İnformasiya bolluğu şagirdlərdə kitab oxumaq həvəsini azaldıb”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Səbail rayonu O.Mirzəyev adına 190 saylı məktəbin direktoru, Əməkdar müəllim Afət Bakıxanovadır: 

 

- Bu gün Azərbaycanın həyatında gedən hərtərəfli, böyük inkişafı görməmək mümkün deyil. Bütün sahələrdə olduğu kimi, təhsilimizdə də inkişaf göz qabağındadır. Hazırda məktəblərdə informasiya kommunikasiya texnologiyalarının tətbiqi təhsilin inkişafına təsir göstərən mühüm amillərdən biridir. Bizim məktəbdə bu istiqamətdə işlər görülür. Ümumiyyətlə, Azərbaycan təhsil tarixində məktəbimizin öz adı, mövqeyi var. Bu uğuru məktəbə 59 il rəhbərlik edən, burada iz qoyan Sona müəlliməylə əlaqələndirirəm. Bugünkü kollektiv çalışır ki, bu uğuru, ənənələri davam etdirsin. Bu gün məktəbimizdə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər bir şərait var. Burada internetə birbaşa çıxış, məktəbin saytı, hər cür texnika ilə təchiz olunmuş kabinetlər, laboratoriyalar var ki, onlar müasir təhsilin tələblərinə cavab verən vəziyyətdədir. Artıq 4-cü ildir ki, ölkə başçısının sərəncamı ilə “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Bizim kollektivilk vaxtdan bu müsabiqəyə qoşulub. Birinci müsabiqədə məktəbimizin direktor müavini Q.Əmircanova, ikinci il müsabiqədə ibtidai sinif müəllimi A.Həşimova, 3-cü il müsabiqədə tarix müəlliməsi P.Xəlilova “Ən yaxşı müəllim” adını alaraq qalib olublar. Həmçinin məktəbimiz “Ən yaxşı məktəb” müsabiqəsinin də qalibi olub. Ümumiyyətlə, məktəbdə təhsilin yüksəldilməsi üçün yüksək səviyyəli müəllimlər lazımdır. Öz işini, peşəsini ürəkdən sevən, daim öz üzərində çalışan, biliyini artıran müəllimlərin olması vacibdir ki, məktəbimizdə də belə müəllimlər çoxdur. Hər il məktəbimizin şagirdləri müxtəlif olimpiadalarda, müsabiqələrdə iştirak edir müsbət nəticələr də əldə olunur. İdman sahəsində də məktəbimizin böyük uğurları var. Burada güclü komandalar istər rayon, istərsə ölkə üzrə keçirilən yarışlarda daim ən azından II-III yerləri qazanırlar. Mənim fikrimcə, təhsilin inkişafında təcrübə mübadiləsinin olmasının mühüm rolu var. Çalışırıq ki, yaxşı müəllimlərin təcrübəsini gənc müəllimlər arasında yayaq. Ümumiyyətlə, təcrübənin yayılması təhsilin inkişafına təkan verən amillərdən biridir. Bu məqsədlə məktəbimizdə “açıq dərslər” keçirilir bu dərslərdə müasir texnikadan istifadə olunur. Məktəbimizin zəngin kitabxanası var. Burada istər dərsliklər, istər də bədii ədəbiyyat, həmçinin son illər Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar var. Kitabxanamızda tez-tez dəyirmi masa, şairlər, yazıçılarla görüşlər keçiririk. Bu yaxınlarda gənc yazıçı ilə görüş keçirildi bu artıq onun 3-cü romanının təqdimatı idi. Bundan başqa bu yaxınlarda məktəbimizə Akademik Milli Dram Teatrının aktyorlarını dəvət etmişdik. “Qrimsiz görüşadlanan bu tədbirdə məktəbimizin məzunlarından, Əməkdar artist M.Xanlarova, Xalq artisti H.İsmayılov, N.Mehdixanlının iştirakı şagirdlərlə onların birbaşa təması idi. Bugünlərdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbimizdə təcrübə keçən Slavyan Universitetinin tələbələri tədbir hazırlamışdı. Çox gözəl ənənəvi tədbirlərdən fərqli idi. Hazırda da Novruz bayramına hazırlaşırıq. Biz bu bayramı məktəbimizdə kütləvi şəkildə, tonqal başında, Keçəl və Kosanın iştirakı ilə keçiririk. Bu il də həmin ənənəni davam etdirəcəyik. Eyni zamanda bayram ərəfəsində bir şagirdimizin sərgisi təşkil olunacaq. Bu artıq məktəbimizdə 3-cü sərgidir. Rəssamlığa, heykəltəraşlığa həvəsi olan istedadlı uşaqların sərgilərini təşkil edirik. Çalışırıq ki, hər şey günün tələblərinə cavab versin. Çünki bugünkü şagirdlər XX əsrin ortalarında, hətta sonlarında olan şagirdlər deyil. Elmin, texnikanın inkişafı müəllimdən çox şey tələb edir. Müəllim bu gün köhnə biliyi, savadı ilə şagirdin qarşısına çıxa bilmir. Tez-tez treninqlər keçirilir müəllimlərimiz bu treninqlərdə iştirak edirlər. İndi kurrikulumlar tətbiq olunur. İbtidai yuxarı siniflərin müəllimləri kurslara cəlb olunur. Çalışırıq ki, Azərbaycan təhsilinin qarşısında duran vəzifələri yerinə yetirək.

- Bu gün bir pedaqoq kimi şagirdlərin təhsil səviyyəsi sizi qane edirmi?

- Mən 50 ilə yaxındır ki, təhsil sahəsində çalışıram. 2008-ci ildəƏməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Əgər şagirdlərin nəticələrinə baxsaq, rəqəmlər yaxşıdır. Məsələn, ötən ildən fərqli olaraq bu il bizim məktəbdən ali məktəbə daxil olan abituriyentlərin sayı 50 faizi ötüb. Belə ki, 9 nəfər Türkiyə, 1 nəfər İngiltərənin ali məktəblərinə daxil olub. Beləliklə, 40 nəfər məzun ali məktəbə daxil olub. Ancaq bir pedaqoq kimi mənə elə gəlir ki, bir vaxtlar təhsilə olan yanğı bu gün yoxdur. Yaxşı oxuyan uşaqlar varonlar çalışır ki, bilmədiyini də öyrənsin. Amma şagirdlərdə bir arxayınçılıq əmələ gəlib. Bu gün təhsil almaq üçün şərait çox gözəldir. Mənim fikrimcə, bunun səbəbi şagirdlərdə informasiya bolluğunun olmasıdır. Yəni onların internetdən istifadəsi, dünyada baş verən hadisələrdən xəbərdar olması, telekanallardan aldığı məlumatlar onlarda informasiya bolluğu yaradır. Bu informasiyanın qarşısında şagirdin kitab oxumaq həvəsi yoxdur. Kitabdan alınan zövqü heç ilə müqayisə etmək olmaz. Mən çox təəssüf edirəm ki, bu gün bir gecəyə bir roman oxuyub gələn uşaq yoxdur. Bunun günahını uşaqlarda deyil, informasiya bolluğunda görürəm. Onu da qeyd edim ki, yaxşı yazıçının kitabı oxunur. Məsələn, Ç.Abdullayevin əsərlərini göstərmək olar. Bugünkü oxucu bu günün reallığını, qəhrəmanını istəyir. Bu gün belə kitablar lazımdır ki, gəncliyin marağını cəlb etsin. Amma ümumiyyətlə, bir pedaqoq kimi uşaqların mütaliəsindən razı deyiləm. Bəlkə də bu, məktəbdə proqramın çətinliyi, uşaqların hazırlığa getməsi səbəbindən vaxtın azlığı ilə xarakterizə oluna bilər. Amma kitab oxumaq üçün o vaxtı tapmaq lazımdır. Kitab insanın mənəvi qidasıdır və o qidanı hər zaman almaq lazımdır.

- Sizcə, şagirdlərin repetitor yanına getməsi məktəbdə yetərincə bilik əldə edə bilməməsindənmi irəli gəlir?

- Bu gün qəbul imtahanlarında abituriyentlər müəllimlərlə üzbəüz oturub onların suallarını cavablandırmır, test imtahanları verirlər. Onu da qeyd edim ki, məsələn, məktəbdə hansısa bir yazıçıının həyatı, yaradıcılığı, əsərləri haqqında məlumat veririk, amma testlərdə elə xırdalıqlar olur ki, mütləq köməkçi lazımdır. Eyni zamanda mən o fikirdəyəm ki, əgər şagird oxumağa meyilli olmursa, onun üçün 10 repetitor da tutsan, heç bir xeyri yoxdur. Şagirddə ilk növbədə oxumaq həvəsi olmalıdır. Repetitor təkrarlamaqdır o uşaq təkrarlayır ki, onda az da olsa bilik olur. Bəli, bu gün repititorluq dəb halını alıb. Bu gün bəzi valideynlər gəlib deyir ki, mən uşağı repititor yanına qoya bilməmişəm, uşaq da ağlayır ki, filankəs gedir, mən getmirəm. Deyirəm narahat olmayın, ötən il iki, bir neçə il öncə daha iki nəfər abituriyent yüksək balla ali məktəbə daxil olub ki, onların 4-ü də repetitor yanına getməyib və “Prezident təqaüdü layiq görülüblər. O uşaqlar öz biliyi, həvəsi ilə bu nəticəyə nail olublar. Bundan başqa repetitor bir qədər uşağa kömək edir, bu o demək deyil ki, məktəblərdə dərs zəifdir. Sadəcə testlər daim təkmilləşir həmin testi hazırlayanlar kitablarda ən nəzərə çarpmayan, hətta çalışmalardan suallar qoyurlar bu uşaq üçün çətin olur. Uşağın fiziki cəhətdən vaxtı çatmır o hazırlığı keçməyə. İmkanlı valideynlər də uşağını repetitor yanına qoyurlar, amma bu, oxuyan üçün vacib deyil. Dərsə gəlmək, müəllimə qulaq asmaq lazımdır. Bugünkü proqramların hamısı uşaqları buraxılış imtahanları və qəbul imtahanlarına hazırlayır. Məktəbdən alınan bilik başqa, repetitordan aldıqları mexaniki test hazırlığı başqadır.

- Bəzən məktəblərdə bugünkü proqramların, dərs tapşırıqlarının ağırlığından şikayətlənirlər. Sizin buna münasibətiniz necədir?

- Mənə elə gəlir ki, proqramları bir qədər yüngülləşdirmək lazımdır. Kurrikulum düşündürür, uşaq düşünməyə məcbur olur, əqli cəhətdən inkişaf edir. Amma kurrikulum, təzə proqramlar, 4, 5, 6, 10 şüurca inkişaf etmiş, evdə ailəsi onunla məşğul olmuş, bağçaya getmiş uşaqlar üçündür. Məktəbə elə uşaqlar gəlir ki, 1-dən 10-a qədər saya bilmirlər. Belə uşaqlar üçün bugünkü proqramların öhdəsindən gəlmək çox çətindir. Kurrikulum yaxşıdır, amma uşaqlar məktəbə hazırlıqlı, bağçadan gəlməlidir ki, burada valideynin xüsusi rolu var. Onun şüuru uşaqlıqdan inkişaf etdirilməlidir.Dərs tapşırıqlarının ağırlığına gəldikdə isə bu düzdür, əslində evə tapşırıq verilməməlidir. Bugünkü tələb odur ki, keçmiş dərsə qayıtma, təzə dərsin situasiyasını yarat. Çalışmanın, yazının çoxu sinifdə olmalıdır. Mən o müəllimi zəif hesab edirəm ki, evə çox çalışma, əzbərləməyə çox mövzu verir. Uşaq qorxudan adı da əzbərləyə bilmir. Müəllim sinifdə öyrətməlidir.

- Gənc müəllimlərin peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz? 

- Bizim məktəbə BDU, Slavyan Universiteti, ADPU-unun tələbələri praktikaya gəlirlər. Onlar İKT-dən istifadəni bacarırlar. Ancaq onu da qeyd edim ki, nazir M.Mərdanov belə bir fikir bildirdi ki, yaxşı müəllimə yaxşı maaş vermək lazımdır. Əgər bir sinfə müəllimin səviyyəsinə görə 40 nəfər uşaq toplaşıbsa, demək o müəllim daha yüksək maaş almalıdır. Elə müəllim var ki, maaşın miqdarından asılı olmayaraq pis işləyəcək. Eləsi də var ki, yaxşı işləyəcək. Eyni zamanda müəllimliyi sevmir. Bu da ondan irəli gəlir ki, bir vaxtlar müəllim olmaq istəyən sırf bu sahəyə sənəd verirdi. Amma indi fərqlidir, məsələn, abituiyent jurnalistikaya daxil olmaq istəsə də, topladığı balı çatmadığı üçün müəllim ixtisasına düşür müəllim olmaq istəmir. Ancaq indi ali məktəbə daxil olmaq, repetitor da dəblədir. Sadəcə, filan universiteti bitirib adı üçün diplom alır. Həqiqətən də elə müəllimlər var ki, nə məktəbi, nə uşaqları, nə də öz peşələrini sevirlər. Həm müəllim üçün stimul olmalıdır, həm də müəllim bütün varlığını məktəbə qoymalıdır. Müəllim sevərək bu peşəni seçməlidir, topladığı bala görə yox. Bir vaxtlar imtahan zamanı əgər abituriyentin danışığında deffekt olardısa, onu qəbul etmirdilər. O, müəyyən standartlara cavab verməlidir. Elə müəllimlər var ki, bəzi hərfləri deyə bilmirlər. Çünki testlə ali məktəbə daxil olduqları müəllimlə üzbəüz olmadıqları üçün onların qüsurlarını görə bilmirlər.   

 

 

Nigar

 

Palitra.- 2011.- 11 mart.- S. 11.