Azərbaycanda distant təhsil
Layihə
çərçivəsində müsahibimiz ADPU-nun Kompyuter Mərkəzinin direktoru dosent İlham Əhmədovdur:
Bu gün
respublikada bəlkə də yüzlərlə gənc virtual
olaraq müxtəlif ölkələrin universitetlərində distant ali və əlavə təhsil
alırlar. Yəqin ki, valideynlər də, tələbələr də
təhsilin keyfiyyətindən və səviyyəsindən
çox məmnundurlar. Gələcəkdə işverən təşkilatlar da
bu kadrların
hazırlığından məmnun qalacaqlar. Virtual məzunların alacaqları diplom da bizim milli
diplomlardan fərqli olaraq
bütün dünyada
tanınacaq. Bolonya prosesi tələblərinə
uyğun olaraq bu diplomlar bizim ölkədə də problemsiz tanınacaq. Strateji məqsədi qlobal informasiya - təhsil məkanına inteqrasiya olan milli təhsil sistemimizdə distant təhsilin (DT)
tətbiqi bu gün aktualdır. Çünki bu
gün DT sistemi olmayan ölkələrin təhsilinin
sabah heç bir perspektivi ola bilməz. DT təhsil
innovasiyasıdır, informasiya cəmiyyətinin, innovasiya cəmiyyətinin təhsilidir. Təəssüflə qeyd
edək ki, bu
günə qədər Azərbaycan
dilini müstəqil öyrənmək istəyən əcnəbilər
üçün heç bir
elektron dərslik, distant
təhsil resursu
hazırlamamışıq. Amma Moskva Dövlət Beynəlxalq Əlaqələr
Universiteti Azərbaycan dilini öyrənən tələbələri üçün belə
bir elektron dərslik artıq yaradıb. Bu istiqamətlərdə elektron resurslarımızı
artırmalıyıq, bunun xalqın
mədəniyyətinin təbliğində böyük imkanları var. Bizim respublikada distant
təhsilin inkişafı
məsələsinə ilk dəfə 2000-ci
ildə, təhsilin təkmilləşdirilməsi ilə
əlaqədar ölkə Prezidentinin məlum sərəncamında rast gəlinir.
Sonralar daha bir
neçə dövlət proqramlarında da DT-nin
inkişaf etdirilməsi xüsusi qeyd edilib.
Təəssüf ki, bu illər ərzində qeyd edilən
məsələlər
praktik olaraq reallaşmayıb. Bütün dünyada bu gün
DT texnologiya kimi qəbul
edilir, çünki onun təhsil
forması kimi qəbul
edilməsi bu texnologiyanın geniş
tətbiqini əngəlləyə bilər.
Amma DT-nin texnologiya kimi qəbul edilməsi
ondan fasiləsiz təhsilin
bütün səviyyələrində (orta, ali və diplomdan
sonrakı mərhələlərdə),
bütün formalarında (əyani, qiyabi, eksternat v.s.) istifadəni mümkün edir. Bununla belə yeni təhsil qanununda DT təhsil formalarından biri
kimi qeyd edilir. Yəqin ki, DT
sistemi respublikada
formalaşdıqca gələcəkdə bu məsələlərə
təkrarən baxılacaq, qanunda
müəyyən əlavə və
dəyişikliklər ediləcək.
Son vaxtlar təhsil
ictimaiyyəti qiyabi təhsilin
distant formada aparılması haqqında, bu
sistemin yaradılmasına nə
qədər vaxt lazım olması barədə müzakirələr
aparır. Bu problemin praktik həlli çətin, miqyası geniş, maddi məsrəfləri isə
çox
böyükdür. Çünki DT təhsilin kompleks
informatlaşmasını
tələb edir, bu isə
heç də asan
məsələ deyil. Təbii
ki, böyük
işlərin həlli
asan olmur. Milli təhsil sistemimiz bu problemi yaxın
10 il ərzində həll
edə bilsə, onun rəqabətqabiliyyətliyi,
keyfiyyəti və reytinqi yüksələ bilər.
Bütün
inkişaf etmiş və
inkişafda olan ölkələr kimi,
biz də DT-nin
köməyi ilə əlyetərli, keyfiyyətli və kütləvi fasiləsiz təhsil
sistemi yarada bilərik.
- Bu
sistemi qurmaq üçün öncə nələri etmək
vacibdir?
- Ölkədə DT-nin
yaradılması və
inkişafı
üçün
görülməli işləri şərti olaraq 4 səviyyəyə ayırmaq olar: ölkə səviyyəsində görülməli işlər; sahə nazirlikləri səviyyəsində görülməli işlər; təhsil
sistemi səviyyəsində
görülməli işlər; universitetlər səviyyəsində görülməli işlər.
Ölkədə DT-nin yaradılması və inkişafı üçün ilkin mərhələdə “Azərbaycan Respublikasında
distant təhsilin yaradılması və
inkişafı” strategiyası
hazırlanmalıdır. Strategiyada hər
bir səviyyənin görməli olduğu
işlər istiqamətlər üzrə qeyd edilməlidir. Daha sonra bu strategiya
əsasında
xüsusi dövlət proqramı
hazırlanmalıdır.
Bu proqram çərçivəsində ölkə səviyyəli ümumi
işlər icra edilməli, hüquqi-normativ baza, texniki, pedaqoji, təşkilati, standartlaşma və s.
məsələlər həll edilməlidir. Sahə nazirlikləri səviyyəsində isə
hər bir nazirlik
öz tabeliyində olan
ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma,
təcrübəkeçmə, kadrların attestasiyası, bir sözlə,
fasiləsiz əlavə təhsilin bu
nazirliyə dair fəaliyyətini distant
texnologiyalara transfer etməlidir. Bu, iqtisadi cəhətdən, keyfiyyət və
səmərəlilik
insanların
rahatlığı
baxımından əlverişlidir. Regionlarda işləyən kadrların bu halda paytaxta uzunmüddətli və
ya qısamüddətli kurslara ezam olunmasına ehtiyac olmayacaq. Bu mənada hər bir
nazirliyin DT sisteminin yaradılması və
inkişafına dair xüsusi
proqramı olmalıdır.
Bu gün əksər ölkələrdə
yaşlıların təhsili elektron formada, distant texnologiyalar əsasında reallaşır. Respublikada sahə
nazirliklərinin insan resurslarının
inkişafında, peşəkarlıq səviyyəsinin yüksəlməsində, kütləvi maariflənmə tədbirlərində distant
texnologiyalardan faydalana bilməməsinin əsas səbəbi distant
texnologiyaların hələ
də təhsil sistemində praktik
olaraq tətbiq edilməməsidir. Respublika pedaqoji kadrların ixtisasartırma, təkmilləşdirmə,
yenidənhazırlanma
kursları hələ də
distant texnologiyalarla aparılmır. DT-nin inkişafı ilə
əlaqədar qlobal problemlərə varmadan,
təhsil sistemi səviyyəsində görüləcək bəzi
işləri qeyd etmək istərdik. Təhsil
sistemində təhsilin səviyyələri üzrə və
peşə təhsili istiqamətləri üzrə DT-nin inkişafı üçün konkret
layihələr
reallaşmalıdır. Təhsil sistemində DT-nin
inkişafı məqsədilə kadr təminatı,
proqram-texniki təminat, kontent
təminatı problemləri
həll edilməli, ciddi investisiyalar
cəlb edilməlidir.
Respublikada DT-nin inkişafı üçün bu
gün real şərait var. İKT sektorunun respublikada
prioritet sahə elan
edilməsi, bu sektorun
son illər sürətli inkişafı, o
cümlədən İKT
üzrə milli strategiyanın qəbul edilməsi, «Elektron Azərbaycan» Dövlət
Proqramının, təhsil sisteminin informatlaşması
üzrə 2 dövlət proqramının reallaşması
bu sahənin real inkişafı
üçün infrastruktur və
texniki baza yaradıb. Digər tərəfdən
ali, orta ixtisas və texniki
peşə təhsilinin inkişafı üzrə dövlət
proqramlarının hər birində DT-nin yaradılması və inkişafı məsələləri
xüsusi qeyd edilib.
- Bunun
üçün lazımi kadr potensialı vacib deyilmi?
- Hər bir
sahədə olduğu kimi,
DT-nin inkişafında
da insan resursları, onların
peşəkarlıq səviyyəsi həlledicidir. DT
texnologiyasının reallaşması üçün ilkin
şərt hər bir
universitetdə xüsusi
hazırlıq
keçmiş kadr heyətinin olmasıdır. Çünki bütün
elektron tədris resurslarının
hazırlanması və tətbiqi, virtual
təlimin təşkili və
idarə edilməsi,
yeni texnologiyalardan səmərəli istifadə məhz pedaqoji və
texniki heyətin hazırlıq
səviyyəsindən
asılıdır. Kadr problemlərinin həlli
maliyyə məsələsinə bağlıdır, bu
günə qədər DT-nin yaradılması və
inkişafı üzrə
investisiya qoyulmadığından bu istiqamət üzrə kadr hazırlanmayıb. Bu səbəbdən respublikanın demək olar ki
heç bir universitetində beynəlxalq standartlar
səviyyəsində
DT sistemi yarada
bilən komanda formalaşmayıb. Eyni vəziyyət ali təhsilin
informatlaşması sahəsində də
mövcuddur. Universitetin DT texnologiyasını reallaşdırması
üçün professor-müəllim
heyəti, mühəndis-texniki və tədris-köməkçi
personalı təhsil
proqramlarının distant texnologiyalarla reallaşması
üçün xüsusi hazırlıq kurslarına cəlb
edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, bu tədris
kurslarının həcmi 72 saatdan az olmamalıdır. DT sistemində fəaliyyət
göstərən professor-müəllim heyəti
informasiya-kommunikasiya texnologiyalarına da yaxından bələd olmalıdır. Universitetlərdə DT-ni təşkilati baxımdan reallaşdırmaq
üçün əlavə bir
çox məsələlər
həll edilməlidir. Əvvəla,
universitetin internetdə xüsusi kontentlə zəngin təhsil portalı olmalıdır.
Hər bir ixtisas üzrə tədris planında olan fənlərdən
normativlə müəyyən edilmiş sayda (təxminən tədris
kurslarının 80-90%-i) elektron
dərsliklər hazırlanıb
portalda yerləşdirilməlidir. Bundan əlavə hər fənn
üzrə elektron formada tədris-metodik kompleks
hazırlanmalı və virtual
formada onlara əlyetərlik təmin
edilməlidir. Bu tədris kontentlərinin (məzmunun) idarə edilməsi LCMS tipli
proqram sistemi ilə, tədris prosesinin idarə edilməsi
isə LMS tipli proqram sistemi ilə həyata keçirilir. Bu iki sistem və
DT portalı
birgə DT
platformasının özəyini təşkil edir.
Ümumən
DT platforması proqram kompleksi olub xeyli sayda
proqram modullardan ibarətdir. Bu modullar tədris
prosesinin ayrı-ayrı servislərini virtual olaraq icra
edir. DT platforması açıq və
qapalı kodlu ola bilər. Vaxtilə Təhsil Nazirliyi tərəfindən
(2005- ci ildə) ali təhsilin bəzi istiqamətləri üzrə
distant texnologiyaların tətbiqi
üçün konseptual və
stateji əhəmiyyətli müəyyən sənədlər
hazırlanıb. Bu sənədə müəyyən əlavələr etməklə ali
pedaqoji təhsilin distant
texnologiyalar əsasında reallaşdırılması istiqamətində
hazırlıq işlərinə başlamaq
mümkündür. Növbəti mərhələdə
universitetdə distant təhsilin reallaşması üçün müfəssəl
texniki tapşırıq,
strateji sənədlər və operativ tədbirlər
planı
hazırlanmalıdır. Universitetdə DT-nin yaradılması prosesini 5-10
illik böyük bir
meqalayihə formasında
reallaşdırmaq məqsədəuyğundur. Bu müddət ərzində
mərhələlərlə, ayrı-ayrı ixtisaslar üzrə
real təhsili tədricən
distant texnologiyalar əsasında
virtual formaya keçirmək
olar. Bu sistemin real olaraq tədrisdə tətbiqi üçün paralel olaraq
müəyyən infrastruktur
yaradılmalıdır. Hər hansı ixtisasın tədris
planına uyğun olaraq fənlər üzrə
elektron resursların hazırlanması işi 2-4 il ərzində
reallaşa bilər. Əgər tədris planında 40 fənn
varsa, deməli, 30-35 fənn üzrə elektron dərslik və
elektron tədris metodik kompleksi yaradılmalıdır. Bu işi paralel olaraq bir neçə
ixtisas üzrə eyni
zamanda reallaşdırmaq mümkündür. Bir
universitetdə 5-6 ixtisas
üzrə DT-nin həyata keçirilməsi üçün hazırlıq
işi təxminən 5-6 il ərzində aparıla
bilər. Bu halda 150-200
fənn üzrə
elektron dərsliklər, mükəmməl test
sistemi və digər
tədris-metodik
materialların elektron
versiyaları hazırlanmalıdır. Ölkə səviyyəsində
ali təhsilin bütün mühüm istiqamətləri üzrə DT sistemini yaratmalı olsaq, minlərlə
elektron dərslik hazırlanmalıdır. Bu işə
10 il vaxt və 150 milyon manatdan artıq vəsait lazım
ola bilər. Bu məqsədlə təhsilin
illik büdcəsindən hər il 1-2% vəsait ayrılarsa, problem
10 il ərzində həll edilə bilər.
İnkişaf etmiş və inkişafda olan bir çox ölkələr bu işi 10-15
il əvvəl və
daha çox investisiya ilə həll ediblər. Bu işin həcmini
təsəvvür etmək
üçün qeyd edək
ki, respublikada 1995-2010-cu illər ərzində orta ümumtəhsil sistemi
üzrə cəmi 4-5 adda elektron dərslik
hazırlanıb. Ali təhsil sistemi üçün isə hələlik bir dənə də olsun elektron dərslik
hazırlanmayıb. Göründüyü kimi,
DT sisteminin yaradılması çətin və böyük maliyyə tutumlu məsələdir.
Belə olduğu halda görəsən, Azərbaycanda DT-nin yaradılmasına başlamağına dəyərmi?
Görəsən, Azərbaycanda DT sistemi olsun ya olmasın? Hesab
edirik ki, daha vaxt itirməyə haqqımız yoxdur, onsuz da xeyli vaxt
itirmişik. Milli DT sistemini hökmən
yaratmalıyıq. Çünki cənab Prezidentin
bildirdiyi kimi, “...
Azərbaycanda gərək
virtual dərslər, yeni
texnologiyalar geniş yayılsın.... bu çox
böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən
proqramdır. Amma biz bunu etməliyik. Çünki biz
gələcəyə
baxmalıyıq”.
Anar Miriyev
Palitra.- 2011.- 2 mart.- S. 6.