Azərbaycan özünü
taxıl məhsulları ilə təmin edə bilər
“Məqsəd 2015-ci ildə
taxıl bitkilərinin məhsuldarlığını 32
sentnerə çatdırmaqdır”
Ölkə
başçısının sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında cari ildə önəmli məsələlərdən
biri kimi kənd təsərrüfatının
inkişafını stimullaşdırmaq üçün əlavə
tədbirlərin görülməsi vurğulandı. Bu istiqamətdə
görüləcək tədbirlərlə bağlı
suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin
Bitkiçilik məhsullarının istehsalı, emalı və
ərzaq ehtiyatlarının tənzimlənməsi şöbəsinin
müdiri Sabir Vəliyev cavablandırdı:
-
Ölkə başçısının sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin ilin yekunlarına dair
iclasında ümumiyyətlə kənd təsərrüfatı
işçiləri qarşısında çox böyük
vəzifələr qoyulub. Çünki ənənəvi
olaraq Azərbaycanın torpaq-iqlim şəraitinə uyğun,
bölgələr üzrə ölkənin kənd təsərrüfatı
sahələri ixtisaslaşdırılıb. 2009-cu ildə
ölkədə rekord miqdarda taxıl istehsal olunub. Lakin 2010-cu
ilin aprel-may aylarında yağan yağışlar ümumiyyətlə
bütün dünyada, o cümlədən ölkəmizdə
kənd təsərrüfatına ciddi ziyan vurdu. Ancaq ölkə
başçısının apardığı siyasət nəticəsində
Baş nazirin rəhbərliyi altında xüsusi dövlət
komissiyası yaradıldı. Bir çox aidiyyəti dövlət
orqanları, mərkəzi icra orqanları, yəni nazirliklər,
komitələr, baş idarələrin də daxil olduğu
bir tərkibdə hər bir dövlət qurumu bu fəlakətin
vurduğu ziyanın aradan qaldırılması istiqamətində
tədbirlər görüblər. Biz fəxrlə qeyd edə
bilərik ki, ölkəmizdə bu fəlakətin vurduğu zərərlər
heç bir insan tələfatına səbəb olmadı.
Ancaq təbii fəlakət nəticəsində təxminən
60 min hektar sahədə ayrı-ayrı kənd təsərrüfatı
bitkilərinə ziyan dəydi, müəyyən miqdarda heyvan
tələfatına yol verildi. Buna baxmayaraq lazımi orqanlar, o
cümlədən Kənd Təsərrüfatı Nazirliyi qərargah
yaratmışdı. Şirvan şəhərində yerləşən
bu qərargaha nazirliyin bütün qurumları daxil
edilmişdi. Aidiyyəti üzrə hər gün biz
ayrı-ayrı rayonlardan insanların etdiyi müraciətlə
bağlı lazım olan tədbirlər haqqında Fövqəladə
Hallar Nazirliyinə mütəmadi məlumat vermişik. FHN
çox çevik şəkildə bu təbii fəlakətin
aradan qaldırılması, xüsusilə Meliorasiya Təsərrüfatı
Komitəsi ilə birlikdə Kür çayının
daşmasının, ayrı-ayrı kəndlərə,
yaşayış məntəqələrinə, torpaq sahələrinə
vurulan ziyanın qısa müddətdə aradan
qaldırılması üçün tədbirlər
görüb. Nəticədə torpaq kərpiclə
tikilmiş evlərin əksəriyyəti müasir tipli,
xüsusi kommunikasiya sistemi ilə təmin olunmuş evlərlə
əvəz edilərək, gözəl evlər tikilərək
istifadəyə verilib. Hətta biz yerlərdə olarkən əhali
ölkə başçısına yaradılan şəraitlə
bağlı öz təşəkkürünü bildirib.
-
İclasda ölkə başçısı bildirib ki, kənd
təsərrüfatının inkişafı
üçün çox mühüm sahə sayılan
toxumçuluğu inkişaf etdirməliyik. Bu istiqamətdə
hansı tədbirlərin reallaşmasını vacib hesab
edirsiniz?
- Son
müşavirədə adiyyəti qurumlar qarşısında
qoyulan məsələlərdən biri də odur ki, Azərbaycan
özünü kənd təsərrüfatı məhsulları
ilə təmin etməlidir. Xatırladaq ki, 2008-ci ildə “Əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” qəbul edilib. Ümumiyyətlə,
toxumçuluq dedikdə buraya kənd təsərrüfatı
məhsulları, xüsusilə də meyvə, giləmeyvə
bitkiləri, ting də aid edilir. Azərbaycanda son illər,
xüsusilə yeni meyvə bağlarının
salınması artıqlaması ilə yerinə yetirilib. Bizim
üçün ən önəmli məsələlərdən
biri dənli taxıl, dənli paxlalı bitkilərin
toxumları ilə fermerləri, əkin sahələrini təmin
etməkdir. Fərəhli haldır ki, ölkəmiz bu gün
özünü bir sıra ərzaq məhsulları ilə təmin
edir. Buraya məsələn, kartof, tərəvəz, bostan,
meyvə, giləmeyvə daxildir. Bizim ən çox
ehtiyacımız buğdaya, buğda ununadır ki, bu, dənli
və dənli paxlalı bitkilərin intensiv yolla
inkişafı ilə bağlıdır. Yəni intensivləşmə
prosesi, yeni texnologiyanın tətbiqi sahəsində məhsuldarlığı
qaldırmalıyıq. Fərz edək ki, əkin sahəsinin
60 faizi taxıl, dənli taxıl, paxlalı bitkilər
altında gedir. Amma buradan alınan məhsul nə qədərdir?
Bugünkü çatışmazlıq ondan ibarətdir ki,
hektardan məhsuldarlıq 20-25 sentnerdən yuxarı
çıxmır. Bizim qarşımızda qoyulan məqsəd
odur ki, 2015-ci ildə taxıl bitkilərinin məhsuldarlığını
32 sentnerə qaldıraq. Mən deyərdim ki, ölkəmiz
üçün orta rəqəm azdır. Çünki biz
lazım olan tədbirləri, xüsusilə torpaqların
münbitliyinin yaxşılaşdırılması, yerlərdə
suvarma sisteminin yenidən qurulması, şorakənd
torpaqların yuyulmasını başa çatdıra bilsək,
yəni hər hektardan məhsuldarlığı qaldıra
bilsək, Azərbaycan özünü tam təmin edə bilər.
Bizim təcrübələr göstərir ki, Qarabağ, Qərb
bölgəsində, Şirvan və ayrı-ayrı zonalarda
qabaqcıl texnologiyalar tətbiq edən insanlar var və nəticədə
həm yerli, həm də gətirilmiş sortlardan hektardan
60-65 sentner məhsul alırlar. Bu təcrübəni həm dəmyə,
həm də suvarılan torpaqda tətbiq etsək, məhsuldarlığı
qaldırsaq, yəni ekstentiv yoldan intensiv yola keçsək,
sahənin artırılması yox, məhsuldarlığın
artırılmasını tətbiq etsək, Azərbaycan
özünü taxıl, taxıl məhsulları ilə də
təmin edə bilər.
-
Ölkədə çörəyin qiyməti ilə
bağlı müxtəlif fikirlər səslənsə də,
hazırda bu stabillik qalmaqdadır...
- Biz
hər il xaricdən, xüsusilə də Qazaxıstandan 1
milyon ton taxıl alırıq. Hətta ötən il Rusiya
taxıl ixrac edən ölkə olduğu halda az taxıl
istehsal etdiyi üçün idxal etməyə başladı.
Ona görə də Qazaxıstanla diplomatik münasibətlər
yüksək səviyyədə olduğuna görə
taxıl gətirməyə məcbur olduq. Hökumət də
qərar qəbul etdi ki, gələn ilə qədər idxal
olunan buğda, buğda unu, çəltik bitkiləri əlavə
dəyər vergisindən azad olunsun. Bu da çox müsbət
haldır və sahibkarlar üçün yaradılan şəraitdir.
Bu məhsullar Azərbaycan üçün çox
mühümdür, çörək, çörək məhsulları
məmulatları çox istifadə olunur. Ona görə də
bu sahə daim diqqət mərkəzindədir. KTN tərəfindən
qaldırılan bu məsələ ilə bağlı
hökumətin qərarı ilə əlavə dəyər
vergisindən azad olunduğuna görə görülən tədbirlər
nəticəsində çörəyin qiyməti qalxmadı
və sabit qaldı. İndi də ölkədə müxtəlif
çeşiddə çörək məmulatları istehsal
olunur. Çörək sənayesində çox böyük
texnologiyalar ölkəmizə gətirilir. Azərbaycanın
istehlak bazarına nəzarət gündən-günə
yaxşılaşdırılır. Mətbuatdakı
çıxışlarımız, xüsusilə də mənim
ayrı-ayrı orqanlara tənqidi yanaşmağım öz təsirini
göstərir. Tənqid olmasa, inkişaf olmaz. Ayrı-ayrı
orqanlarda rəhbərlik deyil, qurumların tərkibində
adamlar vardı ki, məhsulların qiymətinin
qaldırılmasına şərait yaradırdılar. Biz
KİV vasitəsilə bir daha onların yadına
saldığımıza və rəhbərlik tədbir
gördüyünə görə çörək,
çörək məhsullarının qiyməti qalxmadı.
Biz istehsalçının marağını
qorumalıyıq.
-
Ölkədə kənd təsərrüfatının
inkişafı istiqamətində hansı yeni addımların
atılmasına ehtiyac var?
-
Ümumiyyətlə, meyvə, tərəvəz, bütün
ərzaq məhsulları əziyyətlə becərilir. Kənd
təsərrüfatı bütün sənaye sahələrindən
10 dəfə ağır başa gəlir. Məsələn,
təbii fəlakət olan məhsul olmur, ona qarşı
mübarizə aparmaq lazımdır. Miçurin də deyib ki,
“Heç vaxt təbiətdən mərhəmət gözləmək
olmaz”. Ona görə də biz mübarizə
aparmalıyıq. İldən-ilə də ölkədə kənd
təsərrüfatının inkişafı istiqamətində
davamlı tədbirlər həyata keçirilir. Bu, müxtəlif
istiqamətlərdə, o cümlədən təhsil sistemində də özünü göstərir.
Ölkə başçısının sərəncamı
ilə Dövlət Aqrar Universiteti adlanan təhsil
ocağında çox böyük yeniləşmə işləri
gedir. Ümidvaram ki, kənd təsərrüfatı təmayüllü,
lazımlı mütəxəssislər yetişəcək.
Azərbaycanın ayrı-ayrı bölgələrində
onlar kənd təsərrüfatına rəhbərlik etməlidirlər,
özlərini göstərməlidirlər. Dünya
miqyasında baş verən bütün elmi-tədqiqat, təcrübə
mübadiləsi Azərbaycana gəlməlidir və ölkəmizin
kənd təsərrüfatı inkişaf etməlidir. Əhalinin
gündəlik tələbatı, yaşayış tərzini
yaxşılaşdırmaq üçün mütləq
onların normal şəraitdə qidalanması vacibdir. Ölkə
başçısı tərəfindən aqrar sahəyə
hər il 80, 90, 100, bu il də ayrı-ayrı sahələrin
inkişafı üçün 111 milyon manat vəsait
ayrılıb. Bu vəsait Nazirlər Kabinetinin qərarı ilə
bölünüb. KTN-də xüsusi dövlət
komissiyası var, 5 nazirlik və qurum bu komissiyanın tərkibində
iştirak edir. Azərbaycanın taxıla, toxuma olan tələbatı
150-160 min tondur. 2008-ci ildə ölkə rəhbərliyi tərəfindən
5 milyon vəsait ayrıldı və 7 min tondan yuxarı xaricdən
taxıl gətirdik. Bu ötən il bizə 70 mindən
yuxarı reproduksiyalı toxum verdi. Bizim öz elmi-tədqiqat
institutlarımız yerlərdə təcrübə təsərrüfatlarında
1500 ton elit toxum istehsal edir. Bu, gələcəkdə 8-10 dəfə
çox reproduktiv toxum istehsal etməyə imkan verir.
Qabaqcıl dövlətlərin, xüsusilə BMT-nin ərzaq
və kənd təsərrüfatı təşkilatının
(FAO) rəhbərliyi altında biz sortları sınaqdan
çıxarırıq. Ölkələrarası əməkdaşlıqda
KTN fəal iştirak edir. Baxmayaraq ki, bizim müxrəlif
nazirliklərlə memorandumumuz var, eyni zamanda dövlət siyasətinin
həyata keçirilməsində olan əməkdaşlıq
bizə çox böyük fayda verir. Bitki sortları, yeni
heyvan cinsləri ölkəmizə gətirilir və Azərbaycan
şəraitində intensiv kənd təsərrüfatının
inkişafına kömək edir. Bizim qarşımızda
duran əsas məsələlərdən biri odur ki,
ixracyönümlü qurumlar yaratmalıyıq.
Nigar
Palitra.- 2011.- 1 mart.- S. 4.