“İçərişəhər” intellektual festivalı keçirildi

 

Qoşa qala qapıları meydanında “Xəzər” İntellektual Gənclər Klubu, “İRƏLİ” İctimai Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə birinci “İçərişəhər” intellektual festivalı keçirilib.

Bu barədə “İRƏLİ”dən qəzetimizə xəbər verilib.  Tədbiri giriş sözü ilə açan “Xəzər” İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov festivalın əsas məqsədinin gənclər arasında elmə, biliyə və intellektual oyunlara olan marağı artırmaq və tarixi irsimizi təbliğ etməkdən ibarət olduğunu söyləyib. “İRƏLİ” İctimai Birliyinin təhsil müəssisələri ilə iş üzrə katibi Vüsal Bəkirov da öz növbəsində festival iştirakçılarına uğurlar arzulayıb və  Azərbaycanda ilk dəfə açıq hava şəraitində intellektual festival keçirildiyini və müxtəlif universitetlərdən 400-dən çox tələbənin bu bayramda iştirak etdiyini qeyd edib. Daha sonra çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Quliyev tədbirin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi və intellektual oyunlara marağın artırılması baxımından əhəmiyyətini vurğulayıb. Gün ərzində keçirilən festivalda intellektual oyunlar üçün yaradılmış klubların iştirakı ilə breyn-rinq, fərdi oyun, erudit-loto və digər maraqlı oyunlar keçirilib. İştirakçıların qeydiyyatı aparılıb, onlara müvafiq sual kartları və cavab variantları paylanıb. Arzu edən hər kəs festivalda oyunçu qismində iştirak edib və biliklərini sınayıb. Tədbirin sonunda qaliblərə xatirə hədiyyələri, festivalın diplomu və qalib komandaya kubok təqdim edilib.

İlkin

Palitra.-2011.- 29 iyun.- S.12.