Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib

 

İyulun 5-də Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov YAP-ın rəsmi saytına müsahibəsində deyib.  

 

O bildirib ki, qurultayda dünyanın 42 ölkəsindən 595 nümayəndə və 205 qonaq iştirak edəcək: “Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr Rusiya Federasiyası (153), Türkiyə (94), Ukrayna (45), Almaniya (45), Gürcüstan (40), ABŞ (24), İsveç Krallığı (22) və Niderland Krallığıdır (21). Qurultayın digər nümayəndələri Azərbaycanın dövlət və hökumət orqanlarından, siyasi partiya və ictimai qurumlardan, mədəniyyət və incəsənət xadimləri arasından seçilmiş şəxslər olacaq”. N.İbrahimov Dünya Azərbaycanlılarının III Qurultayının əlamətdar tarixdə - Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyi ildə keçirildiyinə diqqət çəkib: “Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik”.Komitə sədrinin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində 410-dan çox Azərbaycan diaspor təşkilatı, azərbaycanlı gənclərin 50-dək təşkilatı fəaliyyət göstərir. 40 gənclər təşkilatının nümayəndələri Dünya Azərbaycanlılarının III Qurultayının işində iştirak edəcəklər. “Hazırda Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır” - deyə N. İbrahimov bildirib.

 

 

 

Nigar 

Palitra.-2011.-29 iyun.- S.12