Söz, fikir və məlumat
azadlığının təmini demokratiyanın
inkişafının göstəricisidir
İnsan hüquq və
azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və
ifadə azadlığı və bunların təmini hər
bir ölkədə demokratiyanın nə dərəcədə
inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə
uğurlu işləməsinin əsasını təşkil
edir.
Təsadüfi deyil ki, hüquqi dövlət
quruculuğu və demokratiyanın ölçülməsində
də bu hüquq və azadlıqlar əsas indikatorlardan biri
sayılaraq bir çox indekslərdə istifadə olunur və
ölkədə azad medianın, insan hüquq və
azadlıqlarının müdafiəsinin demokratik mexanizmlərinin
mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul
edilir. (Azadlıq Evinin Freedom
House- “Dünyada Azadlıq”
indeksi; Kennet Bollenin “Siyasi demokratiya indeksi”; Din Neybauerin
“Demokratik fəaliyyət” indeksi; Demokratik Auditlər). Azərbaycan
Respublikası da XX-ci əsrdə özünün müstəqilliyini
ikinci dəfə qazanandan sonra qanunvericilik sistemində
köklü islahatlara start verildi. İlk olaraq 1995-ci ildə
ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycan Respublikasının Konstitusiyası qəbul
edildi və ana qanunda fundamental insan hüquq və
azadlıqları təsbit edildi. Eyni zamanda burada insan hüquq
və azadlıqlarında özünün xüsusi yeri olan
fikir və söz azadlığı (maddə 47) və məlumat
azadlığı (maddə 50) kimi maddələr yer aldı.
Bu qanunların hər biri məlumat və fikir, söz
azadlığını təmin etdi. Məsələn, məlumat
azadlığı maddəsinin II bəndində deyilir:
“Kütləvi informasiyanın azadlığına təminat
verilir. Kütləvi informasiya vasitələrində, o
cümlədən mətbuatda dövlət senzurası
qadağandır”. Fikir, söz azadlığı maddəsində
isə bildirilir: "Hər kəsin fikir və söz
azadlığı var. Heç kəs öz fikir və əqidəsini
açıqlamağa və ya fikir və əqidəsindən
dönməyə məcbur edilə bilməz. İrqi, milli,
dini, sosial ədavət və düşmənçilik oyadan
təşviqata və təbliğata yol verilmir”.
Ümummilli lider Heydər Əliyevin mətbuat
azadlığının təminində tarixi rolu
Xüsusilə vurğulanmalıdır
ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra ölkədə hüquqi islahatlar
aparılmağa başlanıldı. Konstitusiyanın qəbulundan
sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi
və media sahəsində mükəmməl qanunvericilik
bazasına nail olmaq üçün bir sıra addımlar
atıldı. Bunlardan biri də 1998-ci il 19 iyun tarixində “Məlumat
azadlığı” haqqında qanunun qəbulu oldu. Bu qanun məlumat
əldə etmək, ötürmək və s. kimi məsələləri
hüquqi cəhətdən tənzimləyərək
demokratiyaya tranzisiya yolunda irəliləyiş kimi qiymətləndirilməlidir.
Eyni zamanda bu istiqamətdə atılan növbəti
addımlar isə 7 dekabr 1999-cu ildə “Kütləvi
informasiya vasitələri haqqında Qanun”-un və 30 sentyabr
2005-ci ildə "İnformasiya əldə etmək"
haqqında Qanunun qəbuludur. Elə “İnformasiya əldə
etmək haqqında qanun”-da deyilir ki, bu qanunun məqsədi
Konstitusiyanın 50-ci maddəsi ilə təsbit olunmuş məlumat
əldə etmək hüququnun sərbəst, maneəsiz və
hamı üçün bərabər şərtlərlə,
hüquqi dövlətin prinsipləri əsasında təmin
edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən
ibarətdir.
Məlumat azadlığının
təmini demokratiya istiqamətində atılan iri
addımdır
Qeyd edək ki, demokratiyaya keçidin əsas
xüsusiyyətlərindən biri olan hüquq sahəsində
islahatlar və qanunvericilik sisteminin yenidən qurulması
demokratiyaya keçid zamanı üzə çıxan sistem problemlərinin
öhdəsindən gəlinməkdə xüsusi rola malikdir. Təsadüfi
deyil ki, amerikalı politoloq Samuel Hantington (Samuel Huntington
“Demokratikləşmənin üçüncü
dalğası” əsərində demokratik tranzisiyanın və
demokratiyanın konsolidasiyasının reallaşması zamanı
üç tip problemin üzə
çıxdığını göstərir. Sistem problemləri, tranzisiya (keçid) problemləri və kontekstual problemlər. Məhz qanunvericilik
sistemində olan problemlər də sistem problemlərinə aiddir. Ona görə də
1990-cı illərdə qanunvericilik
sahəsində atılan
addımlar, xüsusilə
də “Məlumat azadlığı”, “İnformasiya
əldə etmək” haqqında qanun və “KİV haqqında” qanunun qəbulu KİV sahəsində mövcud problemlərə preventiv yanaşma və onların həlli istiqamətində və eləcə də demokratiyaya keçid istiqamətində atılan
mühüm addım hesab olunur. Eyni zamanda
burada ümummilli lider Heydər Əliyevin misilsiz xidmətini qeyd etmək lazımdır.
Belə ki, ümummilli lider Heydər Əliyevin 1998-ci
il avqustun
6-da imzalandığı "Ölkədə söz, fikir və məlumat
azadlığının təmin
edilməsi sahəsində
əlavə tədbirlər
haqqında" fərmanla
senzura ləğvi olundu. Bu da müstəqilliyini əldə
edən dövlətin
mətbuata verdiyi ən böyük töhfə idi.
Məlumat azadlığı
və legitimlik. Dolayı asılılıq və əlaqə
Qeyd etmək lazımdır
ki, KİV sahəsində
aparılan modernləşmə
xətti hakimiyyətin
leqallığı və
legitimliyi kontekstində
də nəzərdən
keçirilə bilər. Məlumat azadlığının qanunvericilik
əsaslarının demokratik
normalara cavab verməsi və geniş xalq kütlələrinin və
KİV-lərin bu hüquqdan istifadəsinin hüquqi cəhətdən
təmini hakimiyyətin
leqallığı və
legitimliyinin artırılması
və onun indeksinin yüksəlməsi
kimi prosesə yol açmış olur. Bu iki proses də öz-özlüyündə, KİV və legitimlik prosesi arasında dolayı asılılığın
və əlaqənin olduğunu göstərir.
Təsadüfi deyildir ki, məlumat azadlığı
sahəsində mükəmməl
qanunvericiliyin mövcudluğu
və bu hüquq və azadlıqların təmininin
hansı səviyyədə
olması xalqın mövcud siyasi hakimiyyətə etimadının
səviyyəsinin göstəricisi
kimi də qəbul edilir. İnformasiya
əldə etmək zamanı bir sıra süni problemlərin üzə çıxması isə
hüquqi hadisə olan leqallıq və siyasi hadisə olan legitimlik indeksini zədələyir. Ona görə
də demokratik siyasi sistemlər bu faktora ciddi
fikir verirlər.
Qanundan sui-istifadənin
yolverilməzliyinin tətbiqi
Bildirmək lazımdır ki, bir
çox hallarda məlumat azadlığının təmini və
ümumilikdə KİV sahəsində aparılan islahatlar,
xüsusilə də qanunvericilik sisteminin modernləşməsi
bir sıra mətbuat orqanları üçün əlavə
imtiyazlara çevrilir və qanundan sui-istifadə halları yaranır.
Bu isə ölkədə media azadlığının
inkişafına xidmət etmir. Bir sıra hallarda qanunvericiliyin
pozulması kimi faktlar da olur. Məsələn, şəxslərin
şəxsi və ailə həyatına aid olan məlumatların
qanunsuz yolla toplanılması və yaxud şəxsiyyət
haqqında məlumatın qanunla müəyyən edilmiş
qaydada toplanılmaması və s. Halbuki “Məlumat
azadlığı haqqında qanun”-un müvafiq maddələri
bunları tam qadağan edir. Məsələn 14-cü maddədə
deyilir: “Məlumatın aldatma, hədəqorxu və başqa
qanunsuz vasitələrlə toplanması qadağandır”. Eyni
zamanda qanunun 10-cu maddəsinə əsasən isə şəxslərin
şəxsi və ailə həyatına aid olan məlumatlar
alınması məhdudlaşdırılan məlumat
sırasına daxil edilib. Sözsüz ki, Azərbaycanda məlumat
azadlığının qanunvericilik tərəflərindən
danışan zaman biz “Diffamasiya haqqında qanun”-u da qeyd etməliyik.
Burada qeyd edilməli xüsusi bir məqam odur ki, ölkəmizdə
söz, fikir, ifadə və məlumat azadlığının
olmasına baxmayaraq bir çox dövlətlər, daha
doğrusu dövlətüstü sistemlər diffamasiya
haqqında qanunun qəbul edilməsinin vacibliyindən
danışırlar və bunu KİV haqqında qanunların əsas
tərkib hissələrindən biri kimi qəbul edirlər.
Şübhəsiz ki, bu qanun sistemin bir elementidir, amma onu da
yaddan çıxarmaq lazım deyil ki, bu qanun bir çox
hallarda qeyri-etik jurnalistika ənənələrinə
üstünlük verən şəxslərin birbaşa olaraq
məsuliyyətdən azad olunmasını özündə
ehtiva edir. Demokratik prinsiplərə uyğun olsa da, demokratik
tranzisiya prosesləri yaşayan dövlətlərdə belə
bir qanunun qəbulu bir sıra hallarda tələsiklik kimi qəbul
edilir. Bu da ilk növbədə məsələyə elmi, məntiqi
və sistemli yanaşmanı tələb edir. Yaddan
çıxarmaq lazım deyil ki, azadlıqlar verilən zaman
heç də bütün hallarda bu azadlıqlardan qanunun
ruhuna uyğun olaraq istifadə edilmir və bundan sui-istifadə
halları da olur.
Məlumat
azadlığının təminində beynəlxalq mexanizmlər
Eyni zamanada məlumat
azadlığının təmininin qanunvericilik tərəflərindən
danışan zaman Avropa yurisdiksiyasına qoşulan dövlətimizin
Avropa İnsan Hüquqları Konvensiyasını qəbul etməsini
də qeyd etmək lazımdır. Çünki, bu konvensiyada
da məlumat azadlığı məslələrinə
xüsusi diqqət yetirilir. Belə ki, İnsan Hüquqları
üzrə Avropa Konvensiyasının 10-cu madəsində ifadə
və informasiya azadlığı təsbit edilib. Orada deyilir:
“Hər bir şəxs ifadə azadlığı hüququna
malikdir. Bu hüquqa öz fikrində azad qalmaq
azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən
hər hansı maneə olmadan və dövlət sərhədlərindən
asılı olmayaraq, məlumat və ideyaları almaq və
yaymaq azadlığı daxildir”. Lakin eyni zamanda konvensiyaya
görə ifadə və informasiya azadlığı mütləq
deyildir. Dövlət bəzi şərtlər daxilində bu
azadlığa müdaxilə edə bilər (fikirlərin,
informasiyanın və ideyaların ifadə edildiyi vasitələrdən
asılı olmayaraq). Belə ki, həmin 10-cu maddənin 2-ci bəndində
nəzərdə tutulur ki, ifadə azadlığına qoyulan
istənilən məhdudiyyət legitimliyi qəbul edilmiş məqsədlərdən
biri ilə - milli təhlükəsizlik, ərazi
bütövlüyü və ya ictimai asayiş,
sağlamlığın və ya əxlaqi dəyərlərin
qorunması, iğtişaşın və ya cinayətin
qarşısının alınması, başqalarının
nüfuzlarının, yaxud hüquqlarının qorunması,
məxfi yolla əldə edilmiş məlumatların
mühafizə edilməsi, yaxud ədalət mühakiməsinin
nüfuz və qərəzsizliyinin təmin edilməsi məqsədi
ilə əsaslandırılmalıdır. Onu da bildirək ki,
Avropaya inteqrasiya Avropa ölkələrində olduğu kimi
bizdə də KİV sahəsində islahatlar və
qanunvericilik media məsələləri üzrə müvəkkil
institutunun təsisini də zəruri edirdi. Bu mənada ölkəmizdə
də media məsələləri üzrə müvəkkilin
səlahiyyətlərinin İnsan Hüquqları üzrə
Müvəkkilə (Ombudsmana) verilməsini də xüsusilə
qeyd etmək lazımidir. Nəzərə alsaq ki, məlumat
almaq azadlığı insan hüquqları sisteminə
daxildir, bu baxımdan da media ombudsmanının səlahiyyətlərinin
İnsan Hüquqları üzrə Müvəkkilə verilməsi
atılan ən məqsədəuyğun bir addım oldu.
Fikir, söz və
məlumat azadlığının, plüralizmin inkişaf
etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir
Göründüyü kimi, bu
gün ölkəmizdə fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi
üçün kifayət qədər güclü
qanunvericilik bazası var. Elə bu azadlıqların təmini
və plüralizmin inkişafı Prezident İlham Əliyevin
daim diqqətindədir və Prezidentin bu sahəyə
xüsusi qayğısı göz qarşısındadır.
Məhz Prezident İlham Əliyev tərəfindən mətbuata
xüsusi diqqət və qayğının nəticəsidir
ki, 2010-cu ildə Prezident İlham Əliyev “Jurnalistlərin dostu” seçilib.
Eyni zamanda 2009-cu ilin aprel ayının 3-də Prezident İlham
Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV
DDF) yaradılması haqqında Fərmanı da KİV sahəsinə
dövlət qayğısının təzahürüdür.
Məhz KİV DDF-nin yaradılması və mətbuata
dövlət qayğısı Azərbaycanda mətbuat sahəsində
irəli doğru atılmış bir addımdır.
Əlimərdan
Sultanov
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün
Palitra.- 2011.- 4
mart.- S. 10.