“İbtidai siniflərdə proqram ağırdır”

 

Layihə çərçivəsində növbəti müsahibimiz X.Quliyev adına 62 saylı orta məktəb-liseyin direktoru Mətanət Cabbarlıdır:  

- Ölkədə çox əsaslı təhsil islahatları gedir. Yeni məktəblərin tikilməsi, köhnələrinin yenidən təmir edilməsi, həmçinin məktəblərin İKT ilə təmin edilməsi, dövlət tərəfindən, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla həyata keçirilməsi təhsilə olan qayğının nəticədir. Təhsilimizə olan bu qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu da biz təhsil işçilərinin daha yaxşı işləməsi üçün stimul verir. Təhsil islahatları bizim məktəbdə də öz əksini tapıb. 1964-cü ildən fəaliyyət göstərən 62 saylı məktəb-lisey inşa edildiyi dövrdən bir dəfə də olsun təmir olunmamışdı və 671 nəfərlik korpusdur. Nəhayət, 4 il bundan öncə dövlətimizin qayğısı nəticəsində Təhsil Nazirliyi tərəfindən məktəbimiz təmir olundu. Burada həmçinin müasir istilik qazanxanası tikildi və məktəbimiz istiliklə də təmin olundu. Eləcə də yeni avadanlıqlar, masalar, kompyuterlərlə təchiz edilib. Bu il məktəbimiz ölkədə keçirilən müsabiqədə iştirak etdi və ölkə başçısının sərəncamı ilə 50 məktəbdən biri kimi bizim məktəb də “İlin ən yaxşı məktəbi” adına layiq görüldü. Bundan başqa məktəbimizin iki müəllimi - riyaziyyat müəllimlərimiz T.Hümbətova və fəlsəfə elmləri namizədi A.Hüseynov “Əməkdar müəllim” adına layiq görülüb ki, bu da məktəbimizdə böyük sevinclə qarşılandı. Bütün bunlar təhsilə olan qayğıdır. Hazırda məktəbimiz birnövbəlidir və 4 ildir ki məktəb-lisey kimi fəaliyyət göstərir. Artıq 3 ildir ki məktəbimizdə rus bölməsi də açılıb. Həmçinin məktəbimizin saytı var. Bundan başqa məktəbimizin ali məktəblərə qəbul göstəriciləri artmağa başlayıb. İnişil 2, sonra 5, ötən il 3 şagird 600-dən yuxarı balla ölkəmizin müxtəlif ali məktəblərinə daxil olub. 687, 665 və 615 balla Qafqaz Universitetinin dünya iqtisadiyyatı, kompyuter mühəndisliyi və şəbəkə mühəndisliyi fakültələrinə daxil olublar. Bundan başqa 4 nəfər şagirdimiz Türkiyənin nüfuzlu ali məktəblərinə qəbul olunub. Məmmədov Seymur 665 balla eyni zamanda 3 ali məktəbə  - Qafqaz Universitetinə, Ankara Hacəttəpə Universitetinə və İstanbul Tibb Universitetinə qəbul olunub.Vüsal Əliyev 600 balla Tibb Universiteti ilə yanaşı İzmir Ege Universitetinə qəbul edilib. Fidan Cabbarlı Ankara Dövlət Ortadoğu Texniki Universitetinə, Kənan Abbasov Hacəttəpə Universiteti və İzmir Universitetinə, Cavid Vəliyev İstanbul Bağçaşəhər Universitetinə qəbul olunub.

- Sizin məktəbin şagirdləri Tükiyədə ali təhsil almaq üçün birbaşa dəvət alıb. Bu istiqamətdə iş necə qurulub?

- Bu il İstanbuldakı Baxçaşəhər Uiversitetinin sahibkarı Ənvər Yucelin rəhbərlik etdiyi ali təhsil ocağının müəllim heyəti məktəbimizdə oldu. Türkiyəli qonaqlar görüş zamanı məktəbin məzunu Vəliyev Cavidin ötən il sözügedən universitetin Beynəlxalq münasibətlər fakültəsinə yüksək balla qəbul olunaraq bu müddət ərzində bir sıra uğurlar qazandığını vurğuladılar. Məhz bu səbəbdən Ə.Yucelin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfəri zamanı Cavidin məzun olduğu məktəbdə görüş keçirməyi qərara alıb. Məktəbdəki «Türk xalqları ağacı» ilə tanışlıqdan sonra qonaqlara «Türk yağıdan üzr istəməz» adlı kompozisiya nümayiş etdirildi. Qonaqlara məktəbin şagirdlərinin qum muncuqlarından hazırladığı Türkiyə bayrağı hədiyyə olundu, «Balaca fidanlar» rəqs qrupunun ifasında milli rəqslər oynanıldı. Görüş zamanı həmçinin universitetin nəzdindəki orta məktəbin direktoru Qaya Aydınla əməkdaşlığa dair razılıq əldə edildi. Bu ilin mayında məktəbin nümayəndə heyəti Türkiyəyə dəvət olunub.  Onlar bizim iki şagirdi - Musayeva Xeyransa və Musayeva Günel bacılarını Baxçaşəhər Universitetlərinə qəbul etdilər. Hazırda bu şagirdlər 10-cu sinifdə təhsil alırlar. Ə.Yucel bildirdi ki, onların 5 illik təhsil haqlarını öz üzərinə götürür. Həmçinin qeyd etdi ki, TN ilə razılığı əsasında bu bursu “Heydər Əliyev təqaüdü” adlandıracaq. Xatırladım ki, bu uşaqların 5 illik təhsil haqqı 70 min dollar təşkil edir. Məktəbimizə olan diqqət və qayğı şagirdlərimizdə böyük maraq, həvəs yaradır. Bütün bunlar imkan verir ki, biz əvvəlkindən də daha yaxşı işləyək, daha yaxşı nəticələr göstərək. Bu gün şagirdlərimiz pulsuz dərsliklərlə təmin olunur. Beləliklə, hər bir şərait var və şagirdlərin üzərinə ancaq yaxşı oxumaq düşür.

- Şagirdlərin təhsilə marağını necə qiymətləndirirsiniz?

- Mənim fikrimcə, son illər şagirdlərin təhsilə marağı daha çoxdur. Hətta uşaqlar hazırda böyüklərdən də çox  məlumatlıdırlar. Onu da qeyd edim ki, 10 il öncə uşaqlar öz seçimlərini ölkəmizdəki, ən uzağı MDB məkanındakı ali təhsil ocaqları üzərində qururdular. Amma indi uşaqlar müəyyən proqramlardan istifadə edərək ABŞ, Çexiya, Türkiyə, Almaniya və dünyanın digər inkişaf etmiş ölkələrində təhsil alırlar. Bu da onların maraq dairəsinin daha geniş olması, təhsilə olan marağının nəticəsidir.

- Sizcə, bu gün repetitorluq şagirdlər üçün vacibdirmi?

- Bəzən valideynlər belə başa düşürlər ki, şagirdlər 11 illik təhsil sistemində oxumasalar da, iki, yaxud bir il repetitor yanına göndərmək kifayətdir. Bununla da hər şeyi bitmiş hesab edirlər. Xeyir, bu əsla belə deyil. Repetitorluq şagirdin orta təhsil sistemində aldığı biliyin, savadın planlaşmış sistemli hala gətirilməsidir. Bu yaxınlarda bizim məktəbdə kollegiya iclasında təhsil naziri Misir Mərdanov bildirdi ki, son illərdə aldığı məlumata görə, Türkiyə liseylərində 10-11-ci siniflərdə ancaq ali təhsil ocaqları və olimpiadalara hazırlıq işləri gedir. Bu çox çətin olsa da, gələn il biz bir neçə məktəbi pilot layihəyə qoşmaq istəyirik. Mən bu fikri alqışlayııram. Biz istəsək də, istəməsək də, ölkəmizdə valideynlərin repetitorluğa marağı çoxdur. Ancaq valideynlər və şagirdlər də başa düşməlidirlər ki, orta təhsil müddətində oxumayıb repetitor yanına gedən şagirdlər onsuz da heç bir nəticə göstərmirlər.

- Bu gün dərs proqramlarının ağırlığı, dərs vəsaitlərinin vəziyyəti ilə bağlı problem varmı?

- Verilən proqramlar ibtidai siniflərdə ağırdır. Amma sonrakı illərdə tərtib olunan bəzi əlavə dərsliklər, iç dəftərləri, testlər var ki, onu həm müəllim, həm də valideyn bilməlidir ki, bu, sinifdə işlənməlidir, evə getməməlidir. Əgər evə verilirsə, uşaq üçün ağır olur. Dərsliklərə gəldikdə, bir qədər qüsurlar var. İstər çapında, istər korrekturasında bu özünü göstərir.

- Gənc kadrların fəaliyyəti sizi qane edirmi?

- Məktəbimizdə çalışan gənc kadrlar var və çox güclü potensiala malikdirlər. Onlar təcrübəli müəllimlərin dərslərində iştirak edirlər, dəyirmi masalar keçirirlər, onlardan məsləhət alırlar. Elm bir başqadır, təcrübə başqadır. Onların keçdiyi dərsləri biz müzakirə edirik, harada səhv varsa, qeyd edirik və təcrübəli müəllimlərimiz onlara yaxından kömək edirlər. Bizim gənc və Əməkdar müəllim,  fəlsəfə elmləri namizədi Anar Hüseynov riyaziyyatçıdır və ölkəmizdə ilk dəfə “riyaziyyatçı.az” portalının müəllifidir. Gənc müəlimlərimiz onun dərslərində çox iştirak edirlər və ondan məsləhətlər alırlar, təcrübəsindən bəhrələnirlər. Biz gənc kadrlara yaxından kömək etməklə düzgün istiqamətləndiririk. Onların fəaliyyəti bizi qane edir.

- Bu gün məktəblərdə valideyn-məktəb əməkdaşlığına müxtəlif cür yanaşırlar. Siz bunu necə qiymətləndirirsiniz?

- Bütün müəllim kollektivimiz valideynlərdən çox razıdır. Məktəbdə ildə üç dəfə valideyn iclası keçirilir. Bu iclas keçirilmədən öncə valideynlərə anket sorğusu paylayırıq. Bu iclaslarımız bədii proqramla keçir. Orada şagirlərimizin təqdimatları olur, son üç ayda görülən işlər slayd şəklində nümayiş olunur. Mən valideynlərə hesabat verirəm. Bizim valideynlərin sırasında çox xeyriyyəçi valideynlər var ki, məktəbin işinə yaxından kömək edirlər. İclasda bizim xeyriyyəçi valideynlərimiz mükafatlandırılır. Qeyd edim ki, məktəbin qazanxanası dövlət tərəfindən təmir olunana qədər bu qazanxana valideynlərin köməyi ilə tikilib. 4 mərtəbəli məktəb binasının jalyüzlə təmin olunması, sinif otaqlarının kameralaşdırılması, akt zalında müasir səs qurğularının quraşdırılması valideynlərimizin dəstəyi sayəsində reallaşıb. Həmçinin son iki ildə məktəbimizə şagird axını çoxdur, hətta bu il əlavə 4 əlavə sinif açdıq və hazırda min şagirdimiz var ki, bu siniflərin açılmasında da valideynlər iştirak edib. Mən fürsətdən istifadə edib kollektivimizin adından valideynlərə öz təşəkkürümü bildirirəm və onların qarşısında baş əyirəm. Bizə valideynlərin köməyi “Valideyn komitələri”nin vasitəsilə olur. Orada hər bir manatın hesabatı aparılır. Valideyn öz xeyriyyəçiliyinin nəticəsini gördükdə məmnuniyyətlə kömək edir və o bilir ki, bu, onun balaları üçün edilir. Dünyanın hər bir yerində valideyn assosiasiyaları var.

- Məktəblərdə vahid məktəbli geyiminin tətbiqinin bəzən o qədər də önəmli olmadığını düşünənlər var.

- Bizim məktəb-lisey öz məktəbli formasını təqdim etmişdi. Lakin bu ildən bütün məktəblərin vahid formaya keçməsi ilə bağlı artıq biz də bu formanı tətbiq etmişik. Nəinki şagirdlər, mən istərdim ki, müəllimlər üçün də vahid  forma olsun. Klassik, gözəl rəngdə bir geyim olsa, yaxşı olar. Müəllimin xarici görkəmi şagirdə təsir etməlidir. Müəllimin geyimi ciddi olmalıdır. Müəllim sinifə şalvarda, toy libasında daxil olmamalıdır. O, sinifə daxil olanda şagirdin gözü onun geyimində, bəzək əşyasında olmamalıdır. Şagirdlərə gəldikdə isə onların arasında imkanlısı da, imkansızı da, qaçqın, şəhid ailəsi olan da var. Şagirdlərin geyimi bir-birindən seçilməməlidir və təbəqələşmə görünməməlidir.

- Hansı tədbirləri reallaşdırmaq istərdiniz və hansı yeni təkliflər irəli sürərdiniz?

- Məktəbimizdə tez-tez tədbirlər keçirilir. M.F.Axundovun yaradıcılığına müraciət etmişik. Həmçinin C.Cabbarlının yaradıcılığı ilə bağlı təşkil etdiyimiz tədbirə ədibin ailəsini dəvət etmişik. Eləcə də Mir Cəlal Paşayevə həsr etdiyimiz tədbirə onun ailə üzvlərini dəvət etmişik. Dahi bəstəkarımız Ü.Hacıbəyovun yaradıcılığına ibtidai siniflərimiz ingilis dilində müraciət edib. Ekologiya və narkomaniya ilə bağlı dövlət proqramları çərçivəsində tədbirlər təşkil etmişik. Eləcə də “Gül bayramı”, 28 May Respublika Günü və digər tədbirlər reallaşdırmışıq ki, gələcəkdə də reallaşdırmağı nəzərdə tutmuşuq. Məktəbimizi bu il “elektron layihə”yə qoşmaq niyyətindəyik. Artıq bizdə 10 aydır ki, bu istiqamətdə kurslar keçilir. Planlaşdırırıq ki, aprel ayının sonunda, mayın əvvəllərində 7 “elektron dərs”in, 4-ü ibtidai, 3-ü isə yuxarı siniflərdə tətbiqi ilə bağlı hazırlıq gedir. Mən istərdim ki, ən azı ildə bir dəfə məktəb rəhbərinə icazə verilsin ki, müəllimləri şəffaf bir test yoxlamasından keçirsin. Bu, çox yaxşıdır və müəllim də üzərində məsuliyyət hiss edərdi. Bundan başqa istərdim ki, gələcəkdə məktəblərin özlərinin büdcəsi olsun. Məktəbimizə axın çox olduğu üçün yer çatışmalığı yaranıb. İstərdik ki, Təhsil Nazirliyi tərəfindən məktəbimizdə yeni korpusun tikilməsinə yardım edilsin. 

 

 

Nigar

 

Palitra.- 2011.- 16 mart.- S. 6.