«Kənd orta məktəbi olmağımıza baxmayaraq yeniliklərdən geri qalmırıq»

 

Layihə çərçivəsində müsahibimiz Biləsuvar rayon O.Babayev adına Aşağı Cürəli kənd orta məktəbinin fizika müəllimi Ramin Hüseynovdur: 

- Milli təhsilimizin müasir durumundan danışarkən ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini, nəzəri fikirlərini, bu sahədə həyata keçirdiyi əməli tədbirləri xüsusi qeyd etmək lazımdır. Təhsil sahəsində islahatların həyata keçirilməsi istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, verdiyi tövsiyə və göstərişlər də mühüm əhəmiyyət kəsb edir. Uzun müzakirələrdən, təhlil və araşdırmalardan sonra Milli Məclis tərəfindən qəbul edilən və Prezident İlham Əliyevin 5 sentyabr 2009-cu il tarixli fərmanı ilə qüvvəyə minən "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunu buna bariz misal ola bilər. Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. "Biz maddi kapitalı insan kapitalına çevirməliyik" deyən Prezident İlham Əliyevin təhsilə xüsusi önəm verməsi, onun maddi-texniki bazasının daha da yaxşılaşdırılması sahəsində həyata keçirdiyi tədbirlər, təhsil sisteminin inkişafına yönələn 16 Dövlət Proqramının qəbul edilməsi bunun üçün ciddi zəmin yaradıb. Respublikamızda xüsusilə son illər həyatın hər bir sahəsində olduğu kimi, təhsildə də sürətli yeniləşmə və inkişaf baş verib. Bu inkişafın təmin edilməsində hər bir müəllimin, təhsil işçisinin öz payı var. Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz bir dövrdə yeni təhsil sisteminin əsas məqsədi tədrisin fəal təlim metodlarından istifadə etməklə intellektli, yüksək potensiala malik gənclər yetişdirməkdir. Bu baxımdan ümumtəhsil məktəblərinin üzərinə böyük məsuliyyət düşür.

- Konkret olaraq bu vəzifələr hansılardır?

- Öncə bildirim ki, təhsili inkişaf etdirmək üçün işə ən aşağı səviyyədən  başlamaq lazımdır. Daha konkret, məktəbəqədər müəssisələrdə işi düzgün qurmağı bacarmalıyıq. Gələcək vətəndaşı yetişdirməyin təməlini bağçada atmalıyıq. Əgər bünövrəni sağlam qoya bilsək, sonradan işi uğurla davam etdirmək mümkündür. Bu baxımdan məktəbəqədər tərbiyə müəssisələri modernləşdirilməli və onların maddi-texniki bazası möhkəmləndirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin təkmilləşməsi lazımdır. Burada vacib məqam kimi uşaq ədəbiyyatı ilə bağlı problemi qeyd etmək istəyirəm. Sovet illərində uşaqlarla bağlı çoxlu kitab və jurnallar çap edilirdi. Amma indi həmin boşluğu doldura biləcək uşaq ədəbiyyatımız yoxdur. Doğrudur, uşaqlarla bağlı müxtəlif jurnallar çap edilir, amma bunlar kütləvi xarakter daşımır. Bəlkə də uşaqların erkən yaşlarında internetə, kompyuter oyunlarına yönəlməsi də bu boşluqla bağlıdır. Müasir inkişaf elədir ki, internetsiz, kompyutersiz inkişafa nail olmaq mümkün deyil. Amma uşaq yaşlarında bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır. Uşaqların internet, kompyuter oyunlarına aludəçiliyi onların psixologiyasına təsir edir, çox vaxt onları aqressivləşdirir. Amma bu sahədə boşluğu doldura bilsək, aqressivləşmənin qarşısını ala bilərik. Burada məktəblərin də üzərinə çox iş düşür. Yəni şagirdləri yaşadığımız dövrün və cəmiyyətin tələblərinə uyğun yetişdirmək vəzifəsi də məktəbin üzərinə düşür. Çünki məktəb təhsil sistemində bir çox sosial funksiyaları yerinə yetirmə baxımından, şəxsiyyətin sosiallaşması, təlim-tərbiyəsi və inkişafı nöqteyi-nəzərdən çox vacibdir.

- Çalışdığınız kənd orta məktəbində şagirdlərin hazırlığı necə təşkil olunub?

- Qeyd edim ki, Biləsuvar rayonu O.Babayev adına Aşağı Cürəli kənd orta məktəbi 1966-cı ildə orta məktəb statusu alıb. Hazırda məktəbimizdə 439 şagirdin təlim-tərbiyəsi ilə 49 müəllim məşğul olur. Məktəbimizdə hər il cari təmir işləri görülür. Bizim məktəbdə bütün fənlərin ixtisas müəllimləri var. Hətta deyərdim ki, müəllimlərimiz rayonda sayılıb-seçilən, öz yetirmələri ilə ad qazanan müəllimlərdir.Məktəbimiz bütün dərsliklərlə təmin olunub. Bizim müəllim kimi əsas məqsədimiz şagirdləri müasir dünyagörüşlü, intellektual səviyyəsi yüksək olan bir şəxsiyyət kimi formalaşdırmaqdır. Şagirdləri şəxsiyyət və layiqli vətəndaş kimi yetişdirməliyik. Məktəb direktoru Ə.Şahbazov və dərs hissə müdiri R.Hüseynov birlikdə bütün müəllimlərin dərsində iştirak edir, açıq dərslər təşkil edilir. Mən özüm də bu məktəbin yetirməsiyəm. Bakı Dövlət Universitetini bitirmişəm və hazırda da doğma məktəbimdə fizika müəllimi kimi fəaliyyət göstərirəm. Müstəqillik dövründən sonra bizim məktəbin də xüsusi vurğulanacaq nailiyyətləri var. 2008-2009-cu tədris ilində məktəbimizdən 17 nəfər ali və orta ixtisas məktəblərinə daxil olub. Həmin il Cəfərov Elvin 607 balla və Hacıyeva Nərmin 580 balla Tibb Universitetinin tələbəsi adını qazanıblar. Keçən tədris ilində isə Nağızadə Bənövşə 520 balla BDU-nun Filologiya fakültəsinə daxil olub.  Direktor Ə.Şahbazovun göstərişi ilə xüsusilə IX və XI siniflərdə hər ay özümüz  test yoxlama sınaq imtahanları keçiririk. Ehtimallarımıza görə, bu il də bizim məktəbdən ali məktəbə daha çox şagird daxil olacaq. Çünki 11-cilərin hazırlıq səviyyəsi, müxtəlif kursların keçirdiyi imtahanlarda topladıqları yüksək ballar bu ehtimalları artırır.

- Kənd məktəbi deyəndə adətən bir qədər geri qalmış məktəb düşünülür. Bu həqiqətən belədirmi?

- Belə düşüncədən uzaqlaşmaq lazımdır. Dünya elə dəyişir, inkişaf edir ki, bundan geri qalmaq mümkün deyil. Bəlkə də paytaxta, şəhərlərə nisbətən müəyyən geriləmələr var, amma tam anlamda bunu düşünmək səhv olardı. Şagirdlərin informasiya cəmiyyətinə lazımi şəkildə elm və qabiliyyətə sahib bir insan kimi yetişməsində kompyuteri bilmənin böyük rolu var. Çünki təhsil müddəti ərzində həm vasitə, həm də məqsəd kimi istifadə olunan kompyuterdən yararlanmaq artıq hər kəsin məcburiyyətində olduğu ümumi bilik kimi qəbul edilir. Məktəbimizdə kompyuter otağı var və burada 13 kompyuter yerləşdirilib. Kənd orta məktəbi olmağımıza baxmayaraq şəhər məktəblərindən, inkişafdan geri qalmırıq, əksinə, yenilikləri təqib edirik, onlarla ayaqlaşmağa çalışırıq. İnformasiya-kommunikasiya texnologiyalarının müasir təhsildəki əhəmiyyətini yaxşı bilirik və məktəbimizdə şagirdlərin kompyuter biliklərini öyrənməsinə xüsusi diqqət ayrılır. Şagirdlərimiz özləri də kompyuterdə işləməyi çox sevirlər. Yenilikləri öyrənmək müəllimlərin də borcudur. Müəllim müasir inkişafdan xəbərdar olmasa, kompyuterdə işləyə bilməsə, şagirdə lazımi səviyyədə savad verə bilməz. Müəllim çox çevik məlumat əldə etməklə daim biliklərini yeniləşdirməlidir. Biliyi vermə və onu əldə etmə mövzusunda rəhbərlik etməyi öhdəsinə götürən müəllimlər biliyin seçimi mövzusunda mütəxəssis olmaq məcburiyyətindədir. Bu səbəblə də özlərini yetişdirməlidirlər. Müasir dövrdə müəllimin əsas rolu öyrənmə üsullarını şagirdə mənimsədərək ona məlumatı necə əldə edə bilməyi və ondan faydalı yararlanmağı öyrətməkdir. Müəllim şagirdini yaxşı tanımalı, onun öyrənmə səviyyəsinə uyğun öyrənmə imkanı yaratmaq və o istiqamətdə şagirdi yönləndirmə vəzifəsini bir mütəxəssis olaraq bacarmalıdır.

- Şagirdlərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində hansı işlər görülür?

- Müharibə şəraitində olduğumuzu, torpaqlarımızın 20 faizinin işğal altında olmasını nəzərə alsaq, bu məsələnin əhəmiyyəti daha da artmış olur. Şagirdləri torpağa, Vətənə məhəbbət ruhunda tərbiyə etmək biz müəllimlərin borcudur. Gələcək vətəndaşı əsl vətənpərvər kimi yetişdirməliyik. Məktəbdə şagirdləri elə yetişdirməliyik ki, onlar məktəbi bitirəndə artıq torpağa bağlı olan, dövlətini sevən vətəndaş olsunlar. Onların ali məktəbə daxil olması, savadlı kadr kimi yetişməsi çox vacibdir, amma ondan da vacib olanı onları əsl vətəndaş kimi tərbiyə etməkdir. Bunun ən bariz nümunəsi Milli Qəhrəman Mübariz İbrahimovdur. Düşmənə sarsıdıcı zərbə vurmuş qəhrəmanımız kənd orta məktəbinin yetirməsidir.  O, bütün Azərbaycan gəncləri, məktəbliləri, tələbələri üçün nümunədir. Biz müəllimlər məktəblərdə Mübariz İbrahimov kimi Vətənini sevən, torpağı, dövləti üçün canını fəda etməyə hazır olan qəhrəmanlar yetişdirməliyik. Hər il məktəbimizdən Hərbi Akademiyaya çoxlu qəbullar olur. Hazırda Hərbi Akademiyanı bitirən onlarla məzunumuz zabit kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Onu da qeyd edim ki, elə məktəbimizin adı da Qarabağ uğrunda gedən savaşda qəhrəmancasına şəhid olmuş Oqtay Babayevin adını daşıyır.

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 16 mart.- S. 7.