“Təhsildə yeni ənənələr
hələ tam oturuşmayıb”
Son magistraturaya qəbul
imtahanları Azərbaycan ali təhsilində bir sıra
nöqsanları bir daha üzə çıxardı. Belə
ki, magistraturaya qəbul imtahanlarının birinci mərhələsində
bakalavrların çoxu tələb olunan 50 keçid
balını yığa bilmədi. Bu isə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasını məcbur
etdi ki, bir sıra istiqamətlər üzrə keçid
balı 45 və hətta 40-a endirilsin. Bu isə bir daha
dolayı olaraq ali təhsil sisteminin mükəmməl
olmaması, bakalavrların hazırlıq səviyyəsinin
çox aşağı enməsini gündəmə gətirir.
Belə ki, bir çox mütəxəssislər ötən
saylarımızda da bu məsələyə toxunublar və
bildiriblər ki, nəinki ali, orta təhsil sistemində də
bu tipli nöqsanlar var. Belə ki, ekspertlər bu barədə
TQDK-nın daha öncəki statistik məlumatlarını və
orada orta təhsilin aşağı olduğunu büruzə
verən faktları, göstəriciləri misal gətirirlər.
Məsələn, ötən illərdə bəlli
olmuşdu ki, orta məktəbi fərqlənmə attestatı
ilə bitirən abituriyentlərin çoxu ali məktəblərə
qəbul imtahanlarında çox aşağı nəticələr
göstəriblər və ali məktəblərə qəbul
ola bilməyiblər.
Problemlə
bağlı olaraq layihə çərçivəsində
bir neçə təhsil işçisinə müraciət
etdik. Gənc Alimlər və Magistrlər Cəmiyyətinin sədri
İlqar Orucov məsələ ilə bağlı olaraq
mövqeyini belə bildirdi: “Təbii ki, son magistr
imtahanlarının nəticələri bakalavr pilləsində
təhsilin səviyyəsinin asağı olmasının
göstəricisidir. Mən Məleykə Abbaszadənin bu barədəki
fikirləri ilə tam razıyam, ümumiyyətlə, bizdə
ali təhsilin bakalavr pilləsində olan çatışmazlıqların
nəticəsi kimi bunu xarakterizə edərdim. Bundan qurtulmaq
üçün ali təhsilin ilkin pilləsi olan bakalavr pilləsinə
diqqət artırılmalıdir. Nə qədər ki, ali məktəblərdə,
ümumiyyətlə, təhsildə neqativ hallar- konkret olaraq
rüşvət qalacaq, bundan artıq nəticə gözləmək
də əbəsdir”. Magistraturaya qəbul imtahanlarında
sualların çətin olmasının
mümkünlüyü ilə bağlı olaraq İ.Orucov
belə bildirir: “Hesab etmirəm ki, magistratura sualları çətindir.
Qəbul sualları tam ali
təhsilin bakalavriat kursunu əhatə edir. Burada söhbət
ondan gedir ki, magistraturaya iddialı məzun bu sualların
qarşısında çətinlik çəkir, onun öhdəsindən
gələ bilmir. Çünki onun bakalavr pilləsində əldə
etdiyi biliklər buna imkan vermir. Mən istisna
etmirəm ki, 10 faiz özünü itirir, psixoloji təsirlər
özünü göstərir, amma bu, kütləvi şəkil
alanda və birbaşa qəbulun nəticələrinə ciddi
şəkildə təsir göstərəndə,
ayrılmış yerlər boş qalanda artıq
düşünmək üçün əsas yaranır”.
Orta məktəb təhsili barədə danışan
İ.Orucov dedi: “Bizdə formasından asılı olmayaraq təhsildə
olan problemlər və onların səbəbləri hamıya
məlumdur. Yaxşı nə varsa, bizimdir, eləcə də
pis də, qüsurlar da bizimdir. Kim tənqid edirsə, ona
düşmən gözü ilə baxmaq psixologiyasından əl çəkməliyik. Təhsil
elə bir sahədir ki, orada olan qüsurlar və nöqsanlar
daha tez özünü göstərir. Məlumdur ki, bizdə
bu sahədə islahatlar aparılır, işlər
görülür. Artıq bir neçə ildir 700 bal toplayan
abituriyentlər də var. Bunlar bizim uğurumuzdur, amma ümumi
səviyyənin aşağı olması da bizim qüsurumuzdur
axı. Bax, bunu qəbul etməliyik. Təbii ki, çoxlu
işlər, uğurlar da var, hələ görüləsi
işlər, problemlər və nöqsanlar da qalmaqdadır. Təbii
ki, bu nöqsanlar da
özünü qəbul zamanı göstərməyə bilməz.
Ona görə də bu problemin də üstünə getmək
lazımdır”. Xəzər Universitetinin müəllimi,
yazıçı-kulturoloq Aydın Xan da deyir ki, ali təhsilin
səviyyəsi çox aşağıdır: “Bu məsələ
bir daha sübut etdi ki, bizim ali təhsilimizdə müəyyən
problemlər var və bu problemlər yaxın gələcəkdə
həll edilməlidir, yoxsa vəziyyət daha da pis olacaq. Təsəvvür edin ki, dörd il bakalavriatda təhsil
almış tələbə, 100 ballıq qiymətləndirmə
sistemindən çıxmış bakalavr əgər 50 bal
yığıb mərhələni adlaya bilmirsə, bu o deməkdir
ki, bizim ali təhsil sistemimizdə müəyyən
nöqsanlar var. Əlbəttə, bunu sığortalamaq
üçün deyə bilərik ki, biz köhnə
sovet təhsil sistemindən Bolonya prosesinə yeni
keçmişik və köhnə sistemdən qalma problemlər
hələ də qalır - burası anlaşılandır.
Amma mən fikirləşirəm ki, hansı formatda öz ali təhsil
siyasətimizi qursaq da, hər halda
hazırladığımız tələbə heç olmasa
50 ballıq testdən keçməlidir. Magistr
imtahanlarının nəticələrini mən də təhsillə
bağlı bir insan kimi ürəkağrısı ilə qəbul
etdim. Bəlkə də bu məsələ bir daha bizi
başqa bir problem haqqında düşünməyə vadar
etdi. Xaricdə tələbə ali məktəbi bitirəndən
sonra onun hansı bilikləri, vərdişləri
qazandığı haqqında test-yoxlama imtahanları təşkil
olunur, tələbənin aldığı təhsilin real nəticələri
yerindəcə yoxlanılır. Bir çox xarici ölkələrdə
universitetə min adam götürülürsə, onun 100 yaxud
50-si müvəffəqiyyətlə ali məktəbi bitirir.
Bu kadrlar da real olaraq onlara olan kadr tələbatını
yaxşıca ödəyir. Bizdə bu məsələ bir az
tərsinədir. Həm bakalavr, həm də magistr olmaq
üçün test imtahanları baryerini qoymuşuq. Bu da tələbənin
əzbərçiliyinə aparıb çıxarır. Ali təhsil
sisteminin bakalavr pilləsini bitirən tələbə məntiqdən
suallara cavab verə bilmir və imtahandan kəsilir. Bu problemin kəskinliyini
biz yaxın gələcəkdə görəcəyik. Bu
baxımdan Azərbaycanda nəinki dövlət xətti ilə,
həm də ayrı-ayrı təşkilatlar
və fərdi şəkildə xaricə təhsil almağa
gedənlərin sayı getdikcə artır. Bu isə o deməkdir
ki, təhsilə sərf olunan pulu da biz əlimizdən
buraxırıq. 21-ci əsr elm və təhsil əsridir. Kim
bu əsrdə təhsildən geridə qalsa, əriyib gedəcək”.
Aydın Xanın fikrincə, təhsildə köhnə ənənələri
ləğv etməli olsaq da, yeni ənənələr hələ
tam oturuşmayıb: “Orta məktəblərdə də təhsilin
səviyyəsini qaldırmağa ehtiyac var. Milli tədris
sistemində də ödənişli sistemin, ödənişli,
güclü orta təhsil sisteminin oturuşması orta təhsilin
səviyyəsini qaldırar. Bunu xaricilər bizdə tətbiq
edirlər, amma öz milli kadrlarımıza da bu imkan
yaradılmalıdır. Repetitorların abituriyentləri
hazırlaşdırması isə yalnız əzbərçiliyə
aparıb çıxarır. Bu məsələyə ciddi
yanaşılmalıdır”. Aydın Xanın fikrincə,
dövlət məktəblərinin 50 faizini ödənişli
etmək lazımdır. O düşünür ki, belə
olarsa, daha yaxşı orta təhsil sistemini
formalaşdırmaq mümkün olacaq. Bakı Dövlət
Universitetinin tyutoru, dissertant Faiq Xudanlı isə belə
düşünür: “Onu deyə bilərəm
ki, həqiqətən də bakalavrların səviyyəsi bir
çox hallarda aşağıdır. Əlbəttə, bəzi
sahələrdə bu da məncə, obyektivdir və mənə
elə gəlir ki, magistrların
sayını kifayət qədər asağı salmaq
lazımdır. Burada kəmiyyətə deyil, keyfiyyətə
önəm verilməlidir. Yoxsa magistr olmaq xatirinə səviyyəsi
olmayan birini zorla oranı bitirməyə məcbur etmək(dolayı
yolla) həm tələbəyə, həm də elmə və
təhsilə ziyanlıdır. Gələcəkdə bunun təsirini
görəcəyik. Bundan başqa heç kəsə sirr
deyil ki, magistratura oxuyanların çoxu prestijə görə
oxuyur. Belə olan halda onun dəyəri də aşağı
düşür. Bundan başqa hesab edirəm
ki, bu istiqamətdə konkret proqram olmalıdır və
müəyyənləşdirilməlidir ki, hansı istiqamətlər
bizim üçün prioritet təşkil edir və bundan
sonra proqram spesifik layihə şəklində bu istiqamətləri
nəzərdən keçirmək lazımdır. Misal üçün, BDU-nun Sosial elmlər və
psixologiya fakültəsində son zamanlar psixologiya və
iqtisadiyyat ixtisaslarında ciddi irəliləyiş var, bu
ixtisaslarda oxuyanların bilik səviyyəsi də kifayət qədər
yüksəkdir və orada rəqabət yüksəkdir, amma
bildiyimə görə, texniki fənlərdə bu göstərici bir qədər zəifdir. Təhsildə
problemlərdən biri də xüsusən tələbələrdə
təhsil almağa istəyin aşağı olmasıdır.
Bunun səbəbini araşdırmaq, sosioloji baxımdan təhlil
edib nəticəyə gəlmək lazımdır. Eyni zamanda
orta məkəbdən gələn tələbələrin əksəriyyətinin
bilik səviyyəsi də təəssüf ki, çox
aşağıdır. Hesab edirəm ki, burada test üsulu ilə
qəbulun ciddi təsiri var. Belə ki, sistemli testləri
öyrənməklə bir qədər biliyi va məntiqi olan
şagird çox asanlıqla universitetə qəbul ola bilir.
Misal üçün, ingilis dilindən bütün test
suallarına cavab verən tələbə universitetdə həmin
fəndən kəsilir və ya bu dildə kifayət qədər
biliyə malik olmaması aydınlaşır. Sual olunur ki, niyə?
Yaxud III qrupa imtahan verərək qəbul olan tələbənin
Azərbaycan tarixindən biliyinin çox aşağı
olduğu məlum olur: niyə? Buradan aydın olur ki, bu tip tələbələr
əslində yalnız səthi bilikləri sistemli şəkildə
öyrənməklə universitetə daxil olurlar və belə
biliklər tez də yaddan çıxır”.
F.Xudanlının fikrincə, bu baxımdn qəbul
proqramlarında da dəyişiklik edilməlidir.
İlkin
Palitra.- 2011.-
11 mart.- S. 10.