“Savadlı tələbə yetişdirmək üçün savadlı müəllim olmalıdır”

 

Layihə çərçivəsində müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə xanım Abdullayevadır: 

 

-Təhsil sahəsində hansı problemlər mövcuddur?

- Təhsil çox geniş bir sahədir. Məlum olduğu kimi, o, məktəbəqədər təhsildən tutmuş, ali məktəbə kimi bir neçə mərhələdən ibarətdir. Son illərdə respublikamızda təhsil sahəsində bir sıra irəliləyişlər əldə olunub. Yararsız vəziyyətdə olan orta təhsil müəssisələrinin təmiri, yenilərinin tikilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, çoxlu sayda azərbaycanlı tələbənin (7500 gənc) xaricdə istər dövlət, istərsə də öz vəsaitləri hesabına təhsil almaları və s. buna bariz nümunədir. Dünyanın 40 ölkəsinin 1500 universiteti Bolonya prosesinə qoşulub. Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr içərisindədir. Təhsilin bütün  mərhələlərində müsbət dəyişikliklərlə yanaşı, bir sıra problemlər də mövcuddur. İlk növbədə qeyd edim ki, bu problemlərin yaranmasına təsir göstərən əsas amillərdən biri, Azərbaycanın vahid təhsil modelinin olmamasıdır. Təhsil sahəsində universitetlərə qeyri-leqal qəbul, bəzi məktəblərin və universitetlərin maddi-texniki təchizatının və xarici ölkələrlə tələbə-müəllim mübadiləsinin zəif olması, imtahanlar zamanı baş verən xoşagəlməz hallar və s. buna misal ola bilər. Etiraf etmək lazımdır ki, bəzi təhsil müəssisələrinin kitabxanalarıyla bağlı vəziyyəti qənaətbəxş deyil. Belə olduqda hansı keyfiyyətli təhsildən söhbət gedə bilər? Hər hansı bir təhsil müəssisəsinin vəziyyəti onun rəhbərindən də bilavasitə asılıdır. Hər bir rəhbər işçi millətin inkişafında təhsilin nə qədər mühüm rol oynamasını dərk etməli, yerinə yetirdiyi vəzifənin Vətənə xidmət olduğunu başa düşməlidir.  

- Ali məktəblərin tələbələrinin səviyyəsi sizi qane edirmi?

- Təəssüflər olsun ki, birmənalı olaraq “bəli” söyləmək mümkün deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. Mənim fikrimcə, burada ilk olaraq səbəbi qeyri-leqal qəbulda axtarmaq lazımdır. Heç kəsə sirr deyil ki, hazırda universitetlərə qeyri-leqal yollarla daxil olan tələbələr də mövcuddur. Bu tələbələrin məqsədi təhsil yox, diplom almaqdır. Müəllimlərin səviyyəsi də bu məsələdə mühüm rol oynayır. Bəzi hallarda müəllimlər tələbələrdən şikayət edirlər. Tələbələrin sovet dönəmindən fərqli olaraq indi dərsə səthi yanaşdıqlarından şikayətlənirlər. Düşünürəm ki, bu zaman müəllim səhvi özündə axtarmalıdır. “Nə üçün tələbə onu dinləmək istəmir?” sualını özünə verib cavabını taparsa, bu zaman müəllim qarşısındakı tələbəyə təsir göstərə biləcək. Mən ali məktəbdə bir müəllimin bir neçə fənni tədris etməsinə qarşıyam. Bəzi müəllimlər onlara verilən bir neçə fənni tələbə ilə eyni zamanda mənimsəməyə başlayır ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Xarici ölkələrdə ali məktəb tələbələrinin müəllimləri seçmək kimi şansları olur. Savad almaq istəyən tələbə savadlı müəllimi seçir. Nəticədə savadsız müəllim avtomatik olaraq təhsildən uzaqlaşır. Yəni Avropa təhsilində müəllimlərin seçimində subyektiv amillər rol oynamır ki, bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillərdən biridir. Yaxşı olardı ki, ali məktəblərin müəllimləri dərs dedikləri fənn üzrə həm də tədqiqat aparsınlar. Bu onların tədris etdikləri fənni daha da dərindən bilmələrinə gətirib çıxarar. Bundan başqa, müəllimlər dərs prosesində slaydlardan istifadə etməklə daha əyani formada dərs prosesini təşkil etməlidirlər. Savadlı tələbə yetişdirmək üçün cəmiyyətdə savadlı müəllimlər olmalıdır. Əgər müəllim 10 il bundan əvvəl yazdığı hazır mühazirə mətnləri ilə auditoriyaya daxil olub, onu üzündən oxuyursa və tələbələri də məcbur edirsə ki, onu dinləsinlər bu mümkün olmayacaq. Çünki 21-ci əsrin tələbəsi internet deyilən beynəlxalq informasiya şəbəkəsinə daxil olub oradan keçdiyi fənnlə bağlı yeni şeylər öyrənir. Əgər müəllim auditoriyada  tələbə üçün yeni olan informasiya verirsə, tələbələr böyük həvəslə onu dinləyəcək. Söhbət leqal yolla qəbul olunmuş tələbələrdən gedir. Ola bilər ki, hər hansı bir abituriyent yüksək balla universitetə qəbul olunsun, ancaq sonradan oxumasın. Bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin hər bir halda mən istərdim ki, bizim tələbələrimiz diplom üçün deyil, təhsil almaq üçün oxusunlar. Müəyyən zamandan sonra onlar əmək bazarında öz biliklərini realizə edən zaman bunun nə qədər zəruri olduğunu anlayacaqlar.

 - Maddi-texniki təchizatla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Təhsil sahəsində mövcud olan problemlərdən biri də maddi-texniki təchizatdır. Əvvəldə də qeyd etdiyim kimi, son illərdə bəzi təhsil müəssisələrində əsaslı təmir işləri aparılır. Bir sıra məktəblər tikilir və yeni avadanlıqlarla təchiz olunur. Lakin hələ ki, görülən işlər kifayət etmir. İstər bəzi orta, istərsə də ali məktəblərdə maddi-texniki təchizat istənilən səviyyədə deyil. Müəllimlər dərs prosesində interaktiv metodlardan istifadə etmirlər. Kompyuter təchizatı aşağı  səviyyədədir. Tələbələr özlərinə lazım olan informasiyaları əldə etmək üçün internet klubların fəaliyyətindən istifadə edirlər. Yaxşı olardı ki, hər bir ali məktəbdə tələbələrin ixtiyarına kompyuter otaqları verilsin. Onlar dərsdən sonra bu xidmətlərdən istifadə etsinlər. Bundan başqa, Azərbaycanın müstəqillik dönəmində ali məktəblərlə bağlı olan digər ciddi bir problem də mövcuddur. Bu yataqxana problemidir. Məlum olduğu kimi, Azərbaycan əhalisinin 1 milyonu qaçqındır və bunların əksəriyyəti tələbə yataqxanalarında məskunlaşıblar. Doğrudur, ali məktəblərin inkişafını əhatə edən dövlət proqramında tələbə yataqxanalarının boşaldılması məsələsi nəzərdə tutulub. Bunun üçün müəyyən zaman tələb olunur. Diqqətinizə bir faktı çatdırım. Biz əvvəldə müəllim-tələbə mübadiləsindən danışdıq. Xarici ölkələrdən müəllim-tələbə cəlb etmək üçün bizim yataqxanalarımız, müəllim evlərimiz olmalıdır. Məsələn, qonşu Türkiyədə xaricdən gələnlər üçün müəllim evləri, o cümlədən öz müəllimləri üçün “lojmanlar” mövcuddur. Müəllimlər işə gəlib-getmək üçün çox vaxt itirməsin deyə, onların ev şəraitini yaxşılaşdırmaqdan ötrü universitet fəaliyyət müddətində əməkdaşlarını evlə təchiz edir. Mənə elə gəlir ki, bu təcrübədən yararlanmaq lazımdır.

- Magistr hazırlığının elmi-tədqiqat müəssisələrinə verilməsinə münasibətiniz necədir?

- Dünyada ali təhsilin bakalavr və magistr pillələri ayrı olur. İndiyə kimi bizdə hər iki pillə birlikdə ali məktəblərdə həyata keçirilirdi. Fikrimcə, magistraturanın elmi-tədqiqat müəssisələrinə verilməsi təqdirəlayiq haldır. Çünki  ali təhsilin bakalavr pilləsini bitirib əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər əmək bazarına, elmlə məşğul olmaq istəyənlər isə magistraturaya daxil olacaqlar. Sonradan onlar doktoranturada öz təhsillərini davam etdirəcəklər. Hazırda bizim universitetlərimizin magistratura pilləsində təhsil alanların əksəriyyətinin səviyyəsi gələcəkdə onların yaxşı tədqiqatçı kimi formalaşmasına imkan vermir. Elmi-tədqiqat müəssisəsində mütəxəssis magistratura dönəmində gələcəyin yaxşı doktorantı kimi formalaşır.   

-Təhsil sahəsinin inkişafı üçün nələr zəruridir?

- İlk növbədə Azərbaycanın vahid təhsil modeli formalaşdırılmalı, Bolonya prosesinin komponentləri tətbiq olunmalıdır. Avropada universitetlər qəbulu özü təşkil edir. Bu onların səlahiyyətindədir. Bolonya prosesinə qoşulduğumuz üçün Azərbaycanda da qəbulu universitetlərə vermək lazımdır. Təbii ki,  bu proses şəffaf şəkildə həyata keçirilməlidir. Xarici ölkələrlə təhsil sahəsində müəllim-tələbə mübadiləsini gücləndirmək lazımdır. Azərbaycan universitetlərinin istər maddi-texniki təchizatını, istərsə də təhsilinin səviyyəsini elə dərəcəyə çatdırmaq lazımdır ki, təkcə biz xaricə müəllim və tələbələrimizi göndərməyək, eyni zamanda xarici ölkələrin müəllim-tələbələri də bizim universitetlərə gəlsinlər. Bu həm də ali təhsil müəssisələrinin maliyyə təminatının yaxşılaşmasına təsir göstərər. Təhsil sahəsində həllini gözləyən mühüm problemlərdən biri də əməkhaqları məsələsidir. Bu problemin həlli təhsil sahəsində bir sıra mənfi halların aradan qalxmasına səbəb olacaq. Respublikamızda universitetlərin reytinq cədvəli formalaşdırılmalıdır. Doğrudur, hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə sənəd verən şəxslərin seçimi əsasında reytinq cədvəli müəyyənləşdirir, lakin fikrimizcə bu kifayət deyil. Hər il dünya üzrə top 100-lüyə düşən universitetlərin siyahısı açıqlanır. Dünyada universitetlərin reytinqini müəyyənləşdirən kriteriyalar var və bu kriteriyaların ölkəmiz üçün də müəyyənləşdirilməsi zəruridir. Bazar iqtisadiyyatı sistemində bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də üçüncü sektorun fəaliyyəti olduqca vacibdir. Bolonya prosesinin təşkilinə qeyri-hökumət təşkilatlarını cəlb etmək lazımdır. Məsələn, monitorinqlərin keçirilməsində qeyri-hökumət təşkilatları mühüm rol oynaya bilərlər. Təəssüfləndirici haldır ki, bizdə qiymətləndirmə komissiyası Təhsil Nazirliyinin nəzdində yaradılıb. Bu monitorinqin nəticələrinə vətəndaşlarda şübhə yarada bilər. Təhsil sahəsində qanunvericilik bazası təkmilləşdirilməlidir. “Təhsil haqında” qanunla yanaşı, “Ali təhsil haqqında” qanun da qəbul edilməlidir. Minilliyin qlobal çağırışlarına uyğun olaraq “hamı üçün təhsil”, “sərhədsiz təhsil” ideyaları reallaşdırılmalıdır. Universitetlər elm və innovativ inkişaf mərkəzlərinə çevrilməlidirlər. Universitetlərin innovativ fəaliyyəti nəticəsində əmək bazarındakı tələbə uyğun rəqabətqabiliyyətli kadrlar hazırlanmalıdır.

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 8 mart.- S. 6.