“İlk növbədə
təhsil müəssisələrində elmin
rolunu artırmaq lazımdır”
Layihə çərçivəsində
müsahibimiz Azərbaycan Milli
Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimovdur. Arif
müəllim bizimlə müsahibəsinə Azərbaycan təhsili
barədə ümumi fikirlərini bildirməklə
başladı:
- Öncə onu qeyd etməliyəm ki, Azərbaycan təhsili artıq 90-cı illərin təhsili deyil. Azərbaycan təhsilində inkişaf hiss olunur və bu inkişaf da bizə deməyə əsas verir ki, gələcəkdə indiki təhsil sistemimiz, həm də keçmiş sovet təhsil sisteminin müsbət xüsusiyyətlərini özündə saxlamaqla ciddi, səmərəli nailiyyətlərə imza atacaq. Bu, cəmiyyətimizin kompleks inkişafı üçün əsas kimi götürülməlidir. Azərbaycan gəncliyi də əvvəlki gənclik deyil. Əgər Azərbaycan gəncliyi əvvəlki gənclik olsaydı, təhsil sistemimiz hansı formada olmasından asılı olmayaraq, effektini bir o qədər də göstərməyəcəkdi. Amma indiki gənclərimiz öz tələbkarlıqlarını xeyli artırıblar. Çünki əgər tələbə, şagird özü müəllimə qarşı tələbkar olmasa, hansı sistem olursa-olsun, onun əhəmiyyəti olmayacaq. Bugünkü durum buna əsas verir ki, gənclərimiz daha tələbkarcasına özünü inkişaf etdirməyə yönlənsin və təhsil sistemimizdən, yaradılan imkanlardan bəhrələnsin. Azərbaycanın bugünkü inkişafı, cənab Prezidentin gənclərə göstərdiyi qayğı onu deməyə zəmin yaradır ki, tək təhsildə yox, bütün digər sahələrdə də gənclərin dünyagörüşü, məşğulluq səviyyəsi olduqca artır. Dünyagörüşü artdıqca, istər-istəməz təhsil vasitəsilə ümumi səviyyəni yüksəltmə, öz üzərində çalışma bacarıq və görüşləri də artmış olur. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün digər sahələrlə yanaşı, təhsil sahəsi də inkişaf və islahatlar mərhələsinə çoxdan qədəm qoyub. Amma bu mərhələyə qədəm qoyulması ilə hələ hər şey həll olunmur. Gələcəkdə də proseslər bu sürətlə getsə, Azərbaycan təhsilində əsas götürülən hədəflərə çatmaq mümkün olacaq. İkincisi, təhsilin inkişafı üçün bütün dünya praktikası belədir ki, ilk növbədə təhsil yerlərində, müəssisələrində elmi və elmin rolunu artırmaq lazımdır. Son dövrlərdə ciddi inkişaf etmiş Yaponiya, Çin və digər ölkələrin müsbət təcrübəsi də bunu əyani şəkildə sübut edir. Çünki elmin inkişafı olmasa təhsilin inkişafı ola bilməz. O yerdə ki elmin inkişafı yoxdur, təhsil yalnız əvvəl olanları təkrarlamaq əsasında aparılır. Burada isə hər hansı yenilik olmur. Elmin inkişafı Azərbaycanda o biri ölkələrdən fərqli olaraq daha çox Azərbaycan Milli Elmlər Akademiyasında təmərküzləşib, bununla belə, universitetlərlə bu sahədə birgə iş aparılması elmlə təhsilin vəhdətdə inkişafına təkan vermiş olur. Buna xeyli əyani nümunələr göstərmək olar. Məsələn, bizdə bu baxımdan ən yaxşı model Naxçıvan modelidir. AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə fəaliyyəti təhsillə elmin qarşılıqlı səmərəli fəaliyyətinin və iş birliyinin ən yaxşı misalıdır. Bu baxımdan həmin bölmələr nəinki Azərbaycanda, qonşu ölkələrdə də çox yaxşı mövqe qazanıblar. Həm Türkiyə, həm də İranda çox hallarda Naxçıvan modelinə həsədlə baxırlar.
- Rəqabətədavamlı
təhsil və elm üçün
bu iki sahənin
qarşılıqlı əlaqələndirilmiş, birgə
fəaliyyət mexanizmi ilə
bağlı daha hansı fikirləriniz var?
- Bu yeni
mexanizm inkişaf
prosesində özü yerini
tapmalıdır. Hər hansı qərarla elmlə təhsili
birləşdirmək elə də effektli
olmazdı. Sadəcə olaraq bu iki sahə inkişaf tələbatı və zərurətlərindən
çıxış edərək birgə fəaliyyət
göstərməlidir, optimal mexanizm ortaya
çıxmalıdır. Təhsil müəssisəsini bitirən
hər bir gənc mütləq elmlə məşğul
olmaq motivasiyasına yiyələnməlidir.
Sonda da elmlə təhsilini
birləşdirməyin nəticəsini görməlidir.
Naxçıvan Dövlət Universiteti modelini ona görə misal çəkdim ki, burada gənclər təhsil aldıqları
müddətdə təhsillə yanaşı elmlə məşğul
olmağa da yönləndirilirlər.
Bu cür praktika hazırda Gəncədə də mövcuddur. Gəncədə elmi
bölməmiz və bir neçə universitet fəaliyyət göstərir. Deməli,
elmi və təhsil potensialının
toplandığı Gəncədə də elmlə təhsilin
birgə fəaliyyəti müşahidə olunur.
Digər regionlarımızda da belə bir müsbət praktika
artıq formalaşmağa başlayıb.
Bakıda isə bu barədə ənənə
xeyli vaxtdır ki, oturuşmağa başlayıb, ona görə də bununla
bağlı əlavə misallar çəkməyə
çox ehtiyac duyulmur. Məsələn, AMEA ilə Bakı
Dövlət Universiteti tarixən sıx əlaqədə
olublar. Hətta bir vaxtlar rektorla
AMEA prezidentinin bir olması versiyası da təklif edilmişdi. Məsələn, Yusif Məmmədəliyev
həm universitetdə
rektor, həm də akademiyanın rəhbəri olub. Məlum olduğu kimi, bizim akademiyada elmi-tədqiqat institutları
da fəaliyyət göstərir. Bu elmi-tədqiqat institutlarının
da koordinasiyası, yəni elmi yönümlü fəaliyyəti
akademiya vasitəsilə
həyata keçirilir.
Burada da elmlə təhsilin
intensiv qarşılıqlı
fəaliyyəti mövcuddur.
Bundan başqa elmlə təhsil təkcə universitet və elmi-tədqiqat institutları
arasında deyil, həm də universitetlər və elmi tədqiqat institutları ilə şirkətlər, istehsalat
və sənaye qurumları arasında həyata keçirilir.
Bizim istehsalla məşğul olan milli şirkətlərimiz
mövcuddur. İndi
heç bir şirkət deyə bilməz ki, elmi tədqiqat və elmin istehsala
tətbiqi ilə bağlı iş birliyi önəmsizdir. Bütün problemlər və məsələlər elmtutumludur.
Ona görə də şirkətlərin bu işə ciddi marağı var və bizdə də belə olmalıdır. Ona görə də bu cür vacib
məsələlərlə məşğul ola
biləcək kadrların
hazırlanması çox
aktualdır. Bu kadrlar da elmi-tədqiqat
institutlarında, akademiyada
formalaşır. Burada isə
bir daha təhsillə elmin bir yerdə olmasının önəmi
ortaya çıxır.
Bundan başqa təkcə elmi kadrlar yox,
həm də mühəndis kadrlarının
hazırlanması günümüzün
tələbidir. Texniki kadrların
hazırlanması gündəmdə
duran əsas məsələlərdəndir. Sovet dövründə texniki-peşə
məktəblərinin fəaliyyəti
daha intensiv idi. Aşağı texniki personal həmin
məktəblərdə hazırlanırdı.
Həmin
texniki-peşə məktəblərinin
cəmiyyətin inkişafındakı
rolu çox böyükdür. Sovet dövründə
verilən texniki-peşə
təhsili və peşə hazırlığının
səviyyəsi çox
yüksək idi.
Bu barədə o vaxt kimsə irad tuta bilməzdi,
çüki ortada
real nəticələr var
idi. İndi isə bizdə
şirkətlərlə birgə
belə məktəblərin
intensiv və səmərəli fəaliyyətinin
bərpa olunması, dövrün tələbinə
uyğun texniki-peşə
məktəblərinin formalaşdırılması
prosesi gedir. Təhsil Nazirliyi bu yöndə müvafiq qurumlar və xarici təşkilatlarla iş aparır. Bu baxımdan
texniki-peşə məktəblərində
dərs deyəcək
müəllimlərin də
elmi baxımdan ciddi hazırlığı
olmalıdır. Ona görə
də texniki-peşə
məktəblərini bitirənlər
mütləq İKT-ni
yaxşı mənimsəməlidir.
Çünki bütün dəzgahlar
və avadanlıqların
hamısı proqramlarla
idarə olunur. Onların idarəetmə sistemlərini
ancaq müvafiq elmi kadrlar öyrədə
bilərlər. Deməli,
bütün sahələrdə
təhsil elmlə əlaqələndirilməlidir, bunsuz sözügedən sahənin inkişafı səmərəli ola bilməz. Gələcəyin əsası bu
iki bir-birini tamamlayan sahənin birliyi üzərində qurulmalıdır. Bu baxımdan bütün müvafiq strukturların, eləcə də sahə ekspertlərinin, elmi və təhsil
potensialının imkanlarının
birləşdirilməsi və
günün tələbinə
əsasən uzlaşdırılması
cəmiyyətin inkişafı
və güclü inkişaf etmiş bir səviyyəyə çatmaq yolunda əsasdır.
İlkin AĞAYEV
Palitra.- 2011.- 21
iyun.- S. 5.