Hazırda ölkə üzrə 43 otel tikilir
Builki yay turizm mövsümünün
açılışı Bakıda yerləşən
“Ramada” otelində gerçəkləşdirildi. Azərbaycanın turizm
sektoru təmsilçilərinin
və ölkəmizdə
fəaliyyət göstərən
xarici ölkə səfirliklərinin nümayəndələrinin
iştirakı ilə
baş tutan tədbiri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev açaraq bildirdi ki, ölkəmizdə
turizm mövsümü
ənənəvi olaraq
iyunun ortalarından başlayır.
Regionlardakı turizm müəssisələri
qiymətlərdə 8-10 faiz
civarında endirim ediblər
Nazirin sözlərinə görə,
ötən ilin rəqəmləri göstərir
ki, 200 mindən artıq Azərbaycan vətəndaşı yay
mövsümü müddətində
ölkəmizin bölgələrində
istirahət edib: “Biz çalışıb ölkə
vətəndaşlarımıza öz imkanları daxilində dincəlmək
üçün şərait
yaratmalıyıq. Bu gün Azərbaycanda müxtəlif kateqoriyalı
otellər, motellər,
istirahət zonaları
mövcuddur. Statistika da
göstərir ki, bu obyektlər mövsüm ərzində
boş qalmır.
Bu il bizi
sevindirən faktlardan biri də odur
ki, regionlarda fəaliyyət göstərən
əsas turizm müəssisələri öz
qiymətlərində 8-10 faiz
civarında endirim ediblər. İqtisadi vəziyyətin yaxşılaşdırılması
və istirahət mərkəzlərinə daha
çox insanın cəlb edilməsi üçün biz ilk növbədə
qiymətlərin tənzimlənməsini
həyata keçirməliyik”.
Cari ilin olduqca önəmli bir il olduğunu deyən nazirin sözlərinə görə, birincisi, ona görə ki, bu il
Azərbaycanda qəbul
olunmuş “Turizmin inkişafına dair” Dövlət Proqramının
icrasının birinci
ilidir. Digər tərəfdən isə ölkə başçısı
tərəfindən bu
il ölkəmizdə
“Turizm ili” elan olunub. Bununla
bağlı müvafiq
tədbirlər görüldüyünü
deyən Ə.Qarayev bildirdi ki, təbliğat
kampaniyası keçirilir:
““Turizm ili” çərçivəsində Bakı şəhərində
6 beşulduzlu otelin açılışı gözlənilir.
Hazırda ölkə üzrə
43 otel tikilməkdədir.
İldən-ilə yerləşdirmə yerlərinin artması bir daha sübut
edir ki, Azərbaycanda turizm sənayesi cəlbedicidir və sahibkarlar bu istiqamətdə sərmayə qoymaqda maraqlıdır”.
Nazir onu da vurğuladı
ki, həmçinin Azərbaycanda keçirilən
müxtəlif səpgili
beynəlxalq tədbirlər,
çempionatlar müxtəlif
kateqoriyalı insanları
ölkəmizə cəlb
edir: “Bizim əsas məqsədimiz ölkəmizdə yüksək
səviyyəli xidmətin
tətbiq olunmasına
nail olmaqdır. Bunun üçün
ölkə Prezidentinin
göstərişi ilə
sentyabrdan Azərbaycan
Turizm İnstitutunun nəzdində yeni üç təhsil mərkəzi yaradılacaq.
Bu mərkəzlər gənclərə müxtəlif
kateqoriya üzrə servis hazırlığını
öyrədəcək”.
İlk 5 ay ərzində ölkəmizə
gələn turistlərin
sayı artıb
Gələn il Azərbaycanın “Eurovision” mahnı
müsabiqəsinə ev
sahibliyi edəcəyini
deyən nazir bildirdi ki, tədbirdə
iştirak etmək üçün bir çox Avropa ölkələrinin nümayəndələri
Bakıya gələcək:
“Biz bu insanların
normal qarşılanmasını və yerləşdirilməsini
təmin etməyə
hazır olmalıyıq.
Ötən ilin müvafiq
dövrü ilə müqayisədə demək
olar ki, bu ilin ilk 5 ayı
ərzində ölkəmizə
gələn turistlərin
sayı artıb.
Bunun bir səbəbi də odur ki,
Azərbaycana gəlmək
üçün viza qaydaları sadələşdirilib.
Artıq
turizm şirkətlərinin
internet vasitəsilə kənar
yazışmalar olmadan
2 həftə müddətində
viza əldə etmək imkanı var. Bu, sözsüz ki, ölkəmizə gələn
insanların sayının
artmasına müsbət
təsir göstərəcək.
Bu il Azərbaycana
gələn turistlərin
sayının artması
üçün çoxlu
əsas var. AİTF beynəlxalq
turizm sərgisi günlərində Körfəz
ölkələrində Mədəniyyət
və Turizm Nazirliyinin turizm üzrə rəsmi təmsilçiliyinin açılmasına
nail olduq. Turizm Assosiasiyası bu
işlə fəal məşğuldur. Bu il ilk dəfə Las-Veqasda keçirilən Ümumdünya Turizm Sammitinə qoşulmuşuq.
Sentyabrda
Bakıda Dünya Turizm Təşkilatının
seminarları keçiriləcək.
Noyabrda isə Ümumdünya Turizm Sammitinin rəhbərliyi Azərbaycana gələcək
və burada yüksək səviyyəli
görüşlər keçirəcək,
həmçinin “Turizm
ili”nin gedişatı
ilə tanış olacaqlar”.
Payızdan Azərbaycandakı bütün
mehmanxanaların nömrələrinin
onlayn-bronlaşdırılması xidmətlərinin göstərilməsinə
başlanacağını deyən
Ə.Qarayevin sözlərinə
görə, sentyabr-oktyabr
aylarından bütün
otellər internet vasitəsilə
sifarişlər qəbul
edə biləcəklər. Nazir bildirdi
ki, Azərbaycandakı
mehmanxanalarda nömrə
bronlaşdırmaq asanlaşıb.
“www.bakutourism.az” saytı vasitəsilə
Azərbaycan, rus və ingilis dillərində nömrələrin
onlayn-bronlaşdırılması sistemi yaranıb: “Azərbaycandakı bəzi
otellər “booking.com” da
daxil olmaqla onlayn-bronlaşdırılma üçün
dünyanın aparıcı
internet portallarında da
qeydiyyatdan keçib.
Bu gün Azərbaycanda
dünyanın “Holiday İnn”,
“Hilton”, “Park İnn”, “Radisson SAS”,
“Ritz-Carlton”, “Hyatt” kimi mehmanxana
operatorları təmsil
olunur. Otellərin əksəriyyəti Bakıda və ölkənin iri şəhərlərində yerləşir.
2010-cu il ərzində mehmanxana xidmətlərinin göstərilməsi
üçün 21 hüquqi
və fiziki şəxsə lisenziya verilib. Hazırda ölkədə nazirliyin lisenziyası əsasında 295 mehmanxana
və mehmanxana tipli obyekt fəaliyyət
göstərir. Ötən
il dövlət qeydiyyatından 16 mehmanxana
və mehmanxana tipli obyekt keçib”.Qarşıda
görüləcək işlərin
çox olduğunu vurğulayan Ə.Qarayev qeyd etdi ki,
turizm şirkətləri
çox məsuliyyətli
vəzifənin daşıyıcılarıdır:
“Onlar Azərbaycan vətəndaşlarının və ölkəmizə gələn xarici turistlərin yüksək
səviyyəli xidmətlə
təmin olunmasına,
onların buradan yüksək təəssüratla
qayıtmalarına cavabdehdirlər.
Turizmlə maraqlanan bütün
insanları gəzməli-görməli,
səfalı yerlərimizə,
tarixi abidələrlə
zəngin olan bölgələrimizə, təbii
müalicəvi mənbələrdə
fəaliyyət göstərən
sanatoriyalara dəvət
edirəm”.
Bu il
həm turizm şirkətləri, həm
də mehmanxanalar yüksək gəlir əldə edə biləcəklər
Tədbirdə iştirak edən
“Millennium” turizm
şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, hər il yay turizm
mövsümündən əvvəl turizm
şirkətləri öz məhsullarının
rəqabətqabiliyyətli olmasını təmin etmək üçün bir
sıra işlər görürlər: “Bunun
üçün ilk olaraq bazarda keyfiyyətli, çevik və eyni zamanda bəlli qiymətlər toplusu
hazırlanır ki, bu
da rəqabətəqabiliyyətliliyi təmin
etmək baxımından çox vacibdir. Həmçinin bu
il ölkəmizdə “Turizm
ili” olduğundan Mədəniyyət
və Turizm Nazirliyinin
və Azərbaycan Turizm
Assosiasiyasının tapşırığı var ki, turizm
şirkətləri qiymətləri münasib
və sabit saxlasınlar. Bu
məqsədlə müxtəlif otel və
mehmanxanalarla bir
sıra aksiyaların həyata keçirilməsini
razılaşdırmışıq. Bunlardan
biri “4 gün qal, 3 gün ödə”,
“8 gün qal, 6 gün ödə”
kampaniyasıdır. Artıq 10 gündür
bu kampaniyaya start verilib. Konkret olaraq bu aksiya Nabranda
yerləşən “Palma” istirahət mərkəzində
gerçəkləşdirilib. Onu da bildirim ki,
artıq kampaniya öz
effektini verib. Belə ki, istirahət mərkəzi rəhbərliyindən
aldığımız məlumata görə, həftəsonu
üçün yerlər bir
neçə həftəlik tamamilə tutulub.
Sifarişlərin 40 faizi turizm
şirkətləri tərəfindən verilib.
Güman
edirəm ki, bu qiymət
enmələri turizmin kütləviliyini təmin
edəcək və müəyyən bir
dövriyyənin formalaşmasına şərait yaradacaq. Ən azından biz
nikbin baxırıq ki,
bu il həm turizm şirkətləri, həm də mehmanxanalar yüksək gəlir əldə
edə biləcəklər”.
Şirkət rəhbəri onu da vurğuladı ki, dövrü mətbuatda, internet saytlarında, televiziyalarda intensiv olaraq reklamlar yerləşdirilir: “Düşünürəm ki, bunun da effekti böyükdür. Son vaxtlar media ilə turizm şirkətləri arasında yaranmış qarşılıqlı anlaşma və sıx əməkdaşlıq da bizim təbliğatımızı düzgün qurmağımıza kömək edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın turizm sektoru yay mövsümünə hazırdır”.“Avropa” oteli də mövsümə hazırdır. Otelin baş meneceri Tolqa Akkaş bildirdi ki, bu məqsədlə “Avropa” otelində bir sıra yeniliklər tətbiq edilib: “Hovuzun ətrafını xüsusi olaraq yay mövsümü üçün hazırlamışıq. Bunu yalnız otelimizin qonaqları üçün deyil, həm də Bakı sakinləri üçün nəzərdə tutmuşuq. Bu ilin ölkə ərazisində “Turizm ili” elan olunması münasibətilə Azərbaycanın turizm potensialının xaricdə təbliğini həyata keçirmək üçün əməkdaşlıq etdiyimiz xarici turizm şirkətlərinin internet saytlarında müxtəlif reklam məlumatları yerləşdirmişik. Eyni zamanda “Avropa” oteli olaraq qiymətlərimizdə müəyyən endirimlər etmişik. Bunu həm əməkdaşlıq etdiyimiz xarici şirkətlər, həm də yerli turizm şirkətləri üçün etmişik. Bu səbəbdən də bizim 2011-ci ildən gözləntilərimiz böyükdür”.Tədbirin sonunda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.
Nigar
Palitra.- 2011.- 21 iyun.- S.7.