılıdır.
Azərbaycanda ali təhsilin həll olunması zəruri olan problemlərinin sırasına tədrisin keyfiyyətinin yüksəldilməsi,
məzunların hazırlıq
səviyyəsinin ümumavropa
və ümumdünya
əmək bazarı tələblərinə uyğun
səviyyəyə yüksəldilməsi,
bütövlükdə ölkə
ali təhsilinin Avropa və dünya rəqabət mühitinə uyğun fəaliyyətinin təmin
edilməsi, təhsil qanunvericiliyinin yeni mühitin tələblərinə
uyğunlaşdırılması və s. məsələlər
daxildir. Son dövrlərdə ölkədə rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizədə
qəti addımlar atılır. Təəssüflə
qeyd etmək lazımdır ki, ali təhsil
müəssisələrində də belə neqativ hallara qarşı mübarizəyə
ehtiyac var. Onların aradan qaldırılması
ali təhsil üçün həyati
əhəmiyyət kəsb
edir. Bu isə
təkcə konkret faktların aşkar edilməsi və günahkarların cəzalandırılması
ilə yanaşı bu şəraiti yaradan səbəblərin
araşdırılması və
aradan qaldırılmasını
da tələb edir.
- Turizmin inkişafında kadr potensialının mühüm
rolu var. Azərbaycan Turizm İnstitutu bu istiqamətdə fəaliyyətini necə qurub?
- Təkcə turizm sahəsi deyil, bütün sahələrin
inkişafının vacib
şərtləri sırasına
ixtisaslı kadr məsələsi də daxildir. Qeyd edək ki, turizm sahəsi müasir Azərbaycanda iqtisadiyyatın yeni, lakin ən önəmli
və ümidverici sahələrindən biridir.
Azərbaycan Sovetlər İttifaqı
tərkibində olarkən
burada turizmin inkişafına elə bir əhəmiyyət verilməmişdi. Müstəqilliyin bərpasından sonra isə turizmin ölkə iqtisadiyyatında
önəmli sahələrdən
biri olduğu nəzərə alınaraq
onun inkişafı üçün geniş tədbirlər həyata keçirilməyə başlanıb.
Onların içərisində turizm industriyasını ixtisaslı kadrlarla təmin etmək üçün atılmış
addımları xüsusi
qeyd etmək lazımdır. Artıq 2006-cı ildə Prezidentin Azərbaycan Turizm İnstitutunun açılması
ilə bağlı fərmanı imzalanıb.
Artıq
2007-ci ildə institutun
açılması üçün
konkret addımlar atılıb və həmin ilin yayında ilk tələbə
qəbulu keçirilib.
ATİ 200 tələbə ilə tədris fəaliyyətinə başlayıb.
Turizm industriyası üçün
3 ixtisas üzrə mütəxəssis hazırlığına
başlanıb. Qeyd edək
ki, ATİ-nin açılmasına qədər
ölkənin ayrı-ayrı
təhsil müəssisələrində
turizm ixtisası üzrə kiçik qruplarda turizm mütəxəssislərinin hazırlanmasına
başlanıb. Lakin bu həmin sahənin artan tələbatını
ödəyə bilməzdi.
Buna görə də ayrıca institutun açılması
və kütləvi şəkildə turizm mütəxəssislərinin hazırlanmağa
başlanması həmin
problemin köklü həllinə imkan yaradırdı. 2010-cu ildə ATİ artıq ilk
məzunlarını əmək
cəbhəsinə yola
salıb. Bizim məzunlarımız
ölkə turizminin ən müxtəlif obyektlərində fəaliyyət
göstərirlər və
biz vaxtaşırı onların
işgüzarlığı və peşəkarlığı
haqqında xoş xəbərlər alırıq.
Bu gün institutda
1300-ə qədər tələbə
təhsil alır.
Lakin güman edirəm ki, onların sayı xeyli artırılmalıdır. Çünki Azərbaycanda turizm
sferası günbəgün
genişlənir və
onun peşəkar mütəxəssislərə olan
ehtiyacı da artır.
Nigar
Palitra.-2011.-17 iyun.-S.7.