«Dövlət İdarəçilik Akademiyasında təhsilin səviyyəsi yüksəkdir»

 

 

Son illər ölkəmizdə ali təhsil məktəbləri arasında reytinqinə görə birinci olan Prezident yanında Dövlət İdarəçilik Akademiyasında 3 fakültədə tədris aparılır. Rəhbər kadrların hazırlandığı İxtisasartırma, Siyasi idarəetmə və İnzibati idarəetmə fakültələrində təhsilin yüksək səviyyədə aparılmasına xüsusi diqqət ayrılır. Siyasi idarəetmə fakültəsinin dekanı, fəlsəfə elmləri namizədi, dosent Sakit Əliyev «Palitra»ya müsahibəsinə hazırda davam edən yay imtahan sessiyasının gedişi ilə başladı:  

 

- Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) hazırda yay imtahan sessiyası davam edir. Birinciikinci kurs tələbələrinin 70 faizi yay imtahan sessiyasını test üsulu ilə kompyuterlər vasitəsilə verirlər. Yenilik olduğu üçün hələlik bu praktika hər üç kursun 70 faizinə şamil olunub. Bakalavriat pilləsinin dördüncü kurs tələbələri praktikadan qayıdıb buraxılış işini verəcəklər. Qalan kurslarda isə kompyuterlər vasitəsilə imtahanlar davam edir. Bu məsələyə çox ciddi yanaşılır. Akademiyanın müəllimləri tərəfindən fənlər üzrə 300 test hazırlanıb və onlar kompyuter mərkəzinə verilib. Akademiyanın kompyuter mərkəzində həmin 300 testdən 50-si seçilibimtahanlarda tələbələr bu suallara cavab verirlər. Həmin 50 sual heç bir müəllim müdaxiləsi olmadan kompyuter vasitəsilə seçilir. Eyni zamanda həmin sualların cavabları da eyni olmur. Yəni tələbənin birində cavab A bəndidirsə, digərində fərqlidir. İmtahan sessiyası bitəndən sonra biz bu variantı diqqətlə araşdıracağıq, akademiyada bu, geniş şəkildə müzakirə ediləcək, lazım gələrsə, tələbələr arasında sorğu keçiriləcək ki, görək onların imtahan sessiyasının bu variantda aparılmasına münasibəti necədir. Üçüncü kursda isə bu il imtahan yazılı şəkildə aparılır.

 

 

- Tələbələrin ilkin fikri necədir? Narazılıq yoxdur ki?

 

 

- Əksinə, tələbələr elə indidən razılıq edirlər. Onlar da bildirirlər ki, yazılı imtahan verməkdənsə bu şəkildə testlə kompyuterdə imtahan vermək daha rahatdır. Bilirsinizmi, məktəblərimizdə deyəsən, şagirdlərə az inşa yazdırırlar ki, tələbələr də yazılı imtahandan qaçırlar. Bu şəkildə verilən imtahanlarda tələbələr fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Digər tərəfdən testlə kompyuterdə imtahanların verilməsi şəffaflığı təmin edir ki, bu da Dövlət İdarəçilik Akademiyası üçün çox vacibdir. İmtahanlar tamamilə şəffaf şəkildə aparılır və müəllimlərlə tələbələrin təması demək olar ki, minimum səviyyədə olur. Müəllim yalnız imtahan gedən auditoriyada ümumi nəzarət edir. Müəllim istəsə belə müdaxilə edə bilməz, çünki özü də əvvəlcədən bilmir ki, tələbə hansı variantın suallarını cavablandırır. Hər tələbədə sualların cavabları fərqli olur. Tələbə kompyuterin qarşısında imtahan cavablarını verirsonuncu sualı cavablandırdıqdan sonra artıq nəticəni də bilir. Daha tələbənin imtahanların nəticəsini bilmək üçün dekanlığa gəlməsinə ehtiyac qalmır. Yəni müəllim onun nə cavabına, nə də nəticəsinə qarışır. Şəffaflığın bu şəkildə təmin edilməsi tələbələrin də, müəlimlərin də ürəyincədir. Əldə edilən göstəricilərin müsbət olduğunu indidən demək olar. Gələcəkdə bütün kurslar üçün imtahanlar test üsulu ilə aparılacaq. Akademiyanın özünün də “Qaynar xətti” var, Təhsil NazirliyininQaynar xətti”nin nömrəsi də bir neçə yerdə divarlardan asılıdır. Bu informasiya auditoriyalarda bütün tələbələrin diqqətinə çatdırılıb və kimin nə şikayəti, narazılığı varsa, həmin nömrələrə müraciət edə bilər. Bundan savayı akademiya rəhbərliyinin əmri ilə Appelyasiya Komissiyası yaradılıb və imtahanlar gedən vaxt aktiv şəkildə fəaliyyət göstərir. Tələbələr imtahanın gedişindən, nəticədən narazı qalarsa, bu komissiyaya müraciət edə bilər və onun müraciəti tam obyektiv və şəffaf şəkildə araşdırılır. Mənə elə gəlir ki, bu variantlardan istifadə edilməsi neqativ halları minimuma endirir. İdeal olmasa da, hər halda şəffaflığın mümkün olan maksimum səviyyədə təmin edilməsi, neqativ hallara yol verilməməsi tələbələrin ürəyincədir.

 

 

- Ümumiyyətlə, akademiyanın tədris prosesində hansı yeniliklər tətbiq edilir?

 

 

- Dövlət İdarəçilik Akademiyasının tədris prosesində Bolonya prosesi, kredit sistemi tam tətbiq edilir. Mən deyərdim ki, bu prosesin həyata keçirilməsi, kredit sisteminin tətbiqi təhsilin səviyyəsini artırmaqla yanaşı tələbələrin marağına xidmət edir. Bolonya prosesinə keçidlə təhsilimiz Avropa təhsil məkanına inteqrasiya edirbuna görə də təhsilimizin səviyyəsi gərək həmin məkanın təhsilinə uyğun olsun, tələblərə cavab versin. Əvvəllər bizdən Avropanın nüfuzlu ali məktəblərinə keçmək çətin olurdu. Burda 2 və 3-cü kursda da olsalar da, Avropa universitetlərinə keçəndə mütləq birinci kursdan təhsilə başlamalı olurdular. Amma yeni sistemin tətbiqindən sonra tələbələrin bu problemi aradan qalxıb. Yəni tələbə burdan gedəndə neçənci kursda təhsil alırdısa, xaricdə də elə eyni kursdan təhsilini davam etdirir. Bizdə fənlərin 70 faizi Avropa universitetlərinin təhsilinə uyğunlaşdırılır. Bu isə tələbələr üçün böyük üstünlük yaradır. Akademiyanın verdiyi təhsili, fənlərin keçilmə səviyyəsini qəbul edirlər. Elə ötən qışda 4 tələbəmiz İngiltərənin Kral Universitetinə qəbul olunub. Daha doğrusu, bizdə təhsil alırdılar, indi qalan müddəti İngiltərədə davam etdirəcəklər. Kral Universitetinə gedən 4 tələbəmizin 2-si Prezident təqaüdçüsüdür. Ümumiyyətlə, tələbələrimizin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almalarında heç bir problem yoxdur. Hazırda Türkiyə, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanadasair ölkələrin nüfuzlu universitetlərində akademiyanın tələbələri təhsillərini davam etdirirlər. Onlar Dövlət İdarəçilk Akademiyası ilə əlaqələrini kəsmirlər, Bakıya gələndə mütləq bura baş çəkirlər. Bu yaxınlarda televiziyaların birində ABŞ-da təhsil alan bir tələbəmizlə bağlı təxminən yarım saatlıq reportaj verdilər. Həmin reportajda amerikalı müəllimlər həmin tələbənin hazırlığını yüksək qiymətləndirirdilər. Bizim fakültədə təhsil alan 125 tələbənin hər il 30-40 nəfəri təhsilini xaricdə davam etdirir. Bu, təkcə bizim fakültə üzrə olan rəqəmdir, elə təxminən bu qədər sayda tələbə də digər fakültədən gedir. Bütün bunlar isə akademiyanın xaricdəki nüfuzunu da xeyli artırır. Dövlət İdarəçiilk Akademiyasının reytinqi çox yüksəkdir. Artıq 10 ildir ki, ardıcıl olaraq DİA ölkəmizin ali təhsil müəssisələri arasında reytinqə görə birincidir. Burada iki amil mühüm rol oynayır - birincisi, təhsilin səviyyəsi, ikincisi, şəffaflıq. Bunu biz yox, keçirilən müxtəlif sorğular, ictimaiyyət nümayəndələri, valideynlər deyir. İl ərzində ali məktəblərə daxil olan 100 Prezident təqaüdçüsünün təxminən 35-40 nəfəri bizim akademiyanın tələbələri olur. Hazırda DİA-da 100-ə yaxın Prezident təqaüdçüsü təhsil alır. İl ərzində bizim qəbulumuz cəmi 200 nəfər olur ki, onun da 35-40 nəfəri Prezident təqaüdünə düşən tələbələr olur. DİA-ya qəbul üçün keçid balı 650-700-dür, rəqabət güclü olur. Qəbul olunan tələbələrimizin səviyyəsi, hazırlığı yüksək olur. Tələbələrimizin çoxunun cəmi bir neçə balı çatmır ki, Prezident təqaüdünə düşsünlər. Ona görə bizdə əlaçı tələbələrin sayı çox olur. Məzunlarımızın səviyyəsi çox yüksək olur. Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, digər dövlət qurumlarından bizə bildirirlər ki, DİA-nın məzunları tam hazırlıqlı kadr olurlar, belə deyək ki, «bişmiş kadr» olurlar.

 

 

- Tələbələrin dərslərə marağı, hazırlığı müəllimləri qane edirmi?

 

 

- Tərif kimi çıxmasın, amma bir fakt deyim. Bizdə digər ali məktəblərdə çalışan müəllimlər yarımştat şəkildə dərs keçirlər. Onlar özləri deyirlər ki, əgər DİA-da auditoriyada olan 25 tələbənin cəmi 4-5 nəfəri bir qədər zəif olursa, digər ali məktəblərdə əksinə, cəmi 4-5 nəfər yaxşı oxuyan olur. DİA-da auditoriyanın səviyyəsi yüksəkdir, ona görə müəllimlər etiraf edirlər ki, dərslərə, mühazirə seminarlara ciddi şəkildə hazırlaşırlar. Müəllim kontingentinin səviyyəsi yüksəkdir. Məsələn, beynəlxalq münasibətlər ixtisası üzrə dərsləri Xarici İşlər Nazirliyinin şöbə müdirləri, müdir müavinləri aparırlar. Prezident Administrasiyasının, Milli Məclisin məsul şəxsləri dərslər verirlər. Bir sözlə, ideal olmasa da, mütəxəssislərin əksəriyyətinin fikri belədir ki, DİA-da təhsilin səviyyəsi yüksəkdir.

 

 

- Yəqin ki, problemlər yox deyil.

 

 

- Təbii ki, problem hər yerdə var. Əsas problem kimi dərslikləri qeyd edə bilərəm. Sonra kadrlarla bağlı problemlər var. Bəzi yaşlı nəslin nümayəndələri yenilikləri bir qədər çətinliklə qəbul edir. Bəzi müəllimlər var ki, illərdir bir fənni tədris edir, indi ona nəyisə dəyişmək çətindir. Yeni texnologiyaların tətbiqi vacibdir. Bizdə artıq bütün kafedralara göstəriş verilib ki, yeni tədris mövsümündə təhsildə yeni texnologiyalar tətbiq ediləcək. Təhsil prosesində yeni texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Bu istiqamətdə bir sıra işlər həyata keçirilir, hazırlıqlar başlayıb. Dərsliklərlə bağlı işlər görülür. Ən əsası odur ki, bu çatışmazlıqların aradan qaldırılması üçün yollar axtarılır ümidvaram ki, bu problemləri həll edə biləcəyik. 

 

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 21 iyun.- S. 6.