Toxumçuluğun inkişafı
ilə bağlı yeni torpaq sahələri müəyyən
olunub
Müsahibimiz Kənd Təsərrüfatı
Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı,
emalı və ərzaq ehtiyatlarının tənzimlənməsi
şöbəsinin müdiri Sabir Vəliyevdir:
-
Bizim qarşımızda duran məsələlərdən
biri odur ki, ixracyönümlü qurumlar yaratmalıyıq. Yəni
ölkəmizin bütün kənd təsərrüfatı məhsullarını
ixrac etməliyik. Bunun səbəblərindən biri odur ki,
istehsalçıların marağını
artırmalıyıq. Onlarda maraq yaranmalıdır ki, istehsal
etdikləri məhsulları kimsə alacaq. Məsələn,
cənub bölgəsində çoxlu miqdarda tərəvəzin
məhv olmasına səbəb odur ki, istehlakçıya
çatmır. Ona görə də biz elə bir qurum
yaratmalıyıq ki, istehsalçıdan məhsulu alsın və
ölkədə lazım olan yerlərə
çatdırsın, əhali təmin olunsun. Mən Londonda
olarkən müşahidə etdim ki, oradakı marketlərdə
hər gün tərəvəz dəyişdirilir. İnsanlar
bazardan deyil, həmin marketlərdən yeni məhsullar
alırlar. Biz həmin sistemi qurmalıyıq. Bizdə də
yeni marketlər yaranır, amma qiymətlər hələki
orada bir qədər bahadır. Ancaq biz
çalışmalıyıq ki, ölkəmizdə bu qədər
məhsul istehsal olunursa, burada dövlətin qiymət siyasəti
həyata keçirilməlidir. Sovet dövründə məsələn,
tərəvəzə 10 qəpik qiymət tətbiq edilirdi və
ondan baha qiymətə ola bilməzdi. Amma indi biz bazar
iqtisadiyyatı şəraitində yaşayırıq, elə
bolluq və müvafiq qurumlar
yaradılmalıdır ki, bazarda qiyməti özü
aşağı salsın. 2007-ci ildən etibarən ölkə
başçısının tapşırığına əsasən
paytaxtda kənd təsərrüfatı məhsullarının
yarmarkası təşkil olunur. Bu, rəqabət prinsipinə
uyğun həyata keçirilir. Rayonlardan gətirilən,
şənbə və bazar günləri yarmarkada
satışa çıxarılan məhsulun qiyməti 25-30
faiz aşağı olur. Çünki satan birbaşa
istehsalçının özüdür. Biz rayon icra hakimiyyəti
başçılarının köməyinə istinadən
bunu tətbiq edirik. Ancaq xaricdə sərbəst olaraq insanlar
özləri bu yarmarkalarda iştirak edirlər. Bazarın
özünün də infrastrukturu var. Onların tədarük
satış qurumları var və biz də istəyirik ki,
rayonlarda bunu yaradaq. Həm ölkə daxilindən xaricə məhsulun
ixracı ilə məşğul ola bilsinlər, həm də
yerlərdə istehsalçının vəsaiti ödənsin
ki, onda maraq olsun. İstehsalçı da məhsulunu aparmaq
üçün hər hanslı nəqliyyat növü
axtarmasın.
-
Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri Eldar
İbrahimov belə fikir bildirdi ki, yerli icra hakimiyyətləri
ilə əlaqə elə qurulmalıdır ki, bu yarmarkalar
bütün həftə ərzində təşkil olunsun.
Sizcə, bunu reallaşdırmaq mümkündürmü?
- Bu,
düzgün fikirdir. Bunun təşkili üçün də
mütləq bir qurum olmalıdır. E.İbrahimovun fikri
doğrudur ki, mütəmadi olaraq bu iş qurulsa, qiymətlər
bazarda yuxarı olmaz. Ona görə tədarükü təşkil
edən və məhsulu yarmarkalara paylayan xüsusi qurumun
olması vacibdir. Onların ixtiyarında nəqliyyat vasitəsi,
yerlərdə nümayəndələri də olacaq.
Bütün bunlar istehsalçıya böyük xeyir verəcək.
O, məhsulunun satıldığını, istehlak
olunduğunu və gəlir əldə etdiyini gördükdə
maraq daha da artacaq. Bəzən kəndlərdə işləməyən
insanlar var ki, onlar da ailəsi ilə birgə bu işə cəlb
olunacaq. Ümumiyyətlə, onların işsiz olması təəccüblüdür.
Çünki ölkənin hər yerində iş var və
bunun üçün ali təhsilli olmaq şərt deyil. Hətta
ali təhsil almasına baxmayaraq hər bir əməkqabiliyyətli
insan özünü əməyə
alışdırmalıdır. Biz tələbə olarkən
gedib pambıq toplayırdıq. Burada müsbət cəhət
o idi ki, şəhərlərdə böyüyən gənclər
pambıqçılığı, bu məhsulun necə emal
olunduğunu öyrənirdi və nəhayət, zəhməti
öyrənirdi. Ona görə də şəhər əhalisinin
kənd təsərrüfatına meyilliyini artırmaq
lazımdır. Kəndlə şəhər arasında fərq
olmamalıdır. Bundan başqa biz istəyirik ki, hər kənddə
süd məhsulları istehsal edən emal sexləri
yaradılsın. Həmçinin hər kənddə tərkibi
təmiz, kimyəvi qatışığı olmayan meyvə
şirələri istehsal olunsun. Azərbaycanda xalq
seleksiyası tərəfindən yaradılan meyvə, üzüm
sortları var. Məsələn, Kürdəmirdə yetişən
“Şirvanşahı” sortu dünyanın heç bir ölkəsində
34 faiz şəkər verə bilmir. Yaxud Quba-Xaçmazda
yetişən “Cırhacır”, “Qızıləhmədi” meyvə
sortunu göstərmək olar. Hətta “Qızıləhmədi”
sortu qan təzyiqi olan insanlar üçün dərmandır.
Xaricdən gələn insanlar bu alma sortunu yedikdən sonra bizlə
görüşəndə təəccübləndiklərini
bildirirlər. Ancaq Fransadan gətirilən 100-150 qram
ölçüdə almaların heç bir dadı yoxdur.
Bizim yerli məhsul isə kiçik olsa da, vitaminlərlə,
mineral duzlarla zəngindir və şəkər xəstələri
üçün önəmlidir. Biz bu mövcud sortları
qorumalıyıq və bu sahədə elmi-tədqiqat işləri
aparırıq.
-
İlin yekunlarına dair iclasda ölkə
başçısı böyük fermer təsərrüfatlarının
yaradılmasının, həmçinin istifadədə
olmayan torpaqların istifadəyə cəlb olunması
üçün əlavə tədbirlərin görülməsinin
vacibliyini bildirdi. Bu istiqamətdə
hansı tədbirlər həyata keçirilir?
-
Toxumçuluqla bağlı Yevlax rayonunda “Azərtoxum”
yaradılıb və orada çox böyük texnologiya, kimyəvi
laboratoriya var. Bu laboratoriya toxumun tərkibində olan
bütün maddələri yoxlaya bilir və təsərrüfat
yararlılığı müəyyən olunur. Mövcud olan
xəstəliyə qarşı orada mübarizə tədbirləri
keçirilə bilər. Ancaq bu qurumların bir yerdə
olması azdır və ölkənin hər torpaq iqlim şəraitində
bir neçəsi yaradılmalıdır. Ölkə
başçısının qarşımızda qoyduğu
toxumçuluğun inkişafı ilə bağlı yeni
torpaq sahələri axtarılır. KTN, Torpaq və Xəritəçəkmə
Komitəsinin mütəxəssisləri yerlərdə olublar
və təxminən yerlər müəyyən olunub.
Heç bir kənd təsərrüfatı bitkisinə zərər
vermədən müəyyən olunan yerlə bağlı
Nazirlər Kabinetində bu məsələyə
baxılır. Hökumət tərəfindən imkan
yaradılacaq ki, ayrı-ayrı insanlar, qurumlar
toxumçuluğu inkişaf etdirsin. Əsas məsələ
odur ki, böyük fermer təsərrüfatları
yaradılsın. Yerlərdə müəyyən olunan torpaq
sahələrində böyük toxumçuluq təsərrüfatları
yaranacaq ki, fermerlər yüksək reproduksiyalı toxumla təmin
olunsun. Yerlərdə torpağın münbitləşməsindən
sonra o toxumlar oraya veriləcək və hər hektardan məhsuldarlığı
artırmalıyıq. Bizim taxıl altında əkin sahəsi
çoxdur, ancaq məhsuldarlıq azdır. Biz
çalışmalıyıq ki, hər hektarın məhsuldarlığını
2 dəfə qaldıraq. Onda Azərbaycan özünün
daxili istehsalı hesabına əhalini təmin edə bilər.
Hazırda aidiyyati qurumlar bununla məşğuldur, müzakirələr
gedir, KTN-də xüsusi komissiya var və tədbirlər
planı hazırlanır. Bu tədbirlər planı təsdiq
olunduqdan sonra hökumət tərəfindən aidiyyəti
qurumlara vəzifənin icrası ilə bağlı tapşırıqlar veriləcək.
Yeni yaradılan toxumçuluq təsərrüfatlarında hər
bir şərait yaradılmalıdır ki, yüksək
reproduksiyalı toxum ala bilsinlər. 2011-ci il üçün
taxıl əkilib. Yəqin ki, bu tədbirləri, xüsusilə
torpaqların seçilməsi, onun münbitliyinin
yaxşılaşdırılması, gübrələrin
verilməsi məsələsini sentyabr ayına qədər təşkil
etməliyik. Bu ilin payızında əkin aparılsın və
2012-ci ildə artıq yüksək toxum məhsulu ala bilək.
Bu il artıq gecdir, payızda toxum əkilib və məhsul
yığacağıq.
-
Havaların isti keçməsi nəticəsində məhsuldarlığın
aşağı olacağı barədə fikirlər səslənir.
Bununla bağlı nə deyərdiniz?
- Bir
neçə ay öncə havalar pis keçirdi. Quraqlıqla
bağlı taxılın vəziyyəti yaxşı
olmadı. Xüsusilə siçanabənzər gəmiricilər
yerlərdə taxıl zəmilərinə, o cümlədən
yoncaya böyük ziyan vurmuşdu. Tədbir görülməsinə
baxmayaraq bu davam edirdi. Çünki ermənilər tərəfindən
işğal olunmuş ərazilərdə gəmiricilər
qaçıb bu yerlərə gəlirlər. Dəfələrlə
onlara qarşı mübarizə getdi. Yeganə xilasedici kimi
yerlərdə şaxtaların düşməsi oldu. Onlar
şaxta, su olan yerlərdə çox inkişaf edə bilmir
və əsasən torpaq-iqlim şəraitindən
asılı olaraq yayılır. Cəlilabad, Biləsuvar
bölgəsində gəmiricilər çox
yayılmışdı. İndi şaxtalar
düşdüyünə görə inkişaf edə bilmir.
Ancaq bundan sonra da onun təhlükəsi var. Nəzarətdə
saxlamışıq və lazımi, Hindistan istehsalı olan
sink-fosfit preparatı var ki, aldadıcı yemlə
qarışdırılaraq hər bir işlək yuvaya qoyulur.
Artıq havaların yaxşı olması imkan verdi ki, bir
sıra yerlərdə taxıl yenidən bitdi. 2010-cu ilə
nisbətən taxıl bu il daha yaxşı olmalıdır.
Üstəlik, bu əkin zamanı ötən ilə nisbətən
6 min hektar artıq taxıl, xüsusilə buğda əkilib.
Güman edirik ki, hektardan məhsuldarlıq yaxşı olsa,
bolluq olacaq. Əkinlə bağlı torpaq yerlərinə gəldikdə,
çoxlu örüş yerləri var. Gələcəkdə
qışlaq yerlərinə su çəksək, müsbət
nəticələr almaq olar. Bu zaman həm də
heyvandarlıq üçün yem balansını təmin etmək
olar. Ölkə başçısı tərəfindən kənd
təsərrüfatının inkişafına davamlı
olaraq vəsait ayrılır. Kənd təsərrüfatı
maşın mexanizmləri açıq şəraitdə
qalmışdı. Hazırda loqostik yerdə bazalar tikilir. Həmin
texnikaları örtülü yerlərə, parklara
toplamalıyıq ki, sıradan çıxmasın və uzun
müddət istismar olunsun. Xüsusi təmir emalatxanaları
düzəldilməlidir.
-
Kooperativ təsərrüfatların yaradılması ilə
bağlı nə deyərdiniz?
-
Kooperativ təsərrüfatlarla bağlı məsələ
bir neçə dəfə Milli Məclisdə müzakirə
olunub və bu, mütləq yaranmalıdır. Kooperativlər
olmasa, kollektivləşmə olmaz. Birləşmə həm əsas
istehsal vasitələrinin alınmasına imkan yaradacaq, həm
də vəsaitlər səmərəli istifadə olunar. Bank
sistemindən vəsait ala bilərlər, kollektiv surətdə
məhsul ixrac etmək imkanı olar. Gələcəkdə
yerlərdə bank kredit sistemini nizamlamalıyıq. Avropa
ölkələrinin əksəriyyətində kooperativlərdir.
Yerlərdə kredit ittifaqları yaradıblar. İstənilən
kooperativ gedib vəsait götürə və dünyanın
müxtəlif bazarlarına çıxa bilir. Biz də
çalışırıq ki, bunu yaradaq. Bakıdakı
bankların əksəriyyəti kənd təsərrüfatına
xidmət etmir. Kəndlərdə banklar
açılmalıdır. Biz əhalidə vərdiş
yaratmalıyıq. Ticarətin özünün də sistemi
var və onu bilmədən bunu idarə etmək olmaz. Məsələn,
Bakıda elə fermerlər var ki, yerlərdə torpaq icarəyə
götürür, ancaq mütəxəssisə vəsait
ayırmadığı üçün nəticə əldə
edə bilmir və bankrota düşür. Ona görə
mütləq mütəxəssis cəlb etməlidir. Məsələn, Hollandiyada bu sistem tətbiq olunur.
Orada olarkən 75 yaşlı bir mütəxəssis bildirirdi
ki, 10 kooperativlə müqaviləsi var və onlara aqrotexniki tədbirlərlə
bağlı məsləhət verir. Onlar da peşəkarlar
axtarırlar. Beləliklə, orada bu sistem tənzimlənib. Eləcə
də emal sənayesində də texnoloqlar cəlb edirlər.
İspaniyada da şərabçılıq sənayesində
böyük kooperativlər var. Ümumiyyətlə, bizdə
də bu sistemin tənzimlənməsinə ehtiyac var.
Nigar
Palitra.- 2011.- 2 mart.- S. 4.