«Azərbaycan Avropa
İttifaqı üçün əsas tərəfdaş
ölkələrdən biridir»
Azərbaycan-Avropa
İttifaqı Parlamentlərarası əməkdaşlıq
üzrə Komitəsinin Bakıda keçirilən 11-ci
iclası başa çatıb. Bu barədə iclasın yekunlarına dair keçirilən mətbuat konfransında
Azərbaycan tərəfdən komitənin həmsədri, vitse-spiker Valeh Ələsgərov
bildirib.
Görüşdə əməkdaşlığın bütün sahələrinə toxunulduğunu deyən V. Ələsgərov iqtisadi, sosial sahələrdə islahatlar, Qarabağ probleminin həlli, mütəşəkkil cinayətkarlıq, insan alveri və narkotiklərin qeyri-qanuni dövriyyəsi, çirkli pulların yuyulması və s. məsələlərin müzakirə olunduğunu qeyd edib: «Müzakirələr konstruktiv keçdi. Müzakirələrin nəticəsi olaraq gələcək fəaliyyətimiz barədə qərarlar qəbul olundu. Azərbaycan tərəfi xahiş etdi ki, görüşlər ildə bir dəfə deyil, daha intensiv keçirilsin. Biz istərdik ki, qanunvericilik sahəsində də əməkdaşlıq edək» - deyə vitse-spiker vurğulayıb. V.Ələsgərov vurğulayıb ki, ərazi bütövlüyü həll olunmayınca, əhali öz torpaqlarına qayıtmayınca, Azərbaycanın Avropa İttifaqına üzvlüyü mümkün deyil: “Bu problem həll olunmayınca üzvlükdən söhbət gedə bilməz. Əgər tərəfdaşlıq və əməkdaşlıq ediriksə, ərazi bütövlüyümüz təmin olunmalıdır. Ədalət təmin olunmalı, münaqişə sülh yolu ilə həll edilməlidir». Vitse-spiker deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun inkişafına mane olur: “Azərbaycanın bu münaqişəni öz gücü hesabına həll etmək imkanı var. Lakin rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə tərəfdardır”. Avropa İttifaqı tərəfdən həmsədr Milan Kabrnok isə bildirib ki, sonuncu görüş 2009-cu ildə keçirilib. Bundan sonra bir sıra yeniliklər olub. Azərbaycanda parlament seçkiləri keçirilib, “Avronest” Assambleyası yaradılıb: «Biz Azərbaycanın dinamik və sürətlə inkişaf etməsini yüksək qiymətləndiririk». O, nümayəndə heyətində Avropa Parlamentinin əsas aparıcı partiyaların nümayəndələrinin təmsil olunduğunu deyib: «Enerji sahəsində əməkdaşlıq da müzakirə olundu. Biz bu sahədə təhlükəsizlik və diversifikasiyaya üstünlük veririk». M. Kabrnok deyib ki, Avropa Parlamenti Avropa İttifaqı və Azərbaycan arasında assosiasiya sazişinə böyük önəm verir. Azərbaycanın Avropa İttifaqına üzvlüyü isə hələ gündəmdə deyil. Milan Kabrnok qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. O, Azərbaycanda keçirdikləri görüşlərdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğunu, Avropa İttifaqının bu sahədə gördüyü addımlar haqqında fikir mübadiləsi apardıqlarını vurğulayıb: «Biz Azərbaycanın ərazi bütövlüyünü və xalqların öz müqəddəratlarını təyinetmə hüququnu dəstəkləyirik». M. Kabrnok Azərbaycanın Avropa İttifaqı üçün əsas tərəfdaş ölkələrdən biri olduğunu, amma yeganə tərəfdaş ölkə olmadığını ifadə edib: «Biz Azərbaycanla enerji təhlükəsizliyi məsələsində, həmçinin ticarət sahəsində əməkdaşlıq etmək istəyirik. Biz enerji sahəsində əməkdaşlığı buna bağlamırıq. Mən düşünürəm ki, Dağlıq Qarabağ problemi tezliklə həll olunmalıdır. Ona görə ki münaqişənin həlli bütün regionun inkişafı üçün vacibdir”.
Palitra .- 2011.- 22 iyun.- S. 4.