Ermənistanı
dünyaya işğalçı kimi tanıtmalı: Azərbaycanın
səsi haqqın səsidir
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın ədalətli mövqeyinin dünyaya
tanıdılması, işğalçı dövlətin
bütünlüklə ifşa edilməsi və nəhayət,
torpaqlarımızın qaytarılması dövlətimizin
xarici siyasətində aparıcı yeri tutur. Bu sahədə beynəlxalq təşkilatlar və
ayrı-ayrı aparıcı ölkələrlə
mühüm əlaqələr qurmaqda qarşıya qoyulan məqsəd
Azərbaycan reallıqlarını həmin nüfuzlu qurum və
ölkələrin siyasi dairələrinə təfərrüatı
ilə çatdırmaqdır. Bununla
bağlı olaraq dünyanın nüfuzlu və
aparıcı qurumları, diplomatları, siyasi partiyaları ilə
ciddi əməkdaşlıqlar edilir. Bu isə
ilk növbədə Azərbaycanın sözügedən məsələdə
mövqeyinin həmin təşkilatların, siyasi qurumların
təmsilçiləri və siyasilər tərəfindən
qəbul olunmasına, yəni münaqişənin həllində
müsbət nəticə verməsinə yönəlib.
Bu əzmkar siyasətin nəticəsidir ki, Qarabağ
münaqişəsinin nizamlanmasında ...
... aparıcı beynəlxalq təşkilatlar
haqlı mövqeyimizi dəstəkləyir
Məsələn, İslam
Konfransı Təşkilatı (İKT) Ermənistanı təcavüzkar
kimi tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İKT-nın bu həyat əhəmiyyətli məsələyə
dair aydın və ədalətli mövqeyi həmin təşkilatla
münasibətlərimizin yüksələn xətlə
inkişafına əlverişli zəmin yaradıb. Xüsusilə önəmlisi odur ki, 1993-cü ildə
BMT-nin Təhlükəsizlik Şurası Dağlıq
Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884
saylı qətnamələri qəbul edib. Bu qətnamələrdə Azərbaycanın
Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalı faktı bir daha təsbit olunub. BMT Baş Assambleyası 1993-cü ildə - 85-ci
plenar iclasında Azərbaycanda olan qaçqın və məcburi
köçkünlərə fövqəladə beynəlxalq
yardımın göstərilməsi haqqında" qətnamə
qəbul edib. Ümumilikdə, 1992-1996-cı
illərdə BMT Təhlükəsizlik Şurasının sədri
və BMT Baş katibi Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini təsdiqləyən
bir sıra bəyanatlar yayıblar. 2008-ci il martın 14-də
BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın
gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət"
məsələsinin müzakirəsi də rəsmi
Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər.
Bu qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair
mövqeyini aydın ifadə edir və Azərbaycanın beynəlxalq
səviyyədə tanınan sərhədləri çərçivəsində
ərazi bütövlüyünə dəstək verir,
işğal olunmuş bütün ərazilərdən Ermənistan
qüvvələrinin tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edir. BMT-in Ermənistanı yenidən
işğalçı dövlət kimi tanıması Azərbaycan
üçün hər mənada strateji əhəmiyyətli
qərardır. Bundan başqa, Ermənistan-Azərbaycan
münaqişəsinin həll edilməsindəki roluna görə,
ATƏT çərçivəsində əməkdaşlıq
Azərbaycanın xarici siyasətində xüsusi yer tutur.
AŞPA-nın 1416 saylı qətnaməsində
isə birmənalı olaraq Ermənistandan hərbi qüvvələrini
işğal etdiyi Azərbaycan ərazilərindən
çıxarması, 1 milyon qaçqın və məcburi
köçkünün doğma torpaqlarına dönməsinə
imkan yaratması tələb olunur. AŞPA-da
bu qətnamənin həyata keçirilməsinə nəzarət
etmək üçün alt komitə yaradılıb. Xocalı soyqırımının
ildönümü ilə bağlı AŞPA-nın
yazılı bəyannaməsi də qəbul olunub, bəyannamədə
“Xocalı soyqırımı” ifadəsi yazılıb. Ümumiyyətlə, son dövrlərdə ən
yüksək ranqlı dünya diplomatları Azərbaycanın
ədalətli mövqeyini müdafiə etdiklərini
açıq ifadə edirlər ki, bu da diplomatiyamızın
effektli fəaliyyətini və Azərbaycanın beynəlxalq
imicinin olduqca gücləndiyini qabarıq göstərir.
Məsələn, Avropa Komissiyasının sədri Xose Manuel
Barrozu bu yaxınlarda bildirib: “Biz ərazi
bütövlüyü prinsipini dəstəkləyəcəyik
və istəyirik ki, Azərbaycan Respublikasının ərazi
bütövlüyü təmin edilsin”. Qeyd edilənlərlə
bərabər, Azərbaycan dövləti Ermənistanın
dünyada işğalçı kimi tanınması və
haqlı mövqeyimizin bütün dünya qurumları,
ictimaiyyəti tərəfindən qəbul edilməsi
üçün cəmiyyətimizin də ciddi səfərbər
olunmasına çalışır. Bunun
üçün...
vətəndaş cəmiyyəti strukturları...
...ciddi səfərbər edilib. Çünki Ermənistanın əsl
simasını daha yaxşı tanıtmaq işini tamamlamaq
üçün cəmiyyətin informasiya savaşında
önə çıxması çox vacibdir. İnformasiya savaşı birinci növbədə cəmiyyət
tərəfindən aparılmalıdır. Unutmayaq ki, Ermənistan işğala haqq
qazandırmaq üçün bizə qarşı dezinformasiya
hücumuna keçib. Bunu önləmək
əvvəllər xeyli çətin olsa da, hazırda vəziyyət
kökündən dəyişir. Çünki
vətəndaş cəmiyyətini gücləndirmək, Azərbaycan
həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırmaqda onların təşəbbüslərini
intensiv dəstəkləmək üçün dövlət
vacib qurumlar formalaşdırıb. Buna görə də
ermənilərlə informasiya savaşında xeyli aktivlik hiss
olunur. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası və Azərbaycan
Prezidenti yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondu fəaliyyətə başladıqdan sonra
bu istiqamətdə vətəndaş cəmiyyəti
institutlarının layihələri intensiv şəkildə
maliyyələşdirilməyə və dəstəklənməyə
başlayıb. Bu qurumların elan etdikləri müsabiqələrdə
Azərbaycan həqiqətlərinin təbliğatı ilə
bağlı olaraq ayrıca istiqamətlər var. Bununla belə,
bu sahə çox aktual olduğu üçün bir sıra
nüanslara diqqət yetirək.Məsələn, QHT-lərə
Dövlət Dəstəyi Şurasının fəaliyyətə
başlamasından sonra QHT-lər milli məsələlərə
ciddi önəm verməyə başlayıblar ki, bu da
üçüncü sektorda ciddi keyfiyyət dəyişikliyi
mərhələsi kimi xarakterizə edilir. Əvvəllər
xarici donorlardan maliyyələşən QHT-lər milli məsələlər,
Qarabağ problemi ilə bağlı layihələr həyata
keçirə bilmirdi. Şuranın maliyyələşdirdiyi
əsas istiqamətlərdən birinin məhz Azərbaycan həqiqətləri
ilə bağlı olması isə çox şeyi dəyişdi.
Məsələn, təkcə ötən il
43 layihə məhz Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasına aid olub. QHT-lər
bu yöndə xarici dillərdə çoxlu saytlar yaradır,
nəşrlər çap etdirir, filmlər çəkir,
xaricdə ermənilərin ifşasına yönəlmiş
ciddi faktlarla tədbirlər, aksiyalar keçirirlər.
Bununla belə, sözügedən sahə çox aktual
olduğu üçün gələcəkdə bu yöndə
ixtisaslaşan QHT-lərə daha əhatəli dəstək
göstərilməsinə ehtiyac var. QHT-lərə Dövlət
Dəstəyi Şurası ilk müsabiqələrdə əsasən
Azərbaycan həqiqətləri, Qarabağ məsələləri
ilə əlaqədar ictimaiyyətimizi maarifləndirmə məsələləri
ilə bağlı istiqaməti maliyyələşdirirdisə,
sonradan bu istiqamət dəyişildi. Belə ki,
şuranın son müsabiqələrində Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması ilə bağlı istiqamət
maliyyələşdirilir. Bu, informasiya
savaşında daha çevik olmaq zərurətindən irəli
gəlir. Bununla belə, müşahidələr
göstərir ki, cəmiyyətimizi informasiya savaşı barədə
intensiv maarifləndirmək hələ
aktuallığını itirməyib. Bu,
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırılması kampaniyası ilə
paralel aparılmalıdır. Cəmiyyət
bu məsələdə tam hazır olmalıdır. Elə təbəqələr var ki, onlar Qarabağ,
Azərbaycan həqiqətləri ilə bağlı milli
maraqlara biganə mövqe tuturlar. Məsələn, bəzi
dini təhsil müəssisələri və mədrəsələrdə
təhsil alan gənclərin Azərbaycan həqiqətləri,
tarixi, mədəniyyəti və məlum münaqişə
ilə bağlı ciddi informasiya qıtlığı var. Bu
cür təbəqələr yaşadığı cəmiyyətin
problemlərinə yad ünsürlər kimi formalaşa bilərlər
ki, bu da məqsədəuyğun deyil. Yaxud Azərbaycan
həqiqətləri ilə bağlı hər hansı resurs,
mənbə formalaşdırmaq üçün erməni vəhşiliklərinin
şahidi olmuş bir sıra sakinlərin dilindən
faktları toplamaq, hekayələr şəklində çap
və tərcümə etmək, sayta qoymaq müşkülə
düşüb. Çünki bu
insanlarımız bir çox hallarda həmin faktları əhatəli
təsvir etməyə həvəs göstərmirlər.
Elələri var ki, öz başına gələnləri
deməyə çəkinir. Halbuki buna
ictimai diqqət və həvəs olsa, xariciləri mütəəssir
edən çoxlu faktlar və bunların əsasında real
hekayətlər ortaya çıxa bilər. Bununla ümumi problemimizin fərdi faciələr
fonunda qabardılması və xaricilərə onların
öz dilində təqdim edilməsi daha çox effekt yarada
bilər. Xarici dillərdə sayt yaratmaq
istəyən insanlar cəmiyyətimizdə bu məsələyə
ümumi biganəlik olmasından gileylənirlər. Bu sahədə keyfiyyətli internet resursları və
digər təbliğat materiallarının yaradılması
da ciddi zəhmət tələb edir. Çünki
daha zəngin faktlar toplamaq üçün hadisələrin
şahidlərini tapmaq, bir-bir qapı döymək
lazımdır. Yoxsa bu məsələdə
işlənmiş, tamamlanmış, keyfiyyətli mənbə
problemi qalacaq. Cəmiyyətdən qazanc
götürən yerli və xarici şirkətlərin Azərbaycan
həqiqətləri ilə bağlı layihələri maliyyələşdirmələrini
təmin etmək üçün nəhayət ki, hüquqi
mexanizm yaradılmalıdır. Ölkəmizdəki
xarici şirkətlərin də Azərbaycan həqiqətləri
ilə bağlı layihələrə dəstək vermələri
bu kontesktdə təmin oluna bilər. Hətta onlar bu məsələdə
“bitərəflik” bəhanəsi gətirdikdə belə, onların
dəstəyilə sırf Azərbaycan mədəniyyəti,
dəyərlərini təbliğ edən layihələr həyata
keçirməklə dolayı olaraq Azərbaycan həqiqətlərinin
təbliğini aparmaq olar. Azərbaycan həqiqətləri
ilə bağlı imicləri formalaşmış QHT-lərin,
KİV-lərin üzünə beynəlxalq donorların
qapıları da bağlanır. Çünki
xarici donorlar bu cür vətənpərvər qurumlarla işləmirlər.
Belə olduğu halda, həmin qurumları
stimullaşdırmaq və onların layihələrini intensiv
maliyyələşdirməyə özəl sektoru cəlb etmək
optimal üsullardan biridir.Bu məsələdə QHT, KİV,
diaspor və xaricdə təhsil alan tələbələrlə
ciddi koordinasiyaya və bu sahədə xüsusi tədbirlər
həyata keçirilməsinə ehtiyac var. Diasporla İş
üzrə Dövlət Komitəsinin Təbliğat,
informasiya və analitik təhlil şöbəsinin müdiri
Elşad Miraləm deyir: “Bununla bağlı Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının
toplantısında sənəd qəbul olunub. Burada müxtəlif
istiqamətlərdə qarşıya qoyulan sənədlər,
eyni zamanda müxtəlif ölkələrdə müvafiq fəaliyyət
növləri ilə bağlı müddəalar var. Bundan
başqa Dünya Azərbaycanlılarının 2-ci
Qurultayının qərarları var. O qərarlardan irəli gələn
məsələlərin həllli ilə bağlı diaspor təşkilatlarımız
fəal iş aparır. Azərbaycanda fəaliyyət göstərən
QHT, KİV və təhsil müəssisələrilə
diaspor qurumlarının əlaqələndirilməsi istiqamətində
ayrıca iş aparırıq. Bizə bununla
bağlı müraciət edən QHT-lərin layihələrinin
xaricdə həyata keçirilməsinə
çalışırıq. Onların
effektli layihələrinə dəstək veririk. Məqsəd həm Azərbaycan həqiqətlərini
təbliğ etmək, həm də diasporla QHT-lər arasında
koordinasiyanın daha effektiv və sistemli olmasına nail
olmaqdır”. İnformasiya savaşı ilə
bağlı bildirək ki, sırf bu sahədə beyin mərkəzinin
aktuallığı da tez-tez gündəmə gətirilir.Qeyd
edilənlər göstərir ki, haqq səsimizi dünyaya
çatdırmaq, Ermənistanı işğalçı kimi
tanıtmaq üçün sistemli iş aparılır, bu sahədə
ortaya çıxan problemlər müzakirə edilir və yeni
ideyalar reallaşdırılır. Prezident İlham Əliyevin
bildirdiyi kimi, məqsəd birdir: Nüfuzlu beynəlxalq təşkilatları,
sülhsevər qüdrətli ölkələri beynəlxalq
hüquqa və bəşəri dəyərlərə məhəl
qoymayan təcavüzkar Ermənistanı ədalət prinsipləri
ilə yaşamağa, qonşu dövlətlərlə sivil
münasibət qurmağa, işğaldan əl çəkməyə
məcbur etmək.
İlkin
AĞAYEV
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək
üçün
Palitra.- 2011.- 4 mart.- S. 7.